Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-909/2022 12.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə Cavabdeh iştirakı ilə İddiaçı: «Azəriqaz» İstehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı borcun tutulması tələbinə dair ilk, Cavabdeh Azəriqaz» İstehsalat Birliyinə qarşı əsassız olaraq hesablanmış borcun silinməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2(031)-956/2021 nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şabran Rayon Məhkəməsinin 20.12.2021-ci il tarixli, 2(031)-956/2021 nömrəli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 858.60 manat məbləğində əsas borc və 30 manat dövlət rüsumunun «Azəriqaz» İstehsalat Birliyinin xeyrinə tutulması, Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı əsassız olaraq hesablanmış borcun silinməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. (hakim Ç.İsgəndərov) Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Şabran Rayon Məhkəməsinin 20.12.2021-ci il tarixli, 2(031)-956/2021 nömrəli qətnaməsinin ləğv edilərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı idia tələbinin isə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: «Azəriqaz» İstehsalat Birliyi məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh təbii qaydan istifadəyə görə yaranmış 858.60 manat məbləğində əsas borcun və 30 manat dövlət rüsumunun «Azəriqaz» İstehsalat Birliyinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmədə «Azəriqaz» İstehsalat Birliyinə qarşı qarşılıqlı iddia qaldıraraq “Azəriqaz” İstehsalat Birliyinin əsassız olaraq hesabladığı və ondan tələb etdiyi 858.60 manat borc məbləğinin 500 manat hissəsi çıxılmaqla yerdə qalan 358.60 manat hissəsinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh «Azəriqaz» İstehsalat Birliyi iddia tələbini onunla əsaslandırmışdır ki, Şabran şəhəri, 17-ci məhəllə sakini xx.xx.1967-ci il təvəllüdlü Cavabdeh istifadə etdiyi təbii qaza görə 858.60 manat ödənilməmiş borcu qalmışdır. Tərəflərindən rəsmi xəbərdarlıq olunmasına baxmayaraq, abonent tərəfindən borc hələ də ödənilməmişdir. Abonentin borcu onun mənzilində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır. Cavabdeh onunla bağlanmış "Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Abonentin istifadə etdiyi təbii qazın haqqının ödənilməsi, borclu kimi onun mübahisə edilməyən vəzifəsidir. Qeyd olunanlara əsasən iddia tələbi təmin edilməlidir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, inşa etdiyi və hal-hazırda da yaşadığı Şabran şəhəri, 17-ci məhəllədə yerləşən fərdi yaşayış evinə 2013-cü ildə qaz sayğacı quraşdırılmış, lakin ona abonent kodu verilməmişdir. O, dəfələrlə “Azəriqaz” İstehsalat Birliyinin yerli qurumuna abonent kodu verilməsi üçün müraciət etsə də, müraciəti öz müsbət həllini tapmamışdır. O, aylıq qaz pullarını ödəmək istəsə də, cavabdeh qurumun səhlənkarlığı ucbatından ona abonent kodu verilmədiyi üçün ödənişləri həyata keçirə bilməmişdir. Nəhayət uzun illər sonra 2021- ci ildə ona **********00430 nömrəli abonent kodu verilmişdir. Bundan sonra o, hər ay vaxtı-vaxtında qaz pulu ödənişlərini ödəməyə başlamışdır. Göründüyü kimi qeyd olunan məsələdə birbaşa təqsirkar o, deyil, “Azəriqaz” İstehsalat Birliyi olmuşdur. “Azəriqaz” İstehsalat Birliyi 2021-ci ilin iyun ayının sonunda ona birbaşa 833.60 manatlıq qaz sərfiyyatı hesablamışdır. “Azəriqaz” İstehsalat Birliyi əvvəlki illərin qaz pulu borcunu yeni tariflə hesablamış, hal-hazırda isə borc 858.60 manat olaraq qeyd olunmuşdur. Hansı ki, “Azəriqaz” İstehsalat Birliyi əvvəlki illərin qaz sərfiyyatını hazırki tariflə hesablamamalı idi, bundan əlavə abonentin saldosuna nəzər salındıqda görünür ki, ona abonent kodu veriləndən sonra da əvvəlki illərdə olduğu kimi minimum qaz sərfiyyatı etmişdir. Abonentin saldosunda 2021-ci ilin iyul, avqust, sentyabr ayları üçün qaz sərfiyyatı məbləğlərinə nəzər saldıqda görünür ki, o həmin aylar ərzində ayrı-ayrılıqda 8.75 manatlıq, 16.25 manatlıq, 5 manatlıq qaz sərfiyyat etmişdir. Bütün bu qeyd olunanları nəzərə almadan “Azəriqaz” İstehsalat Birliyinin onun üçün kortəbii şəkildə istədiyi borcu hesablaması əsassızdır. “Azəriqaz” İstehsalat Birliyi 833.60 manat borcu nəyə əsaslanaraq hesablaması barədə, həmin borcun nədən yaranması barədə iddia ərizəsində heç bir qeyd yoxdur. “Azəriqaz” İstehsalat Birliyinin ona birdən-birə 1 ay ərzində 833.60 manatlıq borc hesablaması absurddur. “Azəriqaz” İstehsalat Birliyi illərlə yol verdiyi qanunsuzluqları örtbasdır etmək üçün borcun yaranma mənbəyini gizlədir, 1 ay ərzində formalaşmış borc kimi ondan tələb edir. Çünki abonentin saldosuna baxdıqda 2021-ci ilin iyun ayından əvvəlki dövr üçün borcunun olması göstərilmir. Ona uzun illər ərzində borc barədə bir dəfə də olsun “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bildiriş-xəbərdarlıq məktubu göndərilməmişdir, Onun hər bir ilin qaz sərfiyyatını və tariflərini əsas tutmaqla apardığı hesablamasına görə onun “Azəriqaz” İstehsalat Birliyinə olan borcu 500 manat məbləğini keçmir. Ona görə də “Azəriqaz” İstehsalat Birliyinin əsassız olaraq hesabladığı və ondan tələb etdiyi 858.60 manat borc məbləğinin 500 manat hissəsi çıxılmaqla yerdə qalan 358.60 manat hissəsi əsassız olduğundan silinməlidir. Qeyd olunanlara əsasən qarşılıqlı iddia tələbi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh qarşılıqlı iddia ərizısinə uyğun apelyasiya şikayəti verərək təmin edilməsini xahiş etmişdir. Apelyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək əlavə etdi ki, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə qanunsuz və əsasdır. Məhkəmə onun tərəfindən təqdim olunan sübutlara əhəmiyyət verməmiş, işə səthi yanaşaraq, əsassız qətnamə qəbul etmişdir. İş üzrə şahid qismində ifadə verən şəxsin ifadəsi sübut kimi qiymətləndirilə bilməz. İddiaçının məhkəməyə sübut qismində təqdim etdiyi sənədlərin heç biri ona təqdim olunmamış və o bu sənədlərdən xəbərsizdir. Ona görə də qətnamənin ləğv edilməli olduğunu bildirdi və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı “Azəriqaz” İstehsalat Birliyi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında təmsil olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 12 aprel 2021-ci il tarixli, 10736 saylı müqavilədən görünür ki, Xaçmaz Regional Qİİ ilə Cavabdeh arasında müqavilə bağlanmış və müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İşə əlavə edilmiş 02 iyul 2021-ci il tarixli Abonentin saldosundan görünür ki, Cavabdeh qazdan istifadəyə görə 2021-ci ilin sentyabr ayına 858,60 manat borcu yaranmışdır. İşə əlavə edilmiş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 702894 saylı aktdan görünür ki, Cavabdeh məxsus yaşayış evinə qoyulmuş qaz sayğacı müdaxiləyə şübhəli olduğuna görə Elster tipli G-4 markalı ******* №-li sayğac yerindən çıxarılmış və Cavabdeh mənzilinə əvəzləyici sayğac quraşdırılmışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilən X1 bildirmişdi ki, o, uzun illərdir ki, Şabran rayon QİS-də satış şöbəsinin rəisi vəzifəsində işləyir. Cavabdeh bir abonent kimi tanıyır. Cavabdeh əvvəllər passiv abonent kimi qeydiyyatda olmuşdur. Sonradan idarənin əməkdaşları tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh evdə yaşayır və qazdan istifadə edir. Bundan sonra Cavabdeh özü ərizə ilə müraciət edərək aktiv abonentə keçirilməsini xahiş etmişdir. Bundan sonra qaz idarəsinin nəzarətçiləri tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh borcu vardır. İşdə olan 12.04.2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh Şabran rayon QİS-ə müraciət edərək ona məxsus abonent kodunun aktiv statusa keçirilməsini xahiş etmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, Şabran Rayon Məhkəməsinin 20.12.2021-ci il tarixli, 2(031)-956/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ilk idia üzrə cavabdeh Cavabdeh məxsus Şabran şəhəri, 17-ci məhəllədə yerləşən fərdi yaşayış evinə 2013-cü ildə qaz sayğacı quraşdırılmışdır. Keçən müddət ərzində tərəflərin bildirdiyi kimi ona məxsus abonent kodu aktiv statusa keçirilməmiş, yalnız 12.04.2021-ci il tarixində ərizəsi əsasında kod aktiv status almışdır. Bu dövr ərzində onun istifadə etdiyi təbii qaza görə 858.60 manat ödənilməmiş borcu yaranmışdır. Cavabdeh həmin məbləğin 500 manat hissəsini etiraf edərək, qalan məbləğin silinməli olmasını bildirir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edtməyi zəruri hesab edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə əsasında istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. Qanunun qeyd edilən maddəsinin 9-cu bəndinin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qanunun qeyd edilən maddəsinin 9-cu bəndinin tələblərinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı Qərarının 3.1.5-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Qaydaların 5.2-ci maddəsinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). «Smart-kart» tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İşin tədqiq olunan faktiki hallarından görünür ki, Cavabdeh məxsus Şabran şəhəri, 17-ci məhəllədə yerləşən fərdi yaşayış evinə 2013-cü ildə qaz sayğacı quraşdırılmışdır. Keçən müddət ərzində tərəflərin bildirdiyi kimi ona məxsus abonent kodu aktiv statusa keçirilməmiş, yalnız 12.04.2021-ci il tarixində ərizəsi əsasında kod aktiv status almışdır. Bu dövr ərzində onun istifadə etdiyi təbii qaza görə 858.60 manat ödənilməmiş borcu yaranmışdır. Cavabdeh həmin məbləğin 500 manat hissəsini etiraf edərək, qalan məbləği qəbul etməsə də, məhkəməyə istinad etdiyi halları sübut edəcək heç bir dəlil təqdim edə bilməmişdir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Yenə həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-443.3 maddələnin tələblərinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmışdır. O, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Ona görə də, onun apellyasiya şikayəti təmin edilə bilməz. Beləliklə, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddaçı məhkəməyə öz dəlillərini təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası ilk iddia üzrə cavabdehin apellyasiya şikayəti ilə bağlı qeyd edir ki, o, şikayətində silinməsini tələb etdiyi borcun yaranmadığını qeyd etsə də bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər əsasən formal mülahizələrdir və apelyasiya şikayətinin tələb edilən formada təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. AR MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Şabran Rayon Məhkəməsinin 20.12.2021-ci il tarixli, 2(031)-956/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qətidir, dərhal qüvvəyə minir. Ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-909/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-909/2022
12.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver