Məhkəmə qərarları › İş №2(105)-93/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-93/2021

17.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-93/2021 17.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı1 qəyyumu İddiaçı2, Cavabdeh1 hüquqi varisi X2 nümayəndə və vəkili X8 iştirakı ilə, İddiaçı1 qəyyumu İddiaçı2 Cavabdeh1 qarşı mirasın qəbulu müddətinin ötürülməsinin üzürlü sayılaraq uzadılması və qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamələrin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8702/2018 saylı, 10 dekabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli, 2(060)-8702/2018 saylı qətnaməsi ilə İddiaçı1 qəyyumu İddiaçı2 (bundan sonra iddiaçı) Cavabdeh1 (bundan sonra cavabdeh), üçüncü şəxslər Sumqayıt “Asan” Xidmət Mərkəzi notariat kontoru və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə (bundan sonra üçüncü şəxslər) qarşı mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılaraq uzadılması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışın ləğv edilməsi barədə iddiası təmin edilmiş, cavabdehin adına verilmiş 02 mart 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında Sumqayıt şəhəri, 10-cu mikrorayon, 9 saylı evin 47-ci mənzilinə dair cavabdehin adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışın ləğv edilməsi, mərhum Əliİddiaçı2 miras qalmış “xxxx” QSC-nin Sumqayıt filialında cari hesabda olan 288,23 ABŞ dolları, əmanət hesabında olan 21.000 ABŞ dolları pulun və Sumqayıt şəhəri, 10-cu mikrorayon, 9 saylı evin 47-ci mənzilindən mərhum Əliİddiaçı2 məxsus olan hissənin iddiaçı tərəfindən miras kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü hesab edilməklə uzadılması qət edilmişdir (sədrlik edən T.N.Mahmudova). Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 11 aprel 2019-cu il tarixli, 2(105)-1308/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli, 2(060)-8702/2018 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməmişdir. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5831/2019 saylı, 08.10.2019-cu il tarixli Qərarı ilə İddiaçı1 qəyyumu İddiaçı2 kassasiya şikayəti təmin edilmiş, iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi mülki kollegiyasının 11 aprel 2019-cu il tarixli, 2(105)-1308/2019 saylı qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qət edilmişdir. İŞİN H A L L A R İ: İddiaçı1 qəyyumu İddiaçı2 iddia ilə məhkəməyə müraciət edərək məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən fəaliyyət qabiliyyətsiz elan edilmiş İddiaçı1 tərəfindən 01 sentyabr 2015-ci ildə vəfat etmiş atası Dadaşov Əlihüseyn İsaq oğlundan miras qalmış ünvan 1 ünvanda yerləşən 47 saylı mənzilin və “xxxx” qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialında cari hesabında olan 288,23 ABŞ dolları və əmanət hesabında olan 21.000,00 ABŞ dolları məbləğində pulun-miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin onun psixi xəstəliyi və stasionar müalicədə olması səbəbindən üzrlü sayılması və uzadılması, habelə Sumqayıt “ASAN” Xidmət Mərkəzinin notariat kontoru tərəfindən Cavabdeh1 adına verilmiş 02 mart 2016-cı il tarixli, 2v-159 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi, göstərilən miras əmlaklar üzərində İddiaçı1 miras payının mirasın ¼ hissəsi həcmində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı1 onun doğma qardaşıdır. İddiaçı1 05.04.2003-cü il tarixdən hal-hazıra kimi “Şizofreniya paranoid forma” diaqnozu ilə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında stasionar müalicədədir, öz hərəkətlərini idarə edə bilmir və onların mənasını dərk etməyə qadir deyildir. Sumqayıt Şəhər Məhkəməsinin 16 fevral 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 30 may 2018-ci il tarixli sərəncamı ilə o, qardaşı İddiaçı1 üzərində qəyyum təyin edilmişdir. Onların ataları Dadaşov Əlihüseyn İsaq oğlu 01 sentyabr 2015-ci ildə ölmüş və atalarından Sumqayıt şəhəri, 10-cu mikrorayon, 9 saylı evin 47 saylı mənzili və “xxxx” qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialında cari hesabında olan 288,23 ABŞ dolları və əmanət hesabında olan 21.000,00 ABŞ dolları məbləğində pul miras qalmışdır. Məhrum vəsiyyətnamə qoymamış və qanun üzrə vərəsəlik hüququ yaranmışdır. Mərhumun qanun üzrə vərəsələri ikinci arvadı Cavabdeh1 və birinci nikahından olan uşaqları, yəni o və qardaşları İddiaçı2, X4r. Dadaşov Əlihüseyn İsaq oğlu vəfat etdikdən sonra aralarında razılıq olmuşdur ki, miras qalmış əmlak bütün vərəsələr arasında bərabər bölünsün. Cavabdeh1 onları aldatmış, onlara mirasın qəbulunun yalnız 6 ay müddət keçdikdən sonra mümkün olacağını bildirmiş, mirasın qəbulu üçün özü notariat kontoruna ərizə vermiş və özünü mərhumun yeganə vərəsəsi kimi göstərərək başqa vərəsələrin olduğunu notariusdan gizlətmişdir. Cavabdeh1 onları aldadaraq bütün miras əmlaka dair yeganə qanun üzrə vərəsə kimi 02 mart 2016-cı il tarixdə (mərhumun ölümündən 6 ay keçdikdən sonra) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. İddiaçı1 qəyyumu İddiaçı2 iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmənin qanunu qüvvəyə minmiş qətnaməsinə əsasən fəaliyyət qabiliyyətsiz elan edilmiş İddiaçı1 tərəfindən 01 sentyabr 2015-ci ildə vəfat etmiş atası Dadaşov Əlihüseyn İsaq oğlundan miras qalmış əmlakın, yəni ünvan 1 ünvanda yerləşən ümumi birgə mülkiyyətdə olan, sahəsi 33,5 kv.metr olan 47 saylı mənzilin mərhuma məxsus hissəsinin və “xxxx” qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialında cari hesabında olan 288,23 ABŞ dolları və əmanət hesabında olan 21.000,00 ABŞ dolları məbləğində pulun qəbul edilməsi müddətinin ötürülməsinin onun psixi xəstəliyi və stasionar müalicədə olması səbəbindən üzrlü sayılaraq uzadılması, habelə Sumqayıt “ASAN” Xidmət Mərkəzinin notariat kontoru tərəfindən Cavabdeh1 adına verilmiş 02 mart 2016-cı il tarixli, 2V-159 və 2V-160 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında ünvan 1 ünvanda yerləşən 47 saylı mənzilə dair Cavabdeh1 adına verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 hüquqi varisi X2 nümayəndə və vəkili X12 apelyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərmişdir ki, miras qoyan, yəni mərhum Dadaşov Əlihüseyn İsaq oğlu 2015-ci il tarixdə vəfat etmişdir və həmin tarixdən sonra iddiaçı ilə cavabdeh arasında dəfələrlə məhkəmə mübahisələri olmuş və İddiaçı2 bütün məhkəmə proseslərini uduzmuşdur. Belə ki, qeyd olunduğu kimi mərhum vəsiyyətnamə qoymadığı üçün onun vəfatından sonra 4 nəfər qanun üzrə vərəsə müəyyən olunmuşdur ki, bunlar - mərhumun arvadı, yəni müvəkkilinin bacısı Cavabdeh1 və onun birinci nikahından olan oğulları İddiaçı1, X7 və İddiaçı2dur. Cavabdeh1 ilə İddiaçı2 arasında belə bir razılaşma olmuşdur ki, Cavabdeh1 miras qalmış 21.000 ABŞ dolları məbləğində puldan İddiaçı2 icazəsi ilə 6.000 manatını, yəni 3.743 ABŞ dollarını öz müalicəsi üçün götürmüş və qalan 17.545 ABŞ dolları məbləğində pulu qardaşları ilə bölmək üçün İddiaçı2 vermişdir ki, bir daha mirasla bağlı iddiaları olmasın. Hətta hazırkı iş üzrə iddiaçının qardaşı X7 da mirasdan öz payını almışdır. Lakin Hüseyn sonradan ev bölgüsü barədə iddia qaldırmış, cavabdeh də verilən 17.545 ABŞ məbləğində pulu qaytarmasını və yalnız ondan sonra evin bölünməsinə razı olacağını bildirmiş, İddiaçı2 isə ona pul verilmədiyini bildirmişdir. Lakin İddiaçı2 əvvəlki vəkili Mircəlal Fətullayev bu faktı İddiaçı2 cavabdeh ona qarşı Sumqayıt Şəhər Məhkəməsində vərəsəlik üzrə payların müəyyən olunmasına dair iddiasının müdafiəsi zamanı etiraf etmiş və onun bu etirafı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4705/2016 saylı, 25.05.2016-cı il tarixli qətnaməsi ilə iddiası təmin edilməmişdir. Həmçinin Sumqayıt Şəhər Məhkəməsinin 25.05.2016-cı il tarixli qətnaməsində də İddiaçı2 qardaşlarının paylarını aldığını qeyd etmişdir. Artıq heç bir əlacı qalmayan İddiaçı2 qardaşından istifadə edərək özünü onun qəyyumu təyin etdirmiş və yenidən mərhum cavabdehə qarşı iddia qaldırmışdir. İddiaçı1 xəstədir və atasının ölümündən məlumatsız ola bilər, lakin İddiaçı2 bu barədə məlumatlı ola-ola qəyyum təyin olunması üçün müraciət etmişdir ki, bu da üzrlü səbəb kimi qəbul oluna bilməz. Halbuki İddiaçı2 atasının ölümündən dərhal sonra qardaşının qəyyumu olmaq üçün müraciət edərək iddia qaldıra biləcəyi halda bunu etməmişdir. Beləliklə də İddiaçı2 mirasın qəbul etdiyi vaxtının ötdüyünü bilə-bilə üzrsüz olaraq müraciət etməmişdir. İddiaçı tərəfi isə qeyd edir ki, mirasın qəbulu müddətinin ötürülməsi üzrlü sayılmalıdır. Halbuki mərhum 2015-ci ildə ölmüşdür və həmin zamandan sonra da İddiaçı2 məhkəməyə müraciət edərək mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü hesab edilməsini xahiş etmiş, lakin iddiası təmin edilməmişdir. Vərəsəlik açılan zaman və hətta ondan öncə də İddiaçı2 qardaşı xəstəxanada müalicədə idi. Belə ki, 2013-cü ildən hazırki vaxta kimi isə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında stasionar müalicədədir. Göründüyü kimi hazırda da eyni vəziyyətdir və onun psixikasında heç bir dəyişiklik yoxdur. Məlum məsələdir ki, şizofreniya xəstəliyi sağalmazdır və İddiaçı2 qardaşının sağalmayacağını bilirdi və həmin zaman öz hüquqlarını da müdafiə edərkən qardaşının qəyyumu təyin olunaraq onun hüquqlanı da müdafiə edə bilərdi. Halbuki İddiaçı2 bunu etməmiş və hal-hazırda öz imkanlarından istifadə edərək heç nə əldə edə bilmədiyinə görə indi də xəstə qardaşının hüquqlarını müdafiə edir. Həmçinin məhkəmə proseslərində iddiaçı qardaşlarının da payını aldığını özü etiraf etmişdir. İddiaçı2 iddiası təmin olunsa və mirasın qəbulu müddətinin ötürülməsi üzrlü hesab olunsa belə iddiaçı ona çatası miras payı və pulları qardaşı üçün xərcləməyəcək, öz qardaşının payını da mənimsəyəcək, ona görə də iddianı əsassız hesab edir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli, 2(060)-8702/2018 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili X9 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərmişdir ki, mübahisə 2018-ci ildən əvvəl başlayıb. İşin mahiyyəti ondan ibarətdir ki, vəfat etmiş miras əmlak sahiblərindən biri - Cavabdeh1 əmlakı vaxtilə lazım olmayan qaydada qəbul etmişdir. Özünü vəfat etmiş ərinin yeganə varisi kimi göstərərək vərəsəlik şəhadətnaməsi əldə etmiş və xeyli miqdarda əmlakı yalnız özünün sərəncamına keçirmişdir. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsindən iş qayıdandan sonra Cavabdeh1 vəfat etmiş və onun həmin mübahisəli ünvanda yaşamayan, rayonda qeydiyyatda olan bacısı vərəsə kimi işə daxil edilmidir. Hazırda himayədə olan İddiaçı1 ruhi xəstədir, hələ atası vəfat etməmişdən əvvəl stasionar müalicə alırdı. Qardaşı hazırda onun qəyyumudur. Ali Məhkəmənin qoyduğu məsələ İddiaçı1 nəzərən vəziyətin tamamilə əvvəlki vəziyyətə qaytarılmasıdır. Yəni onun miras əmlakda payı var idi. Miras əmlakın qəbulunda iştirak etməli olan şəxs kimi onun mənafeyi pozulmuşdur. İlham sağdır, onun hüquqları bərpa olunmalıdır. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8702/2018 saylı, 10 dekabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçının qəyyumu İddiaçı2 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8702/2018 saylı, 10 dekabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZ-İİ 025184 saylı, 11 yanvar 2020-ci il tarixl ölüm haqqında şəhadətnamənin surətindən göruünür ki, Cavabdeh1 28 noyabr 2019-cu il tarixdə vəfat etmişdir. Azərbaycan Ədliyyə Nazirliyi Sumqayıt şəhəri, 1 saylı notariat ofisinin 08.06.2020-ci il tarixli 457 saylı məktubundan müəyyən olunmuşdur ki, Cavabdeh1 26.02.2019-cu il tarixdə ünvan 1, 47 saylı mənzili X3 vəsiyyət etmişdir. Digər vərəsələr barədə heç bir məlumat yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası tərəfindən X1 Xalidə Gülhəsən qızının hüquqi varisi qismində cəlb edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, 9 saylı evin 47 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında Dadaşov Əlihüseyn İsaq oğlunun adına 17 iyun 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 242 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Dadaşov Əlihüseyn İsaq oğlu 01 sentyabr 2015-ci il tarixdə ölmüşdür. Müəyyən edilmişdir ki, iddiaçının atası, cavabdehin əri Əliİddiaçı2 01 sentyabr 2015-ci il tarixdə vəfat edib, sonuncunun ölümündən sonra ondan Sumqayıt şəhəri, 10-cu mikrorayon, 9 saylı evin 47-ci mənzilindən ona çatan hissə, eləcə də “xxxx” QSC-nin Sumqayıt filialında cari hesabda olan 288,23 ABŞ dolları və əmanət hesabında olan 21.000 ABŞ dolları miras qalıb. Bundan başqa iş materiallarından görünür ki, mərhum Əliİddiaçı2 ikinci nikahdan olan arvadı Cavabdeh1, birinci nikahdan olan uşaqları Hüseyn, Rafiq, İddiaçı1lar miras əmlaka qanun üzrə bərabər pay hüquqlu birinci növbəli vərəsələrdir. Vərəsələrdən iddiaçı 2013-cü ildən hazırki vaxtadək “şizofreniya paranoid forma” diaqnozu ilə xəstəxanada stasionar müalicə alır və Sumqayıt Şəhər Məhkəməsinin 16 fevral 2018-ci il tarixli qətnaməsi ilə fəaliyyət qabiliyyətsiz hesab edilmiş, Sumqayıt şəhər İHB-nın 30 may 2018ci il tarixli, 125 saylı sərəncamı ilə qardaşı İddiaçı2 onun üzərində qəyyum təyin edilmişdir. İş materiallarından görünür ki, cavabdeh digər vərəsələri göstərmədən 17 oktyabr 2015-ci il tarixdə yazılı ərizə ilə notariat kontoruna müracət edərək, Sumqayıt şəhəri, 10-cu mikrorayon, 9 saylı evin 47-ci mənzilinə, eləcə də “xxxx” QSC-nin Sumqayıt filialında cari hesabda olan 288,23 ABŞ dolları və əmanət hesabında olan 21.000 ABŞ dollarına dair “qanun üzrə vərəsəlik hüququ haqqında” 02 mart 2016-cı il tarixli Şəhadətnamələr almış və həmin Şəhadətnaməyə əsasən mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə onun adına qeydə alınmmışdır. Müəyyən edilmişdir ki, sözügedən mənzilin müəyyən hissənin, habelə bank hesablarında olan pul vəsaitlərinin mərhum Əliİddiaçı2 miras qalması, sonuncunun 01 sentyabr 2015ci il tarixdə ölməsi ilə ondan miras qalmış həmin əmlaklara vərəsəliyin açılması, iddiaçının, həmçinin cavabdehin mərhum Əliİddiaçı2 qanun üzrə bərabər pay hüquqlu birinci növbəli vərəsələri olması və cavabdehin digər vərəsələri göstərmədən yazılı ərizə ilə notarit orqanına müraciət edib bütövlükdə miras əmlaklara dair “qanun üzrə vərəsəlik hüquq haqqında” Şəhadətnamələr və həmin Şəhadətnaməyə əsasən mənzilə dair mülkiyyət hüququ barədə Çıxarış alması faktları işin mübahisə olunmayan hallarıdır. İş materiallarından görünür ki, cavabdeh özü də bu faktları inkar etməmişdir. Belə ki, cavabdeh, mərhum əri Əliİddiaçı2 miras qalmış əmlaklara görə digər qardaşları ilə birgə öz aralarında bölmək üçün iddiaçının qəyyumu İddiaçı2 17.545 ABŞ dolları pul verdiyini və sonuncunun bu faktı özünün iddia tələbləri üzrə işlərə baxılarkən izahatında etiraf etdiyini və beləliklə də İddiaçı2 özünə, iddiaçıya və digər qardaşına çatan miras paylarını aldıqlarını göstərməklə iddia tələbinə etiraz etmişdir. Müəyyən edilmişdir ki, iddiaçı 2013-cü ildən hazırki vaxtadək “şizofreniya paranoid forma” diaqnozu ilə xəstəxanada məhz stasionar müalicə alır və Sumqayıt Şəhər Məhkəməsinin 16 fevral 2018-ci il tarixli qətnaməsi ilə o, fəaliyyət qabiliyyətsiz hesab edilmiş, onun üzərində Sumqayıt şəhər İHB-nın 30 may 2018-ci il tarixli, 125 saylı sərəncamına əsasən qardaşı İddiaçı2 qəyyum təyin edilmiş və bundan sonra İddiaçı2 qardaşı İddiaçı1 qəyyumu kimi 10 sentyabr 2018-ci il tarixdə hazirki iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanını ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə bərabər pay hüquqlu birinci növbədə vərəsə hesab edilirlər. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1244-cü maddəsinin tələbləriqnə əsasən ki, mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. Həmin Məcəllənin 1246-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə görə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1300-cü maddəsinə əsasən əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. Həmin Məcəllənin 1318-ci maddəsinə əsasən notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması haqqında” Təlimatın 110-cu bəndində göstərilir ki, vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında vərəsənin ərizəsində ölən qohumundan qalmış mirası qəbul etməsi (qohumluq əlaqəsi göstərilməklə) və ünvanlandığı notariat ofisinin adı, vərəsə və miras qoyanın soyadı, adı və atasının adı, onların ünvanı, mirasın açıldığı vaxt göstərilməli, digər vərəsələrin miras açılanadək yaşayış yeri sadalanmalıdır. Hazırki işdən görünür ki, nəinki notariat orqanı mirasın açıldığı yerdə olmayan iddiaçının axtarılması üçün hər hansı tədbirlər görmüş, heç cavabdehin özü də iddiaçının xəstə olduğunu bildiyi halda onun olduğu yerin müəyyənləşdirilməsi və onun vərəsəliyə çağırılması üçün heç bir ağalabatan tədbirlər görməmişdir. Əksinə, notariat orqanına verdiyi ərizəsində digər vərəsələrin olmasını ümumiyyətlə gizlətmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə görə məhkəmə icraatı ilk növbədə həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 29-cu maddəsinin 5ci hissəsinə görə Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibparsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. «Daşınnmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Beləliklə məhkəmə sadalanan maddi hüquq normalarının tələblərinə uyğun olaraq iddia tələbinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddia təmin olunmalı, Sumqayıt “ASAN” Xidmət Mərkəzinin notariat kontoru tərəfindən Cavabdeh1 adına verilmiş 02 mart 2016-cı il tarixli, 2v-159 və 2v-160 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməli və həmin şəhadətnamə əsasında ünvan 1 ünvanda yerləşən 47 saylı mənzilə dair Cavabdeh1 adına verilmiş mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməli, mərhum Dadaşov Əlihüseyn İsaq oğlundan miras qalmış “xxxx” qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialında cari hesabında olan 288,23 ABŞ dolları, əmanət hesabında olan 21.000 ABŞ dolları pulun və ünvan 1 ünvanda yerləşən ümumi birgə mülkiyyətdə olan, sahəsi 33,5 kv. metr olan 47 nömrəli mənzilin mərhuma məxsus hissəsinin İddiaçı1 tərəfindən miras kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunmaqla uzadılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni haqlı hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğu üçün təmin oluna bilməz. İş materiallarından görünür ki, cavabdeh apelyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmişdir. Apelyasiya şikayətində qeyd olunan dəlillər məhkəmə tərəfindən araşdırılaraq ona hüquqi qiymət verilmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli, 2(060)-8702/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar