Məhkəmə qərarları › İş №2(105)-922/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-922/2024

17.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-922/2024 17.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(028)-43/2024 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Dövlət vəsaiti hesabına idxal olunmuş "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə 229-LD/18 saylı xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, "xxxx" ASC (lizinq verən) Holştin-Friz damazlıq malı (4 baş) X3 (lizinq alana) damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3(üç) ilə lizinqə verir. Lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 5126 manat ilkin ödəniş məbləğini əvvəlcədən lizinq verənə ödəyir, damazlıq heyvanların güzəştli satış dəyərindən qalan 5216 manat məbləği isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür

2. 229-LD/18 saylı xx.xx.2018-ci il tarixli lizinq müqaviləsinin spesifikasiyasından görünür ki, "xxxx" ASC tərəfindən (lizinq verən) Hikmət İbişova (lizinq alan) birka nömrələri DE**********, DE**********, DE358907985 və DE********** olan 4 baş Holştin-Friz damazlıq heyvan cinsləri verilmişdir.

3. "xxxx" ASC-nin "xxxx" ASC-yə ünvanladığı 2603/1 saylı xx.xx.2018-ci il tarixli cavab məktubundan görünür ki, "xxxx" ASC-də C-LİV-0007/18 saylı sığorta müqaviləsi ilə sığortalanmış bir baş DE ********** inventar nömrəli Holştin-friz cinsli düyənin tələf olması hadisəsi dərhal tərəflərindən qeydiyyata alınmış və DE ********** inventar nömrəli heyvana tərtib edilmiş yarma protokolunda diri ikən “ağciyər pnevmoniyası”, patanatomik isə “bronxopnevmoniya” diaqnozu qoyulmuşdur. Anamnez məlumatda ölümdən iki gün öncə heyvanda yüksək temperaturun olduğunun göstərilməsi və heyvanın qısa müddətdə ölməsinin qeyd olunması heyvanın baytar nəzarətindən kənarda qalmasını göstərir. Heyvan tələf olduqdan sonra patoloji material Azərbaycan Qida Təhlükəsizliyi insitutunun Milli İstinad Laboratoriyasında yoxlanılmış, “pasterellyoz və xlamidioz” xəstəliklərinin törədiciləri aşkarlanmışdır. Beləliklə diri ikən və patanatomik diaqnozlar öz təstiqini tapmamışdır. İnfeksion xətəliklərin (pasterellyoz, xlamidioz) diaqnozu kliniki, laborator müayinələr əsasında öz təstiqini tapır. Araşdırmalar gösətrir ki, təsərrüfatda təşkilati və baytarlıq-sanitariya tədbirləri pis təşkil olunmuşdur. Profilaktik peyvəndlər gecikdirilmiş, mütəmadi baytar müşahidələri və müayinələr aparılmamışdır. Burdan məlum olur ki, təsərrüfatda heyvanların saxlanma-bəslənmə, baytarlıq-sanitariya qaydalarına riayət olunmamış və nəticədə heyvanlar arasında yoluxucu xəstəliklərin baş verməsinə şərait yaranmışdır. Yoluxucu xəstəliklər baş verən ərazidə xəstəliyin ləğvi və yoluxmanın qarşısının alınması üçün qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görülməmişdir. Vaxtında laborator müayinələr aparılmamış, heyvana düzgün diaqnoz qoyulub müalicə aparılmamışdır.

4. Sığorta predmetinin Baytarlıq haqqında Azərbaycan Respublikası qanununa və müvafiq normativlərə əsasən saxlanılıb-bəslənilmə baytarlıq-sanitariya qaydalarına əməl olunmadığından "xxxx" ASC-nin sözügedən hadisə ilə bağlı məsuliyyəti yaranmır.

5. "xxxx" ASC-nin "xxxx" ASC-yə ünvanladığı 2632/1 saylı xx.xx.2018-ci il tarixli cavab məktubundan görünür ki, "xxxx" ASC-də C-LİV-0007/18 saylı sığorta müqaviləsi ilə sığortalanmış bir baş DE ********** inventar nömrəli Holştin-friz cinsli düyənin tələf olması hadisəsi dərhal tərəflərindən qeydiyyata alınmış və DE ********** inventar nömrəli heyvana tərtib edilmiş yarma protokolunda diri ikən “bronxopnevmoniya”, patanatomik isə “pnevmoniyası” diaqnozu qoyulmuşdur. Anamnez məlumatda bildirilir ki, xx.xx.2018-ci il tarixdə heyvanda yüksək temperatur müşahidə olunmuş, aparılan müalicə tədbirləri müsbət nəticə verməmiş və heyvan xx.xx.2018-ci il tarixdə ölmüşdür. Pnevmoniya xəstəliyinin gedişi heyvanın orqanizminin müqaviməti, saxlanma şəraiti, yemləmə, vaxtında başlanmış səriştəli müalicədən asılıdır. Vaxtında lazımi tədbirlər görüldükdə xəstəlik qısa müddətdə sağalır. Yalnız ağır hallarda heyvanın sağlamlığı 15-20 gün müddətində bərpa olur. Heyvanın 2 gün müddətində xəstələnib ölməsinin göstərilməsi və araşdırılmaların nəticəsindən məlum olur ki, təsərrüfatda heyvanın saxlanmabəslənməsində baytarlıq-sanitariya tələblərinə əməl olunmamışdır. Xəstəliyə qarşı müvafiq müalicə və profilaktik tədbirləri həyata keçirilməmişdir. Sahibkar və baytar nəzarətsizliyi nəticəsində sağalan bir xəstəlikdən heyvan tələf olmuşdur. Qısa müddətdə bir neşə baş heyvanın tələf olması təsərrüfatda qeyri-qənaətbəxş olmasını göstərir.

6. Sığorta predmetinin Baytarlıq haqqında Azərbaycan Respublikası qanununa və müvafiq normativlərə əsasən saxlanılıb-bəslənilmə baytarlıq-sanitariya qaydalarına əməl olunmadığından "xxxx" ASC-nin sözügedən hadisə ilə bağlı məsuliyyəti yaranmır.

7. xx.xx.2023-cü il tarixli Maliyyə arayışından görünür ki, X5 229-LD/18 saylı xx.xx.2018-ci il tarixli müqavilə üzrə 5298,16 manat ödəmişdir. Lizinq alanın maliyyə borcu 5133,84 manat gecikdirilmiş borc, 6661,79 manat hesablanmış cərimə, cəmi 11795,63 manat təşkil edir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə sahəsində xidmətlər baş idarəsi Notariat idarəsinin 316-5/2-14-9186/23 saylı xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, “Elektorn notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində X2 adına xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 24 saylı notariat ofisində vərəsəlik işinin açıldığı və atası Cavabdeh miras əmlaka dair vərəsəlik şəhadətnaməsi verildiyi müəyyən edilmişdir.

9. Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi atası Cavabdehdur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamələrin verildiyi miras əmlaklar bunlardır: xx.xx.2020-ci il tarixli AD764018 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDDNG7HB1AA322082, mühərrikin nömrəsi **********6256 və buraxılış ili 2010-cu il olan Mercedes Benz S63 minik markalı 99HK039 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi; ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə X3 verilmiş **********17-05101-093006 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 69,69 m2 , yaşayış sahəsi 47,29 m2 , yardımçı sahəsi 22,4 m2 , 4 otaqlı olan mənzil; "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 157000/2-55061 nömrəli məktubuna əsasən ******************** nömrəli hesabda olan 438,8 manat pul vəsaiti.

10. Hüquqi yardımın göstərilməsi haqqında 2596 saylı xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili müdafiə olunan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və X1 Rayon Məhkəməsində Cavabdeh qarşı mülki işi üzə hüquqi yardım göstərəcək və hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 500 manat müəyyən olunur.

Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli 229- LD/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 5133,84 manat gecikdirilmiş borcun və hesablanmış 6661,79 manat cərimə borcunun və hüquqi yardımla bağlı 500 (beş yüz) manat, cəmi 12295,63 (on iki min iki yüz doxsan beş manat 63 qəpik) manat pul vəsaitinin Cavabdeh tutularaq xeyirlərinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

12. "xxxx" ASC ("xxxx" ASC) ilə miras qoyan mərhum X5 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 229-LD/18 nömrəli müqaviləyə əsasən lizinq alan damazlıq heyvanları lizinqə götürmüşdür. Müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Nəticədə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2018-ci il tarixli 229- LD/18 nömrəli müqavilə üzrə 5133,84 manat gecikdirilmiş borc və hesablanmış 6661,79 manat cərimə borcu yaranmışdır. Öhdəliklərin yerinə yetirilməsi barədə edilmiş xəbərdarlıqlara baxmayaraq ödənişlər yerinə yetirilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə sahəsində xidmətlər baş idarəsi Notariat idarəsi tərəfindən Aqrar Kredit və İnkişaf Agentliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda X2 adına 22.09.21-ci il tarixdə Bakı şəhəri 24 saylı notariat ofisində vərəsəlik işinin açıldığı və atası (hazırki iş üzrə cavabdeh) Cavabdeh miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verildiyinin müəyyən edildiyi göstərilmişdir.

13. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(028)-43/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2018-ci il tarixli 229-LD/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 5133,84 manat gecikdirilmiş borc, hesablanmış 500 manat cərimə borcu, hüquqi yardımla bağlı 300 manat, cəmi 5933,84 manatın tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, Cavabdeh 79,33 manat dövlət rüsumunun əvəzinin tutularaq dövlət büdcəsinə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir (hakim Rahim Həsənov).

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 748-1.12.4, 465.2, 1151.1, 1151.2, 1306.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı hüquqi mövqeyi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 121.1, 77.1, 80 və 217-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi apellyasiya şikayəti verib, Qubadlı Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(028)-43/2024 nömrəli qətnaməsinin hüquqi yardım ilə bağlı qismən təmin edilən hissədə ləğv edilərək, iddia tələbinin hüquqi yardım ilə bağlı hissədə tam həcmdə təmin olunması haqqında yeni qətnamə çıxarılması xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli 229-LD/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 5133,84 manat gecikdirilmiş borcun və hesablanmış 6661,79 manat cərimə borcunun və hüquqi yardımla bağlı 500 (beş yüz) manat cəmi 12295,63 (on iki min iki yüz doxsan beş manat altmış üç qəpik) manat pul vəsaitinin Cavabdeh tutularaq xeyirlərinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə miras qoyan mərhum X5 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 229-LD/18 nömrəli müqaviləyə əsasən lizinq alan damazlıq heyvanları lizinqə götürmüşdür. Müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Nəticədə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2018-ci il tarixli 229- LD/18 nömrəli müqavilə üzrə 5133,84 manat gecikdirilmiş borc və hesablanmış 6661,79 manat cərimə borcu yaranmışdır. Öhdəliklərin yerinə yetirilməsi barədə edilmiş xəbərdarlıqlara baxmayaraq ödənişlər yerinə yetirilməmişdir. İddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2018-ci il tarixli 229-LD/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 5133,84 manat gecikdirilmiş borc, hesablanmış 500 manat cərimə borcu, hüquqi yardımla bağlı 300 manat, cəmi 5933,84 manatın tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi qət edilmişdir. Məhkəmə 500 manat məbləğində hüquqi yardımla bağlı ödənilmiş məbləğin cavabdehdən tutulması ilə bağlı olaraq qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab etmişdir ki, nümayəndənin göstərdiyi yardıma görə ağlabatan məbləğ olan 300 manat cavabdehdən tutulub iddiaçıya verilməlidir. Lakin nəzərə almaq lazımdır ki, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 904-VİQD nömrəli Qanunu ilə 121.1-ci maddədə “çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla” sözləri “təqdim edilmiş məlumatlar qiymətləndirilməklə” sözləri ilə əvəz edilmişdir. Odur ki, məhkəmə sözü gedən maddədə olunan dəyişikliyi nəzərə almamış və normanı düzgün tətbiq etməmişdir. Həmin maddədən də göründüyü kimi hüquqi yardımla bağlı məbləğin ağlabatanlılığı müəyyən edilərkən “çıxış üçün təqdim olunmuş hesab nəzərə alınması” tamamilə əsassızdır. Maddədən göründüyü kimi mülki prosessual qanunvericilikdə vəkilin və ya iddiaçının məhkəmədə mütləq iştirak etməsi barədə hər hansı məcburedici norma mövcud deyildir. Əksinə, qanunvericilik iddiaçının və ya onun vəkilinin məhkəmə iclasına gəlmədən işə onun iştirakı olmadan baxılmasının tələb etməklə işin mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsinin mümkünlüyünü müəyyən etmişdir. Bununla yanaşı, məhkəmə hüquq islahatı çərçivəsində iş yükünün azaldılması və prosessual qənaət prinsipinin təmin edilməsi baxımından işlərə tərəflərin və onların vəkillərinin iştirakı olmadan yazılı icraat qaydasında baxılması hallarının qanunvericilikdə müəyyən edilməsi də işlərin məhkəmədə deyil, məhkəməyə qədər hazırlanmasını zəruri edir. Ona görə də vəkilin əsas öhdəliyi işi məhkəməyə qədər düzgün hazırlamaq və məhkəməyə təqdim etməkdir. Beləliklə, nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin ağlabatanlılığı müəyyən edilən zaman nəzərə alınan “konkret hallar və təqdim edilmiş məlumatlar” vəkil tərəfdən tam şəkildə təqdim edilərək, hüquqi yardım üçün nəzərdə tutulan xidmətlər vəkil tərəfindən tam icra edilmişdir. Həmçinin nəzərə almaq lazımdır ki, vəkil ilə bağlanmış müqaviləyə əsasən vəkilin hüquqi yardımla bağlı öhdəliyi müvafiq olaraq pretenziyanın və iddia ərizəsinin hazırlanması, təqdim edilməsi və bununla bağlı digər işlərin və zəruri araşdırmaların aparılmasından ibarət olmuş və hüquqi yardıma dair öhdəliklər vəkil tərəfindən tam icra edilmişdir. Bundan əlavə, 12295,63 manat pul tələbinə dair iddianın məhkəməyə təqdim edilməsi üçün 500 manat pulun vəkilə ödənilməsinin məhkəmə tərəfindən ağlabatan hesab edilməməsi tam əsassızdır. Məhz mülki işlərdə məhkəməyə qədər işlərin hazırlanması kifayət qədər zəhmət tələb edir ki, bu da vəkil tərəfindən peşəkarcasına həyata keçirilmişdir. İddiaçının büdcə təşkilatı olduğunu nəzərə alaraq vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilən vəsaitin cavabdehdən tutularaq büdcəyə ödənilməsi nəzərdə tutulur. Məhkəmə tərəfindən vəkilə ödənilən hüquqi yardıma görə cavabdehdən tələb olunan vəsaitin azaldılması əsassız olduğuna görə ləğv edilməlidir.

17. Cavabdeh da apellyasiya şikayəti verib, Qubadlı Rayon Məhkəməsinin 2(028)- 43/2024 saylı mülki iş üzrə 19 fevral 2024-cü il tarixli qətnaməsini ləğv edərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarasınız.

18. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli 229-LD/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 5133,84 manat gecikdirilmiş borcun və hesablanmış 6661,79 manat cərimə borcunun və hüquqi yardımla bağlı 500 (beş yüz) manat, cəmi 12295,63 (on iki min iki yüz doxsan beş manat 63 qəpik) manat pul vəsaitinin Cavabdeh tutularaq xeyirlərinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirdi ki, "xxxx" ASC ("xxxx" ASC) ilə miras qoyan mərhum X5 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 229-LD/18 nömrəli müqaviləyə əsasən lizinq alan damazlıq heyvanları lizinqə götürmüşdür. Müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Nəticədə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2018-ci il tarixli 229-LD/18 nömrəli müqavilə üzrə 5133,84 manat gecikdirilmiş borc və hesablanmış 6661,79 manat cərimə borcu yaranmışdır. Öhdəliklərin yerinə yetirilməsi barədə edilmiş xəbərdarlıqlara baxmayaraq ödənişlər yerinə yetirilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə sahəsində xidmətlər baş idarəsi Notariat idarəsi tərəfindən Aqrar Kredit və İnkişaf Agentliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda X2 adına 22.09.21-ci il tarixdə Bakı şəhəri 24 saylı notariat ofisində vərəsəlik işinin açıldığı və atası (hazırki iş üzrə cavabdeh) Cavabdeh miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verildiyinin müəyyən edildiyi göstərilmişdir. Qubadlı Rayon Məhkəməsinin 2(028)-43/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2018-ci il tarixli 229-LD/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 5133,84 manat gecikdirilmiş borc, hesablanmış 500 manat cərimə borcu, hüquqi yardımla bağlı 300 manat, cəmi 5933,84 manat tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, Cavabdeh 79,33 manat dövlət rüsumunun əvəzi tutularaq dövlət büdcəsinə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Bildirmək istəyir ki, məhkəmənin qətnaməsini rəsmi qaydada 11 mart 2024-cü il tarixdə poçt vasitəsi ilə əldə etmişdir. Şikayət vermə müddətinin son günü 11 aprel 2024-cü il olsa da həmin günü qeyri-iş günü olduğundan şikayət vermə müddətinin son günü sonraki iş günü yəni, 15 aprel 2024-cü ildir. Qeyd olunan halı nəzərə alnmasını xahiş edir.

19. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Məhkəmənin qətnaməsini tamamilə qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmə iş üzrə hərtərəfli araşdırma aparmadan iddiaçı tərəfindən irəli sürülmüş əsassız sübutlara hüquqi qiymət vermiş və iddia tələbini təmin etmişdir, lakin işin faktiki halları nəzərə alınmamışdır. İşin halları isə ondan ibarətdir ki, həmin inəklər iyunun sonu və iyul ayının ilk günlərində ölmüşdürlər. Lakin həmin heyvanların ölümünə səbəb onların məsuliyyətsizliyinin yox, həmin vaxtı havanın kəskin dərəcədə isti olması ilə bağlı olmuşdur. Belə ki, həmin vaxtı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva verdiyi müsahibədə bildirmişdir. Umayra Tağıyeva qeyd etmişdir ki, “Hidrometeoroloji avtomat stansiyalardan daxil olan məlumatların təhlili göstərir ki, Azərbaycanda bu il iyun ayı anormal isti keçib, ay ərzində 20 gün ərzində havanın temperaturu 4 gün normadan aşağı olub, 6 gün isə norma daxilində olub. İyun ayının 27-30-da bu fərq 6-7,7 dərəcə təşkil edib. Həmin günlər sutkalıq göstəriciləri yenilənmiş, bəzi Aran rayonlarında, Naxçıvan MR-da və Abşeronda maksimal temperatur 42 dərəcədəyək yüksəlmişdir. Qeyd olunanlardan da göründüyü kimi heyvanların ölməsi də məhz anormal istilərin olduğu vaxta təsadüf edir. Nə dərəcədə məntiqli ola bilər ki, oğlu həmin heyvanları pul verib alaraq iş görmək məqsədi ola-ola onlara baxmasın? Başqa sözlə desək heyvanların ölümünə səbəb onların baxımsızlığı yox, həmin vaxtı ölkə ərazisində olan anormal dərəcədə istilər olmuşdur və bu vəziyyətdə onların ölməsinin qarşısını almaq mümkün olmamışdır. İş materiallarına nəzər salsaq, görünür ki, iddiaçı tərəfindən də hər hansı əsaslı sübut təqdim edilməmişdir. Məhkəmə tərəfindən isə qeyd olunan hallar nəzərə alınmamış, iş üzrə ətraflı araşdırma aparılmadan iddia tələbi təmin edilmişdir. Bu səbəbdən də hesab edir ki, məhkəmə tərəfindən qeyd olunan prosessual hüquq normasının tələbləri pozulmuşdur.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

20. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdehin apellyasiya şikayətinə qarşı yazılı etiraz ünvanlayaraq şikayətin təmin edilməməsini xahiş etmişdir.

21. Etiraz onunla əsaslandırılmışdır ki, məlum olduğu kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi sahəsində xidmətlər baş idarəsi Notariat idarəsi tərəfindən Aqrar Kredit və İnkişaf Agentliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda X2 adına 22.09.21-ci il tarixdə Bakı şəhəri 24 saylı notariat ofisində vərəsəlik işinin açıldığı və atası (hazırkı iş üzrə cavabdeh) Cavabdeh miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verildiyinin müəyyən edildiyi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Qeyd edilən maddəyə əsasən məlum olur ki, X2 müqavilə üzrə öhdəlikləri atası-Cavabdeh keçmişdir. Cavabdeh, oğlu –X2 heyvan almasından, onun tələf olmasında xəbəri olmamasını məhkəmə iclasında iştirak edərək bildirmiş, apellyasiya şikayətində isə heyvanların tələf olması kimi kəskin istilərin keçməsini səbəb olaraq göstərməsi müvafiq fikirlər arasında təzadlıq kimi özünü göstərmişdir. Digər tərəfdən, iddiaçı tərəfindən hər hansı əsaslı sübut təqdim edilməməsi mülahizəsinə gəldikdə isə bildirmək lazımdır ki, iş materiallarından, "xxxx" ASC-nin "xxxx" ASC-yə ünvanladığı 2603/1 saylı xx.xx.2018-ci il tarixli və 2632/1 saylı xx.xx.2018-ci il tarixli cavab məktublarından görünür ki, təsərrüfatda təşkilati və baytarlıq-sanitariya tədbirləri pis təşkil olunmuşdur. Profilaktik peyvəndlər gecikdirilmiş, mütəmadi baytar müşahidələri və müayinələr aparılmamışdır. Buradan da məlum olmuşdur ki, təsərrüfatda heyvanların saxlanma-bəslənmə, baytarlıq-sanitariya qaydalarına riayət olunmamış və nəticədə heyvanlar arasında yoluxucu xəstəliklərin baş verməsinə şərait yaranmamışdır. Yoluxusu xəstəliklə baş verən ərazidə xəstəliyin ləğvi və yoluxmanın qarşısının alınması üçün qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görülməmişdir. Vaxtında laborator müayinələr aparılmamış, heyvana düzgün diaqnoz qoyulub müalicə aparılmamışdır. Heyvanın saxlanma-bəslənməsində baytarlıq-sanitariya tələblərinə əməl olunmamışdır. Xəstəliyə qarşı müvafiq müalicə və profilaktik tədbirləri həyata keçirilməmişdir. Sahibkar və baytar nəzarətsizliyi nəticəsində sağalan bir xəstəlikdən heyvan tələf olmuşdur. Qısa müddətdə bir neçə baş heyvanın tələf olması təsərrüfatda qeyri-qənaətbəxs olmasını göstərmişdir. Nəticə olaraq, sığorta predmetinin Baytarlıq haqqında Azərbaycan Respublikası qanununa və müvafiq normativlərə əsasən saxlanılıb-bəslənilmə baytarlıq-sanitariya qaydalarına əməl olunmadığından "xxxx" ASCnin sözügedən hadisə ilə bağlı məsuliyyəti daşımamaqdadır. Qeyd edilən məsələ, Qubadlı Rayon Məhkəməsinin 2(028)-43/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə öz təsdiqini taparaq sübut olaraq qiymətləndirilmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında Cavabdeh özü tərəfindən verdiyi apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verib, təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

23. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada iş üzrə iddiaçıya məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri məhkəməyə məlumat verməmişdir.

24. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.

25. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

28. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

29. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

30. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

31. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

32. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.

33. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

34. Maddə 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır .

35. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

36. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

37. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

38. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

39. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

40. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarı Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

47. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

48. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

49. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

51. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

52. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(028)-43/2024 nömrəli qətnaməsindən iş üzrə hər iki tərəf apellyasiya şikayəti vermiş, iddiaçı qətnamənin iddia tələbinin hüquqi yardım ilə bağlı hissədə tam həcmdə təmin olunmasını, cavabdeh isə qətnamənin tam ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası xx.xx.2024-cü il tarixli qətnaməni mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

54. İşin mübahisəsiz hallarından, sadalanan xüsusatlardan, iş materiallarından göründüyü kimi, iddia tələbi lizinq müqaviləsi üzrə münasibətlərdən irəli yaranmışdır. "xxxx" ASC ilə miras qoyan mərhum X5 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən lizinq alan damazlıq heyvanları lizinqə götürmüşdür. Müqavilə üzrə öhdəliklər yerinə yetirilməmiş, nəticədə müqavilə üzrə borc yaranmışdır. xx.xx.2021-ci il tarixdə X5 vəfat etmiş, vərəsəsi olan atası Cavabdeh, miras əmlakdan tam hissədə pay almış, ona miras əmlaka dair vərəsəlik şəhadətnaməsi verilmişdir.

55. Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

57. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

58. Göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayətinin dəlili (heyvanların ölümünə səbəbin havanın kəskin dərəcədə isti olması) ilə razılaşmayan kollegiya ilk növbədə qeyd edir ki, şikayətdə qeyd edilən dəlil heç bir əsaslı sübutla əlaqələndirilməmiş, habelə həmin dəlil əsassız olmaqla, iddia tələbinin bütövlükdə rədd edilməsi üçün əsas ola bilməz.

59. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

60. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən hüquqi yardımına dair dəlilləri ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

61. Kollegiya yuxarıda qeyd olunan hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir.

62. Bu baxımdan, məhkəmə kollegiyası tərəflərin apellyasiya şikayətlərində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

63. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, hazırkı iş üzrə Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(028)-43/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393, 402 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayətləri təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(028)-43/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən cavabdehə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar