Məhkəmə qərarları › İş №2(105)-941/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-941/2022

15.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-941/2022 15.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı X1 Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(012)-1857/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 4684,20 manat məbləğində zərərin, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 4714,20 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(012)-1857/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı təbii qazdan istifadə qaydalarının pozulması haqqında 20.07.2017-ci il tarixli ******* saylı aktına əsasən Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə 324 manat pul məbləğində dəymiş ziyan və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 354 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Habil Əhmədov). İddiaçı Abşeron Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(012)-1857/2021 saylı qətnaməsindən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli 2(012)-1857/2021 saylı qərardadına əsasən iddiaçı X1 Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(012)- 1857/2021 saylı qətnaməsindən İddiaçı№ İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı Abşeron Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(012)-1857/2021 saylı qətnaməsindən apellyasiya şikayəti və apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı X1 Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə İddiaçı İB tərəfindən Abşeron Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(012)-1857/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin ötürülməsini üzürlü hesab edərək müddətin bərpa edilməsinə və mülki işin apellyasiya şikayəti ilə birlikdə apellyasiya instansiya məhkəməsinə göndərilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli 2(012)-1857/2021 saylı qərardadı ilə müddətin bərpasından imtina edilmiş, Abşeron Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(012)-1857/2021 saylı qətnaməsindən iddiaçı X1 verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (hakim Habil Əhmədov). Həmin qərardaddan İddiaçı tərəfindən şikayət verilərək qərardadın ləğv edilərək Abşeron Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(012)-1857/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli 2(012)-1857/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı təşkilat tərəfindən apellyasiya şikayəti 1 gün ötürməklə verilmişdir. İddiaçı tərəfindən əsaslandırılan müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etməsinə baxmayaraq məhkəmə müddətin bərpasından imtina etmişdir. Məhkəmənin 26.11.2021-ci il tarixli qərardadı əsassız, təşkilatın hüquqlarını pozan qərardad kimi qəbul edilir və hesab edilir ki, həmin qərardad ləğv edilməli, qətnamədən apellyasiya şikayəti verilməsi müddəti bərpa edilməlidir. Odur ki, Abşeron Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(012)-1857/2021 saylı qəraraddadının ləğv edilməsi, Abşeron Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(012)-1857/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(012)-1857/2021 saylı qəraraddadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi Abşeron Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(012)-1857/2021 saylı qətnaməsinin İddiaçı “Paşayeva” soyadlı nümayəndəsi tərəfindən 05.07.2021-ci il tarixdə rəsmi şəkildə qəbul edildiyi halda, apelyasiya şikayətinin “Azəri” Express sürətli poçt daşınma xidmətinə 06.08.2021-ci il tarixdə təqdim edilmiş, 09.08.2021-ci il tarixdə isə şikayətin məhkəmənin dəftərxanası tərəfindən təhvil alınmaqla iddiaçı tərəfindən məhkəmə qətnaməsindən verilmiş apelyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddət ötürülməsini, iddiaçı tərəfindən ərizədə qeyd olunan xüsusatların apelyasiya şikayətinin müddətinin ötürülməsinin üzrlü hesab edilməsinə dəlalət verən hallar olmadığından müddətin bərpasına dair ərizəni təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.2-128.3-ci maddələrinə görə prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129-cu maddəsinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Həmin Məcəllənin 130-cu maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytarır. Məhkəmə kollegiyası qeyd olunan qanunvericilik normalarından çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, , məhkəmə qətnaməsi iddiaçı təşkilata 05.07.2021-ci il tarixdə təqdim edilmiş və “Paşayeva” soyadlı nümayəndə tərəfindən zəbərnaməyə imza edilmiş, apellyasiya şikayəti “Azəri” Express sürətli poçt daşınma xidmətinə 06.08.2021-ci il tarixdə təqdim edilmiş, bununla da apellyasiya şikayəti verilmə müddəti ötürülmüşdür. Bununla da prosessual müddəti ötürmüş və müddəti üzrlü səbəbdən ötürməsi barədə də heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edirsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qanunvericiliyin tələbinə görə müddətin buraxılmasının səbəbi üzürlü hesab edilərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddət bərpa oluna bilər. İddiaçı təşkilat tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin üzürlü səbəbdən ötürülməsini bildirilsə də, bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edilməmiş, müddətin üzürlü səbəbdən ötürülməsi əsaslandırılmamışdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin ərizədə göstərdiyi dəlillər onun qətnamədən apellyasiya şikayəti verməsi müddətini üzrlü səbəbdən buraxmasını təsdiq etmir və şikayətin təmin edilməsi üçün əsas deyil. Məhkəmə kollegiyası şikayəti təmin etməyərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna da istinad edir. “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyun 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. «Kudrina Rusiyaya qarşı» iş üzrə 21 iyun 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Kovensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin edilən məhkəmə araşdırması hüququ hüququn aliliyi prinsipininin Razılığa gələn Dövlətlərin ümumi irsinin hissəsi kimi tanınmasına dair Kovensiyanın Preambulasına uyğun təfsir olunmalıdır. Hüququn aliliyinin əsas aspektlərindən biri də hüquqi müəyyənlik prinsipidir ki, sair şərtlərdən başqa məhkəmələrin qəti qərarlarının mübahisələndirilə bilinməməyini tələb edir. Sözü gedən prinsipə görə tərəflərin yalnız işə yenidən baxılması və yeni qərar çıxarılması məqsədli ilə məhkəmə qərarına yenidən baxılması hüququ yoxdur. Yalınz iş üzrə iki mövqeyin mövcudluğu işə yenidən baxılması üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(012)-1857/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Abşeron Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(012)-1857/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar