Məhkəmə qərarları › İş №2(105)-913/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-913/2025

24.06.2025 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-913/2025 24.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi notariat hərəkətlərinin aparılmasından imtinadan şikayətinə dair mülki iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X28 və X3 ibarət tərkibdə, X30 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi notariat hərəkətlərinin aparılmasından imtinadan şikayətinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 2(067)-606/2025 nömrəli qətnaməsindən Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. 14 sentyabr 2010-cu il tarixdə tərtib edilmiş vəsiyyətnamədən müəyyən olunur ki, X12 vəsiyyətnamə ilə Mehrəliqışlaq kəndində yerləşən fərdi yaşayış evinin yarı hissəsini və torpağa mülkiyyət hüququna dair JN-141, KOD 30207108 saylı dövlət aktında göstərilən 0.29 ha torpaq sahəsini oğlu Ərizəçi vəsiyyət etmişdir. Vəsiyyətnamə reyestrdə 65 nömrə ilə qeydə alınmışdır.

2. Ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir.

3. 14 sentyabr 2010-cu il tarixdə tərtib edilmiş başqa vəsiyyətnamədən müəyyən olunur ki, X12 vəsiyyətnamə ilə Mehrəliqışlaq kəndində yerləşən fərdi yaşayış evinin yarı hissəsini gəlini Maraqlı şəxs2 vəsiyyət etmişdir. Vəsiyyətnamə reyestrdə 67 nömrə ilə qeydə alınmışdır.

4. Xaçmaz rayon 1 saylı Notariat Ofisinin Ərizəçi ünvanladığı 09 dekabr 2024-cü il tarixli № X-1627 saylı məktubundan müəyyən olunur ki, onun Xaçmaz rayon 1 saylı notariat ofisinə 18 yanvar 2011-ci ildə vəfat etmiş X5 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barəsində müraciətinə baxılmışdır. X8 digər birinci növbə varisləri mövcuddur. Mövcud olan digər varislərin pay bölgüsünə dair münasibət bildirmələri zəruridir. Mülki Məcəllənin 1291-ci maddəsinə görə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda və mübahisənin həlli üçün məhkəməyə müraciət etmək tövsiyə olunur.

5. X6 tərəfindən Xaçmaz rayon 1 saylı Notariat Ofisinə təqdim edilmiş ərizədən görünür ki, o, X2nın xx.xx.2011-cı il tarixində vəfatından sonra miras qalmış əmlaka dair vərəsəliyi nə faktiki və yaxud notariat kontoruna ərizə verməklə qəbul etməmişdir və qanunla nəzərdə tutulan vərəsəliyin qəbuluna dair 6 (altı) aylıq müddəti buraxacaq. Hərəkətsizliyinin nəticələri ona aydındır və buraxılacaq müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcək. Ona düşən məcburi paydan əl çəkir.

6. X9 Xaçmaz rayon 1 saylı Notariat Ofisinə təqdim etdiyi ərizədən görünür ki, o, X2nın xx.xx.2011-cı il tarixində vəfatından sonra miras qalmış əmlaka dair vərəsəliyi nə faktiki və yaxud notariat kontoruna ərizə verməklə qəbul etməmişdir və qanunla nəzərdə tutulan vərəsəliyin qəbuluna dair 6 (altı) aylıq müddəti buraxacaq. Hərəkətsizliyiniin nəticələri ona aydındır və buraxılacaq müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcək. Ona düşən məcburi paydan əl çəkir.

7. X4 Xaçmaz rayon 1 saylı Notariat Ofisinə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, xx.xx.2011-ci ildə vəfat etmiş X2nın ölümündən sonra mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə nə ərizə verməklə, nə də əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməyə başlamaqla mirası faktiki qəbul etməmişdir, etmək fikrində deyil.

8. Torpağa mülkiyyət hüququna dair JN-141, KOD 30207108 saylı dövlət aktından müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 05 dekabr 1997-ci il tarixli, 15 nömrəli qərarı ilə X12 ailə başçısı olmaqla maraqlı tərəf Maraqlı şəxs2 və onun uşaqları X18, X16 və X17 xüsusi mülkiyyətlərinə Xaçmaz rayonunun Canaxır kəndi ərazisindən 1.73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon 1 saylı Notariat Ofisinin notariusunun ona vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnamənin verməməsini əsassız hesab etməklə Torpağa mülkiyyət hüququna dair JN-141, KOD 30207108 saylı dövlət aktına əsasən mərhum X2ndan miras qalmış Xaçmaz rayonu, Canaxır kəndində yerləşən 0.29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.261 ha hissəsinə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ərizəni onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 05 dekabr 1997-ci il tarixli, 15 nömrəli qərarı ilə mərhum X2 ailə başçısı olmaqla maraqlı tərəf Maraqlı şəxs2 və onun uşaqları X18, X16 və X17 xüsusi mülkiyyətlərinə Xaçmaz rayonunun Canaxır kəndi ərazisindən 1.73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpağa mülkiyyət hüququna dair JN-141, KOD 30207108 saylı Dövlət Aktına əsasən hüquqları qeydiyyata alınmışdır. Torpaq sahəsi iki hissədən ibarət olmaqla torpaq sahəsinin bir hissəsi 0.57 ha, digər hissəsi 1.16 ha olmaqla iki hissədən ibarətdir. Dövlət aktında da torpaq sahələri ayrı-ayrı planşetdə göstərilmişdir. Hər bir mülkiyyətçinin payı 0.29 ha təşkil edir. X2 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Vəfat etməmişdən öncə 14 sentyabr 2010-cu il tarixdə tərtib edilmiş vəsiyyətnamə ilə bütün əmlakını, o cümlədən Mehrəliqışlaq kəndində yerləşən fərdi yaşayış evinin hissəsini və torpağa mülkiyyət hüququna dair JN141, KOD 30207108 saylı dövlət aktında göstərilən 0.29 ha torpaq sahəsini ona vəsiyyət etmişdir. Vəsiyyət olunan yaşayış evində yaşamaqla, faktiki olaraq mirası qəbul etmişdir. X1, X7 və X13 qeyd olunan əmlakdan pay tələb etmirlər və bu barədə notarial qaydada təsdiqlənmiş rəsmi ərizələri vardır. Maraqlı tərəflərdən Maraqlı şəxs2 mərhum qardaşı X11 həyat yoldaşıdır. Anasına məxsus 0.29 ha torpaq sahəsi ona vəsiyyət olunsa da, Maraqlı şəxs2 və ya övladlarına çatası məcburi payın ayrılmasına etirazı yoxdur. Onun məcburi payı 0.29 ha təşkil edir. Xaçmaz rayon 1 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, X-1627 saylı məktubu ilə ona bildirilmişdir ki, mərhumların birinci növbəli vərəsələri mövcuddur, bu səbəbdən də vərəsəlik işinin davam etdirilməsi və payların müəyyən edilməsi mümkün deyildir. Hesab edir ki, notariat orqanının imtinası əsassızdır. Belə ki, o, yalnız ona vəsiyyət edilmiş 0.29 ha torpaq sahəsini maraqlı tərəfin məcburi payı çıxıldıqdan sonra qalan 0.261 ha torpaq sahəsinə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəyir. Notariat Ofisinin ona vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsindən imtinası əsassız hesab edilməlidir.

3. Məhkəmə iclasında Ərizəçi izahatında bildirmişdir ki, ərizəsini müdafiə edir. Tələbi ona düşən payın ayrılıb ona verilməsidir. Torpaq sahəsində 2 pay var. Torpaq sahəsi iki hissədən ibarət olmaqla torpaq sahəsinin bir hissəsi 0.57 ha digər hissəsi 1.16 ha olmaqla iki hissədən ibarətdir. Dövlət Aktında da torpaq sahəsi ayrıayrı planşetdə göstərilmişdir. Hər bir mülkiyyətçinin payı 0.29 ha təşkil edir. Vəsiyyətnamə verilib 3 bacısına, anasına, qardaşına və ona. Gülpürüz onun anasıdır. O, vərəsəlik almaq üçün notariusa müraciət etmişdir. İmtina edildi. Çünki torpaq sənədini almamışdır. Daha sonra sənədləri alıb təqdim etmişdir. Lakin təkrar imtina olundu. Anasının birinci vərəsəsi odur. Qardaşı rəhmətə gedib. Almaz onun qardaşının arvadıdır. Bacıları isə paylarını ona verib. Vərəsəlikdən imtina ediblər. Bir qardaşı üç bacısı olub. Onlar 2 qardaş 1 evdə olmuşlar.

4. Məhkəmə iclasında Maraqlı şəxs2 izahatında göstərmişdir ki, ərizəni qəbul etmir. Qayınanası Gülpürüz başda olmaqla o, və qızlarının adına torpaq var. Onlar da payçıdırlar, mirasları var. Baldızları payını ərizəçiyə verməyib. O, baldızlarından soruşduqda ona imtina etmədiklərini dedilər. Onlar evi tam bölüb yaşamışlar. Ərizəçi indi təzə ev də tikib. Onlar isə köhnə evdə yaşayırlar.

5. Xaçmaz Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 2(067)-606/2025 nömrəli qətnaməsi ilə (hakim Samir Bayramov) ərizə qismən təmin olunmuş, Xaçmaz rayon 1 saylı Notariat Ofisinin notariusunun Ərizəçi vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnaməni verməsindən imtina etməsi əsassız (qanunsuz) hesab edilməsi və ərizənin qalan hissədə təmin edilməməsi, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir.

5. Qətnamədən Maraqlı şəxs2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ərizənin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman Ərizəçi mübahisələndirilən miras əmlakın mülkiyyətçisi olmamasına, həmin əmlaka münasibətdə gözlənti hüququnun yalnız ona deyil, miras qoyanın digər vərəsələrinə də mənsub olmasına dair işin həqiqi hallarına düzgün hüquqi qiymət verilməmiş, ərizəçinin hüquqi rejimi səhvən mülkiyyətçi statusunda olması kimi qiymətləndirilməklə notariusun məhz digər vərəsələrin də mirasdan paylarının təminatı kimi tələb etdiyi hərəkətləri ərizəçinin yerinə yetirməməsi səbəbilə notariat hərəkətinin aparılmamasının əsassız hesab edilməsi barədə yanlış nəticəyə gəlinmişdir. Notariat hərəkətlərinin aparılmasının mümkünsüzlüyünün ərizəçinin özünün təqsiri, yəni digər vərəsələrin miras əmlaka münasibətlərinin yazılı şəkildə bildirilməsinə şərait yaratmaması və bu hərəkətlərin onların iştirakı ilə aparılmasını istəməməsi kimi faktiki hallara düzgün hüquqi qiymət verilməmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

9. Məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

10. Maddə 259. Ərizənin baxılmamış saxlanmasının əsasları 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: (...) 259.0.10. hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə;

11. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

12. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...) 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir (...)

13. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi (...)

14. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadının qanuni qüvvəsi Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

15. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, ərizə baxılmamış saxlanılmalıdır.

18. Belə ki, mülki prosesdə həyata keçirilən icraatın iddia icraatı və xüsusi icraat adlanan iki növü vardır. MPM-in 306.1-cı maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır.

19. MPM-də xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi, o cümlədən şəxslərin qohumluq münasibətlərinin, mirasın qəbul edilmə faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi mümkün hesab olunsa da, həmin ərizələrə yalnız hüquq haqqında mübahisə olmadığı halda baxıla bilər. Siyahısı qanunda nəzərdə tutulan bu cür mübahisəsiz faktların xüsusi icraat qaydasında məhkəmə qaydasında müəyyən olunması barədə qətnamə faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməsə də MPM-in 311-ci maddəsinə əsasən əlavə məhkəmə qətnaməsi tələb olunmadan belə qeydəalınma üçün əsas kimi çıxış edir.

20. Əgər hüquq haqqında, yəni digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması barədə mübahisə varsa MPM-in 259.0.10-cu maddəsi və 306.4-cü maddəsi hakimin üzərinə xüsusi icraat qaydasında verilmiş ərizəni baxılmamış saxlamaq vəzifəsi qoyur. Bu zaman iddiaçıya ümumi əsaslarla iddia icraatı qaydasında iddia vermək hüququ izah olunur.

21. Maraqlı şəxs2 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, faktiki olaraq ərizəçinin mirası qəbul etməsi faktını və torpaq sahəsinə Ərizəçi Musəqi oğlunun vərəsəlik üzrə mülkiyyət hüquqlarının müəyyən edilməsini mübahisələndirmişdir. Bu isə hüquq haqqında mübahisə deməkdir.

22. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il 3№-li Qərarının 10.1-ci bəndində də qeyd edilib ki, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olubolmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir.

23. Plenumun mövqeyinə görə hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Başqa sözlə, xüsusi icraat işlərində hüquq haqqında mübahisə dedikdə, o başa düşülməlidir ki, ərizəçinin məhkəmə qaydasında müəyyən etmək istədiyi eyni hüquqa digər şəxslər də iddia etmiş olsun. Hazırki işdən də görünür ki, Ərizəçi Musəqi oğlunun məhkəmə qaydasında müəyyən etmək istədiyi eyni hüquqa Maraqlı şəxs2 da iddia edir və miras qalmış əmlakda onun da payının olduğunu bildirir.

24. Beləliklə, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edildiyi halda prosessual qanunvericiliyin tələbinə görə ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarılır. Bu baxımdan, qeyd edilən hal hüquqi məsələ olduğu üçün məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən ərizənin baxılmamış saxlanması qənaətinə gəlir.

25. Ərizəni baxılmamış saxlamaqla yanaşı, məhkəmə kollegiyası ərizəçi tərəfə həmin fakt üzrə ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olduğunu da izah edir.

26. Kollegiya həmçinin qeyd edir ki, hüquq barədə mübahisə olduğu üçün xüsusi icraat qaydasında ərizə verə bilməyən, yaxud belə ərizəsi baxılmamış saxlanılmış iddiaçı iddia icraatı qaydasında birbaşa müvafiq hüququn əldə olunması (məsələn, miras payının müəyyən olunması, hüquq müəyyənedici sənədin verilməsi) barədə tələb irəli sürməli və həmin icraat çərçivəsində iddianın əsasını təşkil edən hüquqi faktı sübuta yetirməlidir.

27. Belə ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Fiziki və hüquqi şəxslər məhz özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iş o halda başlanır ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmiş olsun (MPM-in 2.1, 4.1, 5.1-ci maddələri).

28. Bu baxımdan iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. MPM-in 149 və 153-cü maddələri iddianın müvafiq olaraq qəbuledilənliyi və yolverilənliyi şərtlərini müəyyən etməklə yanaşı, Məcəllənin 151.1-ci maddəsi nəzərdə tutur ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 2(067)-606/2025 nömrəli qətnaməsi ləğv edilsin. Ərizəçi notariat hərəkətlərinin aparılmasından imtinaya dair ərizəsi baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar