Məhkəmə qərarları › İş №2(105)-917/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-917/2024

22.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-917/2024 22.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X4 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı və Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 2(060)-1261/2024 nömrəli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1009 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda 2020-ci il tarixədək məcburi köçkün yaşamış, sonrakı illərdə ünvanda yaşayış olmamışdır. Yaşayış olan müddətdə tərəfindən istifadə etdiyi suyun dəyərini ödəmişdir. Ona məxsus mənzildə xx.xx.2002-ci il tarixdə kod açılmışdır. xx.xx.2021-ci il tarixdə mənzildə sayğac quraşdırılmışdır. Cavabdehin nümayəndələri tərəfindən ona məxsus olan ünvanda xidmətlərdən istifadəyə görə xx.xx.2023-cü il tarixə 1009 manat əsassız borc hesablanmışdır. Borcun araşdırılması ilə bağlı Sumqayıt Sukanal İdarəsinə getdikdə ona məlum olmuşdur ki, hesabat sayğac quraşdırılan tarixədək 5 nəfər ailə tərkibinə uyğun olaraq aparılmışdır. 18 dekabr 2023-cü il tarixdə 5 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş arayış və 18 dekabr 2023-cü il tarixdə qonşular tərəfindən tərtib olunmuş aktda da ünvanda məcburi köçkün yaşaması və 2020-ci ildən yaşayış olmaması öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən xidmətlərə görə hesablanmış borc əsassızdır. Hesablanmış borc məbləği ilə razı deyildir və məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənlərə əsasən Cavabdeh ASC tərəfindən ona məxsus ünvan 2 əsassız olaraq hesablanmış 1009 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. İddia tələbinə dair etiraz daxil olmamışdır.

4. Sumqayıt Şəhər Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 2(060)-1261/2024 nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia qismən təmin edilmiş, İddiaçı məxsus ünvan 2 ünvanına hesablanmış 807,20 (səkkiz yüz yeddi manat, iyirmi qəpik) manat borcun abonent hesabından (abonent kodu **********260) silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 5B/9, mənzil 26 İddiaçı məxsusdur. Cavabdeh ASC tərəfindən həmin ünvana su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilmişdir. Həmin ünvanda məcburi köçkün yaşamış, xx.xx.2020-ci ildən 2021-ci ilin iyul ayına qədər yaşayış olmamışdır. Hazırda iddiaçı həmin ünvanda yaşayır. İddiaçıya məxsus ünvan üzrə 5 nəfər ailə tərkibi nəzərə alınmaqla borc hesablanmış, həmin ünvanda 1 nəfər məcburi köçkün yaşamışdır. 2021-ci ildən isə iddiaçı həmin ünvanda tək yaşayır. Belə olan halda 1009 manat borc 1 nəfər ailə tərkibi nəzərə alınmaqla, 807,20 manat (1009/5=201,80, 1009-201,8=807,20) məbləğində müəyyən edilməklə, abonent hesabından silinməlidir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4, 442, 443.1, 448.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı “Sudan istifadə Qaydaları” haqqında Qərarının 1.6, 2.1.4, 5.1.5-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh ASC tərəfindən apellyasiya şikayəti verilərək Sumqayıt Şəhər Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 2(060)-1261/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə iddiaçıya məxsus ünvan 3 ünvanda məcburi köçkün yaşaması və xx.xx.2020-ci ildən 2021-ci ilin iyul ayına qədər yaşayış olmadığı halda hesablandığından əsassız hesablanmış 807,20 manat məbləğində borcun silinməsini məqbul hesab etmişdir. “Sudan istifadə qaydaları”nın 7.4cü bəndinə uyğun olaraq, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. İş materialarından da göründüyü kimi ünvanda xx.xx.2002-ci il tarixdə Mərdanovun adına kod açılaraq “su təchizatı və kanalizasiya xidmətlərindən” istifadə olunmuşdur. Ünvanda 5 nəfər ailə tərkibinə uyğun olaraq hesabat aparılmış və 1 nəfər məcburi köçkünlər üçün nəzərdə tutulmuş limitdən istifadə olunmuşdur. Ünvanda xx.xx.2021-ci il tarixdə sayğac quraşdırılmışdır. Lakin iddiaçı tərəfindən ailə tərkibində dəyişiklik olması, xx.xx.2020-ci il tarixdən 2021-ci ilin iyul ayınadək yaşayış olmaması barədə sənəd təqdim olunmadığından hesabat sayğac quraşdırılan tarixədək 5 nəfər ailə tərkibinə uyğun olaraq aparılmışdır. Yaranmış borcun hesablanması qaydası haqqında məlumatı özündə əks etdirən abonent məlumat vərəqələri, sübut qismində məhkəməyə təqdim edilmişdir. Məhkəməyə təqdim edilən sübutlar düzgün qiymətləndirilməmiş və nəticədə prosessual hüquq normalarının pozulmasına səbəb olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsinin qərarı əsassızdır. İddiaçıya məxsus ünvanda 1 yanvar 2002-ci il tarixindən kod açılaraq su təchizatı və kanalizasiya xidmətləri qaydalarına uyğun olaraq hesabat aparılmışdır. 11 mart 2021-ci il tarixində isə həmin ünvana sayğac quraşdırılmışdır. Sayğac quraşdırılana qədər hesabat 5 nəfər ailə tərkibinə uyğun olaraq aparılmışdır. Eyni zamanda 2017-ci ilə, yəni məcburi köçkünlər üçün nəzərdə tutulmuş limitin ləğv olunmasına qədər həmin ünvanda 1 nəfər məcburi köçkün olması ilə bağlı limit nəzərə alınmışdır. Növbəti illərdə də hesablanmış borclar iddiaçı tərəfindən qismən ödənildiyindən iddia qaldırıldığı müddətə borc yaranmışdır. Qeyd olunanlara əsasən hesab edir ki, yaranmış borclar iddiaçı tərəfindən tam şəkildə ödənilməlidir. Ona görə Sumqayıt Şəhər Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 2(060)-1261/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddanın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, həmin evdə Ağdam ryonundan məcburi köçkün olan ər-arvad yaşamışdır. Həmin müddətdə o öz ailə üzvləri ilə başqa ünvanda yaşamışdır. Mənzilin açarını yalnız 2021-ci ilin fevral ayının sonlarında mənzildə yaşayan şəxslərin ölümündən sonra əldə etmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini və Sumqayıt Şəhər Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 2(060)-1261/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, yaşadığı ev əri Rafiq Əliyevin adına olmuşdur. Həmin mənzildə iki oğlu və bir qızı və əri ilə birlikdə yaşamışlar və həmin ünvanda yaşadığı müddətlərdə sudan istifadə ilə bağlı hesablanmış borcları ödəmişlər. İşdə olan sübutlar

12. Sumqayıt şəhər dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən 1 otaqlı yaşayış sahəsi 16.74 kv.m, köməkçi sahəsi 12.85 kv.m-dən ibarət olan 5B/9 nömrəli evin 26 saylı mənzili şəxsi mülkiyyət hüququ əsasında xx.xx.1998-ci il tarixli protokola və qərara əsasən İddiaçı adına qeydə alınmışdır və bu barədə 14 saylı reyestr kitabında qeydiyyat aparılmışdır.

13. Cavabdeh ASC-nin **********260 nömrəli abonent kartından görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 5B/9, mənzil 26 ünvanı üzrə istifadə edilmiş xidmətlərə görə Cavabdeh ASC-yə 1009 manat məbləğində borc mövcuddur.

14. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 5 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2023-cü il tarixli, 919 nömrəli arayışından görünür ki, xx.xx.2023-cü il tarixli akta əsasən ünvanda məcburi köçkün yaşamış, xx.xx.2020-ci ildən 2021-ci ilin iyul ayına qədər yaşayış olmamışdır.

15. "xxxx" QSC-nin MİS-in 22 may 2024-cü il tarixli arayışından görünür ki, İddiaçı 2021-ci ilin iyun ayına kimi Sumqayıt şəhəri, Kimyaşılar qəsəbəsi, S.Vurğun küçəsi, ev 24/3, Yataqxana 1, otaq 73-də yaşamışdır.

16. Azərsu» ASC-nin **********730 nömrəli Rafiq Əliyev adlı şəxsə məxsus abonent kartından görünür ki, ünvan 4 ünvanı üzrə 4 nəfər ailə tərkibi üzrə sayğac quraşdırılan tarixədək su və kanalizasiya xidmətinə görə hesabat aparılmış, 2024-cü il tarixinədək istifadə edilmiş suyun və göstərilmiş kanalizasiya xidmətinin haqqı ödənilməklə borc mövcud deyildir. Sayğac isə həmin ünvana 2017-ci il tarixdə quraşdırılmışdır.

17. Məhkəmə elektron informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı əri X3r.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydaları

5.1. İstehlakçıların hüquqları aşağıdakılardır: 5.1.5. verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək. 7.4. Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır.

19. Mülki Prosessual Məcəllə

Maddə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

20. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 21 fevral 2024cü il tarixli, 2(060)-1261/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Sumqayıt Şəhər Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 2(060)-1261/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçıya məxsus ünvan üzrə 5 nəfər ailə tərkibi nəzərə alınmaqla borc hesablansa da həmin ünvanda 1 nəfər məcburi köçkün yaşamış, 2021-ci ildən isə iddiaçı həmin ünvanda tək yaşayır. Belə olan halda 1 nəfər ailə tərkibi nəzərə alınmaqla hesablanmış qalan borc məbləği abonent hesabından silinməlidir. 23.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, işin müəyyən edilən hallarına əsasən Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 5B/9, 26 mənzil iddiaçının mülkiyyətində olsa da o, ailə üzvləri ilə birlikdə əri Rafiq Əliyevin adına olan Sumqayıt şəhəri, Kimyaşılar qəsəbəsi, S.Vurğun küçəsi, ev 24/3, Yataqxana 1, otaq 73 saylı ünvanda yaşamışdır. Həmçinin, Cavabdeh ASC-nin **********730 nömrəli Rafiq Əliyev adlı şəxsə məxsus abonent kartından isə göründüyü kimi həmin ünvanda 4 nəfər ailə tərkibi üzrə sayğac quraşdırılan tarixədək su və kanalizasiya xidmətinə görə hesabat aparılmış, 2024-cü il tarixinədək istifadə edilmiş suyun və göstərilmiş kanalizasiya xidmətinin haqqı ödənilməklə borc mövcud deyildir. İddiaçının və onun ailə üzvlərinin həm qeydiyyatda olduğu, həm də faktiki yaşadıqları ünvan üzrə sayğac quraşdırıldığı tarixlərədək su və kanalizsiya xidmətinə görə hesabat aparılması və onlardan tələb olunması əsaslı hesab olunmamaqla, şəxsin iki qat mülki məsuliyyətinə səbəb olur ki, bu da yolverilməz olmuşdur.

24. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 2(060)-1261/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh ASC-nin apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 2(060)-1261/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən kasssiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar