Məhkəmə qərarları › İş №2(105)-929/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-929/2024

23.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-929/2024 23.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi , İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2(060)-1126/2024 nömrəli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək iddiaçıya məxsus (abonent kodu **********10770) Sumqayıt şəhəri, yat-2, Dostluq küçəsində yerləşən 8/77 saylı mənzilə Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş ******* saylı akt əsasında hesablanmış 2073,60 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə özünə məxsus Sumqayıt şəhəri, yat-2, Dostluq küçəsində yerləşən 8/77 saylı mənzilində yaşayır. Cavabdeh İB tərəfindən xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, yat-2, Dostluq küçəsində yerləşən 8/77 saylı mənzilnə ******* saylı akt tərtib olunmuşdur. Həmin aktda sayğacın çıxış plastmas borusunun deşildiyi, xətaların normadan artıq olduğu, sayğacın minimal sərfiyyatda -100% nisbi xətayla işlədiyi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyindən sayğac istismara yararsız hesab edilmişdir. Həmin akt əsasında 2073,60 manat cərimə yazılmışdır. Həmin akt əsasında yazılmış borcla razı olmadığına görə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Sumqayıt Şəhər Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2(060)-1126/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh İB tərəfindən İddiaçı məxsus (abonent kodu **********10770) Sumqayıt şəhəri, yat-2, Dostluq küçəsində yerləşən 8/77 saylı mənzilə tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixdə tərtib olunmuş ******* saylı akt əsasında hesablanmış 2073,60 manat borcun silinməsi və iddianın verilməsinə görə ödənilməli olan 40,74 manat dövlət rüsumunun əvəzi Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Elmir Hüseynov). Qətnamədən narazı qalan Cavabdeh İB apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2(060)-1126/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində Cavabdeh Sumqayıt QİS-nin əməkdaşları İddiaçı yaşadığı ünvan 1 ünvanında sayğaca baxış keçirərkən məlum olmuşdur ki, sayğacın çıxış plastmas borusu deşilmişdir. Xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyatda -100% nisbi xətayla işləyir. Hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. Bununla bağlı xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nə göndərilmişdir. xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən Sumqayıt QİS-nin əməkdaşları tərəfindən Dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək İddiaçı Sumqayıt QİS-nin abonent bazasındakı **********10770 nömrəli abonent koduna 17280 m³ – 2073.60 (iki min yetmiş üç manat altmış qəpik) məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Abonent İddiaçı abonent koduna hesablanmış 2073.60 (iki min yetmiş üç manat altmış qəpik) manat itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin və ona etirazın dəlillərini araşdıraraq, tərəflərin izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, sayğacın çıxış plastmas borusunun deşildiyi, xətaların normadan artıq olduğu, sayğacın minimal sərfiyyatda -100% nisbi xətayla işlədiyi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyindən sayğac istismara yararsız hesab edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına barədə tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi 4 m³/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın həcmi 17280 m³ müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, sayğacın çıxış plastmas borusunun deşildiyi, xətaların normadan artıq olduğu, sayğacın minimal sərfiyyatda - 100% nisbi xətayla işlədiyi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyindən sayğac istismara yararsız hesab edilmişdir. Bu əsasla ******* saylı xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuşdur. Həmin akt əsasında 2073,60 manat cərimə hesablanmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı fiziki şəxs olmaqla, eyni zamanda məişət qaz qurğusundan istifadə etdiyindən, qanunvericiliyin tələblərinə əsasən qaz sayğacının saz vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşımır. Ona görə də birinci instansiya məhkəməsi sayğacın çıxış plastmas borusunun deşildiyi, xətaların normadan artıq olduğu, sayğacın minimal sərfiyyatda -100% nisbi xətayla işlədiyi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyindən sayğac istismara yararsız hesab edildiyinə görə hesablanmış vəsaitin iddiaçıdan tutulmasını əsaslı hesab etməmişdir. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-ci bəndində qeyd edilir ki, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci bəndində qeyd edilir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndində qeyd edilir ki, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”-nın 3.1.3-cü bəndində qeyd edilir ki, qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı fiziki şəxs olmaqla, eyni zamanda məişət qaz qurğusundan istifadə etdiyindən, qanunvericiliyin tələblərinə əsasən qaz sayğacının saz vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşımır. Habelə sayğacın nasaz vəziyyətə düşməsinin iddiaçının təqsirindən baş verməsi iş materialları, cavabdehin dəlil və sübutları ilə təsdiq olunmur. Belə ki, cavabdeh tərəfindən sayğacın iddiaçının təqsiri ucbatından yararsız vəziyyətə düşməsi barədə sübutlar məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırması zamanı da bu hal öz təsdiqini tapmamışdır. Bundan əlavə, cavabdeh tərəf sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edən hər hansı bir tutarlı sübut məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun sübut müvafiq Aktdır ki, həmin Akt isə cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş, iddiaçı və ya qeyd edilən evdə yaşayan digər şəxslər tərəfindən imzalanmamışdır. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gəldiyindən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2(060)-1126/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar