Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-913/2022 24.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin nümayəndəsi X7, Cavabdeh iştirakı ilə, İddiaçı «Qaz İxrac» İdarəsinin Cavabdeh qarşı X14 Kəməri Sahəsinin istismarında olan 159 mm diametrli “Qobustan QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında Qobustan şəhəri, X15 ərazisində cavabdehə məxsus fərdi yaşayış evi və daş hasarı öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 13 yanvar 2022ci il tarixli, 2(026)-12/2022 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Qobustan Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2(026)-12/2022 nömrəli qətnaməsi ilə “Qaz İxrac” İdarəsinin Siyəzən Magistral X12 istismarında olan 159 mm diametrli «Qobustan QPS qolu» yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin və “Qobustan” QPS-nin mühafizə zonasında, Qobustan şəhəri, X15 ərazisində Cavabdeh məxsus fərdi yaşayış evinin və hasarın öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya qaytarılması tələbinin təmin edilməməsi, mütəxəssis rəyinin verilməsi üçün çəkilən 100 manat ekspertiza xərcinin Dövlət Neft Şirkətinin “Qaz İxrac” idarəsindən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. (hakim M.Quliyev) Qətnamədən iddiaçı “Qaz İxrac” İdarəsi apellyasiya şikayəti verərək, Qobustan Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2(026)-12/2022 nömrəli qətnaməsinin ləğv edilməi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı Dövlət Neft Şirkətinin “Qaz İxrac” idarəsi X14 Kəməri Sahəsinin istismarında olan 159 mm diametrli “Qobustan QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında Qobustan şəhəri, X15 ərazisində Cavabdeh məxsus fərdi yaşayış evi və daş hasar öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”-nın və Azərbaycan Respublikası DTN 2.9-2 X11 Lahiyələndirmə Normalarının tələbləri pozularaq “Qaz İxrac” İdarəsi Siyəzən Magistral X12 balans və istismarında olan 159 mm diametrli «Qobustan QPS qolu» yüksək təzyiqli (12-25 atm) yeraltı magistral qaz kəmərinin mühafizə zonasında, Qobustan şəhəri, X15 ərazisində kəmərdən 24 metr məsafədə Cavabdeh məxsus fərdi yaşayış evi və 14 metr məsafədə daş hasar inşa olunmuşdur. Magistral qaz kəmərlərinin mühafizə zonalarında inşa edilmiş tikililərlə əlaqədar Qobustan rayon İcra Hakimiyyətinə, Qobustan rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinə məlumat verilmiş və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən magistral qaz kəmərinin orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsinin mühafizə zonası təyin edilmişdir. Həmin qaydalara əsasən mühafizə zonasında kəməri istismar edən hüquqi və fiziki şəxslər tərəfindən Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı bir tikinti-qurasdırma islərinin aparılması qəti qadağandır. Qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Bundan əlavə "xxxx"ının 2.23-cü bəndinin tələblərinə əsasən X11nin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərini istismar edən orqanla razılaşdırılmalıdır. Belə bir razılaşma isə mövcud deyildir. Həmçinin Qaydaların 2.7-ci bəndinə əsasən, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilmişdir və həmin qaydaların 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər tərəfindən Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işləri aparılması qadağandır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İddiaçı “Qaz İxrac” İdarəsi birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri bundan ibarətdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Hazırkı işdə, cavabdeh tərəfindən inşa edilən tikili (hasar) dövlətin müstəsna səlahiyyətində olan iddiaçıya məxsus qaz kəmərlərinin mühafizə zonasında yerləşən torpaq sahəsində, yəni, Qobustan şəhəri, X15 ərazisində, Cavabdeh tərəfindən, “Qaz İxrac” İdarəsinin Siyəzən Magistral X12 istismarında olan 159 mm diametri “Qobustan QPS qolu” yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasından 24 metr məsafədə inşa edilmişdir. Qobustan şəhəri, X15 ərazisində yerləşən cavabdeh tərəfindən inşa olunmuş tikili qanunla müəyyən olunmuş qaydada lazımi icazə olmadan (yəni qaz kəmərini istismar edən təşkilatdan yazılı razılıq), şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla, özbaşına aparıldığından, bu tikili yeraltı magistral qaz kəmərinin mühafizə zonasında inşa edildiyindən, kəmərin texniki istismarına və istifadəsinə maneələr törətdiyindən, ətrafdakı insanlar üçün ciddi təhlükə yaratdığından, həmin tikililər özbaşına tikili hesab edilməli, tikililər cavabdehin hesabına sökülməlidir. Digər tərəfdən işin mübahisəsiz halı bundan ibarətdir ki, həmin tikili qaz kəmərinin mühafizə zonasının daxilindədir. Belə ki, Qobustan şəhəri, X15 ərazisində Cavabdeh tərəfindən, “Qaz İxrac” İdarəsinin Siyəzən Magistral X12 istismarında olan 159 mm diametri “Qobustan QPS qolu” yüksək təzviqli magistral qaz kəmərinin mühafizə zonasından 24 metr məsafədə tikili inşa edilmişdir. Həmin tikili magistral qaz kəmərinin “Qəbələ qolu” üçün, həmçinin ətrafdakılar üçün, eləcə də həmin tikilidən istifadə edən insanların öz həyatı üçün ciddi təhlükə yaradır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən mühafizə zonası daxilində tikinti işlərinin aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Qeyd edilən qanunlara əsasən, mübahisəli ərazi insan həyatı üçün təhlükəlidir və digər hüquqi əsaslarla yanaşı, bu səbəbdən də, həmin ərazidə tikinti işlərinin aparılması yolverilməzdir. Mübahisəli ərazi insan həyatı üçün təhlükəlidir və digər hüquqi əsaslarla yanaşı, bu səbəbdən də, həmin ərazidə tikinti işlərinin aparılması yolverilməzdir. Belə ki, qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Cavabdeh tərəfindən buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilmiş qanunsuz tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də tikili sökülməlidir. Məhkəmə iş üzrə obyektiv araşdırma apararaq insanların həyatına qarşı real və birbaşa riskin mövcud olduğu vaxtda həmin riskdən xəbərdar olmaq və ya xəbərdar olmağa borclu olmaq və səlahiyyətləri çərçivəsində həmin riskin qarşısını ala biləcək tədbirləri görmək kontekstində işə yanaşmalı idi. Həmçinin qətnamədə qeyd edilmişdir ki, Qobustan rayon icra hakimiyyəti başçısının 11 sentyabr 2008-ci il tarixli, 177 saylı sərəncamı ilə Cavabdeh ayrılmış 0,06 ha torpaq sahəsində fərdi yaşayış evinin tikilməsinə icazə verilmişdir. Eyni zamanda fərdi yaşayış evi və daş hasar inşa etdiyi torpaq sahəsi onun qanuni istifadəsindədir və həmin torpaq sahəsi ona bələdiyyənin qərarına əsasən satılıb və bu gün qərar qüvvədədir. Qeyd etmək istəyirik ki, sökülməsi tələb edilən tikili cavabdeh tərəfindən lazımi icazələr almadan tikilmişdir. Həmin tikinti “Qaz İxrac” İdarəsinin hüquqlarını və qanunla nəzərdə tutulan mənafelərini pozmuş və fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmışdır. Sadalanan xüsusatlar nəzərə alınmalı, şikayət təmin edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin nümayəndəsi X9 apelyasiya şikayətini müdafiə edib, şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iş üzrə ekspert rəyi ilə razıdırlar, hazırda yalnız daş hasarın sökülməsini tələb edirlər. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında Cavabdeh izahatında şikayətin dəlillərini qəbul etmədiyini, şikayəti hüquqi əsası olmadığını bildirərək, rədd edilməsini xahiş etdi. Əlavə etdi ki, həmin ərazidə yüzlərlə ev və tikililər var, heç biri də sökülməyib. Ona görə də qətnamənin qüvvədə saxlanılmasını istəyir. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qobustan Bələdiyyəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qobustan Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Mərəzə (Qobustan) Bələdiyyəsinin 20 iyul 2006-cı il tarixli, 05/82 nömrəli qərarından görünür ki, Qobustan Bələdiyyəsinin alqı-satqı predmeti olan 0,06 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə X1 qərara alınmışdır. Yenə iş materiallarında olan Qobustan rayon İcra Hakimiyyəti başçısının 11 sentyabr 2008-ci il tarixli, 177 saylı sərəncamından görünür ki, Qobustan şəhər sakini X3 müraciəti nəzərə alınaraq Mərəzə bələdiyyəsinin 20 iyul 2006-cı il tarixli, 05/65 nömrəli qərarı ilə Mərəzə qəsəbəsinin(indiki Qobustan şəhərinin) “X15” adlanan ərazisində ona ayrılmış 0,06 ha torpaq sahəsində rayon İcra Hakimiyyəti başçısının aparatının memarlıq və tikinti bölməsinin təsdiq etdiyi layihə əsasında fərdi yaşayış evinin tikilməsinə icazə verilmişdir. İş materiallarına əlavə edilmiş X14 Kəməri Sahəsinin texniki istehsalat şöbəsinin rəisi E. Mirzəcanzadə, ƏM və TT üzrə mühəndis R. Ağayev, texniki istehsalat şöbəsinin mühəndisi S. Vəliyev, Qobustan XİX-nin rəisi T. Mikayılov və xətt baxıcısı İ. Zamanov tərəfindən 16 oktyabr 2021-ci il tarixdə tərtib edilmiş və X14 Kəməri Sahəsinin rəisi tərəfindən təsdiq edilmiş aktdan görünür ki, Qobustan şəhər sakini Cavabdeh tərəfindən 159 mm diametrli «Qobustan QPS qolu» yüksək təzyiqli (1,2-2,5 atm) yeraltı magistral qaz kəmərinin mühafizə zonasında kəmərdən 24 metr məsafədə 1 mərtəbəli fərdi yaşayış evi inşa edilmişdir. Yenə işə əlavə edilmiş “Qaz İxrac” idarəsinin X14 Kəməri Sahəsinin 19 oktyabr 2017-ci il tarixli, MK-01-3/665 saylı bildirişindən görünür ki, Qobustan şəhər sakini Cavabdeh yaşadığı ərazidən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin struktur vahidi kimi fəaliyyət göstərən "Qaz İxrac" İdarəsinin tabeçiliyindəki Siyəzən Magistral X12 balansında və istismarında olan yüksək təzyiqli və 159 mm diametrli Qobustan APS qol magistral qaz kəməri keçdiyi, tikililər ilə 159 (yüz əlli doqquz) mm diametrli qaz kəməri arasındakı məsafə 50 (əlli) metr müəyyən edilməli olduğu halda, onun inşa etdiyi 1 mərtəbəli fərdi yaşayış evinin yuxarıda göstərilən qaz kəməri arasındakı məsafənin 24 metr təşkil etdiyi, yuxarıda göstərilən magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin kəmərlərin istismarında çətinliklər törədəcəyi, eləcədə potensial təhlükə mənbəyinə çevriləcəyi, gələcəkdə kəmərin zədələnməsi və qaz sızmasının baş verməsi nəticəsində partlayışa, yanğına və digər bədbəxt hadisələrə səbəb ola biləcəyi bildirilmişdir. Yenə də işə əlavə edilmiş “Qaz İxrac” idarəsinin X14 X10 rayon İcra Hakimiyyətinə, Qobustan rayon polis şöbəsinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinə ünvanlanmış məktublarından görünür ki, həmin dövlət qurumlarından Qobustan rayonu ərazisində QPS-in mühafizə zonasındakı evlərin sökülməsi ilə əlaqədar tədbirlər görülməsi xahiş edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 noyabr 2021-ci il tarixli, 10/4358 saylı ekspert rəyindən görünür ki, “Qaz İxrac” idarəsi X14 Kəməri Sahəsinin istismarında olan 159 mm diametrli “Qobustan QPS qolu” yüksək təzyiqli (12-15 atm) magistral qaz kəmərindən Qobustan şəhəri, X15 ərazisində Cavabdeh tərəfindən inşa edilmiş yaşayış evinə qədər olan məsafə 50,0 metr, daş hasara qədər isə 24,0 metr təşkil etdiyi müəyyən edilmişdir. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qobustan Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2(026)-12/2022 nömrəli qətnaməsi qismən, daş hasarın sökülməsinin təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi həmin hissədə təmin olunmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, Qobustan Bələdiyyəsinin 20 iyul 2006-cı il tarixli, 05/82 nömrəli qərarı ilə 0,06 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə X2, onun tərəfindən orada fərdi yaşayış evi və hasar inşa olunmuşdur. İddia tələbinə görə həmin yaşayış evi “Qaz İxrac” İdarəsi Siyəzən Magistral X12 balans və istismarında olan 159 mm diametrli «Qobustan QPS qolu» yüksək təzyiqli (12-25 atm) yeraltı magistral qaz kəmərindən 24 metr məsafədə, hasar isə 14 metr məsafədə inşa olunmuşdur. Keçirilmiş ekspertiza nəticəsində isə müəyən olunmuşdur ki, qeyd olunan yaşayış evi qaz kəmərindən 50 metrlik, hasar 24 metrlik məsafədə yerləşir. İşə baxan birinci instansiya məhkəməsi iddianı təmin etməmiş, məhkəmənin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı tərəf apellyasiya şikayəti vermişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin 2ci hissəsinə görə, mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.23-cü bəndinə əsasən, X11nin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Həmin "xxxx"ın 2.24-cü bəndinə əsasən, kəmərləri istismar edən hüquqi şəxslərə, Dövlət Neft Şirkətinə, onun yerli orqanlarına və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, öz səlahiyyətləri çərçivəsində, bu Qaydaları pozanlar tərəfindən kəmərlərin mühafizə zonalarında və kəmərlərin (onun obyektlərinin) oxundan şəhərlərə və digər yaşayış məntəqələrinə qədər, minimal məsafəyə bərabər olan sahədə Azərbaycan Respublikası Dövləttikintikomun təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normaları ilə müəyyən edilmiş məsafələr daxilində aparılan işləri dayandırmağa səlahiyyət verilir. Yenə qeyd edilən Qaydaların 2.7-ci bəndinin tələblərinə görə boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi X5 tərəfindən fərdi yaşayış evi “Qaz İxrac” İdarəsi Siyəzən Magistral X12 balans və istismarında olan 159 mm diametrli «Qobustan QPS qolu» yüksək təzyiqli (12-25 atm) yeraltı magistral qaz kəmərindən 50 metr məsafədə, hasar isə 24 metr məsafədə inşa olunmuşdur. Başqa sözlə, cavabdehə məxsus ev qaz kəmərinin mühafizə zonasından kənarda, daş hasar isə kəmərin mühafizə zonasında inşa edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi işin bu faktiki halına, yəni cavabdehin çəkdiyi daş hasarın qaz kəmərinin mühafizə zonasında yerləşməsinə düzgün qiymət verməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, tətbiq edilməli olan normanı yox, tətbiq edilməli olmayan normanı tətbiq etmişdir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilib, o hissədə iddia təmin olunmalı, daş hasar cavabdehin hesabına sökülməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Yenə həmin Məcəllənin 180.4-cü maddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qeyd edildiyi kimi cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi qaz kəmərinin mühafizə zonasına düşmür. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin hissədə iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşır. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi də iş üzrə ekspert rəyi ilə razılaşdıqlarını və yalnız daş hasarın sökülməsi ilə bağlı tələblərini müdafiə etdiklərini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı istər iddia ərizəsinə, istərsə də apellyasiya şikayətinə dair dəlillərini qaz kəmərinin mühafizə zonasına düşən daş hasarın sökülməsi hissəsində sübut edə bilmiş, fərdi yaşayış evinə dair hissədə isə sübut edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş halların tam düzgün qiymət vermədiyindən qətnamə qismən ləğv olunmalı, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Qobustan Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2(026)-12/2022 nömrəli qətnaməsi qismən, daş hasarın sökülməsinin təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi həmin hissədə təmin olunmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 386, 384.0.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Qobustan Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2(026)-12/2022 nömrəli qətnaməsi qismən, daş hasarın sökülməsinin təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin olunsun. Cavabdeh X5 tərəfindən Qobustan şəhəri, X15 ərazisində, “Qaz İxrac” İdarəsi Siyəzən Magistral X12 balans və istismarında olan 159 mm diametrli «Qobustan QPS qolu» yüksək təzyiqli (12-25 atm) yeraltı magistral qaz kəmərindən 24 metr məsafədə inşa edilmiş daş hasar cavabdehin öz hesabına sökülsün. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-913/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-913/2022
24.05.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver