Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-902/2024 12.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxslər qismində X2, X10, X9 cəlb olunmaqla) qarşı mülki iş üzrə (Açar sözlər: payların naturada ayrılması, kompensasiya ödənilməklə payın satın alınması, mənzilin açıq hərracda satılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X11 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxslər X1 və X4 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-189/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllə, 12 saylı evin, 12 saylı mənzilinin 1/3 hissəsi İddiaçı, 1/3 hissəsi Cavabdeh1 və 1/3 hissəsi isə Cavabdeh2 mülkiyyətinə verilmişdir.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 12 saylı evin, 12 saylı mənzilinin tərəflər arasında 1/3 hissədə paylara uyğun olaraq təcrid mənzillər şəklində üç hissəyə bölünməsi “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4. 2.7 və 2.9.-cu bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 12 saylı evin, 12 saylı mənzili üzərində mülkiyyətdə olan 1/3 hissədə payın naturada ayrılması, mümkün olmadıqda mənzilin dəyərinin 1/3 hissəsi məbləğində kompensasiya ödənilməklə payın satın alınması, bu, mümkün olmadıqda isə mənzilin açıq hərracda satılaraq satışdan əldə edilmiş pulun paylara uyğun bölüşdürülərək 1/3 hissədə iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil vərəsəlik qaydasında cavabdehlərlə onun arasında payları müəyyən edilməklə, 1/3 hissədə onun, 1/3 hissədə bacısı Cavabdeh2, 1/3 hissədə isə qardaşı Cavabdeh1 mülkiyyət hüquqları tanınmışdır. Bu barədə hər birinin adına çıxarış verilmiş və dövlət reyestrində 137 nömrəli reyestr kitabının 40 saylı vərəqində qeydiyyata alınmışdır. Hazırda həmin ünvanda qardaşı Cavabdeh1 və onun ailə üzvləri yaşayır. Paylı mülkiyyətdə olan əmlaka paylarının satılaraq, satışdan əldə edilmiş pul vəsaitinin hər birinin payına uyğun şəkildə bölünməsini təklif etsə də, Cavabdeh1 ailə üzvləri alqı-satqıya razılıq verməmişlər. Cavabdehlərin paylı mülkityyətlərində olan payı satın almaqda üstünlük hüququ olduğundan, cavabdehlərin hər birinə özünə məxsus payı 27000 manata satması barədə bildiriş göndərmişdir. Lakin cavabdehlər onun bildirişinə ümumiyyətlə cavab verməmiş, payı almaqdan imtina etmişlər. Onlar paylı mülkiyyətdə olan əmlakdakı paylarından birgə istifadə edə bilmirlər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
5. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-189/2024 nömrəli qətnaməsi ilə iddia ərizəsinin əsassız olduğundan təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatına görə 100 (yüz) manat pul vəsaitinin İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim Habil Əhmədov).
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, daşınmaz əmlakın paylara uyğun olaraq naturada bölünməsi tələbi üzrə rəy verilməsi xüsusi bilik tələb etdiyindən məhkəmə tərəfindən təyin edilmiş ekspertiza əsasında məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6838 saylı rəyinə əsasən, mübahisəli mənzilin tərəflərin hər birinin payına uyğun bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə iddiaçının iddia tələbinin “ona məxsus olan payın naturada ayrılması, bu, mümkün olmadıqda isə açıq hərracdan satılaraq pul vəsaitinin tərəflər arasında bölünməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında, həmçinin, Plenum Qərarının hüquqi mövqeyinə istinad edərək müəyyən olunur ki, mübahisəli mənzilin naturada bölgüsü mümkün olmadığından iddiaçının ilkin növbədə onun tərəfindən kompensasiya ödənilməsi ilə bağlı cavabdehlərə müraciət etmək hüququ yaranır, bu, mümkün olmadıqda isə “əmlakın açıq hərracda satılması” tələbinə dair müstəqil iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah olunur. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini, məhkəmə araşdırması zamanı tədqiq olunmuş ekspert rəyini nəzərə alaraq hesab edir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 12 saylı evin, 12 saylı mənzilinin naturada bölünməsi mümkün olmadığından iddia tələbi əsaslı deyildir, ona görə də təmin edilməməlidir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 213.2, 213.3, 216, 217, 220.1, 220.2, 220.3, 220.4-cü maddələrinı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 04 aprel 2014-cü il tarixli Qərarı”ndakı hüquqi mövqeyinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 101.7, 119.1, 124.2, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-189/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Yuxarıda qeyd edilən qanun normasından da göründüyü kimi paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir, iddia ərizəsindən və qətnamədən də göründüyü kimi iddiaçı naturada bölgü mümkün olmadığı halda paylı mülkiyyətin digər iştirakçıları tərəfindən kompensasiya ödənilməsinə razılığını bildirmiş, həmçinin təmin edilməsini xahiş etmişdir. Buna baxmayaraq məhkəmə qeyd olunan hala nəzər yetirməmiş, qətnamədə qeyd etmişdir ki, iddiaçının ilk növbədə onun tərəfindən kompensasiya ödənilməsi ilə bağlı cavabdehlərə müraciət hüququ yaranır. Həmçinin məhkəmə qətnamədə ardıcıllıqla baxıldığı halda qeyd olunan tələblərin bir yerdə nə üçün verilməsinin mümkün olmadığını qeyd etməmiş, bu barədə heç bir fikir bildirməmişdir. Məhkəmə naturada bölgünün mümkün olub-olmasını müəyyən etmək məqsədilə ekspertiza təyin etmiş, ekspert də rəyində naturada bölgünün mümkün olmadığını qeyd etmişdir. Bu halda məhkəmənin kompensasiya tələbi üzrə işə baxmaq səlahiyyətinin olmamasının səbəbi qeyd edilməmiş və əsaslandırılmamışdır. Qanunvericilikdə isə bu üç tələbə birlikdə baxmağa mane olan hal yoxdur. Azərbaycan Respublikasında formalaşmış məhkəmə təcrübəsinə əsasən də həmin üç tələbə (naturada bölgü, kompensasiya və açıq hərrac) bir iddia üzrə baxılır və mahiyyəti üzrə qərar qəbul edilir.
10. Maddənin tələbinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bildirir ki, onun ünvan 2 ünvanında yerləşən mənzil vərəsəlik qaydasında cavabdehlərlə payları müəyyən edilməklə, 1/3 hissədə onun, 1/3 hissədə bacısı Cavabdeh2, 1/3 hissədə isə qardaşı Cavabdeh1 mülkiyyət hüququ tanınmışdır. Hazırda həmin ünvanda qardaşı Cavabdeh1 və onun ailə üzvləri yaşayır. Paylı mülkiyyətdə olan əmlaka paylarının satılaraq satışdan əldə edilmiş pul vəsaitinin hər birinin payına uyğun şəkildə bölünməsini təklif etsə də, Cavabdeh1 ailə üzvləri alqı-satqıya razılıq verməmişlər. Cavabdehlərin paylı mülkiyyətlərində olan payı satın almaqda üstünlük hüququ olduğundan cavabdehlərin hər birinə özünə məxsus payı 27000 manata satması barədə bildiriş göndərmişdir. Lakin cavabdehlər bildirişə, ümumiyyətlə, cavab verməmiş, payı almaqdan imtina etmişlər. Buna görə də məhkəməyə payların naturada ayrılması və ya kompensasiya tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-189/2024 saylı qətnaməsi ilə qanunsuz olaraq iddia tələbini təmin edilməmişdir. Qeyd olunan maddənin tələbindən də göründüyü kimi paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Qətnamədən də göründüyü kimi daşınmaz əmlakın paylara uyğun olaraq naturada bölünməsi üzrə rəy verilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6838 saylı rəyinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə,12 saylı evin, 12 saylı mənzilinin tərəflər arasında 1/3 hissədə paylara uyğun olaraq təcrid mənzillər şəklində üç hissəyə bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4. 2.7 və 2.9-cu bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. O isə qətnamədən də göründüyü kimi mənzilin tərəflərin payına mütənasib şəkildə naturada bölünməsi mümkün olmadıqda cavabdehlər tərəfindən onun payına mütənasib şəkildə kompensasiya tələbini irəli sürmüşdur. Bundan əlavə qətnamədən də göründüyü kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddianı qəbul edirlər, iddianın təmin olunmasına etirazlarının olmadığını bildirmişlər. Buna baxmayaraq məhkəmə mənzilin naturada bölünməsi mümkün olmadığından iddia tələbinin əsaslı olmaması kimi qanunsuz və əsassız qənaətə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarında qeyd olunan ardıcıllıqla baxmalı olduğu halda məhkəmə naturada bölgü mümkün olmadığı üçün, digər tələblərə diqqət yetirmədən iddia kifayət qədər əsaslandırıldığı halda qanunsuz qərar qəbul etmişdir. Tərəfindən qoyulan tələblərə nəzər yetirilməmiş, lazımi qaydada araşdırma aparılmamış, ədalətsiz və qanunsuz qərar qəbul edilməklə onun konstitusion hüququ olan mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur.
11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarına əsasən Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı. Qeyd olunan hallar mövcud olduğu halda məhkəmə kompensasiya tələbi üzrə işə baxmamışdır. Bununla, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı.
12. Birinci instansiya məhkəməsi prosessual hüquq normalarının pozulması və ya düzgün tətbq edilməməsi ilə qətnamə qəbul etmişdir. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəf olaraq iddianı tam sübuta yetirdiyi halda məhkəmə iddianı təmin etməməklə yanlış qərar qəbul etmişdir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Lakin iş üzrə müəyyən edilən hallar nəzərə alınmadan qətnamə qəbul edilmişdir.
13. Birinci instansiya məhkəməsi iddia tam əsaslandırıldığı və sübuta yetirildiyi halda, iddia tələblərinə diqqət yetirmədən, qanunvericliyin tələbini yanlış təfsir etməklə yanlış nəticəyə gəlmiş, ədalətsiz və qanunsuz qətnamə qəbul edərək, iddianı təmin etməmiş, iddiaçının mülkiyyət hüququnu pozmuşdur.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
17. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxslər X2 və X9 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.
18. Üçüncü şəxs X6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlan verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmişdir.
19. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.
20. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə üçüncü şəxs X5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
21. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
22. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:
23. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
24. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
25. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
26. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
27. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
28. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.
29. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
30. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.
31. Maddə 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir.
32. Maddə 218.1. Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər.
33. Maddə 218.2. Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər.
34. Maddə 218.3. Pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin.
35. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
36. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
37. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
38. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
39. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 4 aprel 2014-cü il tarixli Qərarı
40. Fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər.
41. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir.
42. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi.
43. Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir.
44. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər.
45. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər.
46. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil.
47. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.
Mülki Prosessual Məcəllə
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
51. Maddə 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
52. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
54. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
55. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
56. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
57. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
58. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
60. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
61. Apellyasiya şikayətindən görünür ki, İddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-189/2024 nömrəli qətnaməsini tam mübahisələndirmişdir.
62. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsini tam yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
63. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməlidir.
64. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, işin hallarına görə tərəflərə məxsus olan daşınmaz əmlakına dair Dövlət reyestri tərəfindən verilmiş çıxarışa əsasən, mübahisəli mənzil paylı mülkiyyət hüququ əsasında 1/3 hissəsi İddiaçı, 1/3 hissəsi Cavabdeh1 və 1/3 hissəsi Cavabdeh2 adına qeydə alınmışdır. Hazırda, iddiaçı ona məxsus olan payın naturada ayrılmasını, mümkün olmadıqda mənzilin dəyərinin 1/3 hissəsi məbləğində kompensasiya ödənilməklə payın satın alınması, bu, mümkün olmadıqda isə açıq hərracdan satılaraq pul vəsaitinin tərəflər arasında bölünməsini məhkəmədən xahiş etmişdir.
65. İddianı təmin etməyən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzilin naturada bölgüsü mümkün olmadığından iddiaçının ilkin növbədə onun tərəfindən kompensasiya ödənilməsi ilə bağlı cavabdehlərə müraciət etmək hüququ yaranır, bu, mümkün olmadıqda isə “əmlakın açıq hərracda satılması” tələbinə dair müstəqil iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah olunur.
66. Halbuki iş materiallarında olan bildirişdən (iş mat. vər.15) və tərəflərin apellyasiya icraatı zamanı məhkəmə iclasında verdiyi izahatlarından görünür ki, iddiaçı ona məxsus payını 27000 manata satılmasını cavabdehlərə təklif etsə də, onların maddi imkanları yol vermədiyindən, iddiaçıya düşən pay əvəzinə pul kompensasiyası ödənilməmişdir.
67. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması və ya pul kompensasiyasının ödənilməsi. Mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər.
68. Göründüyü kimi, birinci instansiya məhkəməsi mülkiyyətdə olan iddiaçının payının naturada ayrılması mümkünlüyünü yoxlamış və xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən, mənzilin tərəflər arasında üç hissəyə bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Digər tərəfdən, iddiaçı paylı mülkiyyətin pul kompensasiyasının ödənilməsi tələbini irəli sürsə də, həmin təklif nəticəsiz qalmışdır.
69. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsindən əvvəl mülki qanunvericilik ilə nəzərdə tutulmuş qaydalara ardıcıllıqla iddiaçı tərəfindən riayət edilmişdir.
70. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsinə dair gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir.
71. Məhkəmə kollegiyası qeyd edir ki, milli qanunvericiliyin müddəalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
72. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Mülkiyyət hüququna dair eyni mövqe Azərbaycan Respublikasının tərəfdar olduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyada da müəyyən olunmuşdur.
73. Belə ki, Konvensiyanın 20 mart 1952-ci il tarixli Protokolunun (1 saylı Protokolun) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir.
74. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-189/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməli, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 12 ünvanında yerləşən 12 saylı mənzil açıq hərracdan satılmalı və satış pulu İddiaçı, Cavabdeh1 və Cavabdeh2 arasında onların paylarına mütənasib surətdə (hər birinə pulun 1/3 hissəsi verilməklə) bölüşdürülməlidir.
75. Kollegiya eyni zamanda hesab edir ki, ekspertiza tədqiqatın dəyəri olan 100 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
76. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-189/2024 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 12 ünvanında yerləşən 12 saylı mənzil açıq hərracdan satılsın və satış pulu İddiaçı, Cavabdeh1 və Cavabdeh2 arasında onların paylarına mütənasib surətdə (hər birinə pulun 1/3 hissəsi verilməklə) bölüşdürülsün. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.