Məhkəmə qərarları › İş №2(105)-952/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-952/2024

13.06.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-952/2024 13.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh Tofiq oğlunun iştirakı ilə, İddiaçı Heydər Əliyev adına X6 Cavabdeh Tofiq oğluna qarşı “tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2(012)-34/2024 nömrəli qətnaməsindən Cavabdeh Tofiq oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Heydər Əliyev adına X10 Cavabdeh Tofiq oğluna qarşı tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır kəndi, Azadlıq küçəsində yerləşən tikilinin özbaşına (qanunsuz) tikili hesab edilməsi və tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən Heydər Əliyev adına X7 məxsus neft mahsulu nəql olunan Dş-250 mm (quru qaz) neft boru kəmərinin "Mühafizə Zonası"nın 35 metrlik məsafəsində torpaq zəbt edilməklə Abşeron rayonu Masazır kəndi, Azadlıq küçəsində mişar daşından tamamlanmamış qeyri-yaşayış obyekti, anbar inşa edilmişdir. Bundan başqa həmin Dş-250 mm neft boru kəmərində paralel Dş- 300 mm (nafta), Dş-300 mm (reaktiv mühərrik yanacağı) və Dş-500 mm (dizel) neft boru kəmərləri keçir. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, Heydər Əliyev adına X10 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 02 noyabr 2004-cü il tarixli 167 nömrəli Qərarına əsasən ixrac neft boru kəmərlərinin marşrutu boyunca-boru kəmərinin oxunun hər tərəfindən 50 metrlik məsafə “Mühafizə Zonasına”na aid edilir. “Mühafizə Zonası” ixrac boru kəmərinin təhlükəsiz istismarı və xidməti üçün şərait yaratmaq, həmçinin boru kəmərinin zədələnmə ehtimalının qarşısının alınması məqsədi ilə müəyyənləşdirilmişdir. “Mühafizə Zonası”nda Sənaye və Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) rəsmi icazəsi olmadan hər hansı tikinti işlərinin aparılması və həmin ərazinin digər məqsədlər üçün istifadə olunması qadağandır. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneə yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrıayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneə törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. Ona görə də özbaşına aparılmış tikili sökülməlidir. Abşeron Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2(012)-34/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi Heydər Əliyev adına X7 məxsus neft məhsulu nəql olunan Dş-250 mm (quru qaz) neft boru kəmərinin mühafizə zonasında yerləşən, Abşeron rayonu, Masazır kəndində Cavabdeh mülkiyyətində olan 0,50 ha torpaq sahəsinin 0,08 ha hissəsində yerləşən köməkçi tikililərinin (ofis və gözətçi otağı) Cavabdeh Tofiq oğlunun hesabına sökülməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat pulun Cavabdeh Tofiq oğlundan tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Habil Əhmədov). Qətnamədən narazı qalan Cavabdeh Tofiq oğlu apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2(012)-34/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə nəzərə almamışdır ki, ona qarşı tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi əsassız olduğu üçün Abşeron rayonu, Masazır kəndi, Azadlıq küçəsində yerləşən tikilinin özbaşına (qanunsuz) tikili hesab edilməsi və tikilinin sökülməsi barədə iddia tələblərinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Həmin ərazidə hələ 2008-ci ildə xüsusi mülkiyyət ilə olan tikililər və sahibkarlıq fəaliyyəti üçün müəssisələr mövcud idi, o cümlədən ona məxsus tikililər. Borular isə həmin əraziyə 2011-2012-ci ildən sonra çəkilmişdir. Yəni iddiaçı həmin ərazinin yaşayış məntəqələrinin torpaqları olduğunu bilə-bilə orada boruları çəkmişdir. Ora sahibkarlıq fəaliyyəti üçün verilmiş xüsusi mülkiyyətdə olmuş, lakin buna baxmayaraq məhkəmə iddianı tam rədd etmək əvəzinə, iddianı qismən təmin etmişdir, formal mülahizələrlə qətnaməsini əsaslandırmağa calışmışdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2, 180.3, 180.4-cü maddələrinin isə tətbiqini bu işdə yolverilməz hesab edir. Məhkəmə tərəfindən qətnamə çıxarılan zaman işə onun iştirakı olmadan baxılmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Tofiq oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Heydər Əliyev adına X10 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışın surətindən görünür ki, Heydər Əliyev adına X5 10 saylı sahəyə (Güzdək) neft məhsulları nəql olunan Dş-500 mm, (dizel yanacağı) və Dş-300 mm. (reaktiv mühərrik yanacağı) neft boru kəmərləri 1993-cü ildə, “Azərkimya” İB-nin X3 neft məhsulları nəql olunan Dş-200 mm.(quru qaz), Dş-250 mm.(nafta) neft boru kəmərləri isə 2011-ci ildə çəkilmiş və zavodun balansındadır. İş materiallarında olan Təhlükəsizlik İdarəsi 30 saylı komanda üzrə tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə 4 saylı qaravulun İ iş növbəsi zamanı 35 saylı (H.Əliyev adına NEZ-nin neft xəttinin 15-22 km-də zavoda məxsus paralel kəmərlərin mühafizəsi, avtomobildə səyyar) postun ərazisində, Abşeron rayonu, Masazır qəsəbəsi, Azadlıq prospektində, NEZ-ə məxsus yerüstü DŞ-300 mm-lik, TC-1 reaktiv mühərrik yanacağı xəttinin təqribən 21.5-ci km-də, xətdən təxminən 30-35 metr aralı məsafədə, 1-ci sırada, xəttə paralel köhnədən hesablanmış mövcud olan obyektin ərazisindəki anbar tikilisinin üzərində pəncərə yeri qoyulmaqla 1*4 metr ölçüdə yeni tikinti işlərinin aparılması faktı tərəflərindən aşkarlanmış, əraziyə BNEZ-in mühafizəsi üzrə polis əməkdaşları dəvət olunmuş, onların iştirakı ilə özünü obyektin sahibi kimi təqdim edən Elşən adlı şəxslə tərəflərindən profilaktik söhbətlər aparılmış, mühafizə zolağında aparılan yenidənqurma işlərinin qanunazidd olduğu bildirilərək aparılan işlər saxlanılmışdır. Adıkeçən vətəndaşdan ərazinin ona məxsus olması barədə hüquqi sənədlər və şəxsiyyətini təsdiq edən sənəd tələb olunmuşdur. O, hüquqi sənəd olaraq həmin ərazinin onun mülkiyyətində olmasına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış təqdim etmişdir. Növbəti günlərdə isə şəxsiyyət vəsiqəsini təqdim edəcəyini bildirmişdir. Həmin şəxsə mühafizə ərazisində tikinti işlərinin aparılmaması barədə şifahi xəbərdarlıq olunmuşdur. Bu barədə Təhlükəsizlik İdarəsinin növbətçi hissəsinə məlumat verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.50 ha torpaq sahəsi sahibkarlıq məqsədi ilə X2 adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 66 saylı reyestr kitabının 183 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********98 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli plan və ölçünün notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.50 ha torpaq sahəsi əvvəl X2 mülkiyyətində olmuş və həmin sənədin tərtib edilməsinə əsas Abşeron rayon Masazır bələdiyyəsi, xx.xx.2008-ci il tarixli 330/08 nömrəli Bələdiyyənin təsdiq etdiyi torpaq sahəsinin alqı-satqısına dair aktı, Abşeron rayon Masazır bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 02 nömrəli Bələdiyyənin torpaq sahəsinin ayrılması barədə qərarı olmuşdur. İş materiallarında olan xx.xx.2012-ci il tarixli № ******* saylı torpaq alqı-satqısına dair müqavilənin surətindən görünür ki, X4 ƏMDK yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş 8764 nömrəli arayışına əsasən, mülkiyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.50 ha torpaq sahəsini Cavabdeh 78700 manata satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AA № 047633 saylı plan və ölçünün notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.50 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas xx.xx.2022- ci il tarixli, 4Ə-3699 saylı alqı-satqı müqaviləsi olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.50 ha torpaq sahəsi Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 66 saylı reyestr kitabının 183 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********98 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2- 7653/2023 nömrəli mütəxəssis rəyindən görünür ki, Cavabdeh mülkiyyət hüququ ilə məxsus olan (xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, xx.xx.2013-cü il tarixli **********98 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları daxilində) Abşeron rayonu, Masazır kəndində yerləşən 0,50 ha torpaq sahəsinin 0,08 ha hissəsi Heydər Əliyev adına X7 məxsus neft məhsulu nəql olunan Dş-250 mm (quru qaz) neft boru kəmərinin mühafizə zonasında yerləşir. Neft boru kəmərinin mühafizə zonasından Cavabdeh mülkiyyət hüququ ilə məxsus olan (xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, xx.xx.2013-cü il tarixli **********98 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları daxilində Abşeron rayonu, Masazır kəndində yerləşən 0,50 ha torpaq sahəsinin 0,08 ha hissəsində yerləşən köməkçi tikililəri (ofis və gözətçi otağı) mövcuddur. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, tikilinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ cavabdehə məxsus olsa da, torpaq sahəsinin 0,08 ha hissəsində tikililər xüsusi şərtlərlə istifadə olunan zonaya düşdüyündən həmin hissədə iddia tələbi təmin olunmalıdır. Belə ki, hazırki iş üzrə cavabdeh mülkiyyətində olan, lakin tikinti məqsədləri üçün ayılmayan torpaq sahəsində nəinki lazımi icazələr almadan, həm də şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikililər inşa etmişdir. Abşeron rayon icra hakimiyyətinin nümayəndəsinin izahatından məlum olur ki, həmin tikililər barədə məlumatlandırma icraatı qaydasında xəbər verilməmiş, hər hansı icazə onlar tərəfindən cavabdehə verilməmişdir. Cavabdeh tikililəri mülkiyyətində olan torpaq sahəsinin digər tərəfində yəni mühafizə zonasından kənar tərəfdə inşa edə bilərdi. Hazırda isə tikililər mühafizə zonasına düşdüyündən və yüksək təhlükə mənbəyində yerləşdiyindən, təhlükəsizlik qaydalarına uyğun olaraq həmin ərazidən sökülməlidir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 1108-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə və Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət obyektlərinin dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlətin müstəsna mülkiyyətindədir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməməsi ilə əlaqədar cavabdehin dəlilini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, cavabdeh birinci instansiya məhkəməsinin hazırlıq iclasında iştirak etmiş, işin 124-cü vərəqinə əsasən müəyyən olunur ki, cavabdehə AZEMİS vasitəsilə sms bildirişi göndərilmiş, işin 126-cı vərəqində olan xəbərnaməli bildirişdən isə görünür ki, cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Dövlət Neft Şirkəti və ya onun yerli orqanları ilə cavabdeh arasında torpaq sahəsinin ayrılması ilə bağlı hər hansı razılaşma mövcud olmamışdır. Özbaşına tikilinin inşa edildiyi torpaq sahəsi hazırda cavabdehin mülkiyyətində olsa da, yuxarıda qeyd edilən mülki qanunvericiliyin normalarına əsasən özbaşına tikili sayılır. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/6127 saylı ekspert rəyi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-32/2-7653/2023 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Cavabdeh mülkiyyət hüququ ilə məxsus olan (xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, xx.xx.2013-cü il tarixli **********98 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları daxilində) Abşeron rayonu, Masazır kəndində yerləşən 0,50 ha torpaq sahəsinin 0,08 ha hissəsi Heydər Əliyev adına X7 məxsus neft məhsulu nəql olunan Dş-250 mm (quru qaz) neft boru kəmərinin mühafizə zonasında yerləşir. Neft boru kəmərinin mühafizə zonasından Cavabdeh mülkiyyət hüququ ilə məxsus olan (xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, xx.xx.2013-cü il tarixli **********98 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları daxilində Abşeron rayonu, Masazır kəndində yerləşən 0,50 ha torpaq sahəsinin 0,08 ha hissəsində yerləşən köməkçi tikililəri (ofis və gözətçi otağı) mövcuddur.Buna görə mübahisəli torpaq sahəsinin 0.08 ha hissəsi birbaşa kəmərin mühafizə zonasında yerləşir və həmin tikilidə cavabdehin və hər hansı bir şəxsin fəaliyyət göstərməsi onların həyatı üçün real təhlükə sayılmaqla həmin kəmərdə baş verə biləcək kiçik bir hadisə insanların həyatına və sağlamlığına təhlükə yaradan partlayışa, yanğına və digər növ qəzalara, habelə kütləvi insan tələfatına səbəb ola bilər. Cavabdehin neft kəmərinin mühafizə zonasında inşa etdiyi tikili həm özünün, həm ailə üzvlərinin, həm də ətrafdakılar üçün ona məlum olan səbəblərdən yüksək təhlükə mənbəyi hesab olunmaqla, həm özü tərəfindən, həm də digərləri tərəfindən ala bilinən zərərlərə görə məsuliyyət təqsirli şəxs kimi onun üzərinə düşür. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 88 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Tofiq oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2(012)-34/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar