Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-92/2025 19.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: subroqasiya qaydasında pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1774/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2722,22 manat sığorta ödənişi məbləğinin və 47,23 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının, cəmi 2769,85 manat məbləğində pul vəsaitinin tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə xx.xx.2022-ci il tarixli AS-F 169/22 nömrəli sığorta müqaviləsinə əsasən Cəmiyyət tərəfndən sığortalanmış “X2” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığorta müddətində xx.xx.2022-ci il tarixdə Bakı şəhəri ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan “Hyundi Avante” markalı, **-CC-*** dövlət qeydiyyatlı nişanlı avtomobillə toqquşaraq zədələnmişdir. Sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində “X2” markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə Cəmiyyət tərəfindən 7722,22 (yeddi min yeddi yüz iyirmi iki manat iyirmi iki qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.
3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
4. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1774/2024 nömrəli qətnaməsi ilə (hakim Samir Məmmədov) iddia təmin olunmuş, Cavabdeh sığorta ödənişinin əvəzi olaraq 2722,22 manat pul vəsaiti, ödənilmiş 47,23 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı, cəmi 2769,85 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundi Avante” markalı ** CC *** dövlət qeydiyyatlı nişanlı avtomobillə toqquşaraq onu zədələmiş, sözügedən yolnəqliyyat hadisəsi nəticəsində “X2” markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə Cəmiyyət tərəfindən 7722,22 (yeddi min yeddi yüz iyirmi iki manat, 22 qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1,925.1, 926, 930.1, 933.1.1, 933.1.2, 936.1, 936.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 oktyabr 2024-cü il tarixli, 2(105)-1587/2024 nömrəli qərardadı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1774/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1774/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “X2” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilə ciddi ziyan dəyməmişdir. Qəza baş verən zaman sürət həddi çox aşağı olmuş və avtomobilə qeyd edilən məbləğdə maddi ziyan dəyməsi qeyri-mümkündür. Həmçinin məhkəməyə təqdim edilən sübutlar iddiaçı tərəfindən şişirdilmiş formada məbləğlər müəyyən edilərək tərtib edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən avtomobilin təmir olunması ilə bağlı 2708.1 manat müəyyən edilmiş və dəyişdirilmiş ehtiyat hissələrinin dəyəri olaraq 5571,25 manat müəyyən edilmişdir. Cəmi təmir xərcləri 8279.35 göstərilmiş və məbləğə endirim edilərək iddiaçı tərəfindən müəyyən edilmiş sığorta ödənişinə uyğunlaşdırılmışdır. Qüsur aktına nəzər yetirdikdə eyni ehtiyat hissələrinin dəyişdirlməsi və təmir olunması qeyd edilmişdir. Səsboğucunun təmiri 236 manat, səsboğucunun dəyişdirilməsi 118 manat qeyd edilmişdir ki, bu faktlar qüsur aktının düzgün tərtib edilməsini sübhə altına alır və təmir xərclərinin şişirdilməsini sübut edir. Həmçinin hissənin təmir olunması təzə hissədən iki dəfə baha olması qeyd edilmişdir. Dəyişdirilən ehtiyat hissələri barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, qüsur aktında qeyd olunan şişirdilmiş qiymətlərdən narazıdır. Belə ki, orada səs boğucunun qiyməti 236 manat, təmirinin qiyməti isə 118 manat qeyd olunmuşdur. Səs boğucu sadə bir ehtiyat hissəsidir, onun təmiri 118 manat ola bilməz. Öz avtomobili ilə 20-30 km/saat sürəti ilə hərəkət etmiş, həmin maşının arxa buferinə dəymişdir. Həmin avtomobilə 2500-3000 manat məbləğində zərər dəymişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir.
12. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellasiya şikayətinə etiraz edərək bildirdi ki, maşına dəymiş zərəri təşkilat qiymətləndirmir. Servislə müqavilə olduğundan avtomobilə dəymiş zərəri servis qiymətləndirir və məbləği müəyyən edir. "xxxx"-un təqdim etdiyi qüsur aktı var. Ona əsasən sığortalanmış avtomobilə dəymiş zərər məbləğini ödəmişlər, daha sonra 5000 manatı qarşı tərəfin icbari sığortasından almışlar. Servis hansı məbləği desə, onu ödəməyə məcburdurlar. Hadisə yerinə gedərək fotoşəkillər çəkmələrinin səbəbi ondan ibarətdir ki, qarşı tərəfin icbari sığortası var və cavabdehin avtomobilini icbari sığorta edən şirkət bunu tələb edir. Servislərlə müqavilə olduğu üçün deyilən məbləği ödəməkdən savayı seçimləri olmur. Buna görə də şikayətin təmin edilməməsini xahiş etmişdir.
İşdə olan sübutlar
13. 13 iyul 2022-ci il tarixli, inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərədə tutulan inzibati xəta hadisəsi tərtməsinə görə inzibati xəta haqqında protokol tərtib edilmişdir.
14. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktında, yol-nəqliyyat hadisəsi nəticəsində “X3” markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 7722,22 (yeddi min yeddi yüz iyirmi iki manat, 22 qəpik) manat müəyyən edilmişdir.
15. Subroqasiya tələblərinin reyestrindən çıxarışından görünür ki, “Hyundi Avante” markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülki məsuliyəti avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorası növü üzrə “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 5000 (beş min) manat məbləğində sığorta ödəniş Cəmiyyətin hesabına ödənilmişdir.
16. xx.xx.2024-cü il tarixli, 290/24 nömrəli geriyə tələb məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “X2” markalı, **-NN-*** dövlət nişanlı avtonəqliyyat vasitsəinə dəymiş zərərlə bağlı ödənilməli olan 2722,22 ( iki min yeddi yüz iyirmi iki manat, 22 qəpik) manat məbləğində pulun Cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb edilmişdir.
17. Sığorta şəhdətnaməsinin surətindən görünür ki, “X2” markalı 90-NN 013-dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər sığortalanmışdır.
18. Ödəniş sənədindən görünür ki, "xxxx" ASC tərəfindən zərərçəkmişə 7722,22 manat pul ödənilmişdir.
19. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-9/10538/2025 nömrəli məktubundan görünür ki, qüsur aktında göstərilən ehtiyat hissələrinin qiyməti və satışı barədə 2022-ci il tarixə məlumat olmadığından qərardad icrasız geri qaytarılır.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. 936.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir.
21. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
22. Məhkəmə kollegiyası tərəfindən Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1774/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.
24. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə xx.xx.2022-ci il tarixli, AS-F 169/22 nömrəli sığorta müqaviləsinə əsasən sığortaçı tərəfndən sığortalanmış “X2” markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığorta müddətində xx.xx.2022-ci il tarixdə Bakı şəhəri ərazisində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan “Hyundi Avante” markalı **-CC-*** dövlət qeydiyyatlı nişanlı avtomobillə toqquşaraq zədələnmişdir. Sözügedən yolnəqliyyat hadisəsi nəticəsində “X2 ” markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə Cəmiyyət tərəfindən 7722,22 (yeddi min yeddi yüz iyirmi iki manat, 22 qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmiş, həmin məbləğin 5000 manat hissəsi “Hyundai Avante” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülki məsuliyəti avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorası növü üzrə “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən Cəmiyyətin hesabına ödənilmişdir. Buna görə də qalıq 2722,22 manat hissəsi cavadbehdən tələb edilir.
25. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə "xxxx" MMCnin xx.xx.2022-ci il tarixli qüsur aktı təqdim edilmişdir ki, həmin akta əsasən yol-nəqliyyat hadisəsi nəticəsində “X3” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilə təmir olunması ilə bağlı xərclər 2708.1 manat, dəyişdirilməli ehtiyat hissələrinin dəyəri qismində isə 5571,25 manat olmaqla, cəmi xərclər 8279.35 manat, edilmiş endirimə əsasən isə ümumi dəymiş zərər məbləği 7722,22 (yeddi min yeddi yüz iyirmi iki manat, 22 qəpik) manat müəyyən edilmişdir. Sığortaçı tərəfindən həmin qüsur aktında göstərilən zərər məbləği əsas götürülərək sığortalıya ödənilmişdir. Cavabdeh həmin qüsur aktındakı zərər məbləğinin düzgün müəyyən edilmədiyini əsas gətirərək iddiaya etiraz etmişdir ki, cavabdehin etirazı məhkəmə kollegiyası tərəfindən əsaslı hesab edilmişdir.
26. Zərərin məbləğinin dəqiq müəyyən edilməsi üçün məhkəmə kollegiyası tərəfindən ekspertiza təyin edilmiş, lakin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-9/10538/2025 nömrəli məktubu ilə qüsur aktında göstərilən ehtiyat hissələrinin qiyməti və satışı barədə 2022-ci il tarixə məlumat olmadığından rəyin verilməsindən imtina edilmişdir. Lakin, qeyd edilən hal cavabdehin etirazının əsassız olmasını deməyə əsas verməmişdir.
27. İddiaçı tərəfindən “X2” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnmiş formada olan fotoşəkilləri məhkəməyə təqdim olunmuşdur ki, həmin fotoşəkillərlə avtomobilin arxa bamperinin, yük yeri qapısının əzik və batıqlarının, arxa bamperin sol əksetdirici işığının sınması, həmçinin, avtomobilin səs boğucusunun hava çıxış borusunun əyilməsi və digər xırda qüsurların yaranması müəyyən edilməkdədir.
28. Qüsür aktında arxa bamperin və onun hissələrinin əvəz edilməsi üçün təxminən 2700 manat, səsboğucunun dəyişməsi üçün isə 1600 manat xərc müəyyən edilmişdir ki, həmin məbləğlər inandırıcı olmamışdır. Belə ki, məhkəməyə təqdim edilmiş fotoşəkilllərdə gözlə görünən zədənin miqyasının qeyd olunan məbləğdə xərc tələb etməsi ağılabatan olmamışdır. Həmçinin, yalnız yük yerinin qapısının əzik və batıqlarının və kapotdakı batığın düzəldilməsi üçün dəmirçi işinin görülməsinə görə 1300 manat, avtolobildəki üç ədəd detalın rənglənməsi üçün isə 850 manat xərc müəyyən edimlişdir ki, həmin məbləğlər də işin həcminə münasibətdə ağılabatan hesab olunmamışdır. Həmçinin, avtomobilin səs boğucusunun hava çıxış borusunun zədələnməsinin səs boğucunun tam dəyişdirilməsinə əsas ola bilməsi də inandırıcı olmamışdır.
29. Ən əsası ilə məhkəmə kollegiyası qeyd edir ki, “X2” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilin "xxxx" MMC-də təmir edilib-edilməməsi, nəqliyyat vasitəsinin təmir-ehityyat hissələrinin dəyişmə işlərinə görə təmiri həyata keçirən şirkətə və ya hər hansı bir fiziki şəxsə nə qədər ödəniş edilməsi ilə bağlı sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Hərçənd ki, Mülki Məcəllənin 936.3-cü maddəsinin tələbinə müvafiq olaraq faydalanan şəxsin subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etmək öhdəliyi olmaqla yanaşı, sığortaçının da həmin sənədləri faydalanan şəxsdən tələb etmək hüququ mövcud olmuşdur. Yuxarıda istinad olunan Mülki Məcəllənin 936.4-cü maddəsi isə faydalanan şəxsin lazımi sənədləri sığortaçıya verməkdən imtina etdiyi halda sığortaçını sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad etməkdədir.
30. Bekəliklə, məhkəmə kollegiyası qeyd edir ki, avtomobilin təmiri, müvafiq ehtiyyat hissələrinin alınması və dəyişdirilməsi ilə bağlı müvafiq sübutların məhkəməyə təqdim edilməməsi və məhkəməyə təqdim edilmiş qüsur aktında müəyyən edilmiş zərər məbləğinə dair əsaslı şübhələrin olması halında, qeyd olunan qüsur aktının mötəbər sübut qismində qiymətləndirilməsi mümükün deyildir. Buna görə də məhkəmə kolegiyası hesab edir ki, birinci instaniya məhkəməsinin iddianı təmin etməsi ilə bağlı gəldiyi nəticə əsassız olmuşdur.
31. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı "xxxx" MMC ilə aralarında avtomobilə texniki xidmət göstərilməsinə dair müqavilə mövcud olduğunu, həmin müqavilə əsasında müvafiq qüsur aktının verildiyini bildirmişdir ki, iddiaçı tərəfin qeyd olunan mövqeyində də ziddiyyətlər olmuşdur. Belə ki, iş materiallarından görünür ki, qüsur aktı "xxxx" MMC-tərəfindən 26 may 2022-ci il tarixdə tərtib edilsə də iddiaçının iddia etdiyi müqavilə 11 noyabr 2022-ci il tarixdə bağlanmışdır.
32. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1774/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏTETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1774/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.