Məhkəmə qərarları › İş №2(105)-931/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-931/2024

15.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-931/2024 15.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilməsi müddətinin bərpa olunması, mənzilə vərəsəlik hüququnun tanınması, mirasda payın müəyyən edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X13 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, Quba Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(027)-100/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası X7 və anası X3 varisi kimi tanınması, mirasın qəbul edilməsi müddətinin bərpa olunması, Cavabdeh adına rəsmiləşdirilmiş Quba şəhəri, Fətəlixan küçəsi 2B, blok 2, 16 saylı mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, həmin mənzilə 1/2 hissəyə onun mülkiyyətinin tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, atası X7 anası X6 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, xx xxxxx 1968-ci il tarixdə valideynlərinin birgə nikahından qardaşı Cavabdeh, 01 avqust 1969-cu il tarixdə isə özü Quba şəhərində doğulmuşdur. Atası mənzil növbəsində olmuş və onlara 13 iyul 1981-ci il tarixdə əvvəlki Qızıl Əsgər (indiki Fətəli xan) küçəsində 5 mərtəbəli yaşayış binasının 2-ci blokunda 3-cü mərtəbədə 3 otaqlı 16 nömrəli mənzil verilmiş və həmin tarixdən atası, anası, qardaşı və o həmin mənzildə yaşamışlar. 1982-ci ildə atası vəfat etmiş və həmin tarixdən sözügedən mənzildə üçü yaşamışlar. 1986-cı ildə anası da vəfat etmiş və qardaşı ilə o həmin mənzildə yaşamışlar. Göründüyü kimi o və qardaşı gənc ikən hər iki valideynlərini itirərək yetim qalmışlar. Xalaları, valideynlərinin vəfatından sonra onu böyütmüşlər. 1986-1988-ci illərdə qardaşı Cavabdeh, 1987-1989-cu illərdə özü hərbi xidmətdə olmuşdur. Hərbiyə getməzdən əvvəl Quba şəhərində Quba X2 texnikasının texnik-mexaniki ixtisası üzrə əyani təhsilə qəbul olmuş, lakin hərbi xidmətlə bağlı təhsilini yarımçıq qoyub hərbi xidmətə getmişdir. 1989-cu ildə hərbi xidmətdən qayıtdıqdan sonra təhsilini davam etdirərək 1991-ci tarixdə bitirmişdir. Təhsilini davam etdiyi müddətdə də yuxarıda qeyd etdiyi ünvanda yaşamışdır. 1992-ci ildə könüllü olaraq Quba batalyonu tərkibində Qarabağa getmişdir. X5 veteranıdır. Beləliklə, 1993-cü ilədək Quba şəhəri, Fətəlixan küçəsi 2B, blok 2 mənzil 16-da yaşamış, sonra Bakı şəhərinə köçmüş, qardaşı Ceyhun isə həmin evdə ailəsilə yaşamışdır. Hal-hazırda mənzildə heç kim yaşamır. Ceyhun da Bakıda yaşayır. Beləliklə, sözügedən mənzil valideynlərindən onlara miras qalmışdır. Lakin, mənzilin 1/2 hissəsi onun, 1/2 hissəsi isə qardaşı Ceyhunun olmasına baxmayaraq - Ceyhun müəmmalı şəkildə sui-istifadə edərək mənzili bütünlüklə öz adına keçirərək daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Hesab edir ki, qardaşı onun hüquqlarını və qanunla qorunan mənafelərini kobud şəkildə pozmuş, onun payını da özünküləşdirərək mənzili ələ keçirmişdir. Belə ki, atasının və anasının vəfatından sonra onlar həmin mənzildə yaşayıb və faktiki sahibliyi həyata keçirmişlər. Buna görə də, mənzil qanunvericiliyin tələbinə uyğun olaraq yarısı onun, yarısı isə qardaşı Ceyhuna aid olmalıdır. Qeyd edir ki, 2008-ci ilin may ayına kimi həmin mənzildə pasport qeydiyyatında olmuşdur.

3. Cavabdehin nümayəndəsi qismində vəkili Vəkil tərəfindən elektron kabinet vasitəsilə iddiaya etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddia tələbi formal və əsassız tərtib edilmişdir. MPM-nin 149.2.2-ci maddəsinin tələblərinə uyğun deyildir. 2-ci növbədə iddia müddəti ötmüsdür. Belə ki, Mülki Məcəlləyə əsasən 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 3-cü növbədə qeyd edir ki, iddia ərizəsinin hüquqi əsası yoxdur, ona görə də məhkəmə tərəfindən iddia tələbi rədd edilməlidir.

4. Quba Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(027)-100/2024 nömrəli qətnaməsi ilə (hakim Aydın Babayev) iddia tələbi təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, miras əmlak olduğu iddia edilən mənzil dövlət mənzil fonduna aid mənzil olmaqla iddiaçının valideynləri tərəfindən icarə müqaviləsi əsasında istifadə və sahiblik edilmiş, həmin mənzil iddiaçının valideynlərinin mülkiyətində olmadığından, onlar ölən an üçün miras aktivi kimi müəyyən olunması mümkünsüz olduğundan iddia tələbi təmin edilməməlidir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni xx.xx.1964-cü il tarixli Qanunla təsdiq edilmiş Mülki Məcəllənin 527, 528-ci, xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 51-ci maddəsinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 27 fevral 2024cü il tarixli, 2(027)-100/2024 nömrəli qətnaməsinin ləğv edlməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayətlərini onunla əsaslandırılmışlar ki, qardaşı hüquqlarını və qanunla qorunan mənafelərini kobud şəkildə pozmuş, onun payını da özünküləşdirərək mənzili ələ keçirmişdir. Belə ki, atasının, sonra isə anasının vəfatından sonra hər ikisi həmin mənzildə yaşamış və faktiki sahibliyi həyata keçirmişlər. Buna görə də mənzil qanunvericiliyin tələbinə uyğun olaraq yarısı onun, yarısı isə qardaşı Ceyhuna aid olmalıdır. Qeyd etmək istəyir ki, 2008-ci ilin may ayına kimi həmin mənzildə pasport qeydiyyatında olmuşdur. 08 iyul 1982-ci il tarixdən 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin tələbinə görə onun da qardaşı ilə bərabər həmin mənzilə eyni hüquqları var. Lakin, ondan razılıq alınmadan onun xəbəri olmadan cavabdeh qardaşı Cavabdeh mənzilə order almışdır. Məhkəmə qətnaməsini əsaslandırmaq üçün Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının xx.xx.2024-cü il tarixli arxiv çıxarışlarına əsalanmışdır. Belə ki, çıxarışdan görünür ki, 07 may 1993-cü il mənzil bölüşdürmə komissiyasının qərarına əsasən, Quba şəhəri, Fətəlixan küçəsi 2B, yaşayış sahəsi 46.05 kvm olan 3 otaqlı, 16 saylı mənzili valideynlərinin vəfat etməsi ilə əlaqədar, Cavabdeh adına rəsmləşdirilmiş, orderdə dəyişiklik edilmiş və 07 may 1993-cü il tarixli qərar Quba rayon İHB-nın 02 iyun 1993-cü il tarixli sərəncamı ilə təsdiq edilmişdir. Quba rayon İHB tərəfindən təsdiq olunmuş 02 iyun 1993-cü il tarixli 128 nömrəli orderin surətindən görünür ki, həmin order Quba şəhəri, Fətəlixan küçəsi 2B, yaşayış sahəsi 46.05 kvm olan 3 otaqlı, 16 saylı mənzili valideynlərinin vəfat etməsi ilə əlaqədar, Cavabdeh adına rəsmləşdirilmişdir. Məhkəmə onun razılığının olub-olmamasını araşdırmamışdır. Çünki, bu xüsusat araşadırılsaydı məlum olardı ki, cavabdeh orderi qanunsuz almışdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətlərini müdafiə edərək bildirdi ki, 1993-cü ildən həmin mənzildə qeydiyyata düşmüş, 2008-ci ildə qeydiyyatdan çıxmışdır. 2 ildir ki, küçələrdə yaşayır. Qardaşı evi satmışdır. Onun Bakı şəhərində evi olmamış, arvadına məxsus ev olmuş, həmin ev də satılmışdır.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsini səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxsin olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

12. DƏDK və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi idarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının xx.xx.2024-cü il tarixli arxiv çıxarışına əsasən 07 may 1993-cü il Quba rayon mənzil bölüşdürmə komissiyasının qərarına əsasən, Quba şəhəri, Fətəlixan küçəsi 2B, yaşayış sahəsi 46.05 kvm olan 3 otaqlı, 16 saylı mənzil valideynlərinin vəfat etməsi ilə əlaqədar Cavabdeh adına rəsmləşdirilmiş və orderdə dəyişiklik edilmişdir. Quba rayon mənzil bölüşdürmə komissiyasının 07 may 1993-cü il tarixli qərarı Quba rayon İHB-nın 02 iyun 1993-cü il tarixli sərəncamı ilə təsdiq edilmişdir və 02 iyun 1993-cü il tarixli, 128 nömrəli orderlə Quba şəhəri, Fətəlixan küçəsi 2B, yaşayış sahəsi 46.05 kvm olan 3 otaqlı, 16 saylı mənzil valideynlərinin vəfat etməsi ilə əlaqədar Cavabdeh adına rəsmləşdirilmişdir. Bundan sonra həmin order əsasında mübahisəli mənzil Cavabdeh tərəfindən özəlləşdirilmiş və mülkiyyət hüququ xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli **********74-05101-093038 reyestr nömrəli çıxarışla rəsmləşdirilmişdir. Bakı şəhəri 14 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli 4Ə656-reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən həmin mənzil X1 və onun adına xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmışdır.

13. AZ-İİ 313817 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1982-ci il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.1982-ci ildə 0076 nömrə ilə qeyd edilmişdir.

14. AZ-İİ 313818 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1986-cı il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.1986-cı ildə 0068 nömrə ilə qeyd edilmişdir.

15. Quba regional “Asan Xidmət” mərkəzində notariat kontorunun 829 nömrəli məktubundan görünür ki, iddiaçı valideynlərindən qalmış mirası qəbul etmək və vərəsəlik hüququ haqqında şəhadətnamənin ona verilməsi haqqında etdiyi müraciətinə əsasən, ona mirasın qəbuletmə müddətinin ötürüldüyü, mirasa faktiki sahiblik etməsi barədə sübutlar təqdim etmədiyindən və s. ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmadığı barədə məlumat verilmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Sovet Sosialist Respublikasının 1964-cü il 11 sentyabr tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud ölmüş elan edilməsi ilə açılır.

17. 2000-ci il sentyabr ayının 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

18. 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsi 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarlara mənzil istimar təşkilatı (belə təşkilat olmadıqdıqda isə, müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

20. Sumqayıt Apellyasiya Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2(105)-931/2024 nömrəli qərardadı ilə Quba Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(027)- 100/2024 nömrəli qətnaməsi qismən, iddia tələbinin Cavabdeh adına rəsmiləşdirilmiş Quba şəhəri, Fətəlixan küçəsi 2B, blok 2, 16 saylı mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindəki qeydin) ləğv edilməsinə dair iddia tələbinin təmin edilməməsi hissəsində iş üzrə icraatına xitam verilmişdir.

21. Məhkəmə kollegiyası tərəfindən Quba Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(027)-100/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı iddia tələbinin atası X7 və anası X3 varisi kimi tanınması, mirasın qəbul edilməsi müddətinin bərpa olunması, həmin mənzilə 1/2 hissəyə onun mülkiyyətinin tanınmasına dair iddianın təmin edilməməsi hissəsində yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(027)-100/2024 nömrəli qətnaməsi iddiaçının atası X7 və anası X3 varisi kimi tanınması, mirasın qəbul edilməsi müddətinin bərpa olunması, həmin mənzilə 1/2 hissəyə onun mülkiyyətinin tanınmasına dair iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

23. Belə ki, DƏDK və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi idarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının xx.xx.2024-cü il tarixli arxiv çıxarışına əsasən 07 may 1993-cü il Quba rayon mənzil bölüşdürmə komissiyasının qərarına əsasən, Quba şəhəri, Fətəlixan küçəsi 2B, yaşayış sahəsi 46.05 kvm olan 3 otaqlı, 16 saylı mənzil valideynlərinin vəfat etməsi ilə əlaqədar Cavabdeh adına rəsmləşdirilmiş və orderdə dəyişiklik edilmişdir. Quba rayon mənzil bölüşdürmə komissiyasının 07 may 1993-cü il tarixli qərarı Quba rayon İHB-nın 02 iyun 1993-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş və 02 iyun 1993-cü il tarixli, 128 nömrəli orderlə Quba şəhəri, Fətəlixan küçəsi 2B, yaşayış sahəsi 46.05 kvm olan 3 otaqlı, 16 saylı mənzil valideynlərinin vəfat etməsi ilə əlaqədar Cavabdeh adına rəsmləşdirilmişdir. Bundan sonra həmin order əsasında mübahisəli mənzil Cavabdeh tərəfindən özəlləşdirilmiş və mülkiyyət hüququ xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli **********74-05101-093038 reyestr nömrəli çıxarışla rəsmləşdirilmişdir.

24. Göründüyü kimi mübahisəli mənzil dövlət mənzil fonduna aid mənzil olmaqla iddiaçının valideynləri tərəfindən icarə müqaviləsi əsasında istifadə və sahiblik edilmiş, iddiaçının valideynləri öldükdən sonra həmin mənzilə dair cavabdehin adına order verilmişdır. Bununla da müəyyən edilir ki, mübahisəli mənzil iddiaçının valideynlərinin mülkiyyətində olmadığından onlar ölən vaxt üçün həmin mənzil miras kütləsinə daxil olmamışdır. Belə olan halda iddiaçının valideynlərinin ölən vaxt mülkiyyətində olmayan, onlardan miras qalmayan əmlakdan pay tələb etməsi əsassız və qanunsuz olmuşdur.

25. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(027)-100/2024 nömrəli qətnaməsi iddiaçının atası X7 və anası X3 varisi kimi tanınması, mirasın qəbul edilməsi müddətinin bərpa olunması, həmin mənzilə 1/2 hissəyə onun mülkiyyətinin tanınmasına dair iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏTETDİ

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(027)-100/2024 nömrəli qətnaməsi - iddiaçının atası X7 və anası X3 varisi kimi tanınması, mirasın qəbul edilməsi müddətinin bərpa olunması, həmin mənzilə 1/2 hissəyə onun mülkiyyətinin tanınmasına dair iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar