Məhkəmə qərarları › İş №2(105)-942/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-942/2023

12.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-942/2023 12.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli e-2(060)-6424/2022 nömrəli qətnaməsindən Cavabdeh qız tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında sadələşdirilmiş yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20195243 nömrəli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh "xxxx" MMC-dən Acer noutbuk, Antivirus Kaspersky, noutbuk çantası almışdır. 12 sentyabr 2022-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh "xxxx" MMC-yə müqavilə üzrə 295 manat ödənilməmiş hissə məbləğində borcu vardır. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubuna əsasən, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020- ci il tarixli müqavilə üzrə Acer noutbuk, Antivirus Kaspersky, noutbuk çantasına görə 295 (iki yüz doxsan beş) manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə bağladığı xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Acer notebook, Antivirus Kaspersky, notebook çantası almış və nəticədə mağazaya 295 (iki yüz doxsan beş) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 868.8 (səkkiz yüz altmış səkkiz manat səksən qəpik) manat (12 ay 72.4 manat + 0 manat ilkin ödəniş) olan Acer notebook, Antivirus Kaspersky, notebook çantası üçün ümumilikdə 295 (iki yüz doxsan beş) manat olmaqla, ondan, 295 (iki yüz doxsan beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə borcu yaranmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Acer notebook və X2 xx.xx.2021-ci il tarixində imtina etmiş, məhsul 428.79 manat qiymətləndirilərək borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 145.01 manat, məhsulun qaytarıldıqdan sonra qoyulan qiyməti 428.79 manat, cəmi ödədiyi məbləğ 573.8 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2020-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Ona görə də iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli e-2(060)-6424/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə Acer notebook, Antivirus Kaspersky, notebook çantasına görə 295 (iki yüz doxsan beş) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. (hakim Günel Tanrıverdiyeva) Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 445.2.1, 567, 601.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 119-cu maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verib, Sumqayıt şəhər Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli e-2(060)-6424/2022 saylı qətnaməsinin tam ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: İş üzrə qəbul olunmuş qətnamədən narazıdır. Qətnamə MPM-nin 4, 9, 14, 88-ci, MMnin 739 və 740-cı maddələrinin tələblərini pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Bildirir ki, notebook alarkən ona xəstəliklə əlaqədar olaraq pensiya ödənilirdi. Onunla "xxxx" MMC arasında müqavilə bağlandıqdan az sonra Tibbi-Sosial Ekspert və Reablitasiya Agentliyi tərəfindən əlillik dərəcəsi ləğv olunmuş, aylıq pensiya ödənişi dayandırılmışdır. Bu səbəbdən də o, aldığı notebooku və çantanı iddiaçıya qarşılıqlı razılıq əsasında qaytarmışdır. O, nə notebookdan, nə də çantadan istifadə etməmişdir. Ona ödənilən pensiyanın ləğv edilməsi səbəbindən aldığı əşyaları istifadə etmədən geriyə, yəni iddiaçıya qaytarmışdır. Onu da bildirir ki, həmin əşyalara görə 2 ay üçün ödəniş etmişdir. Belə olan halda müqavilədən imtina olunması şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə bağlı olmuşdur. Məhkəmə qətnamə qəbul edərkən iddiaçıdan aldığı notebooku və çantanı iddiaçıya qarşılıqlı razılıq əsasında qaytarmağını, həmin əşyalara görə 2 ay üçün ödəniş etməyini və borcun hansı səbəbdən yarandığını aydınlaşdırmamışdır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Sumqayıt şəhər Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli e-2(060)-6424/2022 saylı qətnaməsinin tam ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Sumqayıt şəhər Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli müqavilə bağlanmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə aldığı mallar üçün 295 manat borcu yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, Cavabdeh həmin müqavilə üzrə iddiaçıdan müəyyən əşyaları - Acer notebook, Antivirus Kaspersky və notebook çantası almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin müqaviləninn ayrılmaz tərkib hissəsi olan əlavə müqavilə ilə müəyyən edilmiş məbləği iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh müqavilə əsasında iddiaçıdan göstərilən əşyaları almasına dair hüququndan istifadə etmiş, lakin vəsaitin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Cavabdeh iddiaçı qarşısında öhdəliyi yarandığından o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun iddiaçıya müqavilədəki öhdəlikləri yerinə yetirmədiyinə görə 295 manat borcu yaranmışdır. Bu borc işdə olan obyektiv sübutlarla, maliyyə arayışı ilə təsdiq olunur. Apellyasiya şikayətin dəlili ondan ibarətdir ki, cavabdeh notebook alarkən ona xəstəliklə əlaqədar olaraq pensiya ödənilirdi. Onunla "xxxx" MMC arasında müqavilə bağlandıqdan az sonra Tibbi-Sosial Ekspert və Reablitasiya Agentliyi tərəfindən əlillik dərəcəsi ləğv olunmuş, aylıq pensiya ödənişi dayandırılmışdır. Bu səbəbdən də o, aldığı notebooku və çantanı iddiaçıya qarşılıqlı razılıq əsasında qaytarmışdır. Apellyasiya şikayətinin bu dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı "xxxx" MMC öz tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilmiş, lakin cavabdeh apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi bu dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli e- 2(060)-6424/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 394-1.3 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli e-2(060)-6424/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar