Məhkəmə qərarları › İş №2(105)-941/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-941/2024

13.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-941/2024 13.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: əsassız hesablanmış pul məbləğinin silinməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin 12 fevral 2024-cü il, 2(067)-385/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı "xxxx" ASC-yə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair iddia qaldıraraq, xx.xx.2022-ci il tarixli 246856 saylı akta əsasən 521 manat, xx.xx.2022-ci il tarixli 262079 saylı akta əsasən 274 manat, xx.xx.2022-ci il tarixli 262460 saylı akta əsasən 357 manat, xx.xx.2021-ci il tarixli 219724 saylı akta əsasən 152 manat, xx.xx.2021-ci il tarixli 238336 saylı akta əsasən 97,50 manat və xx.xx.2021-ci il tarixli 223779 saylı akta əsasən 178,01 manat olmaqla, cəmi 1579,51 manat pulun silinməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən ev ona məxsusdur. Kommunal xərclər onun adına gəlir. "xxxx" ASC-nin əməkdaşları tərəfindən müxtəlif illərdə onun xəbəri olmadan xx.xx.2022-ci il tarixdə 246856 saylı akta əsasən 521 manat, xx.xx.2022-ci il tarixli 262079 saylı akta əsasən 274 manat, xx.xx.2022-ci il tarixli 262460 saylı akta əsasən 357 manat, xx.xx.2021-ci il tarixli 219724 saylı akta əsasən 152 manat, xx.xx.2021-ci il tarixli 238336 saylı akta əsasən 97,50 manat və xx.xx.2021 -ci il tarixli 223779 saylı akta əsasən 178,01 manat olmaqla, onu cəmi 1579,51 manat cərimə ediblər. Hansı ki, onun heç nədən xəbəri olmayıb. Həmçinin, onun tərəfindən elelktrik xəttinə və sayğaca hər hansı bir müdaxilə edilməmişdir. Bunu işıq idarəsinin nəzarətçiləri də bilir. Onun sayğacında göstərilən nöqsanlar olmadığı üçün dəfələrlə "xxxx" ASC-yə müraciət etmiş, hər dəfə bir bəhanə gətirərək yayınmışlar. Ona haqsız yerə qanunsuz yerə yazılan cəriməni silməkdən boyun qaçırıblar, hətta küçənin nəzarətçilərinə də dəfələrlə bildirmiş, o hər ay istifadə etdiyi işıq sərfiyatını ödəmişdir. Ödəniş etməyi barədə qəbzləri var. Hal-hazırda sayğacda göstərildiyi göstərişə əsasən heç bir borcu yoxdur. Akt yazılarkən onun xəbəri olmayıb. Evə bildiriş gəlmişdir ki, onun "xxxx" ASC-yə 1579.51 manat borcu var. Halbuki onun borcu yoxdur, evinə baxış keçirilsə evində olan sayğacın düzgün işlədiyini həmin sayğaca heç nə qoşulmadığını sübut edə bilər, heç bir əlavə xətdən istifadə olunmayıb. Bu borcla bağlı "xxxx" ASC -yə müraciət etsə də hələ də əsassız yerə yazılan borc silinməyib. Bununla əlaqədar yuxarıda qeyd etdiyi kimi "xxxx" ASC-nin əməkdaşları tərəfindən yazılan aktlar cavabdehin əməkdaşları tərəfindən yazılmışdır. Halbuki o hər ay nəzarətçinin dediyi borcu vaxtı-vaxtında ödəmişdir.

3. İddia tələbinə dair etiraz daxil olmamışdır.

4. Xaçmaz Rayon Məhkəməsinin 12 fevral 2024-cü il, 2(067)-385/2024 nömrəli qətnaməsi ilə (hakim Sərxan Səmədzadə) iddia təmin edilmiş, "xxxx" ASC-nin əməkdaşlarının tərtib etdikləri xx.xx.2022-ci il tarixli, 246856 saylı akt əsasında hesablanmış 521 manat, xx.xx.2022-ci il tarixli 262079 saylı akta əsasən 274 manat, xx.xx.2022-ci il tarixli 262460 saylı akta əsasən 357 manat, xx.xx.2021-ci il tarixli 219724 saylı akta əsasən 152 manat, xx.xx.2021-ci il tarixli 238336 saylı akt əsasında hesablanmış 97,50 manat və xx.xx.2021-ci il 223779 saylı akt əsasında hesablanmış 178,01 manat məbləğində pulun (borc) İddiaçı abonent hesabından silinməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının istifadəsində olan mənzildə elektrik sayğacı mənzildən kənarda quraşdırılmışdır. Elektrik sayğacı mənzildən kənarda quraşdırıldığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş elektrik enercisindən istifadə qaydalarının 7.11-ci və 8.32-ci bəndlərinə əsasən evin mülkiyyətçisi sayğaca və ya qoşulma sxeminin dəyişdirilməsinə və müdaxilə edilməsinə görə cavabdehlik daşımır. Belə ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizat müəssisəsi cavabdehlik daşıyır.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1ydaları»nın 7.11, 8.32, 8.33-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilərək Xaçmaz Rayon Məhkəməsinin 12 fevral 2024-cü il, 2(067)-385/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş EEİQ-nin 7.11-ci bəndə əsaslanmışdır ki, həmin bəndin məzmununa yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Amma məhkəmə EEİQ-nin 7.11-ci bəndə istinad edərkən nəzərdən qaçırmışdır ki, xx.xx.2021-ci il tarixli, 219724 saylı, xx.xx.2021-ci tarixli, 238336 saylı, xx.xx.2022-ci il tarixli, 246856 saylı, xx.xx.2022-ci il tarixli, 262079 saylı və xx.xx.2022-ci il tarixli, 262460 saylı aktlar kənar xətt aşkarlandığı üçün tərtib edilmişdir. İddiaçı tərəfindən sayğaca olunmuş müdaxilələr hər-hansı bəsit- sayğac şüşəsinin sındırılması, plombların qoparılması və sair kimi müdaxilələr deyil. Sayğacdan kənar xətlər çəkilərək elektrik enerjisindən qanunsuz istifadə etməsi ilə bağlı tərtib edilmişdir. Beləlikə, xx.xx.2021-ci il tarixli 219724 saylı, xx.xx.2021-ci tarixli 238336 saylı, xx.xx.2022-ci il tarixli 246856 saylı, xx.xx.2022-ci il tarixli 262079 saylı və xx.xx.2022-ci il tarixli,262460 saylı aktlar tərtib edilərkən heç bir prosessual pozuntuya yol verilməmiş, “X1ydaları”-nın 8.17-ci bəndin tələblərinə tam uyğun olaraq tərtib edilmiş, akt onu tərtib edən şəxslər tərəfindən imzalanmış və kənar xətt video çəkilişlərlə qeydə alınmışdır. Aktlar kənar xətdən istifadə olunması halı aşkar olunduğu üçün tərtib edilmişdir. İddiaçı elektrik enerjsindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1ydaları”nın tələbinə uyğun istifadə etməli idi. EEİQ-nın 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Buna baxmayaraq, məhkəməyə sübut kimi işin halları ilə bağlı DVD diskə köçürülmüş video görüntü təqdim edilsə də, lakin məhkəmə qətnamə qət edərkən təqdim edilən sübuta hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş EEİQ-nm 7.11-ci bəndinə isinad edərək iddia qismən təmin etmişdir. Yalnız məhkəmə nəzərə almamışdır ki, iddiaçıya qarşı tərtib olunmuş akt EEİQ-nin 8.17-ci bəndinə əsasən mənzildə elektrik hesabat sayğacından kənar xətt çəkilərək X2 olunması halı aşkar olunduğundan tərtib edilmişdir. Təqdim edilmiş sübutlardan da göründüyü kimi mənzildə sayğacdan kənar xətdən istifadə iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Qeyd olunanlardan əlavə aşkar olunmuş faktı təsdiq edən video çəkilişlər sübut kimi məhkəməyə təqdim edilmişdir. Həmin görüntülərdən açıq görünür ki, sayğacdan kənar xətt çəkilərək mənzildə qanunsuz X2 edilmişdir. Məhkəmə isə təqdim edilmiş sübutları nəzərə almamış, qətnamə çıxararkən həmin sübutlara münasibət bildirməmişdir. Göründüyü kimi məhkəmə iddia tələbinə dair təqdim edilmiş etirazda qeyd olunan hallara və etiraza əlavə edilmiş sübutlara düzgün qiymət verməmiş, "xxxx" ASC tərəfindən haqlı olaraq hesablanmış borcun silinməsi barədə qətnamə çıxarmış, qətnamə çıxararkən isə qeyd olunanlara nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsinin qərarı əsassızdır. İddiaçının istifadəsində olan sayğacda kənar xətdən istifadə olunmuş, faktlara əsasən hesabat aparılmış şəxs barəsində dəfələrlə akt tərtib olunmuşdur. Birinci instansiya məhkəməsinə disk təqdim edilmiş, lakin məhkəmə tərəfindən sübut kimi qiymətləndirilməmişdir. Birinci instansiya məhkəməsi yalnız sayğacın şüşəsinin sındırılması, plombun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması hallarına istinad edərək, kənar xətdən istifadə faktına münasibət bildirməmişdir. Məhkəmənin qərarında “X1ydaları”nın 8.33-cü bəndinə istinad olunmuş, halbuki həmin bənd qaydalardan çıxarılmışdır. Suallara cavabda isə bildirmişdir ki, 31 mart 2021-ci il tarixli akt üzrə dəyişiklik həyata keçirilmiş, yekun olaraq 23,31 manat hesabat aparılmışdır. Əvvəl aparılmış hesabatda isə 568 manat qeyd olunmuşdur. Həmin məbləğ sonradan azaldılmış, ona görə belə bir fərq ortaya çıxmışdır. 21 avqust 2021-ci il tarixli akt üzrə 233,53 manat, 11 noyabr 2021-ci il tarixli akt üzrə 181,68 manat, 06 aprel 2022-ci il tarixli akt üzrə 529,79 manat, 06 iyul 2022-ci il tarixli akt üzrə 274,34 manat, 15 avqust 2022-ci il tarixli akt üzrə 356,78 manat hesabat aparılmışdır. Sayğacların dəyişdirilməsi zamanı aktlaşdırma həyata keçirilmişdir. Sayğacı yeni smart tipli sayğacla əvəz olunması və kənat xəttin ləğv edilməsi ilə bağlı akt var. Aktda “Nümayəndə1” yazılmış, ardınca “Məişət abonenti aktı imzalamaqdan imtina etdi” deyə qeyd olunmuşdur. Qeyd olunanlara əsasən, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-385/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin əsassız olduğundan rədd edilməsi barədə qərar qəbul etməyinizi xahiş edir.

11. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, atası əməliyyat olunmuş və həmin dövrdə onlar mənzildə yaşamamışlar. Bir ay ərzində 2 aktın tərtib olunması, 54 kv.m iki otaqlı mənzildə o qədər borc məbləğinin yazılması ağlabatan deyil. Həmin mənzildə yaşamasalar da əlavə olaraq 4 dəfə akt tərtib olunmuşdur. Sayğacı smart sayğaca dəyişmişdir. Dördüncü mərtəbədə yaşayırlar. Sayğaclar ikinci mərtəbədə quraşdırılmışdır. Sayğaca hər hansı bir müdaxilə etməmişdir. 2020-2021-ci illərdən etibarən həyət evinə köçmüş və sözügedən mənzildən demək olar ki, istifadə etməmişlər. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmaması və Xaçmaz Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş edir. Suallara cavabda isə bildirmişdir ki, cavabdehin təqdim etdiyi sənədlərdə əks olunmuş məbləğlərə əsasən iddia qaldırmışdır. Aktların tərtib olunmasından xəbərim olmamışdır. Sayğacın sxemdən kənarlaşdırılması halı mövcud olmamışdır. Kənar xətdən istifadə etməmişdir. Sayğacda problem olmuş, məlumat vermişik, dəyişmişlər. Sonra isə quraşdırılan ikinci sayğac da xarab olduğundan smart saytac quraşdırmışlar. Amma bizim sayğacların dəyişidirlmə prosesindən xəbəri olmamışdır. 8-9 ay məhkəmə icraatı dövründə ödəniş etməmişəm. 2021-ci ildə sayğacın yazmadığı müddətə əvvəlki elektrik enerjisi sərfiyyatına uyğun, aylıq 10-15 manat hesablanmaqla apellyasiya şikayətini qəbul edir.

İşdə olan sübutlar

12. "xxxx" ASC-nin əməkdaşlarının tərtib etdikləri 31 mart 2021-ci il tarixli 219724 nömrəli aktdan, həmin akta əsasən zərərin müəyyən olunmasına dair sənəddən və **********02019 nömrəli abonent hesabının çıxarışından görünür ki, sayğac sxemdən kənarlaşdıraraq mənzilə birbaşa kənar xətt çəkilmiş və hesabat dövrü xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək götürülməklə, 6616 kvt.s olmaqla, 586,89 manat zərər məbləği hesablanması təklif edilmiş, lakin iddiaçıya məxsus **********02019 abonent hesabına həmin akta əsasən 333 kvt.s olmaqla, 23,31 manat zərər məbləği qeyd olunmuşdur.

13. 21 avqust 2021-ci il tarixli 223779 nömrəli aktdan, həmin akta əsasən zərərin müəyyən olunmasına dair sənəddən və **********02019 nömrəli abonent hesabının çıxarışından görünür ki, sayğac sxemdən kənarlaşdırılaraq mənzilə birbaşa kənar xətt çəkilmiş və hesabat dövrü xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək götürülməklə, 2643 kvt.s olmaqla, 233,53 manat zərər məbləği hesablanması təklif edilmiş və iddiaçıya məxsus **********02019 abonent hesabına həmin akta əsasən 233,53 manat qeyd olunmuşdur.

14. 11 noyabr 2021-ci il tarixli 238336 nömrəli aktdan, həmin akta əsasən zərərin müəyyən olunmasına dair sənəddən və **********02019 nömrəli abonent hesabının çıxarışından görünür ki, abonent pilləkən meydançasında quraşdırılmış sayğaclar lövhəsində qoruyucunun alt hissəsindən mənzilə aid qoruyucunun alt hissəsinə kənar xətt çəkərək sayğacı dövrədən kənarlaşdırmış və hesabat dövrü xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək götürülməklə, 1928 kvt.s olmaqla, 181.68 manat zərər məbləği hesablanması təklif edilmiş və iddiaçıya məxsus **********02019 abonent hesabına həmin akta əsasən 181.68 manat qeyd olunmuşdur.

15. 06 aprel 2022-ci il tarixli 246856 nömrəli aktdan, həmin akta əsasən zərərin müəyyən olunmasına dair sənəddən və **********02019 nömrəli abonent hesabının çıxarışından görünür ki, abonent sayğacı sxemdən kənarlaşdırmaqla, sayğacdan kənar olaraq 2x4mm mis kabel vasitəsilə kənar xətdən istifadə etmış, hesabat dövrü 1 ay götürülməklə, 4183 kvt.s olmaqla, 529.79 manat zərər məbləği hesablanması təklif edilmiş və iddiaçıya məxsus **********02019 abonent hesabına həmin akta əsasən 529.79 manat qeyd olunmuşdur.

16. 06 iyul 2022-ci il tarixli 262079 nömrəli aktdan, həmin akta əsasən zərərin müəyyən olunmasına dair sənəddən və **********02019 nömrəli abonent hesabının çıxarışından görünür ki, sayğacın giriş xəttindən əlavə naqil vasitəsilə mənzilə birbaşa kənar xətt çəkilmiş, hesabat dövrü 1 ay götürülməklə, 2218 kvt.s olmaqla, 274,34 manat zərər məbləği hesablanması təklif edilmiş və iddiaçıya məxsus **********02019 abonent hesabına həmin akta əsasən 274,34 manat qeyd olunmuşdur.

17. 15 avqust 2022-ci il tarixli 262460 nömrəli aktdan, həmin akta əsasən zərərin müəyyən olunmasına dair sənəddən və **********02019 nömrəli abonent hesabının çıxarışından görünür ki, sayğacdan kənar əlavə naqil vasitəsilə mənzilə birbaşa kənar xətt çəkilmiş, hesabat dövrü xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək götürülməklə, 2883 kvt.s olmaqla, 356.78 manat zərər məbləği hesablanması təklif edilmiş və iddiaçıya məxsus **********02019 abonent hesabına həmin akta əsasən 356.78 manat qeyd olunmuşdur.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq olunmuş X1ydaları:

7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 7.9. Məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə uyğun olaraq aktiv istehlakçının dəstəklənməsi mexanizmindən istifadə edən istehlakçılar öz vəsaitləri hesabına elektrik şəbəkəsinə ötürülən və şəbəkədən alınan elektrik enerjisinin hesablanmasına imkan verən sayğac quraşdırmalıdırlar. 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. 8.16. İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

19. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq olunmuş X1ydalarının 14 aprel 2022-ci il tarixədək qüvvədə olan redaksiyası:

8.32. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X2 göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X2yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X2yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X2 edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X2 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X2yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X2 edildiyi nəzərə alınmaqla hesabat aparılır. 8.33. Məişət abonenti tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

20. Mülki Prosessual Məcəllə

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

21. Məhkəmə kollegiyası tərəfindən Xaçmaz Rayon Məhkəməsinin 12 fevral 2024-cü il, 2(067)-385/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 12 fevral 2024-cü il, 2(067)- 385/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.

23. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, 31 mart 2021-ci il tarixli 219724 nömrəli akta əsasən cavabdeh təşkilat tərəfindən hesabat dövrü xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək götürülməklə, 6616 kvt.s olmaqla, 586,89 manat zərər məbləği hesablansa da, iddiaçıya məxsus **********02019 abonent hesabına həmin akta əsasən 333 kvt.s olmaqla 23,31 manat qeyd olunmuşdur. İddiaçı isə həmin akta əsasən 152 manat əsassız hesablanmış zərər məbləğinin silinməsini tələb etmiş, birinci instansiya məhkəməsi də 31 mart 2021-ci il tarixli, 219724 nömrəli akta əsasən 152 manat zərər məbləğinin silinməsini qət etmişdir. Lakin, 152 manat məbləğin haradan alınmasını iddiaçı izah edə bilməmiş, birinci instansiya məhkəməsi də buna dair hər hansı bir əsaslandırma aparmamışdır. Məhkəmə kollegiyasının iclasında isə cavabdehin nümayəndəsi məhkəmənin suallarına cavabında 31 mart 2021-ci il tarixli 219724 nömrəli akta əsasən 586,89 manat zərər məbləğinin hesablanmasının təklif edilməsinə baxmayaraq, 23,31 manat zərər məbləğinin əsaslı hesab olunaraq, iddiaçıya məxsus **********02019 abonent hesabına yerləşdirildiyini bildirmişdir. Həmçinin, iddiaçıya məxsus abonent hesabından da göründüyü kimi həqiqətən də həmin akt üzrə iddiaçıya hesablanmış zərər məbləği 23,31 manat təşkil etmişdir. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin akt üzrə gəldiyi nəticəni əsassız hesab etmişdir.

24. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan iddiaçıya məxsus **********02019 abonent hesabından görünür ki, 2020-ci ilin iyun ayınında iddiaçının mənzilinə quraşıdırlmış sayğacın göstəricisi 2464 kvt.s olmuş və həmin göstərici 2021-ci ilin mart ayınadək dəyişməmiş, 2021-ci ilin mart ayında 383 kvt.s elelktrik enerjisindən istifadə edilməklə, sayğacın göstəricisi 2847 kvt.s olmuş və həmin göstərici də 2021-ci ilin noyabr ayınadək dəyişməmişdir. İddiaçıya yazılmış 31 mart 2021-ci il tarixli 219724 nömrəli, 21 avqust 2021-ci il tarixli 223779 nömrəli və 11 noyabr 2021-ci il tarixli 238336 nömrəli aktlar da məhz sayğacın göstəricisinin dəyişmədiyi dövrü əhatə etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçının nümayəndəsi sayğacın elelktrik enerjisini qeydə alınmadığı həmin dövr ərzində mənzildə demək olar ki, yaşayışın olmadığına dair izahat vermişdir ki, məhkəmənin təşəbbüsü ilə həmin mənzilə dair qazdan istifadə ilə əlaqədar məhkəməyə tədim edilmiş abonent hesabında həmin dövr ərzində həmin mənzildə qazdan istifadə edildiyi öz təsdiqini tapmışdır ki, bununla da iddiaçının məznildə yaşayışın olmaması ilə bağlı izahatının mötəbərliyi istisna olunmuşdur. Məhkəmə kollegiyasının sonrakı iclasında iddiaçı həmin dövr ərzində sayğacın işləmədiyini, buna görə də məhz 2021-ci il tarixdə dəyişdirilməsinə dair izahat vermişdir.

25. Bununal yanaşı məhkəmə kollegiyası qeyd edir ki, cavabeh təşkilat 21 avqust 2021-ci il və 11 noyabr 2021-ci il tarixdə iddiaçının sayğacdan kənar elelktrik enerjisindən istifadə etməsi faktını aşkarladıqlarını iddia etsələr də buna dair yalnız, sübut qismində müvafiq olaraq 223779 nömrəli və 238336 nömrəli aktların surətini məhkəməyə təqdim etmişlər ki, həmin aktlar da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq olunmuş X1ydalarının 14 aprel 2022-ci il tarixədək qüvvədə olan redaksiyasının tələblərinə uyğun olmamışdır. Belə ki, həmin tarixədək qüvvədə olan qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. İş materillarına əlavə edilmiş həmin aktlardan isə görünür ki, həmin aktlar yalnız "xxxx" ASC-nin nümayəndələrinin iştitakı ilə tərtib edilməklə, hal şahidlərinin iştirakı təmin edilməmişdir. Buna görə də məhkəmə kollegiyası qeyd olunan aktlar üzrə iddiaçının sayğacdan kənar elelktrik enerjisindən istifadə etməsi faktının təsdiq olunmaması qənaətinə gəlmişdir.

26. Bununla yanaşı qeyd olunur ki, iş materialları ilə 2021-ci ili aprel ayından 2021-ci ilin noyabr ayınadək iddiaçıya məxsus sayğacın həmin evdə yaşayışın olmasına baxmayaraq, istifadə edilmiş elelktrik enerjisinin qeydə almadığı öz təsdiqini tapmışdır ki, iddiaçının nümayəndəsi də sonrakı məhkəmə iclasında sayğacın işləmədiyini, buna görə də məhz 2021-ci ilin noyabrında sayğacın dəyişdirilməsinə dair izahat vermişdir. Həmçinin, iş materiallarında olan iddiaçıya məxsus **********02019 abonent hesabından görünür ki, iddiaçıya məxsus sayğac həqiqətən də 19 noyabr 2021-ci il tarixdə yeni sayğacla əvəz edilmişdir. Yuxarıda göstərilə əsaslara görə qeyd edilən aktlar üzrə iddiaçının sayğacdan kənar xətt vasitəsi ilə elelktrik enerjisindən istifadə edilməsi faktı istisna olunduğundan, lakin həmin dövrdə mübahisəli məzildə yaşayışın olmasına baxmayaraq, istifadə edilmiş elelktrik enerjisinin qeydə almadığı öz təsdiqini tapdığından, sağacın isə 19 noyabr 2021-ci il tarixdə yeni sayğacla əvəz edilməsi nəzərə alındıqda, məhkəmə kollegiyası həmin dövrdə sayğacın işləməməsi və ya qüsurlu işləməsi qənaətinə gəlmişdir. Bu zaman uçotun məhz iddiaçının təqsiri üzündən pozulması da sübut olunmamaqdadır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, həmin aktlar üzrə hesabat “X1ydaları”nın 8.16-cı bəndinə əsasən aparılmalı idi. Həmin bəndin tələbinə əsasən isə elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamaqla, uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Abonent hesabına əsasən isə uçot pozulana qədər və ucot bərpa edildikdən sonrakı dövrün orta aylıq sərfi təxminən 370 kvt.s təşkil etmişdir. Buna görə də məhkəmə kollegiyası 21 avqust 2021-ci il tarixli 223779 nömrəli və 11 noyabr 2021-ci il tarixli 238336 nömrəli aktlar üzrə hər bir akt üzrə 370 kvt.s olmaqla, 25,9 manat (370 kvt.s x 0,07 manat=25,9) heabatın aparılmalı olmasını əsaslı hesab edir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, həmin aktlar üzrə müvafiq olaraq artıq hesablanmış 207,63 (233,53-25,9=207,63) manat və (181,68-25,9=155,78) 155,78 manat iddiaçıya məxsus abonent hesabından silinməlidir.

27. Məhkəmə kollegiyası 06 aprel 2022-ci il tarixli 246856 nömrəli akt münasibətdə isə qeyd edir ki, iş materiallarında olan iddiaçıya məxsus **********02019 abonent hesabından görünür ki, iddiaçıya məxsus sayğac 19 noyabr 2021-ci il tarixdə yeni sayğacla əvəz edilmişdir ki, 2021-ci ilin noyabr ayından 2022-ci ilin iyun ayınadək olan müddət ərzində iddiaçının mənzilinə quraşdırılmış sayğac istifadə edilmiş elelktrik enerjisini qeydə almış və istifadə edilmiş elelktrik enerjisi 962 kvt.s olmuşdur. Lakin, cavabdeh təşkilat tərəfindən həmin dövrdə, yəni 06 aprel 2022-ci il tarixdə 246856 nömrəli akt tərtib edilərək, sayğacdan kənar xətdən istifadə edilməsi əsası ilə 529.79 manat zərər məbləği hesablanmışdır. Məhkəmə kollegiyası qeyd edilən dövr üzrə iddiaçının mənzilinə quraşdırılmış sayğacın istifadə edilmiş elelktrik enerjisinin qeydə almasını, o cümlədən yuxarıda istinad olunan digər aktlara münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq olunmuş X1ydalarının 14 aprel 2022-ci il tarixədək qüvvədə olan 8.33-cü bəndinə uyğun olmaması əsasının hazırkı akta münasibətdə də təkrarlandığını nəzərə alaraq, qeyd olunan akt üzrə də iddiaçının sayğacdan kənar elelktrik enerjisindən istifadə etməsi faktının təsdiq olunmaması qənaətinə gəlmişdir. Buna görə də məhkəmə kollegiyası 06 aprel 2022-ci il tarixli, 246856 nömrəli akt üzrə hesablanmış 529.79 manat zərər məbləğini əsassız hesab edərək, iddiaçıya məxsus abonent hesabından silinməli olması qənaətinə gəlmişdir.

28. Məhkəmə kollegiyası 06 iyul 2022-ci il tarixli 262079 nömrəli və 15 avqust 2022ci il tarixli 262460 nömrəli aktlara münasibətdə isə qeyd edir ki, həmin aktlar X1ydalarının 8.17-2-ci bəndinin tələbinə uyğun tərtib edilmişdir. Belə ki, aktda qeyd olunan faktı təsdiq edən videoçəkiliş məhkəməyə təqdim edilmişdir. Həmin aktların mötəbərliyi eyni zamanda iş materiallarında olan abonent hesabı ilə də təsdiq olunmaqdadır. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus **********02019 abonent hesabından görünür ki, 2022-ci ilin iyun ayınında iddiaçının mənzilinə quraşıdırlmış yeni sayğacın göstəricisi 962 kvt.s olmuş və həmin göstərici 2022-ci ilin avqust ayınadək dəyişməmiş, 2022-ci ilin avqust ayında 5 kvt.s elelktrik enerjisindən istifadə edilməklə, sayğacın göstəricisi 967 kvt.s olmuş və həmin göstərici də 2022-ci ilin dekabr ayınadək dəyişməmişdir. İddiaçıya yazılmış 06 iyul 2022-ci il tarixli 262079 nömrəli və 15 avqust 2022-ci il tarixli 262460 nömrəli aktlar da məhz sayğacın göstəricisinin dəyişmədiyi həmin dövrü əhatə etmişdir. Həmçinin məhkəmənin təşəbbüsü ilə həmin mənzilə dair qazdan istifadə ilə əlaqədar məhkəməyə tədim edilmiş abonent hesabında həmin dövr ərzində həmin mənzildə qazdan istifadə edildiyi, bununla da həmin dövrdə də mənzildə yaşayışın olması təsdiq olunmuşdur.

29. Lakin, məhkəmə kollegiyası hesab edir ki, həmin aktlar üzrə itirilmiş elelktrik enejisinin dəyərinin hesablanması ədalətli olmamışdır. Belə ki, həmin aktlardan görünür ki, cavabdeh təşkilat 24 saat ərzində naqildən keçən gücə görə hesabat aparmışdır. Halbuki, praktik cəhəydən bir mənzildə bütün elelktrik avadanlıqlarının 24 saat ərzində fasiləsiz işləməsi mümkün olan hal deyildir. Lakin, “Elelktrik enerjisindən istifadə Qaydaları”nın 8.17-1-ci bəndində istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı nəzərə alınmaqla hesablanması müəyyən edilmişdir. Təsadüfi deyildir ki, anoloji olaraq “Qazdan istifadə qaydaları”nın 6.5- 3-ci bəndində qanunsuz qoşulma hallarında məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı nəzərə alınmaqla müvafiq hesablamanın aparılması, o cümlədən bu zaman ilin mövsümünün, əvvəlki dövrün orta gündəlik sərfin və istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) nəzərə alınması öz əksini tapmışdır. Həmçinin, iş materiallarında olan 06 iyul 2022-ci il tarixli 262079 nömrəli aktdan isə görünür ki, istehlakçının naqildən keçən güc 4,4 kvt.s olmaqla, 30 gün ərzində 24 saat elelktrik enerjisindən istifadə etməsi nəzərə alınmaqla, 30 günlük müddət üçün 274,34 manatlıq, 15 avqust 2022-ci il tarixli 262460 nömrəli akt üzrə isə 39 günlük müddət üçün 356,78 manat zərər məbləği hesablanmışdır. 2021-ci il tarixli aktlarda isə naqildən keçən gücün 1,1 və 1,5 kvt.s olması nəzərə alınmaqla hesablama aparılmışdır. Buna görə də məhkəmə kollegiyası 06 iyul 2022-ci il tarixli 262079 nömrəli akt üzrə hesablanmış (274,34:3=91,44 və 274,34-91,44=182,9) 182,9 manat zərər məbləğini və 15 avqust 2022ci il tarixli 262460 nömrəli akt üzrə isə hesablanmış (356,78:3=118,92 və 356,78- 118,92=237,86) 237,86 manat zərə məbləğini əsassız hesab etmişdir.

30. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallana olan sübutlarla cavabeh tərəfindən iddiaçıya qeyd olunan aktlar üzrə ümumilikdə 1599,43 manatlıq zərər məbləği hesablanmışdır ki, iddiaçı tərəfindən həmin aktlar üzrə ümumilikdə 1579,51 manat zərər məbləğinin silinməsi xahiş olunmuş, həmçinin bəzi aktlar üzrə tələb məbləği düzgün qeyd olunmamışdır. Lakin, iddiaçının tələbi yazılmış aktlar üzrə zərər məbləği ilə təxminın eynilik təşkil etdiyindən məhkəmə kollegiyası tərəfindən iddiaçının tələbi konkret aktlar üzrə deyil, ümumi tələb üzrə yoxlanılmışdır.

31. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi EEİQ-nin 7.11-ci bəndə istinad edərək, mübahisəli evdə sayğacın pilləkən meydançalarında quraşdırılmasını nəzərə alınaraq, sayğacın işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsinin cavabdehlik daşımasını əsas gətirərək iddianı qismən təmin etmiş, lakin nəzərə almamışdır ki, tərtib edilmiş aktlar sayğacdan kənar qanusuz qoşulmuş xətlərlə bağlı tərtib edilmişdir. Həmçinin, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, gəlinmiş nəticə işin hallarına uyğun olmamış və maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. 32.Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 12 fevral 2024cü il, 2(067)-385/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilərək, 21 avqust 2021-ci il tarixli 223779 nömrəli akt üzrə hesablanmış 207,63 manatlıq, 11 noyabr 2021-ci il tarixli 238336 nömrəli akt üzrə 155,78 manatlıq, 06 aprel 2022-ci il tarixli, 246856 nömrəli akt üzrə hesablanmış 529.79 manatlıq, 06 iyul 2022-ci il tarixli 262079 nömrəli akt üzrə hesablanmış 182,9 manatlıq və 15 avqust 2022-ci il tarixli 262460 nömrəli akt üzrə isə hesablanmış 237,86 manatlıq olmaqla, cəmi 1313,96 manatlıq zərər məbləği əsassız hesab edilərək, iddiaçıya məxsus abonent hesabından silinməlidir. 33.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 12 fevral 2024-cü il, 2(067)-385/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. 21 avqust 2021-ci il tarixli 223779 nömrəli akt üzrə hesablanmış 207,63 manatlıq, 11 noyabr 2021-ci il tarixli 238336 nömrəli akt üzrə 155,78 manatlıq, 06 aprel 2022-ci il tarixli, 246856 nömrəli akt üzrə 529.79 manatlıq, 06 iyul 2022-ci il tarixli 262079 nömrəli akt üzrə 182,9 manatlıq və 15 avqust 2022-ci il tarixli 262460 nömrəli akt üzrə isə 237,86 manatlıq olmaqla, cəmi 1313,96 (min üç yüz on üç manat, 96 qəpik) manatlıq zərər məbləği əsassız hesab edilərək, iddiaçıya məxsus abonent hesabından silinsin. Dövlət rüsumunun ödənilməsi ilə əlaqədar azad olma məbləği, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 25 (iyirmi beş) manat, cavabdeh "xxxx" ASC-dən alınaraq, dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar