Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-947/2024 15.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X12 qarşı (Açar sözlər: subroqasiya qaydasında pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X27 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2(060)-2257/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 6500 manat məbləğində sığorta ödənişinin, 85,40 manat məbləğində dövlət rüsumunun, cəmi 6585,40 manat pul vəsaitinin tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində Bakı-Quba- Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən 94-cü km-də "xxxx" ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış etibarnamə ilə idarəetmə hüququ əsasında Cavabdeh Merbala oğlunun istifadəsinə verilmiş “Opel Zafira minik” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi X13 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə “X28 Prado minik” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymiş, X14, X4 və X2 az ağır, X22 və X3 yüngül xəsarət yetirilmişdir. DİN Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarının barədə” arayışına, cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində X13 təqsirli şəxs olaraq müəyyən edilmişdir. DİN Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2021-ci il tarixli qərara əsasən X13 barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata xitam verilmişdir. Həmin vaxt izahatı alınmış “Opel Zafira minik” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X13 DİN Baş İstintaq və Təhqiqat İdarəsinə verdiyi izahatında hadisə zamanı maşını müvafiq etibarnamə olmadan idarə etdiyini etiraf etmişdir. “Opel Zafira minik” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin PBA ********** saylı sığorta şəhadətnaməsindən (müqavilə) göründüyü kimi, həmin avtomobil “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə "xxxx" ASC tərəfindən sığortalanmışdır. Müvafiq tarixli zərərin hesablanması aktına əsasən hadisə nəticəsində “X28 Prado minik” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 10745 manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 356 saylı sığorta aktına, xx.xx.2021-ci il tarixli, № AZ0011214 saylı ödəniş tapşırığına əsasən 5000 manat məbləğində sığorta ödənişi hadisə nəticəsində zərər dəymiş “X28 Prado minik” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X19 "xxxx" ASC-dəki hesabına və xx.xx.2021-ci il tarixli, № AZ0011329 saylı ödəniş tapşırığına əsasən 1500 manat məbləğində sığorta ödənişi hadisə zamanı “Opel Zafira minik” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini X5 "xxxx" KB ASC-dəki hesabına köçürülmüşdür. “Elektron notariat” informasiya sistemindən çıxarışdan müəyyən olunur ki, “Opel Zafira minik” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək etibarnamə ilə idarəetmə hüququ əsasında Cavabdeh sahibliyinə verilmişdir. AE №145173 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən göründüyü kimi, hadisə anında X25 tərəfindən idarə olunan “X28 Prado minik” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi X19 mülkiyyətində olmuşdur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, BS-S-23/12120 saylı “Geriyə tələb (subroqasiya)” məktublarından görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 6500 manat məbləğində sığorta ödənişinin 5 gün müddətində geri ödənilməsi cavabdehdən tələb edilmişdir.
3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
4. Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2(060)-2257/2024 nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia tələbi təmin edilməmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı "xxxx" ASC xx.xx.2021ci il tarixdə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən 94-cü km-də baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı xx.xx.2021-ci il tarixli, № AZ0011214 saylı ödəniş tapşırığına əsasən 5000 manat məbləğində sığorta ödənişi və xx.xx.2021-ci il tarixli, № AZ0011329 saylı ödəniş tapşırığına əsasən 1500 manat məbləğində sığorta ödənişi ilə bağlı artıq məhkəmə müraciət etmiş, qanuni qüvvəsini almış məhkəmə aktına əsasən həmin məbləğin (6500 manat) X6 tutulması qət edilmiş, iddiaçı eyni hadisə, eyni məbləğlə əlaqədar Cavabdeh qarşı iddia irəli sürülmüşdür ki, qanuni qüvvəsini almış məhkəmə aktı mövcud olduğu təqdirdə iddianın təmin olunması iddiaçı "xxxx" ASC-nin əsassız varlanmasına gətirib çıxara bilər.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 163.1, 163.2, 936.1,936.5, 1108.1, 1108.2, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3, 53.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilərək Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2(060)-2257/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericiliyin istinad edilən normalarından müəyyən olunur ki, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi, o cümlədən avtomobilin qanuni sahibi nəqliyyat vasitəsinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və iddiaçının zərərvuran şəxslə yanaşı, avtomobilin qanuni sahibi kimi Cavabdeh qarşı da subroqasiya hüququ yaranmışdır. Lakin məhkəmə maddi hüquq normalarının tələblərini nəzərə almamış və iddianı təmin etməmişdir. Məhkəmənin istinad etdiyi kimi sığorta ödənişinin məbləğinin qanuni qüvvəsini almış başqa qətnamə əsasında sürücüdən tutulması təhlükə mənbəyinin qanuni sahibi kimi Cavabdeh məsuliyyətdən azad etmir. Məhkəmə həm də mövqeyini onunla əsaslandırmışdır ki, bir sığorta müqaviləsi üzrə iki icra sənədinin olması iddiaçının əsassız varlanması anlamına gəlir. Belə bir mövqenin hüquqi əsası yoxdur və icra sənədlərindən biri üzrə borc tam ödənildiyi təqdirdə 1”C” sistemindən həmin müqavilə üzrə borcun tam ödənildiyi görünür. Belə olduğu halda ASC tərəfindən müvafiq icra idarəsinə digər icra sənədi üzrə icraata xitam verilməsi və icra sənədinin geri qaytarılması haqqında ərizə veriləcəkdir. Birinci instansiya məhkəməsi tərəfindən işin halları, Cavabdeh o oğlunun baş vermiş sığorta hadisəsinə görə mülki hüquqi məsuliyyət daşımasına dair hallar lazımi qaydada araşdırılmamışdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Oqtay Şeydabəyov ərizə ilə məhkəməyə müraciət edərək iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh və onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir.
12. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
13. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “Toyota Prado” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilə 10745 manat məbləğində ziyan dəymişdir.
14. İş materiallarında olan DİN Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2021-ci il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarına əsasən X13 barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata xitam verilmişdir. Həmin qərarda “Opel Zafira minik” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 müvafiq etibarnamə olmadan avtomobili idarə etdiyi təsbit olunmuşdur.
15. İş materiallarında olan 1032/21 saylı, xx.xx.2021-ci il tarixli sığorta aktından görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində “Toyota Prado” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 10.745 manat, ödənilmiş sığorta ödənişinin məbləği 5000 manat təşkil edir.
16. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, AZ0011214 saylı ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X19 "xxxx" ASC-dəki hesabına 5000 manat pul köçürülmüşdür.
17. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, AZ0011329 saylı ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X4 "xxxx" KB ASC-dəki hesabına 1500 manat pul köçürülmüşdür.
18. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(060)-5266/2022 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək, cavabdehlər X7 və X6 müştərək qaydada iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 6500 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 85,40 manat dövlət rüsumunun tutulması qət edilmişdir.
19. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-1100/2023 saylı qətnaməsindən görünür ki, cavabdeh X9 ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qətnaməsinin qismən cavabdeh X10 aid hissədə ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin cavabdeh X10 aid hissədə təmin edilməməsi qət edilmişdir.
20. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, Şaxanım Bayramova tərəfindən “Opel Zafira minik” markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək etibarnamə ilə idarəetmə hüququ əsasında Cavabdeh sahibliyinə verilmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
22. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu
6.2. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
23. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1 məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
24. Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2(060)-2257/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisə edilən, yəni borc məbləğinin düzgün olub-olmaması hissəsində yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
26. Belə ki, iş materialları ilə müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə BakıQuba- Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən 94-cü km-də "xxxx" ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış və mülkiyyətçi X15 tərəfindən etibarnamə ilə idarəetmə hüququ əsasında Cavabdeh Merbala oğlunun istifadəsinə verilmiş “Opel Zafira minik” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi X13 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə “X28 Prado minik” markalı, ** SY *** dövlət qeydiyyat nişanlı avtomobilə, X14, X4 və X2 az ağır, X22 və X3 yüngül xəsarət yetirilmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixli, 356 saylı sığorta aktına, xx.xx.2021-ci il tarixli, № AZ0011214 saylı ödəniş tapşırığına əsasən 5000 manat məbləğində sığorta ödənişi hadisə nəticəsində zərər dəymiş “X28 Prado minik” markalı, ** SY *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X19 "xxxx" ASC-dəki hesabına və xx.xx.2021-ci il tarixli, № AZ0011329 saylı ödəniş tapşırığına əsasən 1500 manat məbləğində sığorta ödənişi hadisə zamanı “Opel Zafira minik” markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini X5 "xxxx" KB ASC-dəki hesabına köçürülmüşdür. DİN Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən X13 barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata xitam verilmişdir. Həmin qərarda “Opel Zafira minik” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 müvafiq etibarnamə olmadan avtomobili idarə etdiyi təsbit olunmuşdur.
27. Yuxarıda istinad olunan məhkəmə qətnamələrinə əsasən hazırkı iddia üzrə iddiaçı "xxxx" ASC daha əvvəl avtomobilin mülkiyyətçisi olan X10 və yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri olan X11 qarşı qaldırdığı iddia X10 münasibətdə rədd edilmiş, X11 münasibətdə isə təmin edilərək, X6 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 6500 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 85,40 manat dövlət rüsumunun tutulması qət edilmişdir.
28. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü və Mülki Məcəlllənin 1108.2-ci maddəsinin qarşılıqlı təhlilinə əsasən subroqasiya tələbinin təmin olunması üçün şəxsin əşyaya sahibliyi və istifadəsi qanunsuz (hüquqa zidd) olmalı, habelə əşyanın sığortalının və ya sığorta olunanın sahibliyindən hüquqa zidd götürülməsində onların təqsiri olmalıdır. Avtomobilin icbari sığortası ilə bağlı mübahisələr üzrə şəxsin əşyaya sahiblik və istifadəsinin qanuniliyi avtomobili idarə etmək notairat qaydasında verilmiş etibarnamədən asılı deyildir. Müvafiq etibarnamənin olmaması hazırkı qanunvericiliyə görə inzibati xəta münasibətlərində məsuliyyətə səbəb olsa da, sığorta münasibətləri baxımından bu hal şəxsin avtomobili istifadə etmək hüququ olmayan sayılmasına əsas vermir. Hərçənd ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 iyul 2023-cü il tarixli qərarının 1-ci bəndi ilə nəqliyyat vasitəsinin mülkiyyətçisi olmayan şəxsin nəqliyyat vasitəsini idarə etməsi üçün etibarnamənin zəruriliyi tələbinin müvafiq qanunvericilikdə aradan qaldırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmuşdur. Buna görə də “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsi yazılı etibarnaməni deyil, əşyadan istifadə hüququnun olmamasını nəzərdə tutur ki, şəxsin əşyaya sahiblik və istifadə hüququnun olub-olmaması mülki hüquq normaları ilə müəyyən olunur. Mülki qanunvericilikdə isə əşyaya sahiblik və ya istifadənin qanunsuz sayılması üçün onun mülkiyyətçinin və ya digər sahibin əlindən iradəsi xaricində (iradəsinə zidd şəkildə) çıxması lazımdır. Yəni, əgər şəxs əşyanı iradəsinə uyğun digərinin sahibliyinə və ya istifadəsinə verirsə, sahiblik qanuni şəkildə verilmiş sayılır ki, bununla da əldə edənin əşya üzərində saibliyi, o cümlədən istifadəsi qanuni hesab olunur.
29. Məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(060)-5266/2022 saylı qətnaməsindən görünür ki, birinci instansiya məhkəməsi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinə istinad edərək, iddia tələbini cavabdeh X11 münasibətdə təmin etsə də həmin qətnamənin əsaslandırması hissəsindən cavabdeh X8 nəqliyyat vasitəsinə hüquqa zidd şəkildə yiyiələnməsi müəyyən olunmur. Lakin, bu qətnamənin 28-ci bəndində qeyd olunan hüquqi mövqe baxımından cavabdeh X8 nəqliyyyat vasitəsinə hüquqa zidd şəkildə yiyiələnməsi kimi qiymətləndirilir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Mülki Məcəllənin 1108.2-ci maddəsində ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə birgə məsuliyyət nəzərdə tutulmuşdur ki, həmin normaya əsasən yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər (birgə məsuliyyət). “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə görə isə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi zamanı, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Göründüyü kimi ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə zərərçəkən qarşısında Mülki Məcəllədəki birgə məsuliyyətdən (həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin) fərqli olaraq, mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortaçı qarşısında birgə məsuliyyət sığortalı və sığorta olunan daşımaqla, sığortaçı qarşısında sığortalı və sığorta olunanla eyni zamanda əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxsin birgə məsuliyyəti istisna olunmuşdur. Buna görə də “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinin tələbi baxımından subroqasiya hüququnun sığorta olunan qismində hazırkı iş üzrə Cavabdeh qarşı yaranması istisna olunur.
30. Beləliklə, məhkəmə kollegiyası mahiyyət etibarı ilə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmaqla, qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlilləri isə yuxarıda qeyd olunanlara görə əsassız hesab olunur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2(060)-2257/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ:
İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2(060)-2257/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.