Məhkəmə qərarları › İş №2(105)-937/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-937/2024

23.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-937/2024 23.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi , İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(060)-1378/2024 nömrəli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2008-ci ildən ünvan 1 ünvanda yaşayır. Həmin ünvan üzrə pasport qeydiyyatındadır. İddiaçının yaşadığı otağa cavabdeh təşkilat tərəfindən su sayğacı quraşdırılmamış və hər dəfə iddiaçıdan cavabdeh təşkilatın nümayəndələri tərəfindən sudan istifadə ilə bağlı ödənişlər alınmışdır. İddiaçı ilə bir ünvanda qızı X1 da qeydiyyatda olmuş, lakin xx.xx.2015-ci ildə Ağstafa rayonu Sadıqlı kəndinə qeydiyyata düşmüşdür. İddiaçı qızının bu mənzildə qeydiyyatda olmaması barədə rəsmi arayışı cavabdeh qurumun nümayəndəsinə təqdim etmiş və bildirmişdir ki, yaşadığı mənzilə su gəlmir. Lakin buna baxmayaraq, cavabdeh orqan tərəfindən iddiaçıya 707 manat məbləğində borc yazılmış və bu barədə iddiaçıya xx.xx.2023-cü il tarixli kəsim aktı təqdim olunmuşdur. İddiaçı bu borcun hansı hesablama əsasında aparıldığını soruşduqda iddiaçıya məlum olmuşdur ki, qızı 2015-ci ildən qeydiyyatdan çıxsa da, onun adına adamsayı hesabı ilə hesablamalar aparılmışdır. Bundan başqa, iddiaçının yaşadığı mənzilə **********521 saylı kod verilsə də, su sayğacı quraşdırılmamış və bu hesablama təxmini qaydada aparılmışdır. İddiaçı bu yataqxanada yaşadığı müddətdə normal qaydada su verilməmiş, günlərlə suya həsrət qalmış, bu gün də bu problem davam edir. Belə hesab edir ki, cavabdeh təşkilat tərəfindən əsassız hesablama aparılmış və borcu olmadığı halda hesablanmış 707 manat su sərfiyyatı və kanalizasiya xidmətlərinə görə borc silinməlidir. Göstərilənlərə əsasən İddiaçı adına olan **********521 saylı kod üzrə Cavabdeh ASC tərəfindən Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 2-ci paralel küçə, yataqxana 11, otaq 52a-ya əsassız hesablanmış 707 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(060)-1378/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanına hesablanmış 353,50 (üç yüz əlli üç manat, əlli qəpik) manat borcun abonent hesabından (abonent kodu **********521) silinməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh ASC-dən 30 (otuz) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Şəbnəm Həxiyeva). Qətnamədən narazı qalan Cavabdeh ASC apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(060)-1378/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Sudan istifadə qaydaları”-nın 7.4-cü bəndinə uyğun olaraq, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7(yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. İş materialarından da göründüyü kimi ünvanda xx.xx.2002ci il tarixdə Mərdanovun adına kod açılaraq “su təchizatı və kanalizasiya xidmətlərindən” istifadə olunmuşdur. Ünvanda 5 nəfər ailə tərkibinə uyğun olaraq hesabat aparılmış və 1 nəfər məcburi köçkünlər üçün nəzərdə tutulmuş limitdən istifadə olunmuşdur. Ünvanda xx.xx.2012-ci il tarixdə kod açılaraq 2 nəfər ailə tərkibinə uyğun olaraq normativ qaydada hesabat aparılıb. Lakin iddiaçı tərəfindən ailə tərkibində dəyişiklik olması, 2015-ci il tarixdən tək yaşaması barədə sənəd təqdim olunmadığından hesabat 2 nəfər ailə tərkibinə uyğun olaraq aparılmışdır. Hər bir tərəf öz tələblərinin tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəf öz tələblərini əsaslandırdığı halları sübut etməli olduğu halda, bununla bağlı məhkəməyə sübut qismində heç bir sənəd təqdim etməmişdir. Buna baxmayaraq işə baxan məhkəmə bu fakta düzgün qiymət verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 88-ci maddələrinin tələbinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, yaranmış borcun hesablanması qaydası haqqında məlumatı özündə əks etdirən abonent məlumat vərəqələri sübut qismində məhkəməyə təqdim edilmişdir. Onun tərəfindən məhkəməyə təqdim edilən sübutlar düzgün qiymətləndirilməmiş və nəticədə prosessual hüquq normalarının pozulmasına səbəb olmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Cavabdeh ASC-nin ətraflı abonent kartından görünür ki, ünvan 3 ünvanı üzrə istifadə edilmiş xidmətlərə görə Cavabdeh ASC-yə 727,25 manat məbləğində borc mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2024-cü il tarixli, 61 nömrəli ailə tərkibi haqqında arayışından görünür ki, İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır.xx.xx.2015-ci il tarixdən etibarən tək yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Ağstafa rayonu İcra Hakimiyyəti Başçısının Sadıqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 535 nömrəli arayışdan görünür ki, X1 xx.xx.2015-ci ildən Sadıqlı kəndində qeydiyyatdadır. İşə birinci instansiya məhəməsində baxılarkən Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 11 ünvanında yerləşən 52/A nömrəli mənzilin İddiaçı istifadəsində olduğu, Cavabdeh ASC tərəfindən həmin ünvana su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi, iddiaçının xx.xx.2015-ci ildən həmin ünvanda tək yaşaması, lakin iddiaçıya məxsus ünvan üzrə 2 nəfər ailə tərkibi nəzərə alınmaqla borcun hesablanması və bu səbəbdən də istifadə edilən xidmətlərə görə artıq sərfiyyatın qeydə alınması müəyyən edilmişdir. Məhkəmə kollegiyası bildirir ki, işin araşdırılmış hallarından da göründüyü kimi, İddiaçı xx.xx.2015-ci ildən ünvan 1 ünvanında tək yaşamağına və qızının xx.xx.2015-ci ildən Ağstafa rayonu Sadıqlı kəndində qeydiyyatda olmasına baxmayaraq Cavabdeh ASC tərəfindən əsassız olaraq iki nəfərə münasibətdə hesablamalar aparılmaqla borc yazılmış, buna görə də birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, “Sudan istifadə qaydaları”-nın 7.4-cü bəndndə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndindən göründüyü kimi, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hərhansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı “Sudan istifadə Qaydaları” haqqında Qərarının 1.6-cı maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir. Həmin Qərarın 2.1.4-cü maddəsinə əsasən, istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq su təchizatı və kanalizasiya müəssisəsinin vəzifələrindən biridir. Həmin Qərarın 5.1.5-ci maddəsinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarıdır. Cavabdehin apellyasiya şikayəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti formal mülahizələrdən ibarət olmuşdur və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Belə ki, cavabdeh tərəfindən borc yazıldığından o, hansı əsasla həmin borcun yaranmasını əsaslandırmalıdir. Verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsi olduğu halda cavabdeh istehlakçıya verilən suyun dəyərinin hesablanması barədə məlumat təqdim etməmiş, bunu sübut edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gəldiyindən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(060)-1378/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar