Məhkəmə qərarları › İş №2(105)-903/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-903/2024

21.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-903/2024 21.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı qanunsuz və əsassız olaraq hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-601/2024 nömrəli, 01 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 5365.44 (beş min üç yüz altmış beş manat qırx dörd qəpik) manat borc abonent kodu **********001690 olan İddiaçı məxsus abunə hesabından silinməsi, Cavabdeh İB-dən dövlət rüsumuna görə 77,37 (yetmiş yeddi manat otuz yeddi qəpik) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh İB-yə qarşı qanunsuz və əsassız olaraq hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 6177,60 manat məbləğində cərimə borcunun əsassız hesab edərək silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi vardır. O, ailəsi ilə birlikdə sözügedən ünvanda yaşayır. Sözügedən ünvana xx.xx.2021-ci il tarixində “Zenner” tipli, “G-4” markalı **********5 nömrəli sayğac quraşdırılmışdır.”Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən onun xəbəri olmadan 31 yanvar 2023-cü il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt tərtib edilmişdir. Həmin aktda qeyd olunmuşdur ki, istehlakçıya məxsus qeyri-yaşayış sahəsində xx.xx.2023-cü il tarixində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və abonentin qaz sayğacına baxış keçirilən zaman kənar xətdən istifadə edilmə aşkar edilmişdir. Ümumiyyətlə, hər zaman ödənişlərini vaxtı-vaxtında etmişdir. Bununla belə 31 yanvar 2023-cü il tarixdə Cavabdeh İB tərəfindən ******* saylı akt tərtib edilmiş və dəymiş ziyan kimi 6177,60 manat borc hesablanmışdır. Sözügüdən akt qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən akt tərtib edilərkən o, ümumiyyətlə evdə olmamış və bununla bağlı onun heç bir məlumatı olmamışdır. Cavabdeh İB isə qanunvericiliyin tələblərini pozaraq onun iştirakını təmin etmədiyi halda aktın yekun hissəsində onun aktı imza etməkdən imtina etdiyini qeyd etmişdir. Sayğaca heç vaxt onun və ailə üzvləri tərəfindən heç bir müdaxilə olunmamış, kənar xəttdən istifadə edilməmişdir. Qaz sayğacı həyətdən kənarda quraşdırılmışdır. Hər hansısa sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə halı mövcud deyildir. Necə olur ki, tərəfindən kənar xəttdən istifadə edilmədiyi və bununla bağlı heç bir məlumatının olmadığı halda ona borc yazılır. Göstərilən aktın tərtib olunması və barəsində borc yazılması haqqında əməkdaşlar tərəfindən ona heç bir məlumat verilməmişdir. Yalnız 2023-cü ilin aprel ayında yaşadığı ünvanın zaborundan içəriyə atılan sənəddən ona məlum olmuşdur ki, günahının olmadığı barəsində 6177,60 manat məbləğində əsassız borc yazılmışdır. Burdan da göründüyü kimi Cavabdeh əməkdaşları tərəfindən heç bir hal araşdırılmadan qanunsuz və əsassız akt tərtib edilmişdir. Cavabdeh İB isə qanunvericiliyin tələblərini pozaraq onun iştirakının təmin edilmədiyi halda aktın yekun hissəsində onun aktı imza etməkdən imtina etdiyini qeyd etmişdir. Heç vaxt qazın istifadəsinə görə borcu olmayıb və onun tərəfindən heç vaxt qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunmamışdır. Həmçinin həmin aktda heç bir sübut öz əksini tapmamışdır, əksinə olaraq onun iştirakı təmin olunmamış, qanunsuz, əsassız və saxta olaraq akt tərtib edilmişdir. Odur ki, hesab edir ki, ona hesablanmış cərimələr tamamilə əsassız və qanunsuz olduğuna görə məhkəmə qaydasında mübahisəyə baxılmalıdır İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Abşeron Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, iddianı qiymətləndirməmiş və prosessuаl hüquq normаsının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyriqanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlarla rəsmiləşdirilmişdir: akt № ******* xx.xx.2023-cü il və akt № ******* xx.xx.2023-cü il (iş materiallarında vardır). Daha sonra həmin akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməklə Cavabdeh İB-yə böyük məbləğdə ziyan vurmuşdur. (foto şəkillər) Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək, eyni zamanda səhv nəticəyə gələrək əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sübutlar iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda, birinci instansiya məhkəməsi əsassız yerə iddia tələbini qismən təmin etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin vurulmuş maddi zərərin əvəzinin cavabdehdən tutulması hissəsində qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi sübutlara faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Belə olmasaydı birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini qət edərdi. Göründüyü kimi maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmiş qətnamə heç vaxt qanuni və əsaslı ola bilməz. İddia tələbinin qismən təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdankənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. İddiaçı tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq akta qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdir ki, abonent təbii qazı sayğacdan kənar xəttə qoşularaq istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Bunun nəticəsi olaraq da, birinci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur. Beləliklə birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnamədə göstərdiyi nəticə qismən işin hallarına uyğun olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Məhkəmə Kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallanı araşdırıb, məruzəçini və iddiaçının izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini cavabdeh təşkilatın əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi evdə baxış keçirilən zaman “Qazdan istifadə qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə olunduğunun aşkar olunması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, qətnaməni iddianın təmin edilən hissəsində mübahisələndirir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə mübahisələndirilən hissədə hüquqi dəyərləndirmə aparmaqla aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Baxılan iş üzrə mübahisələndirilən hissədə iddia tələbi borcun silinməsi barədədir. "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 4.2. bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İşdən görünür ki, iddiaçının mülkiyyətində olan yaşayış evi qaz ilə təchiz edilib və cavabdeh təşkilatın tərtib etdiyi aktlara əsasən abonentin qaz sayğacından kənar xətdən qeyri-qanuni istifadə halının aşkarlanması nəticəsində dəymiş ziyan hesablanaraq iddiaçıdan tələb edilmişdir. Quraşdırılmış sayğacın işlək vəziyyətdə olmasına görə məsuliyyəti iddiaçı deyil, qaz paylayıcı olan cavabdeh daşıdığından, həmin sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsi cavabdeh tərəfindən sübuta yetirilmişdir. "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 6.5. bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin Qaydaların 6.5-1. bəndində isə qeyd edilmişdir ki, istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmalıdır (6.5-1.1-6.5-1.3 bəndləri). İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır (6.5-3. bəndi). İşdən göründüyü kimi iddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulma cavabdehin əməkdaşları tərəfindən aşkar edilmiş, kənar xətt qazpaylayıcı şəbəkədən ayrılmış və bu barədə xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü tarixli, ******* saylı aktlar tərtib edilməklə cavabdeh təşkilat tərəfindən 6177,60 manat dəymiş zərərin məbləği hesablanmaqla iddiaçıdan tələb edilmişdir. Lakin bu zaman cavabdeh təşkilat tərəfindən cərimənin məbləğinin hesablanması “Qazdan istifadə qaydaları”nın tələblərinə uyğun aparılmamışdır. Belə ki, qeyd olunan qaydanın 6.5.3. bəndinə əsasən qanunsuz qoşulma hallarında qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin 12 aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri məişət abonentlərinə münasibətdə sutkanın 12 saatı nəzərə alınmaqla hesablama aparılmalıdır. Bu qaydaya uyğun hesablama zamanı isə iddiaçıya cavabdeh tərəfindən 31 yanvar 2023-cü il tarixli akt üzrə (5.5x12x90=5940 kub.metr x 0,12=712.88 manat), 712,88 manat, 28 fevral 2023cü il tarixli akt üzrə (5.5x12x28=1848 kub.metr x 0,12=221,76 manat) 221,76 manat cərimə hesablanmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İB tərəfindən ünvan 1 ünvanında yerləşən evə quraşdırılmış qaz sayğacına görə xx.xx.2023-cü il tarixli, ******* saylı və xx.xx.2023-cü tarixli, ******* saylı aktlar üzrə hesablanmalı olan (712,88+221,76=934,64; 6177,6-934,64=5242,96 manat) 5242,96 manat cərimə silinməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilsin. Cavabdeh İB tərəfindən ünvan 1 ünvanında yerləşən evə quraşdırılmış qaz sayğacına görə xx.xx.2023-cü il tarixli, ******* saylı və xx.xx.2023-cü tarixli, ******* saylı aktlar üzrə artıq hesablanmış 5242 (beş min iki yüz qırx iki) manat 96 (doxsan altı) qəpik məbləğində cərimə silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar