Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-921/2025 19.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X3 və X1 ibarət tərkibdə, X4 qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 16 may 2025-ci il tarixli, e-2(060)- 5642/2024 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 2(060)-5642/2024 saylı qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 764,34 (yeddi yüz altmış dörd manat, otuz dörd qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə borcu olmaqla, cəmi 794,34 (yeddi yüz doxsan dörd manat, otuz dörd qəpik) manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 575,85 (beş yüz yetmiş beş manat, səksən beş qəpik) manat ödənilməmiş hissə borcu olmaqla, cəmi 575,85 (beş yüz yetmiş beş manat, səksən beş qəpik) manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 123,20 (bir yüz iyirmi üç manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 12,95 (on iki manat, doxsan beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 136,15 (bir yüz otuz altı manat, on beş qəpik) manat, ümumilikdə 1506,34 (bir min beş yüz altı manat, otuz dörd qəpik) manat məbləğində pul və 35,06 (otuz beş manat, altı qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" MMC-yə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Həmin qətnamədən Cavabdeh tərəfindən 14 may 2025-ci il tarixdə apellyasiya şikayəti verilmişdir.
4. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-5642/2024 nömrəli, 16 may 2025-ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 2(060)-5642/2024 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
5. Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-5642/2024 saylı, 16 may 2025-ci il tarixli qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir.
6. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-5642/2024 nömrəli, 23 may 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Şikayətin və ona qarşı etirazın dəlilləri
a) Şikayətin dəlilləri
7. Şikayət onunla əsaslandırılmışdır ki, o, qeyd edilən məhkəmə işi üzrə iclaslardan məlumatsız olmuşdur. Belə ki, o, qeydiyyatda olduğu ünvan 1 ünvanında faktiki 4 ildir ki, yaşamır. Həmin mənzildə bacısı oğlunun yoldaşı yaşayır. Onun həmin şəxs ilə heç bir əlaqəsi, münasibəti yoxdur. Maddi imkanına görə o, kirayədə yaşamaq məcburiyyətindədir. Hal-hazırda o, ünvan 2 ünvanında yaşayır. Qeyd edilən məhkəmə işi ilə bağlı heç bir məlumatı olmamışdır. Yalnız icra idarəsinə dəvət edilən zaman belə bir məhkəmə qətnaməsinin olmasına dair məlumat almışdır. O, məhkəməyə müraciət edərək 12 may 2025-ci il tarixində qəbz imzalamaqla əldə etmişdir. Qətnamə ona verilən zaman belə onu qətnaməni güya təkrar almasına dair qeyd etməsini tələb etmişdirlər. O, buna etiraz etmişdir, belə ki, qətnaməni ilk dəfə idi alırdı. Sonradan qətnaməni aldıqdan 2 gün sonra apellyasiya şikayəti vermişdir. Məhkəmə heç bir səbəb olmadan ondan qətnaməni təkrar aldığına dair rüsum ödəməyi tələb etmişdir. O eşitmişdir ki, məhkəmədə dəfələrlə vətəndaşlara belə rüsum ödətdirmək ilə aldadıb onların apellyasiya şikayətlərini geri qaytarırlar. Bu səbəbdən rüsum ödəməkdən də imtina etmişdir. Məhkəmənin bunu etməkdə marağının nədən ibarət olduğunu o bilmir. Sual yaranır ki, necə olur ki, icra idarəsi onun telefonu ilə əlaqə yaradıb dəvət edə bilir, məhkəmə isə bunu edə bilmir. Niyə ona qətnaməni təkrar aldığına dair qeyd aparmasını, sonrdan isə təkrar qətnaməni almaq üçün rüsum ödəməsini tələb edirlər. O, məhkəmə prosesi və qətnaməsi barədə məlumatsız olmuşdur. Qətnamə rəsmi qaydada ona 12 may 2025-ci il tarixində təqdim edilmişdir və o vaxtında apellyasiya şikayəti vermişdir. Bu halları nəzərə alaraq qərardad ləğv edilməlidir.
b) Şikayətə qarşı etirazın dəlilləri
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
9. Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. (...)
10. Maddə 130. Prosessual müddətlərin buraxılmasının nəticələri 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. (...)
11. Maddə 133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. (...)
12. Maddə 135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. [155] 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. (...)
13. Maddə 360. Apellyasiya şikayətinin verilmə müddəti Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
14. Maddə 363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: (...) 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə;
15. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)
17. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
19. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
21. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
22. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-in 360-cı maddəsində apellyasiya şikayətinin verilməsi üçün müəyyən olunmiş müddətdir. Həmin normada apellyasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilməsi müəyyən olunur.
23. İş materiallarından görünür ki, qətnamənin surəti 01 oktyabr 2024-cü il tarixli müşayiətedici məktubla cavabdehlərin ünvanına - “ünvan 3 oktyabr 2024-cü il tarixdə həmin ünvanda qəbul edilmişdir.
24. Mülki Prosessual Məcəllənin 135-ci maddəsinə əsasən, məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Qeyd edilən hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
25. Kollegiya hesab edir ki, qətnamənin surəti cavabehin rəsmi qeydə alındığı ünvanda rəsmi qaydada təqdim edildiyindən, şikayətin verilmə müddəti qətnamənin təqdim edildiyi vaxtdan hesablanmalıdır. Odur ki, cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsinin son müddəti 12 noyabr 2024-cü il tarixdə bitmişdir.
26. Qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti 14 may 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur və bununla cavabdehin apellyasiya şikayəti verməsi üçün nəzərdə tutulmuş prоsessual müddəti buraхdığı müəyyən olunur.
27. Apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prоsessual müddətin üzrlü hesab edilməsi barədə cavabdeh tərəfin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
28. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
29. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayəti verməsi üçün nəzərdə tutulmuş prоsessual müddəti buraхdığından və prosessual müddətin bərpa olunması barədə vəsatət vermədiyindən, mövcud apellyasiya şikayətinin qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.
30. Odur ki, şikayətin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas olmadığından, şikayət təmin olunmamalı, Sumqayıt Şəhər Məhkəməsinin 16 may 2025-ci il tarixli, e-2(060)- 5642/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 16 may 2025-ci il tarixli, e-2(060)-5642/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.