Məhkəmə qərarları › İş №2(105)-918/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-918/2024

03.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-918/2024 03.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və 2 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı mülki iş üzrə (Açar sözlər: vəsiyyətnamənin etibarsızlığı, sübutetmə yükü) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh1 nümayəndəsi Nümayəndə1, nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və 2 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı «vəsiyyətnamənin etibarsız sayılması tələbinə dair» mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2(060)-266/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. xx.xx.2022-ci il tarixli “Vəsiyyətnamə”nin surətindən görünür ki, XXX Firuzə Dadaş qızı harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını Cavabdeh1 vəsiyyət etmişdir.

2. 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin İddiaçı ünvanladığı məktubdan görünür ki, bacısı Firuzə Dadaş qızı tərəfindən qoyulmuş və xx.xx.2022-ci il tarixdə 2V-51 reyestr nömrə ilə təsdiq edilmiş vəsiyyətnamə olduğundan birinci dərəcəli ailə üzvləri qanun üzrə vərəsə ola bilər. Odur ki, onun bacısı Firuzə Dadaş qızından qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq hüququ yoxdur.

3. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2046/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 40/45, mənzil 14-ə dair Sumqayıt “Asan Xidmət" Mərkəzində iddiaçı XXX Firuzə Dadaş qızı ilə X7 arasında bağlanmış 4Ə/ 1748 reyestr nömrəli, 21 may 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və cavabdeh X3 adına olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 40/45, mənzil 14-ə dair RX ******* saylı, xx.xx.2018-ci il tarixli çıxarış ləğv edilməsi qət edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Birinci insatansiya məhkəməsinin icraatı zamanı şahid qismində dindirilmiş;

4. X8 bildirdi ki, Sədəflə qonşudur. Biri-birilərinə get-gəlləri olmuşdur. Firuzə Dadaş qızınıda tanıyıb. O, lal-kar olub. O, həmişə Firuzəni Sədəfin evində görmüşdür. Vəsiyyətnamə veriləndə notariusda o da həmin vəsiyyətnamənin verilməsində iştirak etmişdir. Həmin vaxt orada, Firuzə, Sədəf və tərcüməçi var idi. Notarius tərəfindən deyilənlər Firuzəyə tərcüməçi tərəfindən bildirilirdi, o, da başını hərəkət etdirərək razı və narazılığını o formada deyirdi. Vəsiyyətnamənin verilməsində Firuzənin özünün könüllü razılığı əsasında yazılmış və o, da şahid kimi həmin sənədə imza etmişdir.

5. X5 bildirdi ki, Firuzə onun qonşusu olub. Firuzə yataq xəstəsi olana qədər tək yaşamışdır. Xəstələnəndən sonra ona bacısı Sədəf baxmağa gəlmişdir. Sədəf ölən günə qədər Firuzənin yanında yaşamışdır. Notariusda vəsiyyətnamə veriləndə o, da orada iştirak edib, vəsiyyətnaməyə şahid kimi imza etmişdir. Firuzə özü könüllü olaraq vəsiyyətini Sədəfə etmişdir.

Apellyasiya icraatı zamanı şahid qismində dindirlimiş;

6. X2 ifadə verərək bildirmişdir ki, Azərbaycan Karlar Cəmiyyətində “Jest dili tərcüməçisi” vəzifəsində işləyir. Mübahisələndirilən vəsiyyətnamə tərtib olunarkən dəvət olunmuş, o da həmin vəsiyyətnamənin mahiyyətini vəsiyyət edənə başa salmışdır. Həmin vaxt vəsiyyət edən razılığını bildirmiş, heç bir etirazının olmadığını bildirmişdir. Bundan əlavə vəsiyyət edən tam anlaqlı olmaqla, öz hərəkətlərinin mənasını tam başa düşürdü.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022- ci il tarixdə 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisində təsdiq edilmiş Firuzə Dadaş qızının Cavabdeh1 adına verdiyi vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, lal-kar olan xx.xx.1948-ci il təvəllüdlü bacısı Firuzə Dadaş qızı xx.xx.2023-cü ildə vəfat etmişdir. O, «Korona-19» virusuna yoluxmuş, ömrünün son aylarında xərçəng xəstəliyindən əziyyət çəkmişdir. Əvvəlcə, bacısı qızı X7 onun vəziyyətindən istifadə edərək, onun mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci m/n, ev 40/45-də yerləşən 14 saylı, bir otaqlı mənzilini ələ keçirmək məqsədi ilə onu aldadaraq, ona bağışlama müqaviləsinə imza etdirmiş və mənzilini ələ keçirmişdir. Bunu ona X5 xəbər vermişdir. Bundan xəbər tutduqdan sonra, o, bunu mərhuma anlatmış və o, onun və qardaşı Nümayəndə2 köməkliyi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2/060/-2046/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Sumqayıt «Asan Xidmət» Mərkəzində bağlanmış 4Ə/1748 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilmişdir. Cavabdehin apellyasiya və kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hesab edir ki, bu hadisə mərhumun əsəbdən xərçəng xəstəliyinə tutulmasına səbəb olmuşdur. Onlar məhkəmədə bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, mənziln üzərindən həbsin götürülməsi ilə məşğul olarkən digər bacısı- Cavabdeh1 mərhum bacısının xəstəliyindən istifadə edərək adına vəsiyyətnamə imzalatmağa nail olmuşdur. Hesab edir ki, vəsiyyətnamə mərhum Firuzə Dadaş qızının iradəsini əks etdirmir. Çünki bacısı Sumqayıt Onkoloji Xəstəxanada müalicə alarkən gecə qardaşı onun yanında qalmış, ertəsi gün isə bacısı onlardan gizlin xəstəxanadan çıxardılmış və hara aparılması onlardan gizlədilmişdir. Sağlığında qardaşı bacısından mənzilini kimə miras qoymaq istədiyini soruşmuş, o da mənzilini bacısı Bəstiyə miras qoymaq istədiyini bildirmişdir. Bacısını axtarmış, onu cavabdehin qızı Novxanı kəndində yaşayan İlhamənin evində aşkar etmişdir. Bacısı vəfat etdikdən sonra cavabdeh nəinki ona yas mərasimi vernəmiş, qəbrinin üstünü götürməmiş, hətta ona yas verilməsinə mane olmuşdur. Belə ki, nə mənzilində, nə də evinin həyətində olan mağarda yas keçirməyə imkan verməmiş və işdə marağı olan vəsiyyətnamənin tərtibində şahid qismində iştirak etmiş, qonşu X5 mağarın qapısını tutaraq onların mağara daxil olmaqlarına mane olmuşdur. Məcburiyyət qarşısında qalaraq əvvəl yaşadığı Sumqayıt şəhəri, 2-ci məhəllədə yerləşən mağarın 1 saat ərzində qapısını açdırmış və yasa gələn qonaqları həmin mağara apararaq mərhumun yasını təşkil etmiş və qəbrinin üstünü düzəltdirmişdir. xx.xx.2023-cü ildə notariat orqanına mirası qəbul etmək üçün müraciət edərkən mərhum bacısının Cavabdeh1 adına vəsiyyətnamə verdiyi haqda məlumat almışlar. Hesab edir ki, onun xəstəliyindən, lal-kar olmasından, latın qrafikasını bilməməsindən istifadə edərək, onu aldadaraq ona vəsiyyətnaməni imzalatdırmışlar. Vəsiyyətnamənin bütün əmlaka verilməsi, yəni həmin vaxt evin sənədinin tələb olunmaması, yalnız 2 şahidin iştirakı ilə verilməsi buna dəlalət edir. Ona görə də hesab edir ki, vəsiyyətnamə etibarsız hesab edilməlidir.

9. Sumqayıt Şəhər Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2(060)-266/2024 nömrəli qətnaməsi ilə ( hakim G.Tağızadə) iddia təmin olunmamışdır.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin sadalanan halları onu deməyə əsas verir ki, iddiaçı Firuzə Dadaş qızının xərçəng xəstəliyi, eyni zamanda lal-kar olması onun anlaqsız olmasına istinad edir. Lakin, məhkəmə iclasında tərəflərin izahatından və şahid ifadələrindən aydın olur ki, vəsiyyətnamə qanunauyğun olaraq tərtib edilərək şahidlərin və tərcüməçinin iştirakı ilə imzalanmışdır. Bu baxımdan məhkəmə hesab edib ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir.

11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.5, 354.1, 354.2, 1133.1, 1133.2, 1145, 1166, 1167, 1179, 1220.0, 1120.0.1, 1220.0.2, 1220.0.3, 1223.2, 1225.1, 1225.2, 1225.3-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 124.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin bütün hallarını tam araşdırmamış, iş üzrə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. 75 yaşlı lal-kar olan bacısı Füruzə Dadaş qızı xx.xx.2023-ci ildə vəfat etmişdir. O, 2 dəfə «Covid-19» virusuna yoluxmuş, xərçəng xəstəliyindən əziyyət çəkmişdir. Ümumiyyətlə, o hər 5 dəqiqədən bir fikri, halı dəyişən adam olmuşdur. Əvvəl 18 yaşlı bacısı qızı X7 onun vəziyyətindən istifadə edərək onu Sumqayıt “ASAN xidmət”də yerləşən notariat ofisinə apararaq tərcüməçinin iştirakı ilə mülkiyyətində olan Sumqayıt şəhəri,2-ci m/n,ev 40/45-də yerləşən 14 saylı bir otaqlı mənzilini ələ keçirmək məqsədi ilə onu aldadaraq ona bağışlama müqaviləsinə imza etdirmiş və mənzilini ələ keçirmişdir. Bu hal aşkarlandıqdan sonra o, qardaşı Nümayəndə2 vasitəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2/060/-2046 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Sumqayıt “Asan xidmət” Mərkəzində bağlanmış 4Ə/1748 heyestr nömrəli xx.xx.2018-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilmişdir. Həmin qətnamədən verilən şikayət üzrə məhkəmə instansiyalarında icraat davam etdiyi halda onun vəziyyətindən istifadə edərək digər bacısı, Cavabdeh1 oğlu Elşad onu Sumqayıt “ASAN xidmət”də yerləşən notariat ofisinə apararaq anasının adına vəsiyyatnamə verilməsinə nail olmuşdur. Notariusun sorğusuna Sumqayıt 2 saylı ərazi idarəsi cavabında Füruzə Dadaş qızının mülkiyyəndə daşınmaz əmlak olmadığını göstərilmişdir. Yəni faktiki olaraq mənzilə dair əlində sənəd olmayan mərhum Füruzə Dadaş qızının 2 şahidin iştirakı ilə daşınmaz əmlaka dair sənəd təqdim etmədən bütün əmlaka dair vəsiyyətnamə qoyması onun gerçək iradə ifadəsi ola bilməz. Bundan başqa bir neçə il əvvəl Cavabdeh1 mübahisəli mənzilin sənədini oğurladığından, o polisə müraciət etmiş, Sumqayıt Karlar Cəmiyyənin köməkliyi ilə sənədi geri almışdır. Həmçinin Sumqayıt Təcili Yardım Xəstəxanasında stasionar müalicə alan mərhum bacısının gecə yanında qardaşı Teymur qalmış, səhər işə getmiş, axşam işdən qayıtdıqda mərhum Füruzənin xəstəxanadan çıxarıldığını görmüşdür. Onun hara, kim tərəfindən aparıldığı gizlədilmişdir. Polisə məlumat veriləcəyi bildiriləndən sonra onun cavabdehin qızı İlhamənin bağında olduğunu bildirmişlər. İşə baxan məhkəmə cavabdeh tərəfin xeyrinə qərəzli verilən şahid ifadələrinə istinad etmiş, lakin iddiaçı tərəfin əvvəlcədən məhkəməyə siyahısını təqdim etdiyi şahidləri dinləməmişdir. Məhkəmə mərhumun cavabdehə vəsiyyətnamə verməzdən əvvəl 18 yaşlı qıza aldanılaraq bağışlanma müqaviləsinə imza etdiyinə daha sonra həmin müqavilənin məhkəmə qətnaməsi ilə etibarsız hesab edilməsinə əhəmiyyət verməmişdir. Göstərilən hallar apellyasiya kollegiyası tərəfindən yenidən araşdırılmalı və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iddia tələbinin təmin edilməsi barədə yeni əsaslı qətnamə qəbul edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, işə baxan məhkəmə kifayət qədər əsaslı iddia tələbini lazımı qaydada araşdırma aparmadan rədd etmişdir. İşin əsli ondan ibarətdir ki, mübahisələndirilən vəsiyyətnaməni vəsiyyət edən mərhum Firuzə Dadaş qızı onun, həmçinin iddiaçının bacısıdır. Mərhum Firuzə lal-kar olmaqla əlil idi. O, özünə məxsus mənzildə tək yaşayırdı. Lakin onların mütəmadi əlaqəsi olmuşdur. Mərhumun oxuma-yazma bacarığı, həmçinin sənədləşmə işindən anlayışı yox idi. Hazırkı vəsiyyətnamədən daha öncə yenə mübahisəli mənzilə dair digər bacısı qızı mərhumu aldadaraq adına bağışlama müqaviləsi tərtib etdirmişdir. Firuzə bağışlama müqaviləsinin mahiyyətini başa düşməmişdir. Onun bundan xəbəri olan kimi bağışlama müqaviləsinin etibarsızlığı tələbi ilə məhkəməyə müraciət etmiş və onun iddiası qanuni qüvvəsini almış məhkəmə aktı ilə təmin edilmişdir. Bu ərəfədə isə digər bacısı Cavabdeh1 mübahisəli mənzilə dair öz adına mərhum tərəfindən vəsiyyətnamə tərtib edilməsini təmin etmişdir. Həmin vəsiyyətnamə də mərhumun gerçək iradə ifadəsini əks etdirmir. Onun savadsızlığından istifadə edərək cavabdeh buna nail olmuşdur. Əslində cavabdeh heç zaman mərhumun səhhəti ilə maraqlanmamış, onun qayğısına qalmamışdır. Mərhum bacısı Firuzənin cavabdehlə bərabər paya malik digər vərəsələri də vardır. Mübahisəli əmlakdan onlara da pay çatmalıdır. Göstərilənlərə əsasən nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçı və vəsiyyət edən mərhum Firuzə Dadaş qızı onun xalaları, Cavabdeh1 isə anasıdır. İddiaçı ilə lal-kar olmuş vəsiyyət edən Firuzə Dadaş qızı arasında heç bir yaxın münasibət olmayıb, əksinə münasibətləri soyuq olub. Firuzə Dadaş qızı xəstəxanada olan zaman iddiaçı onunla əlaqə saxlamayıb, onun səhhəti ilə maraqlanmayıb. Mərhuma o və bacısı baxıb, onun xəstəxanaya aparılması və s qayğılarını o təmin edib. Mərhum Firuzə lal və kar olsa da, anlaqlılığında hər hansı qüsur olmamışdır. O, uzun müddət toxuculuq fabrikində işləmişdir. Mübahisəli vəsiyyətnamənin tərtib edilməsi də mərhumun könüllü iradəsinin ifadəsidir. Hesab edir ki, iddia tələbi tam əsassızdır. Ona görə də apellyasiya şikayətinin rədd edilməsi, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddia tələbi kimi apellyasiya şikayəti də əsassızdır və iddiaçının formal mülahizələrindən ibarətdir. Vəsiyyətnamənin etibarsızlığı üçün qanunda nəzərdə tutulan əsaslardan heç biri mövcud deyildir. Vəsiyyətnamə qanunvericiliyin tələblərinə tam əməl edilməklə tərtib edilmişdir. Ona görə də apellyasiya şikayətinin rədd edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

18. İş üzrə cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 2 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisi məhkəməyə yazılı ərizə ünvanlayaraq məhkəmə iclasının notariat ofisinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

19. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsi 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 346.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1166-cü maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1179.2-ci maddəsinə əsasən notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. 1180.1-ci maddəsinə əsasən vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. 1180.2-ci maddəsinə əsasən vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır.

Maddə 1183. Nitq-eşitmə və görmə qabiliyyəti tam məhdud olan şəxsin vəsiyyətnaməsi

1183.1. Əgər vəsiyyət edən nitq-eşitmə qabiliyyəti tam məhdud olan şəxsdirsə və ya nitq-eşitmə qabiliyyəti tam məhdud və savadsızdırsa, vəsiyyət sərəncamını o, notariusda iki şahidin və işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyə bilən bir nəfər şəxsin yanında tərtib etməlidir. 1183.2. Görmə qabiliyyəti tam məhdud və ya savadsız olan vəsiyyət edən vəsiyyət sərəncamını notariusda üç şahidin yanında tərtib etməlidir. Bu barədə müvafiq qeyd yazılıb ona oxunmalıdır. 1183.3. Əgər vəsiyyət edən nitq-eşitmə-görmə qabiliyyəti tam məhdud olan şəxsdirsə və ya nitq-eşitmə-görmə qabiliyyəti tam məhdud və savadsızdırsa, vəsiyyət sərəncamını notariusda dörd şahidin və işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyə bilən bir nəfər şəxsin yanında tərtib etməlidir. 1183.4. Vəsiyyətnaməni şahidlər yaza və oxuya bilərlər, lakin vəsiyyətnaməni onu yazan oxumamalıdır. 1183.5. Qeyddə onu kimin yazdığı və vəsiyyət edənə oxuduğu göstərilməlidir. Qeyd şahidlər tərəfindən imzalanmalı və notarius tərəfindən təsdiqlənməlidir. 1188-ci maddəsinə əsasən vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər.

Maddə 1225. Vəsiyyətnamənin etibarsızlığı 1225.1. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. 1225.2. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya birbirinə zidd olan şərtlər etibarsızdır. 1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər.

21. “Notariat haqqında” Qanun Maddə 47. Notariuslar və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər fəaliyyət qabiliyyəti olan ayrı-ayrı şəxslərin qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib etdikləri və şəxsən notariusa və ya notariat hərəkətlərini aparan digər vəzifəli şəxslərə təqdim etdikləri vəsiyyətnamələri təsdiq edirlər. Vəsiyyətnamələrin nümayəndələrin vasitəsi ilə təsdiq olunması, eləcə də bir neçə şəxs adından bir vəsiyyətnamə təsdiq edilməsi qadağandır. Yalnız ərlə arvadın qarşılıqlı vərəsəlik haqqında birgə vəsiyyətnamələrinin təsdiq edilməsinə yol verilir. Vəsiyyətnamə təsdiq edilərkən vəsiyyət edəndən vəsiyyət olunan əmlaka mülkiyyət hüququnu təsdiq edən sübutlar təqdim etməsi tələb olunmur

22. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat Bənd 60. Vəsiyyətdə bir miras qoyanın sərəncamı olmalıdır. Bənd 61. Vəsiyyət edənin arzusu ilə şahidlər vəsiyyətnaməni onun məzmunu ilə tanış olmadan (qapalı vəsiyyət) təsdiqləməlidirlər. Bu halda şahidlər vəsiyyətnamənin tərtibi zamanı vəsiyyət edənin yanında olmalıdırlar. Qapalı vəsiyyətnaməni təsdiqləyərkən şahidlər vəsiyyətnamənin vəsiyyət edən tərəfindən onların yanında tərtib edildiyini, lakin vəsiyyətnamənin məzmununu bilmədiklərini göstərməlidirlər. Bənd 62. Əgər vəsiyyətnamə vəsiyyət edənin sözlərinə əsasən notarius tərəfindən tərtib olunursa, vəsiyyətnamədə vəsiyyət edəndən başqa, iki şahidin imza etməsinə yol verilir. Bu halda notarius ilk növbədə hər iki şahidin imzalarının həqiqiliyini, sonra isə vəsiyyətnaməni təsdiq etməlidir. Bənd 63 Vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər. Bənd 64 Vəsiyyətnamə, tərtib edildiyi yer və vaxt göstərilməklə, yazılı şəkildə tərtib edilməli və vəsiyyət edən tərəfindən şəxsən imzalanmalıdır. Vəsiyyətnamə təsdiq olunan tarix və saat dəqiq göstərilməlidir. Vəsiyyətnamənin mətnində qeyd-şərtə və qaralamaya yol verilməməlidir. Vəsiyyət edən fiziki qüsurlarına, xəstəliyinə və ya başqa səbəblərə görə vəsiyyətnaməni şəxsən imzalaya bilmirsə, vəsiyyətnaməni onun xahişi və iştirakı ilə digər şəxs imzalaya bilər. Bu zaman təsdiq qeydində vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayətindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2(060)-266/2024 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2(060)-266/2024 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Tələb əqdin, konkret halda vəsiyyətnamələrin etibarsız hesab edilməsi ilə bağlıdır.

28. Kollegiya ilk olaraq qeyd edir ki, mülki hüquq münasibətlərinin, o cümlədən vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı bu münasibətlərin iştirakçılarının iradə ifadəsini əks etdirən əqdlərə əsaslanır. Vəsiyyətnamə yalnız miras açıldıqdan sonra hüquq və vəzifələr yaradan birtərəfli əqddir. Vəsiyyət edən öz əmlakını həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə vəsiyyət edə, vərəsələrin miras payını müəyyənləşdirə bilər, qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Əqdin etibarsızlığı əqdin qanunun tələblərinə zidd olaraq və yaxud qanunvericilikdə müəyyən edilmiş qaydalara riayət edilmədən bağlanmasını, yəni əqdin bağlandığı andan qanunsuz olmasını ehtiva edir.

29. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya birbirinə zidd olan şərtlər etibarsızdır. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər (Mülki Məcəllənin 1225.1.,1225.2. və 1225.3. maddələri).

30. Araşdırılan işin faktiki halları ilə müəyyən edilir ki, XXX Firuzə Dadaş qızı xx.xx.2022ci il tarixli, 2V-51 reyestr nömrəli vəsiyyətnamə ilə, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günədək özünə məxsus olan bütün daşınar və daşınmaz əmlakını Cavabdeh1 vəsiyyət etmişdir.

31. Vəsiyyətnamənin tərtibatından görünür ki, vəsiyyətnamə texniki vasitələrin köməyi ilə tərtib olunmuş, sonra həmin vəsiyyətnamə vəsiyyət edən, iki şahid və vəsiyyətnamənin məğzini izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyə bilən bir nəfər şəxsin (surdo tərcüməçinin) imzaları ilə təsdiq edilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi işin hallarına, habelə hazırki apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, şikayətin dəlilləri ilə razılaşmır.

33. Apellyasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası bir daha qeyd edir ki, iddianın əsasını miras qoyanın vəsiyyətnamə tərtib edilərkən xərçəng xəstəsi, eyni zamanda lal-kar olması ilə bağlı anlaqsız olması, sonuncunun vəsiyyət olunanın təsiri altında olması təşkil etsə də, bu hallarla bağlı məhkəmələrə hər hansı sübut təqdim olunmamışdır.

34. Əksinə, məhkəmə kollegiyası araşdırmaları zamanı (birinci instansiya məhkəməsinin icraatında şahidlər, apellyasiya icraatı zamanı isə tərcüməçi qismində iştirak etmiş şəxslər) vəsiyyətnamə tərtib edilmiş şəxslər dindirilmiş və həmin şəxslər vəsiyyət edənin anlaqlı vəziyyətdə olmaqla onların yanında imza etdiyini, vəsiyyətnamənin məğzinin və məzmununun vəsiyyət edənə aydın olduğunu, sonuncunun heç bir etirazının olmadığını bildirmişlər.

35. İzah olunmalıdır ki, yuxarıda qeyd olunan mülki prosessual normalara görə mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

37. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

38. Apellyasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası həmçinin qeyd edir ki, vəsiyyətnamə Mülki Məcəllənin 1179.2, 1180.1, 1183.1 və 1188-ci maddələrinin tələblərinə uyğun tərtib olunmuş, iddiaçının şikayətində istinad etdiyi hallar vəsiyyətnamənin miras qoyanın iradə ifadəsinə uyğun olmamasını təsdiq etmir və həmin vəsiyyətnamənin etibarsızlığı üçün səbəb ola bilməz.

39. Göründüyü kimi, həmin vəsiyyətnamə tərtib və təsdiq edilərkən yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə riayət edilmiş, həmin zaman vəsiyyətnamənin, habelə əqdlərin etibarsızlığına səbəb olacaq hala yol verilməmişdir.

40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2(060)-266/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar