Məhkəmə qərarları › İş №2(105)-933/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-933/2021

13.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-933/2021 13.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X4, Cavabdeh2, onun nümayəndə və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Sumqayıt Cavabdeh1 notariat kontoruna qarşı mirasın qəbul edilmə müddətinin uzadılması və vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5056/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5056/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Sumqayıt Cavabdeh1 notariat kontoruna qarşı mərhum atası X2 miras qalmış əmlakların qanun üzrə vərəsəlik qaydasında qəbul edilməsi üçün buraxdığı mirasın qəbul edilmə müddətinin üzrlü hesab edilib uzadılması və həmin əmlaklara dair 26 iyul 2017-ci il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir (hakim E.A.Abdullayev). Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Sumqayıt Cavabdeh1 notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum atası X2 miras qalmış əmlakların qanun üzrə vərəsəlik qaydasında qəbul edilməsi üçün buraxdığı mirasın qəbul edilmə müddətinin üzrlü hesab edib uzadılması və həmin əmlaklara dair 26 iyul 2017-ci il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili X8 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə iddianı rədd edərkən göstərib ki, iddiaçı atasından qalan miras əmlakın qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülməsinin üzrlü hesab edilməsi üçün həmin müddətin həqiqətən üzrlü səbəbdən ötürüldüyünü təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. İddiaçı iddia ərizəsində ölkə ərazisində olmadığı üçün 01.01.2017-ci il tarixində vafat etmiş atasının vəfatı ilə bağlı məlumatı olmadığını, yalnız 24.07.2017-ci il tarixində ölkəyə qayıtdıqdan sonra bu barədə məlumatı olduğunu qeyd etmişdir. Cavabdeh isə məhkəmə iclasında verdiyi izahatında Fərman Balayev vəfat etdikdən dərhal sonra və sonradan bir neçə dəfə şəxsən iddiaçı ilə telefon əlaqəsi saxladığını və iddiaçının bununla bağlı məlumatlı olduğunu bildirmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş və cavabdehin bildirdiklərini inkar edən hər hansı sübut təqdim etməmiş və izahat verməmişdir. Eyni zamanda iş materiallarında olan iddiaçıya məxsus ümumvətəndaş pasportundan görünür ki, iddiaçı 10.09.2016-cı ildə ölkə ərazisini tərk etmiş və 03.04.2017-ci ildə ölkəyə qayıtmışdır. 16.04.2017-ci il tarixində iddiaçı ölkəni tərk etmiş və 24.07.2017-ci ildə ölkəyə qayıtmışdır. Lakin, iddiaçı iddia ərizəsində atasının vəfatından 24.07.2017-ci ildə ölkəyə qayıdan zaman xəbər tutduğunu bildirir. Yəni, bundan əvvəl 03.04.2017-ci ildə ölkədə olarkən iddiaçının atasının vəfatından məlumatsız olması məntiqli və inandırıcı görünmür. Qeyd edir ki, iddiaçı atasının vəfatından sonra 2017-ci ildə 2 dəfə Azərbaycana gəlmişdir. Birinci dəfə 03.04.2017-ci ildə Azərbaycana gələrkən atasının vəfat etməsi barədə məlumatı olmayıb. Ailə üzvləri ilə danışmadığına görə onlar iddiaçıya bu barədə məlumat verməyiblər. Həmin tarixdə iddiaçı əməliyyat olunmaq məqsədi ilə Azərbaycana gəlib. Belə ki, o 07.04.2017-ci ildə üz nahiyəsində relonstruktiv üz bərpa əməliyyatı etdirmək üçün Bakı şəhərində yerləşən “İstanbul NS” klinikasına müraciət etmişdir və həmin klinikada “Total Facelifinq, Bleferoplastika” əməliyyatı, yəni üz, göz nahiyəsində ümumi narkoz altında bərpa və blefora əməliyyatları edilib. 10.04.2017-ci ildə həmin klinikadan evə buraxılmışdır və əməliyyatdan sonra da davamlı müayinə, müalicə və bərpa prosesini qapalı ev şəraitində davam etdirmişdir. 16.04.2017-ci ildə bərpa prosesi başa çatdıqdan sonra Azərbaycanı tərk edərək İngiltərəyə qayıtmışdır. Daha sonra 24.07.2017-ci ildə atasının vəfatı barədə məlumat öyrənmişdir və dərhal da notariat kontoruna müraciət etmişdir. Buna görə də tərəfindən miras əmlakın qəbul edilməsi üçün nəzərdə tutulan müddət üzrlü səbəbdən buraxılıb. İddiaçı anası ilə birlikdə mərhum atasının 1-ci növbə vərəsəsidir. Bu halda mirasın açıldığı zaman ona də məlumat verilməli idi. İş materiallarından aydın olur ki, iddiaçıya bu barədə hər hansı bildiriş göndərilməyib. Buna görə də o mirasın açılmasından xəbərsiz olmuşdur və vaxtında notariat kontoruna müraciət edərək mirası qəbul etmək niyyətini bildirə bilməmişdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5056/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, iddiaçı onun qızıdır, hal-hazırda Böyük Britaniyada yaşayır. İddiaçının atası, yəni həyat yoldaşı vəfat edərkən qızı bunu bilirdi. Həmin vaxt xaricdə idi. Buna baxmayaraq mütəmadi olaraq telefonla əlaqə saxlayırdı. İddiaçının başqa yerdə mənzili və başqa daşınmaz əmlakları vardır. Atası hələ sağkən iddiaçıya mənzil almışdı. O mirasın qəbul edilmə müddətini heç bir üzrlü səbəb olmadan ötürüb. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5056/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndə və vəkili X6 apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, cavabdehin izahatını təsdiq edir, apelyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5056/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirtilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən və apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1969-cu il tarixdə Ukrayna Respublikası, Xarkov şəhərində anadan olmuş, ata qrafasında X7, ana qrafasında Cavabdeh2 göstərilmişdir. İş materiallarından müəyyən edilmişdir ki, İddiaçı atasından qalmış mirasın qəbulu barədə ərizə ilə notariusa müraciət etmişdir. Cavabdehin 08.08.2017-ci il tarixli, 5398 saylı məktubunda bildirilmişdir ki, Cavabdeh2 mirası qəbul etmiş yeganə vərəsə kimi müəyyən olunaraq miras qalmış əmlaka dair bütünlüklə 26.07.2017-ci il tarixdə ona vərəsəlik şəhadətnaməsi verilmişdir. Ona görə də iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Sumqayıt Cavabdeh1 xüsusi notariat kontoru tərəfindən rəsmiləşdirilmiş 26.07.2017-ci il tarixli notarial işindən görünür ki, həmin işdə olan qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən 01.01.2017-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi olan Cavabdeh2 miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnaməyə əsasən verilən miras əmlak “xxxx” ASC-nin 30.05 2017-ci il tarixli, 10-00268 saylı arayışına əsasən AZ50ATAZ******************** nömrəli cair hesabında olan 120 manat faiz məbləği və AZ98ATAZ******************** saylı depozit hesabında olan 1000 manat puldan, “xxxx” ASC-nin 31.05.2017-ci il tarixli, 13068 saylı arayışına əsasən 327 manat pul vəsaitindən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 71.93 kv.m olan daşınmaz əmlakdan (torpaq sahələrindən başqa), Ağstafa rayon DTXK tərəfindən 20.10.1998-ci il tarixdə X5 verilmiş seriya nömrəsi JN-338, KOD50209018 olan dövlət aktına əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0,11 ha olan torpaq sahəsindən, daşınmaz əmlakın dövlət reyestrindən 27.09.2013-cü il tarixdə X5 verilmiş **********223-10301 reyestr, ********** qeydiyyat nömrəli dövlət reyeystrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 229 kv.m olan daşınmaz əmlakın ½ hissəsindən, daşınmaz əmlakın dövlət reyestrindən 27.09.2013-cü il tarixdə X5 verilmiş **********23- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.22 ha olan torpaq sahəsinin ½ hissəsindən, daşınmaz əmlakın dövlət reyestrindən 27.09.2013-cü il tarixdə X5 verilmiş **********23- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 229 kv.m olan daşınmaz əmlakdan (torpaq sahələrindən başqa), daşınmaz əmlakın dövlət reyestrindən 27.09.2013-cü il tarixdə X5 verilmiş **********23-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0,22 ha olan torpaq sahəsindən, daşınmaz əmlakın dövlət reyestrindən 13.07.2017-ci il tarixdə X5 verilmiş **********71 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Quba rayonu, Zərdabi ünvanında ümumi sahəsi 1 ha olan daşınmaz əmlakın ½ hissəsindən ibarətdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 01 yanvar 2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X7 ilə cavabdeh arasında olan nikah 06.07.1963-cü il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (1133.1). Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (1133.2). Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər (1134.1). Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır (1145). Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır(1146). İşin müəyyən edilmiş hallarından göründüyü kimi X7 01.01.2017-ci il tarixində vəfat etmiş, bununla da ondan qalan əmlakla bağlı miras açılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar (1159.1.1.). İş materiallarından göründüyü kimi iddiaçı Fərman Balayevin qızı, cavabdeh isə arvadı olmaqla onun birinci dərəcəli vərəsələridirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir (1243.1). Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (1243.2). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (1246). Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər (1248.1). İş materiallarından görünür ki, Fərman Balayev vəfat etdikdən sonra cavabdeh notariat orqanına müraciət edərək ondan qalan miras əmlakı qəbul etdiyini bildirmişdir. Bunun əsasında ona Fərman Balayevdən qalan bütün miras əmlaka dair 26.07.2017-ci il tarixli vərəsəlik şəhadətnaməsi verilmişdir. Hal-hazırda iddiaçı həmin şəhadətnamənin ləğv edilməsini və mirasın qəbulu müddətinin uzadılmasını xahiş edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (77.3.). İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (106.1.). Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər (106.2.). Qanunvericiliyin tələblərinə görə iddiaçı atasından qalan miras əmlakın qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülməsinin üzrlü hesab edilməsi üçün həmin müddətin həqiqətən üzrlü səbəbdən ötürüldüyünü təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. İddiaçı iddia ərizəsində ölkə ərazisində olmadığı üçün 01.01.2017-ci il tarixində vafat etmiş atasının vəfatı ilə bağlı məlumatı olmadığını, yalnız 24.07.2017-ci il tarixində ölkəyə qayıtdıqdan sonra bu barədə məlumatı olduğunu qeyd etmişdir. Cavabdeh isə məhkəmə iclasında verdiyi izahatında Fərman Balayev vəfat etdikdən dərhal sonra və sonradan bir neçə dəfə şəxsən iddiaçı ilə telefon əlaqəsi saxladığını və iddiaçının bununla bağlı məlumatlı olduğunu bildirmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş və cavabdehin bildirdiklərini inkar edən hər hansı sübut təqdim etməmiş və izahat verməmişdir. Bundan başqa iş materiallarında olan iddiaçıya məxsus ümumvətəndaş pasportundan görünür ki, iddiaçı 10.09.2016-cı ildə ölkə ərazisini tərk etmiş və 03.04.2017-ci ildə ölkəyə qayıtmışdır. 16.04.2017-ci il tarixində iddiaçı ölkəni tərk etmiş və 24.07.2017-ci ildə ölkəyə qayıtmışdır. Lakin, iddiaçı iddia ərizəsində atasının vəfatından 24.07.2017-ci ildə ölkəyə qayıdan zaman xəbər tutduğunu bildirir. Yəni, bundan əvvəl 03.04.2017-ci ildə ölkədə olarkən iddiaçının atasının vəfatından məlumatsız olması məntiqli və inandırıcı görünmür. Bundan başqa iddiaçının vəkilinin məhkəməyə təqdim etdiyi vəsatətdən məlum olur ki, iddiaçı 07.04.2017-ci il tarixdə üz nahiyyəsində relonstruktiv üz bərpa əməliyyatı etdirmək üçün Bakı şəhərində yerləşən «İstanbul NS» klinikasına müracit etmiş və həmin klinikada «Tofal Faseliftinq, Bleferoplpastika» əməliyyatı, yəni üz, göz nahiyyəsində ümumi narkoz altında bərpa və blefora əməliyyatı edilib. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçı öz mövqeyinin əsasını təşkil edən halları sübut edə bilməmiş, atasından qalan miras əmlakın qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddəti ötürməsinin üzrlü səbəbdən baş verməsini əsaslandıra bilməmişdir. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. İş materiallarından görünür ki, iddiaçı hazırkı məhkəmə baxışının predmeti olan iddia tələbini irəli sürməsi ilə onun hansı subyektiv hüququnun pozulmasını əsaslandıran sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, mülki məhkəmə icraatının vəzifələrini təsbit edən Azərbaycan Respublikası MPM-nin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Qanunvericilik fiziki və hüquqi şəxslərin hər hansı bir mənafe və maraqlarının müdafiəsini deyil, yalnız qanundan və digər normativ-hüquqi aktlardan irəli gələn, yəni qanunla qorunan mənafe və maraqlarını müdafiəsini nəzərdə tutub. Qeyd edilməlidir ki, məhkəmə mübahisəni həll edərkən iddiaçının subyektiv hüquqa malik olmasını müəyyən etdikdə həmin hüququn müdafiəsini təmin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair» 27.08.2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-nin 53, 153cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialları və işdə olan sübutlar hərtərəfli və obyektiv araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçının hazırkı məhkəmə baxışının predmeti olan iddia tələbində onun hüququnun pozulmasına dair heç bir sübut və əsas göstərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanm şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin oluna bilməz. Belə ki, apelyant şikayətinin dəlillərini əsaslandıra bilməmiş və buna dair hər hansı bir sübut təqdim etməmişdir. Bundan başqa cavabdehin qeyd etdiyi dəlillər məhkəmə tərəfindən arşdırılaraq qətnamədə qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5056/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar