Məhkəmə qərarları › İş №2(105)-930/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-930/2021

07.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-930/2021 07.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-654/2020 saylı, 23 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-654/2020 saylı, 23 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim İlkin Xəlilov) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)-654/2020 saylı, 23 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh1 ilə Cavabdeh2 arasında 10.11.2019-cu il tarixdə bağlanmış AN-1 ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair, həmçinin 20(iyirmi) manat rüsum kimi ödədiyi və 100 (yüz) manat hüquqi yardıma görə ödədiyi pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, Xaçmaz Rayon Məhkəməsinin 07 iyul 2019-cu il tarixli, 2(067)1221/2019 saylı qətnaməsi ilə Xaçmaz rayonun Qaracik Zeyid kəndində yerləşən Cavabdeh1 ilə birgə nigah dövründə əldə edilmiş 0.74 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin L hissəsi onun və X hissəsi Cavabdeh1 olmaqla aralarında bərabər bölünmüşdür. Həmin qətnamədən tərəflərin verdiyi apellyasiya şikayətinə baxılan zaman məlum olmuşdur ki, cavabdeh Yaşar Balabəy oğlu məhkəmə qətnaməsi ilə aralarında bölünmüş 0.74 ha torpaq sahəsinə yeni ailə qurduğu arvadı X4 qardaşı Quba rayonu, Dağlı kəndində yaşayan Cavabdeh2 ilə uydurma alqı-satqı müqaviləsi bağlamaqlahəmin torpaq sahəsini özgəninkiləşdirmişdir. Hamıya məlumdur ki, həmin alqı-satqı müqaviləsi formal xarakter daşıyır və məhkəmə qətnaməsinin icrasına maneəçilik törətmək üçün bağlanılıb. Mübahisəli 0.74 ha torpaq sahəsini 07 noyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə birgə nikah dövründə kənd sakinləri Gülbahar, Elməddin və Gülməddin Zahirovlardan 10000 manat ödəməklə satın almışdır. Hazırda həmin torpaq sahəsinin bazar qiyməti 15000 manat olduğu halda 4000 manata satılmasına dair uydurma alqı-satqı müqaviləsi bağlanmışdır ki, bu da həmin əqdin uydurma olduğuna dəlalət edir. Bundan əlavə satıcı Yaşar Balabəy oğlu ilə 30.04.2019-cu il tarixdə Xaçmaz rayon qeydiyyat şöbəsində nikah qeyd etdirməklə ailə qurmuş alıcının bacısı X7 həmin 0.74 ha torpaq sahəsinin satılmasına dair razılığını bildirməklə notarial kontoruna ərizə verərkən yaxşı bilirdi ki, həmin torpaq sahəsi Yaşarın əvvəlki arvadı, yəni onunla 2017-ci ildə birlikdə alınmış sahədir və həmin sahə məhkəmə qətnaməsi ilə aralarında bölünmüşdür. Afət Şahin qızının qardaşı alıcı Cavabdeh2 da Yaşar Balabəy oğlunun onunla məhkəmə çəkişmələrindən yaxşı xəbərdar olmuşdur və 0.74 ha torpaq sahəsinin Yaşar ilə aralarında bölünməsindən xəbərdar olmuşdur, bilə-bilə uydurma alqı-satqı müqaviləsi imzalamışdır. Quba rayonunun ucqar kəndində yaşayan “alıcı” Cavabdeh2 Xaçmaz rayonun Qaracik Zeyid kəndində 0.74 ha torpaq sahəsi satın alması inanılmazdır və heç bir məntiqə uyğun gəlmir. Alıcı Cavabdeh2 həmin torpaq sahəsinin harada yerləşməsindən bixəbərdir və heç vaxt həmin torpaq sahəsində görünməmişdir. Açıq-aydın görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 10 noyabr 2019-cu il tarixli 0.74 ha torpaq sahəsinin alqısatqısına dair müqavilə uydurma müqavilədir, ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış müqavilədir. 10 noyabr 2019-cu il tarixli AN-1- 0814233 saylı 0.74 ha torpaq sahəsinin alqı satqısına dair müqavilənin uydurma müqavilə olduğunu cavabdehlər Cavabdeh1 Balabəy oğlu və Cavabdeh2 yaxşı bilirdilər və bilə-bilə məhkəmə qətnaməsi ilə aralarında bölünmüş 0.74 ha torpaq sahəsini və məhkəmə qətnaməsinin icrasına maneəçilik törətmək məqsədilə uydurma müqavilə bağlamışlar. Belə ki, yaşadığı Xaçmaz rayonun Qaracik Zeyid kəndi balaca bir kənddir. Həmin kənddə yaşayanların əksəriyyətinin bir-birinə qohumluqları çatır. Ona görə də Cavabdeh1 Balabəy oğlu ilə baş tutan məhkəmə prosseslərindən hamı xəbərdardır, o cümlədən Yaşar Balabəy oğlu ilə 30.04.2019-cu il tarixdə nikah qeyd etdirməklə ailə qurmuş notariusda razılıq ərizəsi verən yeni arvadı X7 və onun qardaşı Cavabdeh2 da yaxşı bilmişlər ki, mübahisəli 0.74 ha torpaq sahəsi Yaşar ilə aralarında məhkəmə qətnaməsi ilə bərabər bölünmüşdür. Birinci instansiya məhkəmə proseslərində cavabdehlərin israrla bir-birinə qohum olmadıqlarını bildirilməsi və bir-birini müqavilə bağlayana kimi heç tanımadıqlarını bildirilməsi bir daha təsdiq edir ki, həmin müqavilə uydurma müqavilədir və 0.74 ha torpaq sahəsi olmasına dair müqavilə imzalayan Seyhun Şahin oğlu vicdansız alıcıdır. Həmçinin 2017-ci ildə həmin torpaq sahəsini Yaşar ilə birlikdə nigah dövründə 10000 manata satın aldığı 0.74 ha torpaq sahəsinin 4000 manata satılmasına dair alqı-satqı müqavilənin bağlaması bir daha təsdiq edir ki, müqavilə yalnız görünüş üçün bağlanmış saxta müqavilədir. Məhkəmə qətnaməsində qanunlardan, Ali Məhkəmə və Konstitusiya məhkəməsi plenumların qərarlarından sitatlar qeyd edərək öz qətnaməsini əsaslandırmağa çalışmışdır. Lakin qanunlara və Ali Məhkəmənin və Konstitutsiya Məhkəməsinin plenumlarında vicdanlı alıcının hüquqlarının müdafiəsini nəzərdə tutulmuşdur. Bundan əlavə vəkilin və onun son məhkəmə iclasında çıxışlarında vəsatətindən sonra Cavabdeh2 satıcı Cavabdeh1 Balabəy oğlunun qaynı olması təsdiqlənmişdir və bilə-bilə 0.74 ha torpaq sahəsinin bölünməsinə dair məhkəmə qətnaməsinin icrasına maneəçilik yaradılması məqsədi ilə uydurma əqdin bağlanması və vicdansız alıcı kimi uydurma əqdin bağlanmasında yalançı tərəf (alıcı) olması məlum olmuşdur. Alıcı hazıra kimi həmin torpaq sahəsində olmamış və harada yerləşdiyini görməmişdir. Bu çıxışında əks etdirdiyi hallar məhkəmə protokoluna qeyd edilməmişdir. Bu və digər hallar barəsində iclas protokolunda qeydlər yazılmaqla Xaçmaz Rayon Məhkməsinə təqdim edilmişdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-654/2020 saylı, 23 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Seyhun Yaşarın qaynıdır və onunla bağlanmış alqı-satqı müqaviləsi formal xarakter daşıyır. Torpaq sahəsi 2017-ci ildə 10000 manata alınıb, müqavilə isə 4000 manata bağlanıb. İndi də cavabdehlər çox yaxşı bilir ki, bağlanmış alqı-satqı müqaviləsi uydurma müqavilədir. Bu səbəbdən iddiaçıya 6000 manat təklif edirlər. Onlar bu təkliflə razı deyil. Çünki torpağın qiyməti hazırda 20000 manat olar. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-654/2020 saylı, 23 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 Balabeg oğlu apelyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 654/2020 saylı, 23 oktyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdiş. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 Balabeg oğlunun vəkili X8 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, birgə əmlak birgə təsərrüfat aparılaraq əldə olunan əmlakdır. Amma sözügedən torpaq sahəsi 2002-ci ildə Yaşarın atası tərəfindən alınıb. Torpaq əvvəl Yaşarın əmisinin olub. 2002-ci ildə iki qardaş arasında qeyr-rəsmi alqı-satqı olub. 2017-ci ildə alqı-satqı müqaviləsi Yaşarla əmisi arvadı Gülbahar arasında bağlanılıb. Qeyd etmək istəyir ki, müqavilə qanuni və əsaslıdır. Alqısatqı tərəflərin nikahda olmadığı dövrdə olub. Müqavilənin etibarsızlığı üçün nəzərdə tutulmuş 1 il kəsici müddət ötürülüb. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-654/2020 saylı, 23 oktyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, alqı-satqı müqaviləsi bağlanarkən əmlak həbsdə olmayıb, özgəninkiləşdirilməyib, bu və ya digər qaydada yüklülüyü olmayıb. Müqavilə qanuni formada bağlanıb. Qeyd olunanlara əsasən, apelyasiya şikayətinin təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-654/2020 saylı, 23 oktyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Xaçmaz rayonunun Qaraçaycek bələdiyyəsinin 22.04.2019cu il tarixli 32 saylı arayışından müəyyən olunur ki, Xaçmaz rayonunun Qaraçaycek sakini Cavabdeh1 mülkiyyətində olan 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin vergi pulunu 2002-2016-ci illərdə onun əvvəlki sahibi X1 yerinə bu torpaqdan istifadə etdiyi üçün qardaşı X2 ödəmişdir. 2002-ci il tarixdə X2 bu torpaqdan istifadə etmişdir. İş materiallarında olan ƏMDK-nin yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinin RX seriyalı 04.11.2019-cu il tarixli çıxarışından müəyyən olunur ki, həmin vaxt Xaçmaz rayonu Qaracik-zeyid kəndində yerləşən 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olmuşdur. İş materiallarında olan 10.11.2019-cu il tarixli AN-İ seriyalı ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, Cavabdeh1 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Cavabdeh2 4000 manata satmışdır. İş materiallarında olan ƏMDK-nin yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinin 15.11.2019-cu il tarixli çıxarışından müəyyən olunur ki, Xaçmaz rayonu Qaracik-zeyid kəndində yerləşən 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi alqı-satqı müqaviləsindən sonra tam mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydə alınmış və bu barədə **********90 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İş materiallarında olan 13.01.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Qaracik-zeyid kənd sakinidir, hazırda həmin kənddə yaşayır. İş materiallarında olan 14.01.2020-ci il tarixli qəbzlərdən müəyyən olunur ki, İddiaçı hüquqi yardma görə 100 (yüz) manat pul ödəmişdir. İş materiallarında olan 14.01.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 20 manat dövlət rüsumu ödənilmişdir. Birinci instansiya məhkəməsi mübahisə predmeti olan torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanan zaman İddiaçı və Cavabdeh1 ümumi birgə mülkiyyətində olmadığını, Cavabdeh1 və Ş.Səfərov arasında alqı-satqı müqaviləsinin bağlandığı 10.11.2019-cu il tarixdə mübahisə predmeti olan torpaq sahəsinin hüquqi statusunun İddiaçı və Cavabdeh1 birgə mülkiyyətində olmuş əmlak kimi müəyyən edilməməsini, yəni əmlakın onların birgə mülkiyyətində olan əmlak kimi daşınmaz əmlakın dövlət reystrində qeydə alınmaması, həmçinin, həmin əmlakın ər-arvadın birgə mülkiyyətində olması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olmamasını müəyyən edərək iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh1 12 noyabr 2012ci il tarixdə nikaha girmiş, tərəflər arasında nikah Xaçmaz Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli, 2(067)3033/2018 saylı qətnaməsi ilə pozulmuşdur. İş materiallarında olan (i.v.17) A430397 saylı torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Xaçmaz rayonu, Qaracik Zeyid kəndində yerləşən 0,74 ha torpaq sahəsi Xaçmaz rayon notariat kontorunun 07.11.2017-ci il tarixli, 4Ə-2583 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında olan ƏMDK-nin yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinin RX seriyalı 04.11.2019-cu il tarixli çıxarışından müəyyən olunur ki, həmin vaxt Xaçmaz rayonu Qaracik-zeyid kəndində yerləşən 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə görə, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Həmin Məcəllənin 32.3-cü maddəsinə görə, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Göründüyü kimi, İddiaçı ilə Cavabdeh1 12.11.2012-ci ildən 02.10.2018-ci il tarixədək nikahda olmuş, mübahisəli torpaq sahəsi də onların nikah dövründə, yəni 07.11.2017-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında alınmış və Cavabdeh1 mülkiyyətinə keçmişdir. Bununla da müəyyən edilir ki, mübahisəli torpaq sahəsi tərəflərin birgə nikahda olduqları dövrdə alındığından həmin əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin əmlak birgə nikah dövründə alındığı üçün iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ vardır. Hazırki işdən görünür ki, 10.11.2019-cu il tarixli AN-İ seriyalı ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Cavabdeh2 4000 manata satmışdır. Lakin mübahisəli torpaq sahəsi satılarkən torpaq sahəsi üzərində Cavabdeh1la bərabər hüquqa malik olan İddiaçı razılığı alınmamış, ümumiyyətlə ona bu barədə məlumat verilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.4-cü maddəsinə görə də ərarvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci maddəsinə görə də bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mülki Məcəllənin 225.6-cı maddəsinə görə daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Sadalanan qanunvericilik normalarına istinad edərək məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsinə dair müqavilə etibarsız sayılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, tərəflərin izahatı ilə müəyyən edilir ki, mübahisəli torpaq sahəsi 2017-ci ildə 10000 manat alınsa da, sonradan 2019-cu ildə satılarkən 4000 manata satılması, eləcə də torpaq sahəsinin Cavabdeh1 yeni həyat yoldaşı X4 qardaşı Səfərov Seyhun Şahin oğluna satılması, yəni alqı-satqıda iştirak edən şəxslərin qohum olması təsdiq edir ki, alqı-satqı müqaviləsi yalnız formal bağlanmışdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə Cavabdeh1 İddiaçı ona qarşı mübahisəli torpaq sahəsinin ½ hissədə paylara bölünməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini, mübahisəli torpaq sahəsinin ½ hissədə bölünməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini bildiyi halda 10.11.2019-cu il tarixdə alqısatqı müqaviləsi əsasında torpaq sahəsini Cavabdeh2 satmışdır. Bununla da məlum olur ki, cavabdeh mübahisəli torpaq sahəsinə dair məhkəmə mübahisəsi olduğunu bilə-bilə torpaq sahəsinin qaynı Cavabdeh2 satmışdır ki, bu da həmin müqavilənin etibarsızlığı üçün əsas hesab edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki iddia tələbi əsaslı olduğundan Cavabdeh1 ilə Cavabdeh2 arasında 10.11.2019-cu il tarixdə bağlanmış AN-1 ******* saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rusumu və hüquqi yardıma görə ödənilmiş 100 (yüz) manat pul cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, İddiaçı hüquqi yardma görə 100 (yüz) manat pul ödəməsi iş materiallarında olan 14.01.2020-ci il tarixli qəbzlərdən müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki iddia tələbi əsaslıdır və təmin edlməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinə dair bağlanmış avtomobilin alqı-satı müqaviləsinin etibarsızlığı üçün əsas olsa da, iddia tələbini təmin etməyərkən maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Bu da qətnаmənin həmin hissədə ləğvi üçün əsasdır. Belə ki, Mülki Prosessual Məcəllənin 385.1.1-ci və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası cavabdeh tərəfin mübahisəli torpaq sahəsinin cavabdehin əmisinə məxsus olması, əmisi tərəfindən cavabdehə bağışlanması barədə dəlillərinə qiymət verərək qeyd edir ki, qeyd edilən dəlil iş materialları ilə təkzib edilir. Belə ki, iş materiallarında olan (i.v.17) A430397 saylı torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Xaçmaz rayonu, Qaracik Zeyid kəndində yerləşən 0,74 ha torpaq sahəsiXaçmaz rayon notariat kontorunun 07.11.2017-ci il tarixli, 4Ə-2583 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 xüsusi mülkiyyətinə verilmişdir. Bundan başqa alqı-satqı müqaviləsi üzrə iddia müddətinin keçməsi barədə dəlilə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsi iddiaçının mülkiyyəti olduğu üçün onun bu tələbinə iddia müddəti tətbiq edilə bilməz. Mülki Məcəllənin 384.0.4-cü maddəsinə görə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti tətbiq edilmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, qətnamə ləğv edilməli, iddia tələbi yuxarıda göstərilənlərə əsasən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, hərtərəfli, qərəzsiz və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-654/2020 saylı, 23 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh1 ilə Cavabdeh2 arasında 10.11.2019-cu il tarixdə bağlanmış AN-1 ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməli, 20 (iyirmi) manat rüsum kimi və 100 (yüz) manat hüquqi yardıma görə ödənilmiş pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı Almas qızına verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-654/2020 saylı, 23 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh1 ilə Cavabdeh2 arasında 10.11.2019-cu il tarixdə bağlanmış AN-1 ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilsin. 20 (iyirmi) manat rüsum kimi və 100 (yüz) manat hüquqi yardıma görə ödənilmiş pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı Almas qızına verilsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar