Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-926/2022 31.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı2 hüquqi varisi, eyni zamanda İddiaçı1, cavabdeh "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı iddiaçılara məxsus olmuş tikilinin yerində cavabdeh tərəfindən inşa edilmiş binanın sökülməsi, emalatxananın və maşınlara texniki xidmət obyektinin cavabdehin hesabına bərpa edilərək onların qanuni sahibliyinə qaytarılması, əldən çıxmış faydaya görə və mənəvi zərərin əvəzi kimi pul kompensasiyasının ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli, 2(012)-1613/2018 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli, 2(012)-1613/2018 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı iddiaçılara məxsus olmuş tikilinin yerində cavabdeh tərəfindən inşa edilmiş binanın sökülməsi, emalatxananın və maşınlara texniki xidmət obyektinin cavabdehin hesabına bərpa edilərək onların qanuni sahibliyinə qaytarılması, əldən çıxmış faydaya görə və mənəvi zərərin əvəzi kimi pul kompensasiyasının ödənilməsinə dair iddia tələbinin təmin edilməməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıların özlərinə aid edilməsi, iş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat pul vəsaitinin əvəzinin İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir (hakim S.Quliyeva). Qətnamədən İddiaçı1 qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyun 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı1 apellyasiya şikayətinin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli, 2(012)-1613/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması və apellyasiya şikayətinə görə ödənilmiş 15.40 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən iddiaçılar kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 oktyabr 2019-cu il tarixli qərarı ilə İddiaçı1 kassasiya şikayətin təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 may 2021-ci il tarixli, 2(105)-104/2021 nömrəli qətnaməsi ilə İddiaçı1 apellyasiya şikayətinin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 26 dekabr 2018ci il tarixli 2(012)-1613/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən iddiaçılar kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11.01.2022-ci il tarixli, 2(102)-212/2011 saylı qərarı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayətinin təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 may 2021-ci il tarixli, 2(105)-104/2021 nömrəli qətnaməsinin ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsində yerləşən, 12 avqust 2004-cü il tarixli 542 nömrəli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı1 məxsus olan tikilinin yerində cavabdeh tərəfindən inşa edilmiş binanın sökülməsi, İddiaçı1 məxsus olmuş emalatxananın cavabdehin hesabına bərpa edilərək onun qanuni sahibliyinə qaytarılması, əldən çıxmış faydaya görə cavabdehdən 64800 (altmış dörd min səkkiz yüz) manat alınaraq İddiaçı1 verilməsi, vurulmuş mənəvi zərərin əvəzi kimi 100000 (yüz min) manat məbləğində pul kompensasiyasının cavabdehdən alınaraq İddiaçı1 ödənilməsi, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 06 sentyabr 2002-ci il tarixli 206 saylı sərəncamına əsasən İddiaçı2 tərəfindən inşa edilmiş Abşeron rayonu, Xırdalan əhəri. H.Aslanov küçəsində yerləşən 10,0 x 6,0 metr ölçüdə maşınlara texniki xidmət obyektinin sökülərək yerində cavabdeh tərəfindən tikilmiş binanın sökülməsi, İddiaçı2 məxsus maşınlara texniki xidmət obyektinin cavabdehin hesabına bərpa edilərək onun qanuni sahibliyinə qaytarılması, əldən çıxmış faydaya görə cavabdehdən 43200 manat alınaraq İddiaçı2 verilməsi, vurulmuş mənəvi zərərin əvəzi kimi 50000 manat məbləğində pul kompensasiyasının cavabdehdən alınaraq İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsində yerləşən 12 avqust 2004-cü il tarixli 542 nömrəli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı1 məxsus olan tikilinin yerində cavabdeh tərəfindən inşa edilmiş binanın sökülməsi, İddiaçı1 məxsus olmuş emalatxananın cavabdehin hesabına bərpa edilərək onun qanuni sahibliyinə qaytarılması, əldən çıxmış faydaya görə cavabdehdən 46200 manat alınaraq İddiaçı1 verilməsi, vurulmuş mənəvi zərərin əvəzi kimi 10000 manat məbləğində pul kompensasiyasının cavabdehdən alınaraq İddiaçı1 ödənilməsi, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 06 sentyabr 2002-ci il tarixli 206 saylı sərəncamına əsasən İddiaçı2 tərəfindən inşa edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsində yerləşən 10,0x6,0 metr ölçüdə maşınlara texniki xidmət obyektinin yerində cavabdeh tərəfindən tikilmiş binanın sökülməsi, İddiaçı2 məxsus maşınlara texniki xidmət obyektinin cavabdehin hesabına bərpa edilərək onun qanuni sahibliyinə qaytarılması, əldən çıxmış faydaya görə cavabdehdən 46200 manat alınaraq İddiaçı2 verilməsi, vurulmuş mənəvi zərərin əvəzi kimi 5000 manat məbləğində pul kompensasiyasının cavabdehden alınaraq İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: İddiaçı1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qanunsuz və əsassız hesab edir. Birinci instansiya məhkəməsi onun və digər iddiaçının mülkiyyət hüquqlarının pozulmasına əhəmiyyət verməyib. Belə ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsində 62,4 kv.metrlik emalatxana ona məxsusdur, onun mülkiyyətindədir. Onun qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ 12 avqust 2004-cü il tarixdə 01 saylı reyestr kitabında 542 reyetr nömrəsi ilə qeydə alınmış və bu barədə ona 542 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Abşeron rayon İcra Hakimiyyəti Başçısının 06 sentyabr 2002-ci il tarixli, 206 saylı qərarı ilə onun arvadına (14.06.1984-cü il tarixdə rəsmi nikaha daxil olublar), yəni digər İddiaçı2 Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsində istixana binasının qabağında 10x6,0m ölçüdə torpaq sahəsi maşınlara texniki xidmət obyektinin tikintisi üçün ayrılmış, həmin sərəncama uyğun olaraq İddiaçı2 tərəfindən 60 kv.m ölçüdə qeyri-yaşayış binası inşa edilmiş və maşınlara texniki xidmət üçün istifadə olunmuşdur. O, 13.12.2003-cü il tarixdən 12.12.2015-ci il tarixədək cəzaçəkmə müəssisəsində olmuşdur. O, həbsdə olduğu müddətdə, yəni 2007-ci ilin dekabrında "xxxx" MMC-nin işçiləri həmin əraziyə gələrək tikililərin söküləcəyini bildirərək emalatxanada işləyən şəxsləri məcburi olaraq oradan çıxarmış və tikililəri sökmüşdür. 2008-ci ildə həmin qeyri-yaşayış binalarının yerində hündürmərtəbəli yaşayış binaları inşa edilmişdir. Cavabdeh qeyri-yaşayış binalarının qanuni əsaslarla onlara məxsus olduğunu bildiyi halda heç bir məhkəmə qərarı olmadan tamamilə qanunsuz olaraq onların mülkiyyətində olan binaları sökmüş, ərazini zəbt etmiş, orada tikinti işlər aparmışdır. Bu qanunsuzluqlar nəticəsində iddiaçıların mülkiyyət hüququ kobud surətdə pozulmuş və onlar əmlak huquqlarından məhrum olunmuşlar. Lakin buna baxmayaraq məhkəmə onların iddiasını təmin etməmişdir. Qeyd edilənlərə əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)- 1613/2028 saylı, 26 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı X3 apellyasiya şikayətini müdafiə edərək bildirirdi ki, iş üzrə digər İddiaçı2 vəfat edib. İzahatında apelyant qeyd etdi ki, birinci instansiya məhkəməsi işi obyektiv araşdırmayıb. Belə ki, mübahisəli ərazidə təkcə onun obyekti olmayıb. Buna dair peyk görüntüləri mövcuddur. Orada 9 obyekt sökülüb. 15-16 dekabr 2007-ci ildə obyekt sökülüb. Həmin yerdə yerləşən obyektləri müxtəlif adlarla eyni şəxs sökür və tikir. Ona verilən məlumata görə işçiləri həmin ərazidən təzyiq göstərərək çıxarıblar. Bunu tikililəri sökən və təkrar tikinti aparan şəxs edib. O, məhkəməyə müraciət edəndə tikilən bina yarımçıq idi. Onlar həmin ərazidə icra hakimiyyətinin sərəncamı əsasında tikinti aparırlar. Onun obyektini Abşeron Rayon İcra Hakimiyyətinin hamiliyi ilə cavabdeh "xxxx" MMC söküb. Daha sonra bildirdi ki, o, İcra Başçısının sərəncamını məhkəmə qaydasında mübahisələndirməyib. Qeyd edilənlərə əsasən məhkəmədən ədalətli qərar qəbul edilməsini, apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli, 2(012)-1613/2018 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabeh "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək qeyd etdi ki, mübahisəli yer "xxxx" ASC-yə məxsus olub. Həmin ərazi 06.11.2012-ci ildə "xxxx" ASC-nin razılığı ilə Abşeron Rayon İcra Hakimiyyətinin balansına verilib. Yalnız bundan bir il sonra həmin ərazi bina tikmək üçün cavabeh "xxxx" MMC-yə verilib. İşdə olan mütəxəssis və ekspert rəyi, peyk görüntüləri təsdiq edir ki, 2004-cü ildə həmin ərazidə müəyyən tikililər mövcud olub. Amma 2008-ci ildə artıq tikililər yox idi. Yer cavabdehə 2013-cü ildə, yəni tikililər söküləndən 5 il sonra verilib. Cavabdeh "xxxx" MMC-nin onun olmayan torpaq sahəsində tikili sökməsi absurddur. İddiaçıya verilən çıxarış əsassız olduğundan reyestr xidməti də tikintinin harada olduğunu bilmir və bu formada mütəxsəssis rəyi verir. Deməli qeydiyyat vəsiqəsi verərkən əraziyə dair mötəbər sənədlər təqdim olunmayıb. Bir daha qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər, eləcə də peyk görüntüləri iş materiallarında mövcuddur. Peykdən şəklin çəkilmə tarixi şəklin üzərində əks olunub. Həmin tarix binanın sökülmə tarixini göstərir. Həmin tarixdə torpaq sahəsi ümumən cavabdehə verilməmişdi. Torpaq sahəsi təmsil etdiyi təşkilata üzərindəki tikililər söküldükdən bir neçə il sonra verilib. Yəni cavabdeh torpağı təhvil alanda artıq həmin torpaq sahəsi üzərində heç bir tikili olmayıb. Peyk görüntüsü sübut kimi qəbul olunmalıdır. Bu barədə qarşı tərəf mütəxəssis rəyi də təqdim edib. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli, 2(012)-1613/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, həmin ərazidə obyektlər olub. Amma həmin obyektlərin cavabdehin tikinti apardığı ərazi ilə üst-üstə düşüb-düşməməsi məsələsi mübahisəlidir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli, 2(012)- 1613/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. PROSESSUAL MƏSƏLƏLƏR: İş üzrə üçüncü şəxs Abşeron Rayon Xırdalan bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq nümayəndəsi gəlməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə qeyd edilən nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 206 saylı, 06 sentyabr 2002-ci il tarixli sərəncamı ilə Xırdalan qəsəbəsinin H.Aslanov küçəsində istixana binasının qabağında boş istifadəsiz ağac olmayan sahədə mövcud tikintisi yarımçıq qalmış bərbərxana binasının sol tərəfindən ona bitişik cizgiyə uyğun 10.0x6.0 metr ölçüdə torpaq sahəsi İddiaçı2 maşınlara texniki xidmət obyektinin tikintisinə ayrılmışdır, mövcud sol tərəfdəki mağaza və qeyd edilən obyket tikiləndən sonra qalan 35 metr torpaq sahəsi tikinti işləri aparılmamaq şərtilə abadlıq işləri aparılması üçün ərizəçiyə təhkim edilmişdir. Abşeron rayonu texniki inventarlaşdırma və MHQİ tərəfindən verilmiş 12 avqust 2004-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Aslanov küçəsindəki qeyri-yaşayış obyekti İddiaçı1 xüsusi mülkiyyətinə verilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 690 saylı, 08 noyabr 2013-cü il tarixli sərəncamı ilə Abşeron rayonunun X6 Fondunda saxlanılmış torpaqlardan tikinti məqsədilə 0,3265 hektar torpaq sahəsi 99 (doxsan doqquz) il müddətinə icarə qaydasında "xxxx" MMC-yə ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq edilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsi tərəfindən verilmiş icarəyə verilən torpaq sahəsinin 693 saylı, 08.11.2013-cü il tarixli ayrıc aktına əsasən, Abşeron Rayon İcra Hakimiyyətinin 08.11.2013-cü il tarixli, 693 saylı sərəncamı ilə "xxxx" MMC-nin direktoru X1 Xırdalan şəhəri, 27-ci məhəllədə ayrılmış 0,32 ha torpaq sahəsində 2 girişli, 16 mərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisi məqsədilə ayrılmış torpaq sahəsinin cizgisi tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin **********02 saylı, 03.11.2017-ci il tarixli məktubuna əsasən İddiaçı1 məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsində sahəsi 62,4 kv.metr olan qeyri- yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi ilə bağlı müayinə (inventarlaşdırma, çöl-ölçmə) keçirilmişdir. Müayinə zamanı məlum olmuşdur ki, İddiaçı1 məxsus qeyri-yaşayış sahəsi naturada istinad nöqtələri olmadığına və eyni zamanda ərazidə söküntü işləri getdiyi üçün qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi mümkün olmamışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 03 saylı, 17 yanvar 2018-ci il tarixli mütəxəssis rəyinə əsasən, 12.08.2004-cü il tarixli, 542 nömrəli qeydiyyat vəsiqəsinə və texniki pasporta əsasən İddiaçı1 məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsində sahəsi 62,4 kv.metr olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin koordinatları naturada üst-üstə düşür. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 06.09.2002-ci il tarixli, 206 saylı sərəncamı ilə İddiaçı2 ayrılmış üzərində tikili mövcud olmuş 10,0x6,0 torpaq sahəsinin koordinatları (döngə nöqtələri) naturada üst-üstə düşür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 oktyabr 2018-ci il tarixli, 17763 saylı ekspert rəyindən görünür ki, 12.08.2004-cü il tarixli, 542 nömrəli qeydiyyat vəsiqəsinə və texniki pasporta əsasən İddiaçı1 məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsində sahəsi 62.4 kv.metr olan qeyriyaşayış binası göstərilən torpaq sahəsində aşkar olunmamışdır, yerində çoxmərtəbəli çoxmənzilli yaşayış binası tikilmişdir və həmin binada hazırda yaşayış mövcuddur. Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsində yerləşən 12.08.2004-cü il tarixdə İddiaçı1 adına qeydiyyat vəsiqəsi verilmiş qeyri-yaşayış binası aşkar olunmadığından, mövcud ünvanla naturada təyin etmək mümkün olmadığı üçün və qeyri-yaşayış binasının texniki pasportunda yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları olmadığı üçün sözügedən qeydiyyat vəsiqəsinin həmin sahəyə aid olub-olmamasını təyin etmək mümkün olmamışdır. "xxxx" MMC-nin direktoru Ruslan Bayramovun imzası ilə təsdiq edilmiş 17 yanvar 2018-ci il tarixli, 03 saylı məktubla göndərilmiş, “Hüquq və Torpaq Məsələləri MMC-nin mütəxəssisi, yerquruluşu mühəndisi Ayaz Şıxəliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən, 12.08.2004-cü il tarixli, 542 nömrəli qeydiyyat vəsiqəsinə və texniki pasporta əsasən İddiaçı1 məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsində sahəsi 64.4 kv.metr olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin koordinatları naturada üst-üstə düşür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi Fərid Bağırovun imzası ilə təsdiq edilmiş 09 oktyabr 2018-ci il tarixli, **********42 saylı məktubuna əsasən, Abşeron RİHB-in 06.09.2002-ci il tarixli, 206 saylı sərəncamı ilə İddiaçı2 ayrılmış üzərində tikili mövcud olmuş 10.0x6.0 metr torpaq sahəsi Daşınmaz Əmlakın dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində qeydiyyatdan keçmədiyi üçün koordinatların naturada üst-üstə düşməsini təyin etmək mümkün olmamışdır."xxxx" MMC-nin direktoru Ruslan Bayramovun imzası ilə təsdiq edilmiş 17 yanvar 2018-ci il tarixli, 03 saylı məktubla göndərilmiş, “Hüquq və Torpaq Məsələləri-MMC-nin mütəxəssisi, yerquruluşu mühəndisi Ayaz Şıxəliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 06.09.2002-ci il tarixli, 206 saylı sərəncamı ilə İddiaçı2 ayrılmış üzərində tikili mövcud olmuş 10.0x6.0 metr torpaq sahəsinin koordinatları (döngə nöqtələri) naturada üst-üstə düşür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi Fərid Bağırovun imzası ilə təsdiq edilmiş 09 oktyabr 2018-ci il tarixli, **********42 saylı məktubuna əsasən, iddiaçılar İddiaçı1 adına qeydiyyat vəsiqəsi verilmiş qeyri-yaşayış binası aşkar olunmadığından, mövcud ünvanla naturada təyin etmək mümkün olmadığı üçün və qeyri-yaşayış binasının texniki pasportunda yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları olmadığı üçün və İddiaçı2 Abşeron RİHB-in 06.09.2002-ci il tarixli, 206 saylı sərəncamı ilə ayrılmış üzərində tikili mövcud olmuş 10.0x6.0 metr torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində qeydiyyatdan keçmədiyi üçün müdaxilə olubolmadığını təyin etmək mümkün olmamışdır. Məhkəmə hesab etmişdir ki, iş materiallarına əsasən iddiaçıya məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsində sahəsi 62,4 kv.m olan qeyriyaşayış binası göstərilən torpaq sahəsində aşkar olunmamışdır, yerində çoxmərtəbəli, çoxmənzilli yaşayış binası timkilmişdir və binada hal-hazırda yaşayış mövcuddur. İddiaçıya məxsus olmuş qeyri-yaşayış binası aşkar olunmadığından, mövcud ünvanla naturada təyin etmək mümkün olmadığı üçün iddiaçıya məxsus qeydiyyat vəsiqəsinin həmin sahəyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Abşeron RİB-nın 06.09.2002-ci il tarixli, 206 saylı sərəncamı ilə İddiaçı2 ayrılmış üzərində tikili mövcud olmuş 10x6 metr torpaq sahəsi DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsində qeydiyyatdan keçmədiyi üçün koordinatların naturada üst-üstə düşməsini təyin etmək mümkün olmamışdır. Bundan başqa cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, cavabdeh ona ayrılmış torpaq sahəsində lazımi icazələr almaqla qanunvericiliyin tələblərinə müvafiq olaraq tikinti işləri aparmışdır, ona görə də cavabdeh tərəfindən tikilmiş bina özbaşına tikili hesab edilə bilməz. Beləliklə məhkəmə hesab etmişdir ki, iddiaçıların tələblərinin əsaslı olması sübut olunmadığından onlara məxsus olmuş tikilinin yerində cavabdeh tərəfindən inşa edilmiş binanın sökülməsi, emalatxananın və maşınlara texniki xidmət obyektinin cavabdehin hesabına bərpa edilərək onların qanuni sahibliyinə qaytarılması tələbləri təmin edilə bilməz. Bundan başqa əsas tələb təmin edilmədiyindən həmin tələblərlən irəli gələn əldən çıxmış fayda və mənəvi ziyanın ödənilməsi hissəsində də iddia tələbi təmin edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. İddiaçı tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, İddiaçı2 07.09.2021-ci il tarixdə vəfat etmişdir. Məhkəmə kollegiyası tərəfindən İddiaçı1 onun hüquqi varisi kimi tanınmışdır. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasının iclasında üçüncü şəxs kimi cəlb edilmiş Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı təmin edilmiş və o, bildirmişdir ki, həmin ərazidə obyektlər olub. Amma həmin obyektlərin cavabdehin tikinti apardığı ərazi ilə üst-üstə düşüb-düşməməsi məsələsi mübahisəlidir. Cavabdeh və üçüncü şəxs tərəfindən məhkəmə kollegiyasına təqdim olunmuş sənədlərdən surətindən görünür ki, cavabdeh tərəfindən mübahisəli sahədə qanunvericiliyin tələblərinə əsasən tikinti işləri aparılmışdır. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Rayon İcra Hakimiyyətinə ünvanlanmış 06.11.2012-ci il tarixli məktubundan görünür ki, komitə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, Qalubiyyə küçəsində yerləşən qazanxana binasının ərazisində yeni uşaq bağçası-körpələr evinin inşa ediləcəyi nəzərə alınaraq qeyd olunan qazanxana binasının "xxxx" ASC-nin razılığı əsasında mövcud qanunvericiliyə uyğun Abşeron Rayon İcra hakimiyyətinin balansına verilməsinə etiraz etmir. "xxxx" ASC-nin 20.05.2013-cü il tarixli məktubundan görünür ki, Xırdalan şəhərində istilik təchizatı sistemlərinin bərpası və yenidənqurulması layihələrinin icrası üçün müvafiq sahələr ayrılmaqla ləğv edilmiş mərkəzi qazanxananın ərazisindən Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarında müəyyən edilmiş qaydada şəhərin sosial iqtisadi inkişaf proqamına uyğun olaraq təyinatı üzrə istifadə olunmasına etiraz edilmir. Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və tikinti şöbəsinin "xxxx" MMC-nin müraciətinə əsasən sahibkarlıq tikinti məqsədilə torpaq sahəsinin ayrılmasına dair 252 saylı, 01 noyabr 2013-cü il tarixli rəyindən görünür ki, göstərilən şərtlər daxilində təqdim olunmuş mövqe planına uyğun olaraq Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən, istismara yararsız vəziyyətdə olduğu üçün "xxxx" ASC tərəfindən sökülmüş qazanxananın yerləşdiyi 0,32 ha torpaq sahəsinin Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tələblərinə uyğun sahibkarlıq-tikinti məqsədi ilə "xxxx" MMC-yə icarə qaydasında ayrılmasına etiraz edilmir. Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti başçısının 690 saylı, 08.11.2013-cü il tarixli sərəncamından görünür ki, "xxxx" MMC-nin rəhbərliyi X5 saxlanılmış torpaqdan tikinti məqsədilə 0,3265 ha torpaq sahəsi ayrılması üçün Abşeron rayon İHB-na müraciət etmişdir. Komissiya vasitəsilə istənilən torpağa baxış keçirilərkən sözügedən torpaq sahəsinin Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci Qalubiyyə küçəsində yerləşən "xxxx" ASC-nin bilavasitə istifadəsində olması müəyyən edilmişdir. Azərbaycan Respublikası ƏMDK-nin 06.11.2012-ci il tarixli məktubu ilə Abşeon rayonu, Xırdaln şəhəri, 27-ci məhəllə, Qalubiyyə küçəsində yerləşən qazanxana binasının ərazisində yeri uşaq bağçası-körpələr evinin inşa ediləcəyini nəzərə alaraq Azəpbaycan Respublikası Prezidentinin 06.06.2007-ci il tarixli, 586 saylı Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı» və qüvvədə olan digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada müraciətdə qeyd olunan qazaxana binasının "xxxx" ASC-nin razılığı əsasında mövcud qanunvericiliyə uyğun olaraq Abşeron rayon İcra hakimiyyətinn balansına verilməsinə etiraz edilmədiyi bildirilmişdir. Qeyd edilənlərə əsasən Abşeron rayonunun X6 Fondunda saxanılmış torpaqlardan tikinti məqsədilə 0,3265 ha torpaq sahəsinin 99 (doxsan doqquz) il müddətinə icarə qaydasında "xxxx" MMC-y ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq edilmiş, hüquqi şəxsə torpaq üzərində hüququn qeyd alınmasını Azərbaycan Respublkasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Abşeron ərazi idarəsi vasitəsilə təmin edilməsi tapşırılmışdır. Bundan başqa Abşeron rayonu, İHB-nın 27.05.2014-cü il tarixli, 250 saylı sərəncamına əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə ərazisində tikintisi nəzərdə tutulmuş 2 girişli, 16 mərtəbəli yaşayış binasının inşaat pasportu tərtib edilmişdir. 11.12.2013-cü il tarixli ayrıca aktı tərtib edilmiş, müvafiq orqanların razılığı alınmışdır. Beləliklə qeyd olunan sənədlərdən müəyyən olunur ki, cavabdeh mübahisəli torpaq sahəsini qanunla müəyyən olunmuş qaydada və sənədlər əsasında əldə edərək orada tikinti işləri aparmışdır. İddiaçı ona məxsus obyektlərin cavabdeh tərəfindən söküldüyünü bildirsə də bu, iş materialları ilə təkzib olunur. Belə ki, məhkəmə kollegiyasının iclasında iddiaçı ona məxsus obyektin 2007-ci ildə söküldüyünü iddia etmiş, cavabdehə isə torpaq sahəsi 2013-cü ildə icarəyə verilmişdir. Yəni cavabdehin 2013-cü ildə ona verilmiş torpaq sahəsində 2007-ci ildə söküntü işləri aparması məntiqə uyğun deyil. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı cavabdeh tərəfindən ona məxsus torpaq sahəsində inşa edilmiş binanın sökülməsini, emalatxananın və maşınlara texniki xidmət obyektinin cavabdehin hesabına bərpa edilərək qanuni sahibliyinə qaytarılması, əldən çıxmış faydaya görə və mənəvi zərərin əvəzi kimi pul kompensasiyasının ödənilməsini xahiş etsə də cavabdehə torpaq sahəsinin ayrılmasına dair sənədləri mübahisələndirməmişdir və həmin sənədlər hazırda qüvvədədir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbində göstərdiyi halları sübuta yetirə bilməmiş, buna dair hər hansı sübutları təqdim etməmişdir. Məhkəmə kollegiyası hazırkı mübahisəyə də məhz sübutetmə aspektindən yanaşaraq qeyd etmişdir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. “İnsan Hüquqlarının və X2 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün N.Məmmədovanm şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bundan başqa müəyyən edilmişdir ki, apellyant apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etsə də şikayəti əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Apellyasiya şikayətində qeyd edilən dəlillərə məhkəmə qətnaməsində araşdılırılaraq qiymət verilmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, apelyasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Abşeron Rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli, 2(012)-1613/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-926/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-926/2022
31.05.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver