Məhkəmə qərarları › İş №2(105)-938/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-938/2023

24.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-938/2023 24.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: qarşı əsassız hesablanmış borcun silinməsi və mənəvi zərərin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Quba Rayon Məhkəməsinin e-2(027)-173/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “əsassız hesablanmış borcun silinməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən Quba rayonu, Paşaoba kəndində 8.000842 ha torpaq sahəsində olan yaşayış evinə verilən elektrik enejisinin verilişinin dayandırılmasının qanunsuz hesab edilməsi və 5000 manat məbləğində mənəvi zərərin "xxxx" ASC-dən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddia tərəfi iddia ərizəsinə dəqiqləşmə verərək, "xxxx" ASC tərəfindən Quba rayonu, Paşaoba kəndində 8.000842 ha torpaq sahəsində olan yaşayış evinə verilən elektrik enejisinə görə 5063,06 manat dəyərində hesablanmış borcun (tələbin) əsassız hesab edilməsi və həmin borcun hesabdan silinməsi, "xxxx" ASC tərəfindən Quba rayonu, Paşaoba kəndində 8.000842 ha torpaq sahəsində olan yaşayış evinə verilən elektrik enerjisinin verilməsinin dayandırılmasının qanunsuz hesab edilməsi, 2000 manat məbləğində mənəvi zərərin "xxxx" ASC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Quba rayonu, Paşaoba kəndində 8.000842 ha torpaq sahəsi atası X1 mülkiyyətindədir. X4 mülkiyyətində olan göstərilən torpaq sahəsində fərdi yaşayış evi inşa edilmiş və həmin evə elektrik xətti çəkilmişdir. Buna dair enerji təchizatı müəssisəsi "xxxx" ASC ilə elektrik enerjisindən istifadəyə dair müqavilə bağlanmışdır. Göstərilən ünvanda elektrik enerjisindən istifadə edilmiş və elektrik enejisinin haqqı daimi olaraq tam ödənilmişdir. X5 08 fevral 2020-ci il tarixdə vəfat etmişdir. Bundan sonra da göstərilən ünvanda yerləşən yaşayış sahəsində elektrik enerjisi istehlak olunmuş və mütəmadi olaraq elektrik enerjisinin haqqı daimi olaraq tam ödənilmişdir. 19 sentyabr 2022-ci il tarixdə cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən elektrik sayğacına baxış keçirilmişdir. Baxışın keçirilməsinə dair 19 sentyabr 2022-ci il tarixdə 274656 nömrəli akt tərtib edilmişdir. 19 sentyabr 2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 274656 №-li aktda “EEİQ-na uyğun sayğaca baxış keçirilən zaman müəyyən olunmuşdur ki, sayğacın alt dövlət möhürü qırılıb, üst gövdə ilə alt gövdə bir-birindən aralı qalır, bir-birinin üzərində tam qalmır. Sayğacın daxilində nəyinsə pozulduğu ehtimal edilir” göstərilmişdir. Sayğac yenisi ilə əvəz edilmiş və çıxarılan sayğaca laboratoriya şəraitində rəy verilmişdir. "xxxx" ASC-nin əməkdaşları tərəfindən 274656 nömrəli akta əsasən sayğacın yenisi ilə əvəz edilməsi, çıxan sayğacın rəyi verilməsi üçün göndərilməsinə dair məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 288090 nömrəli protokol tərtib edilmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə 8,32 manat hesablanmış və həmin məbləğ tam ödənilmişdir. Enerji təchizatı müəssisəsi tərəfindən elektrik enerjisinə görə uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən hesablanmış dəyər (elektrik enerjisindən istifadə haqqı) tam ödənilmişdir. Cavabdeh "xxxx" ASC-nin əvvəlki dövrlər üzrə və daha artıq məbləğ hesablaması əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istfiadə Qaydaları»nın 8-ci “Elektrik enerjisindən (aktiv və reaktiv) istifadəyə görə hesablaşmalar" bölməsində hesablaşma dövrü bir qayda olaraq 1 ay qəbul olunmuşdur. Bu 1 aylıq müddətdən daha uzun müddətə hesablaşma həyata keçirilə bilməz. Buna görə də cavabdeh "xxxx" ASC tərəfindən 5063,06 manat dəyərində sərfiyyatın hesablanması və bunun tələb edilməsi əsassızdır. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 tərəfindən iddia ərizəsinə etiraz verilərək, iddia tələbinin əsassız hesab edilərək, təmin olunmamamsı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2013-ci il tarixdə "Azərişıq” ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus fərdi yaşayış evinin elektrik hesabat sayğacına baxış keçirilərkən sayğacın axan yükü qeyd etmədiyi məlum olmuş və müdaxilə izləri müşahidə olunmuşdur. Elektrik hesabat sayğacının alt və dövlət möhürü qırılıb üst gövdə ilə alt gövdə bir birindən aralı qalır, bir birinin üzərinə tam oturmur. Sayğacın daxilində hər hansı uzaqdan idarə olunan mexanizm quraşdırıldığı ehtimal olunması halı aşkar edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydalarının (EEİQ) 8.17-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli, 274656 saylı akt tərtib edilərək 5062,95 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Qeyd olunan faktla bağlı daha da obyektiv araşdırma aparılması məqsədi ilə həmin sayğac quraşdırıldığı yerdən çıxarılaraq xüsusi qutuya qoyulmaqla möhürlənmiş və "xxxx" ASC-nin ixtisaslaşmış laboratoriyasında xüsusi komissiya tərəfindən yoxlanılmış və həmin elektrik hesabat sayğacının gövdə qapağına vurulmuş 059195 saylı nəzarət möhürünün trosu kəsilmişdir. Gövdə qapaq açılan zaman daxilində sayğac mikrosxeminə kənardan məsafədən idarə olunan blokun (pult) əlavə olunması aşkar olundu sayğacın açılması prosesi video çəkilişlə qeydə alınaraq xx.xx.2022-ci il tarixli 239485 saylı protokolla təsdiq edilmişdir. Quba Rayon Məhkəməsinin e-2(027)-173/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 274656 saylı aktın ləğv edilməsi, xx.xx.2022-ci il tarixli 274656 saylı akt əsasında hesablanmış 5063,06 manat məbləğində borcun X1 **********00134 nömrəli abonent hesabından silinməsi qət edilmişdir (hakim Vüqar Seyidov). Birinci instansiya məhkəməsi mövqeyini bununla əsaslandırmışdır ki, akt tərtib edilərkən cavabdeh təşkilat tərəfindən hal şahidlərinin və iddiaçının iştirakı təmin edilməmiş və bununla da qaydaların tələbləri pozulmuşdur. Aktda eyni şəxslər həm "xxxx" ASC-nin nümayəndəsi kimi, həm də hal şahidləri kimi qeyd olunmuşdur. Həmin akt mülki hüquqi məsuliyyətin yaranmasına əsas olan halı təsdiq edən sübut kimi dəyərləndirilə bilməz. Aktda qeyd olunmuş, mənzildə sayğacın hesabat aparmaması faktı sübut olunmamışdır. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim edilmiş etirazında qeyd olunan hallara dair sübutlar təqdim olunmamışdır. Həmin akt əsasında qəbul olunmuş qərar təsdiq edilməmiş və razılaşdırılmamışdır. Buna görə də həmin qərar ləğv olunmalı və onun əsasında hesablanmış borc abonentin hesabından silinməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh "xxxx" ASC-nin tərəfindən apellyasiya şikayəti verilərək Quba Rayon Məhkəməsinin e-2(027)-173/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edərək, iddia tələbinin əsassız olduğundan rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş EEİQ-nin 8.33-cü bəndinə isinad edərək, akt tərtib olunan zaman iki hal şahidinin iştirakının təmin edilməməsini əsas gətirmiş və aktı imzalamaları qeyd edilərək iddia aktla bağlı hissədə təmin edilmişdir. Yalnız məhkəmə nəzərə almamışdır ki, iddiaçıya qarşı tərtib olunmuş akt EEİQ-8.17-ci bəndinə əsasən fərdi yaşayış evində elektrik hesabat sayğacın daxilində sayğac mikrosxeminə kənar məsafədən idarə olunan blokun (pult) əlavə olunması halı aşkar olunduğundan tərtib edilmişdir. Təqdim edilmiş sübutlardan da göründüyü kimi fərdi yaşayış evində sayğacın daxilində sayğac mikrosxeminə kənar məsafədən idarə olunan Blok (pult) əlavə etmək iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Həmçinin məhkəməninin istinad etdiyi EEİQ-nin 8.33-cü bəndi (hal şahidlərinin iştirakının məcburiliyi və s. normaları) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydalar”ında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli, 155 saylı qərarı ilə ləğv edilmişdir. Bununla əlaqədar olaraq məhkəmənin nəzərinə çatdırılır ki, EEİQ-nın 8.17–ci bəndinə əsasən hal –şahidi tələb olunmur və aşkar olunmuş elektrik hesabat sayğacın daxilində sayğac mikrosxeminə kənar məsafədən idarə olunan blokun (pult) əlavə olunması halı aşkar olunduğu video görüntüsü diskə (DVD-R) köçürülərək məhkəməyə təqdim edilmişdir. İddiaçı tərəfindən sayğaca olunmuş müdaxilə hər-hansı bəsit- sayğac şüşəsinin sındırılması və sair kimi müdaxilələr deyil. Elektrik hesabat sayğacın daxilində sayğac mikrosxeminə kənar məsafədən idarə olunan blokun (pult) əlavə olunması elektrik enerjisindən qanunsuz istifadə etməsi, bundan sonra iddiaçının məhkəməyə müraciət etməsi, akt üzrə aşkar olunmuş halın əvvəldən planlaşdırıldığını, hansısa mütəxəssis tərəfindən mənzildə istifadə olunan enerji sərfiyyatının azaldılması məqsədi ilə həyata keçirildiyini sübut edir. Bütün bunlara baxmayaraq isə iddiaçının hüquqdan sui-istifadə edərək məhkəməyə borcun silinməsi və 2000 manat məbləğində mənəvi zərərin tələbi ilə müraciət etməsi yolverilməzdir. Məhkəmə yalnış hüquq normalarına istinad edərək iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qət etmişdir ki, bu haldada enerji haqlarının yığımının 100 %-ə çatdırılması barədə "xxxx" ASC qarşısında qoyulmuş tapşırıqlarının icrasına maneə yaratmışdır. Qeyd olunanlardan əlavə aşkar olunmuş faktı təsdiq edən video çəkiliş sübut kimi məhkəməyə təqdim edilmişdir. Həmin görüntülərdən açıq görünür ki, elektrik hesabat sayğacın daxilində sayğac mikrosxeminə kənar məsafədən idarə olunan blok (pult) əlavə olunaraq fərdi yaşayış evində qanunsuz elektrik enerjisindən istifadə edilmişdir. Məhkəmə isə təqdim edilmiş sübutları nəzərə almamış, qətnamə çıxararkən həmin sübutlara münasibət bildirməmişdir. Göründüyü kimi məhkəmə iddia tələbinə dair tərəfindən təqdim edilmiş etirazda qeyd olunan hallara və etiraza əlavə edilmiş sübutlara düzgün qiymət verməmiş, "xxxx" ASC tərəfindən haqlı olaraq hesablanmış borcun silinməsi barədə qətnamə çıxarmış, qətnamə çıxararkən isə qeyd olunanlara nəzərə almamışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə istinad edərək göstərmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan əlavə işdə məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq Qərarlarına istinad edərək iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşməsinin vacibliyini vurğulasa da çıxardığı qətnamədə bunun tam əksinə olaraq təşkilat tərəfindən təqdim edilən aşkar olunmuş elektrik hesabat sayğacın daxilində sayğac mikrosxeminə kənar məsafədən idarə olunan blokun (pult) əlavə olunması halı diskə (DVD-R) köçürülmüş video görüntüsünü heç bir əsas gətirmədən sübut kimi qiymətləndirməmiş, iddiaçının isə qərəzli, qeyri-mötəbər, heç bir dəlilə əsaslanmayan iddialarını sübut kimi qiymətləndirərək iddianı qismən təmin etmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASCnin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsində işə baxılarkən qətnamədə “Elektrik enerjisinin istifadə Qaydaları” nın 8.33-cü bəndinə istinad edilərək hal şahidinin iştirak etməməsini əsas kimi götürmüşdür. Lakin məhkəmənin nəzərinə çatdırır ki, xx.xx.2022-ci il tarixdə həmin qaydalarda dəyişiklik edilmiş və hal şahidinin iştirak tələbinə dair maddə qüvvədən düşmüşdür. Həmçinin tərəfindən məhkəməyə təqdim olunmuş videoçəkiliş formasında sübut barəsində məhkəmə qətnaməsində mövqeyini bildirərək göstərmişdir ki, sübut təqdim edilməmişdir. Halbuki sayğacı laborotoriya şəraitində yoxlamışlar. Sayğacın daxilinə uzaqdan idarə olunan mexanizm yerləşdirilb və pultla idarə olunub. Hesablanan borc en kəsiyinə uyğun olaraq düsturla mütəxəssislər tərəfindən hesablanıb. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Quba Rayon Məhkəməsinin e- 2(027)-173/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq "Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiaysı qeyd edir ki, cavabdeh təşkilat birinci instansiya məhkəməsinin qətnaməsini yalnız iddia tələbini təmin edilən hissəsini mübahisələndirdiyi üçün qətnamə qeyd edilən hissədə müzakirə edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin e-2(027)-173/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 274656 saylı aktın ləğv edilməsi, xx.xx.2022-ci il tarixli 274656 saylı akt əsasında hesablanmış 5063,06 manat məbləğində borcun X1 **********00134 nömrəli abonent hesabından silinməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Quba rayonu, Paşaoba kəndində 8.000842 ha torpaq sahəsi X1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan "xxxx" ASC-nin “Elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında” 19 sentyabr 2022-ci il tarixdə 274656 nömrəli aktından görünür ki, yoxlama zamanı abonent X1 evində yerləşdirilmiş sayğacın alt dövlət möhürü qırılması, üst gövdə ilə alt gövdə bir-birindən aralı qalması, bir-birinin üzərində tam qalmaması, sayğacın daxilində pozulmaların olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, akt tərtib edilərkən cavabdeh təşkilat tərəfindən hal şahidlərinin və iddiaçının iştirakı təmin edilməmiş və bununla da qaydaların tələbləri pozulmuşdur. Aktda eyni şəxslər həm "xxxx" ASC-nin nümayəndəsi kimi, həm də hal şahidləri kimi qeyd olunmuşdur. Həmin akt mülki hüquqi məsuliyyətin yaranmasına əsas olan halı təsdiq edən sübut kimi dəyərləndirilə bilməz. Aktda qeyd olunmuş, mənzildə sayğacın hesabat aparmaması faktı sübut olunmamışdır. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim edilmiş etirazında qeyd olunan hallara dair sübutlar təqdim olunmamışdır. Həmin akt əsasında qəbul olunmuş qərar təsdiq edilməmiş və razılaşdırılmamışdır. Buna görə də həmin qərar ləğv olunmalı və onun əsasında hesablanmış borc abonentin hesabından silinməlidir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli, 155 nömrəli qərarının 8.9-cu bəndindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.27-ci, 8.32-ci və 8.33-cü bəndlər ləğv edilməsi qərara alınmışdır. Hazırki iddia tələbi isə xx.xx.2022-ci il tarixdə, yəni istinad olunan qanunvericilik normasının ləğv edilməsindən sonra məhkəməyə təqdim edilmişdir. Eyni zamanda iş materiallarında olan aktdan və məhkəmə kollegiyasının iclasında nümayiş etdirilmiş optik diskdən görünür ki, elektrik hesabat sayğacının alt və dövlət möhürü qırılıb üst gövdə ilə alt gövdə bir birindən aralı qalır, bir birinin üzərinə tam oturmur, sayğacın daxilində sayğac mikrosxeminə kənar məsafədən idarə olunan blok (pult) əlavə olunmuşdur. Bu sxemin sayğaca yerləşdirilməsində az zaman kəsiyində baş verə bilməyəcəyindən və abonentdən kənar şəxsin marağında olmadığından həmin qurğunun yerləşdirilməsində abonentin maraqları olduğundan bu hal elektrik enerjisindən qanunsuz istifadə etməsi faktını təsdiq edir. Göründüyü kimi, abonentə məxsus sayğacda kənar müdaxilə aşkar edildiyindən və bu müdaxilə bilavasitə abonentin marağında olduğundan mübahisələndirilən akt da düzgün olaraq tərtib edilmişdir. Belə olan halda sayğaca kənar müdaxilə olunması video çəkiliş vasitəsi ilə də sübut edildiyindən aktın tərtib edilməsi, akt əsasında zərərin hesablanması da qanunvericiliyə uyğun olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi qanuni qüvvəsindən düşmüş qanunvericilik normasına istinad edərək aktın tərtibində iki hal şahidinin iştirak etməməsi əsası ilə aktın ləğv edilməsi, eləcə də cavabdeh təşkilat tərəfindən sayğaca müdaxilə edilməsinə dair video çəkilişi sübut kimi qəbul etməməkdə haqlı olmamışdır. Buna görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işin şərh olunan bu hallarına düzgün qiymət verməmiş və qüvvədən düşmüş qanunuvericilik normasına istinad etmiş, eləcə də cavabdeh təşkilat tərəfindən təqdim edilmiş video materiala qiymət verməmiş, bununla da maddi və prosessual hüquq normalarının təbiqində səhvə yol vermişdir. Bu da qətnаmənin həmin hissədə ləğvi üçün əsasdır. Belə ki, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.3-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu baxımdan, qətnamə iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, yuxarıda göstərilənlərə əsasən iddia tələbi həmin hissədə də təmin edilməmlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli,Quba Rayon Məhkəməsinin e-2(027)-173/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 274656 saylı aktın ləğv edilməsi, xx.xx.2022-ci il tarixli, 274656 saylı akt əsasında hesablanmış 5063,06 manat məbləğində borcun X1 **********00134 nömrəli abonent hesabından silinməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin e-2(027)-173/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 274656 saylı aktın ləğv edilməsi, xx.xx.2022-ci il tarixli 274656 saylı akt əsasında hesablanmış 5063,06 manat məbləğində borcun X1 **********00134 nömrəli abonent hesabından silinməsi hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə də təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar