Məhkəmə qərarları › İş №2(105)-960/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-960/2024

30.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-960/2024 30.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair (Açar sözlər: təbii qazla təchiz edən təşkilatın hesabladığı borcun mübahisələndirilməsi, sübutetmə yükü) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə (sonuncu iclasda iştirak etmirlər) İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2024- cü il tarixli, 2(060)-454/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. “Təbii X3nın pozulması” haqqında ******* saylı, 17 fevral 2023-cü il tarixli aktın surətindən görünür ki, fərdi evdə (müəssisədə, istixanada) “X3nın” tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur.

2. 17 fevral 2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, iddiaçının ünvanına ******* saylı akta əsasən itirilmiş qazın bərpası üçün 34560 kubmetr qaz itkisi hesablanmışdır.

3. Abonentin saldosuna əsasən müəyyən edilir ki, 12/2021-ci il tarixə 9104 kub metr qaz sərfi üçün 971.52 manat, 02/2022-ci il tarixə 4320 kub metr qaz sərfi üçün 518.40 manat, 04/2022-ci il tarixə 97 kub metr qaz sərfi üçün 9.70 manat, 02/2023-cü il tarixə 34560 kub metr qaz sərfi üçün 4147.20 manat hesablanmışdır.

4. “Təbii X3nın pozulması” haqqında ******* saylı, 17 fevral 2022-ci il tarixli aktın surətindən görünür ki, sayğaca baxış keçirilən zaman, sayğacın hesablama mexanizminin plastmas qapağının altı hissəsinin deşici alətlə deşilməsi kimi nöqsanlar aşkar edilmişdir.

5. ******* saylı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən görünür ki, sayğaca müdaxilə edildiyi, ekran alt tərəfindən deşildiyi üçün yeni plomb vurulmuşdur.

6. 17 fevral 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, iddiaçının ünvanına ******* saylı akta əsasən itirilmiş qazın bərpası üçün 4320 kubmetr qaz itkisi hesablanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, o, Sumqayıt şəhəri, 19 nömrəli Yol Tikinti idarəsi, Asfaltzavod ərazisi, fərdi evdə yaşayır və Cavabdeh ilə bağladığı müqaviləyə əsasən yaşadığı evə qaz xətti çəkilmiş və müvafiq qaz sayğacı quraşdırılmışdır. O, həmişə qazdan müqavilə şərtlərinə və qaydalarına uyğun istifadə etmiş, həmişə normal ödənişləri etmişdir. Son zamanlar müşahidə etmişdir ki, o smart karta yüklədiyi məbləğlər yarıya düşür. Bunun səbəbi ilə maraqlandıqda isə ona məlum olmuşdur ki, hansısa qeyri-müəyyən səbəbdən Cavabdeh İB-nin əməkdaşları tərəfindən ona cərimələr yazılmışdır. Bununla bağlı müraciət edərək bəzi sənədlərin surətlərini əldə etmiş və hazırda məhkəməyə təqdim etmişdir. Əldə etdiyi sənədlərə əsasən müəyyən edilir ki, ona 2021-ci ilin dekabr ayında aktla əsassız olaraq 971.52 manat, 2022-ci ilin fevral ayında 518.40 manat, 2023-cü ilin fevral ayında isə 4147.20 manat əsassız borclar yazılmışdır. Bu borcların nə üçün hansı əsasla yazılması və hansı qaydada hesablanması ona məlum deyildir. Birinci onu qeyd edir ki, yazılmış aktlar hamısı tam əsassızdır. İkinci bir məqamı da qeyd edir ki, əgər ona 2022-ci ilin dekabr ayında aktla borc yazılırsa bundan cəmi iki ay sonra, yəni 2023-cü ilin fevral ayında 4147.20 manat borc necə yazılar bilər? İki ay içində ortalama sərfiyyata görə bu məbləği necə hesablamış və müəyyən etmişlər? Göründüyü kimi borc tam əsassızdır. Qeyd edilənlərə əsasən məhkəmədən ona məxsus ünvan 2-da quraşdırılmış sayğaca görə (abonent kodu: **********02490) 2021-ci ilin dekabr ayında hesablanmış 971.52 manat, 2022-ci ilin fevral ayında hesablanmış 518.40 manat, 2023-cü ilin fevral ayında hesablanmış 4147.20 manat borcların silinməsi vəzifəsinin Cavabdeh İB-nə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdeh nümayəndəsi Nümayəndə1 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddianın əsassız hesab edilərək, rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı yaşadığı ünvan 1 ünvanına əməkdaşları tərəfindən baxış keçirilmiş və yerində “Təbii X3nın pozulması haqqında” ******* saylı, xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş və aktda sayğacda qeyd olunan nöqsan “xidməti əraziyə baxış keçirən zaman sayğacdan kənar xətt aşkar olunmuş” qeyd olunmuşdur. (fotoşəkillər və video-görüntü əlavə edilir.) Abonentin qaz işlədici cihazlarının hesabatı aparılmış və ******* saylı, xx.xx.2023-cü il tarixli akta əsasən qaz sayğacının nominal qaz sərfi 4 kub metr/ saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 4x24x360=34560 kub metr x 0.12 qəpik = 4,147,20 (dörd min yüz qırx yeddi manat iyirmi qəpik) manat dəymiş zərər hesablanmışdır. Bu faktla iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin. Lakin hazırki vaxta kimi iddiaçı dövlətə vurduğu zərəri ödəməmişdir

9. Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2024- cü il tarixli, 2(060)-454/2024 nömrəli qətnaməsi ilə (hakim A.Behbudova) iddia qismən təmin edilərək Cavabdeh tərəfindən ünvan 2 ünvanına “Təbii X3nın pozulması” haqqında ******* saylı, 17 fevral 2023-cü il tarixli akta əsasən hesablanmış 3628.8 (üç min altı yüz iyirmi səkkiz manat səksən qəpik) manat və “Təbii X3nın pozulması” haqqında ******* saylı, 17 fevral 2022-ci il tarixli akta əsasən hesablanmış 518.40 (beş yüz on səkkiz manat qırx qəpik) manat, ümumillikdə 4147.2 (dörd min yüz qırx yeddi manat iyirmi qəpik) manat borcun abonentin hesabından (abonent kodu **********02490) silinməsi və Cavabdehndən 61 (altmış bir) manat 47 (qırx yeddi) qəpik dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün qaz sayğacı quraşdırılmışdır, ünvan üzrə “sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəti alətlə deşilib” əsası ilə ******* saylı, 17 fevral 2022-ci il tarixli akt tərtib olunmuş, nəticədə abonentin **********02490 saylı abonent hesabına “Qalıq və aktlar” əsasında 02/2022-ci il akt üzrə, borc yazılmışdır, hazırda həmin məbləğ iddiaçıdan tələb edilir. 02/2022-ci il tarixdə ayın sonuna isə 518.40 manat borc hesablanmışdır. Bununla belə, iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunmasına, habelə iddiaçının qaz sayğacına hər hansı bir formada müdaxilə etməsinə dair hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edib ki, iddiaçı əsassız olaraq hesablanmış borcun silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçının **********02490 saylı abonent koduna Cavabdeh tərəfindən “Təbii X3nın pozulması haqqında” ******* saylı, 17 fevral 2022-ci il tarixli akta əsasən qaz sərfiyyatına görə əsassız hesablanmış 518.40 manat borc silinməlidir. Məhkəmə 2021-ci ilin dekabr ayında hesablanmış 971,52 manat borca münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən bununla bağlı zəruri sübutlar məhkəməyə təqdim edilməmişdir. Sonda məhkəmə hesab edib ki, iddia tələbi qismən təmin edilməli, ünvan 2 ünvanına (abonent: **********02490) 17 fevral 2023-cü il tarixli, ******* saylı təbii X3nın pozulması haqqında akt əsasında hesablanmış 3628,8 manat, ünvan 3 ünvanına (abonent: **********02490) 17 fevral 2022-ci il tarixli, ******* saylı təbii X3nın pozulması haqqında akt əsasında hesablanmış 518.40 manat, ümumillikdə 4147.2 (dörd min yüz qırx yeddi manat iyirmi qəpik) manat cərimə borcu silinməlidir.

11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 443.7, 1096.1, 1096.2, 1097.1, 1115-ci maddələrinə, “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X3”nın 6.5-ci maddəsinin bəndlərinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.5-cu maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

12. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti vermişdir.

13. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin qismən təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. xx.xx.2022-ci il tarixində ”Azəriqaz” İB-nin əməkdaşları İddiaçı yaşadığı ünvan 4 ünvanında sayğaca baxış keçirərkən, Sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi (video görüntü və fotoşəkillər təqdim edilmişdir) aşkarlamış, bununla bağlı xx.xx.2022-ci i l tarxli, ******* nömrəli ”Təbii X3nın pozulması haqqında” akt tərtib etmişlər. Akt əsasında sənədlər itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nə göndərilmişdir. xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta əsasən 4,320 m3x0,12 qəp.=518.40 (beş yüz on səkkiz manat qırx qəpik) manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. xx.xx.2023-cü il tarixində Cavabdeh İB-nin əməkdaşları İddiaçı yaşadığı ünvan 5 ünvanına sayğaca baxış kecirərkən, Sayğacdan kənar qeyri qanuni xətt (video görüntü və fotoşəkillər təqdim edilmişdir) aşkarlanmış, bununla bağlı xx.xx.2023-cü il tarixli ******* nömrəli “Təbii X3nın pozulması haqqında“ akt tərtib edərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nə göndərilmişdir. xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Təbii X3nın pozulması haqqında “akta əsasən 34,560m3x0,12 qəp.=4,147.20 (dörd min yüz qırx yeddi manat iyirmi qəpik) manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. İddiaçının abonent koduna ümumilikdə hesablanmış 4665.60 (dörd min altı yüz altmış beş manat altmış qəpik) manat borc itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Abonentlə bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4 bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Qətnamə çıxarılarkən cavabdeh tərəfin təqdim etdiyi sənədlərin heç biri nəzərə alınmamış, iddianın təmin edilməməsi üçün kifayət qədər əsas olmasına baxmayaraq, əsassız iddia təmin edilmişdir. İstehlakçı hazırkı vəziyyətdə dəymiş zərərin əvəzini ödəməməklə tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozmuşdur. Məhkəmə isə bu halları nəzərə almamış və əsassız iddia tələbini qismən təmin etməklə qaz təchizatını həyata keçirən müəssisənin hüquqlarını pozmuşdur. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. İddiaçıya məxsus ünvana dair artıq 3 dəfə akt tərtib olunmuşdur. İddiaçıya məxsus ünvanda qaz sayğacına müdaxilə halı aşkar edilmişdir. İddiaçı tərəfindən edilən ödənişlər nizamsız şəkildə icra edilmişdir. Belə ki, 2017-ci il ərzində cəmi 72 manat, 2018ci il ərzində cəmi 48 manat, 2019-cu il ərzində cəmi 65 manat, 2020-ci ildə cəmi 31 manat ödəniş edilmişdir. Məhz bu formada ödəniş olunması şübhəli hal olduğundan Cavabdeh İB-nin əməkdaşları tərəfindən ünvanda yerləşən sayğaca baxış keçirilmiş və baxış zamanı müvafiq nöqsanlar aşkar edilmişdir. 2023-cü ilin fevral ayında tərtib olunmuş akt birbaşa olaraq qeyri-qanuni xətdən istifadə edildiyinə görə tərtib edilmiş və 34560 m3 həcmdə - 4147,20 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Lakin işə baxan məhkəmə bu halı düzgün araşdırmamış və əsassız qətnamə qəbul etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayətin heç bir əsası yoxdur. Mübahisəli ünvanda 2023-cü ilin sentyabr ayından yaşamışlat, həmin ünvanda əvvəl 2 nəfər tələbə yaşamışdır. Pandemiya zamanında kart koda düşdüyü üçün əraziyə baxan nəzarətçidən icazə alınaraq sayğac kənar xəttə qoşulmuşdur və Cavabdeh İB-nin ərazidə olan əməkdaşları tərəfindən foto çəkilmişdir. Hazırda da sözügedən ünvanda yaşamır. Tələbələr qeyd olunan məbləğdə təbii qazdan istifadə edə bilməzdilər. Çünki onlar səhər dərsə gedib, axşam evə gəlmişlər. Bu halda qeyd olunan həcmdə qaz sərfiyyatının olması mümkün deyil. Bundan başqa akt tərtib olunarkən onun iştirakı təmin edilməyib, onun əvəzinə akta imza edilmişdir. Göstərilənlərə əsasən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

17. İş üzrə tərəflər lazımi qaydada məlumatlandırılsalar da, sonuncu məhkəmə iclasında iştirak etməmiş, (təmsil olunmamışlar). Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.

19. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X3 ilə tənzimlənir. X3 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X3”nın

1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.2-ci maddəsində göstərilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). "Smart-kart" tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayətindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(060)-454/2024 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2024- cü il tarixli, 2(060)-454/2024 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. İddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı ona əsassız aktlar (qaz sayğacının istismara yararsızlığına dair xx.xx.2022-ci il tarixli akt və təbii qazdan qeyri-qanuni istifadəyə dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli akt) yazıldığını və müqabilində hesablanmış borcun silinməsini mübahisələndirir.

27. Araşdırılan işin faktiki hallarından müəyyən edilir ki, Azəriqaz” İstehsalat Birliyi ilə İddiaçı arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” müqavilə bağlanmış, tərəflər arasında paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.

28. İşdən yenə müəyyən edilib ki, iddiaçı, cavabdeh təşkilatın əməkdaşları tərəfindən ona yazılmış 5646,82 manat borcun silinməsini tələb edir. İş materiallarında olan abonentin saldosundan müəyyən olunur ki, ünvan 1 ünvanında **********02490 saylı abonent koduna ******* saylı, 17 fevral 2023-cü il tarixli akt əsasında 4147,20 manat cərimə yazılmışdır. İşə baxan məhkəmə cavabdeh tərəfin qeyd olunan akta uyğun hesabatını əsassız hesab etmiş və ******* saylı, 17 fevral 2023-cü il tarixli akt əsasında iddiaçının ünvanına itirilmiş qaz dəyəri kimi hesabatın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X3”nın 6.5-ci bəndinə əsasən (4m3 /saat x 12 saat x 90 gün=4320m3x0,12=518,4 manat cərimə) hesablanmasını əsaslı hesab etmiş və həmin akt əsasında cərimə borcunun məbləğinin 518.4 manat olması qənaətinə gəlmişdir.

29. Cavabdeh tərəfindən qeyd olunan akt əsasında iddiaçıya hesablanmış 4147,20 manat cərimə borcunun 518,4 manatı qaz sayğacına müdaxilə hesab edən məhkəmə 3628.80 manat cərimə borcunun abonent hesabından silinməli olması nəticəsinə gəlmişdir ki, kollegiya işə baxan məhkəmənin qeyd olunan mövqeyini işin hallarına uyğun hesab edir.

30. İş materialları ilə həmçinin müəyyən edilmişdir ki, iddiaçı təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün qaz sayğacı quraşdırılmışdır, ünvan üzrə “sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəti alətlə deşilib” əsası ilə ******* saylı, 17 fevral 2022-ci il tarixli akt tərtib olunmuş, nəticədə abonentin **********02490 saylı abonent hesabına “Qalıq və aktlar” əsasında 02/2022-ci il akt üzrə borc yazılmışdır, hazırda həmin məbləğ iddiaçıdan tələb edilir. 02/2022-ci il tarixdə ayın sonuna isə 518.40 manat borc hesablanmışdır.

31. Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X3”nda qaz sayğacının quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməsi, sayğacların üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməsi fiziki şəxs olan istehlakçıların sayğaclarına münasibətdə qaz paylayıcısının vəzifəsi olduğu, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığı, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması qaz paylayıcısının həyata keçirdiyi dəqiq və aydın şəkildə göstərilmişdir. Qaz sayğacının zədələnməsi istehlakçının təqsiri üzündən baş verdikdə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilə bilər. Lakin məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən cavabdehin qaz sayğacına qanunsuz müdaxilə etməsi və məhz bu qanunsuz müdaxilə nəticəsində iddiaçının cavabdehə maddi ziyan vurmasına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, cavabdeh tərəf öz etirazının əsaslarını yalnız formal mülahizələrlə əsaslandırmağa çalışmışdır.

32. Apellyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus olan sayğaca edilmiş kənar müdaxilənin məhz iddiaçının özü tərəfindən törədilməsi barədə cavabdehin dəlilləri ilə razılaşa bilmədiyindən və cavabdeh tərəfə ziyan dəyməsi, bununla bağlı zərərin həddinin müəyyən edilməli olması barədə də apellyasiya şikayətinin dəlilləri ilə razılaşa bilmir. Çünki, ikinci hal birinci halla bağlıdır. Başqa sözlə, əgər iddiaçı sayğaca müdaxilə edilməsində təqsirli deyilsə, buna görə zərəri də ödəməli deyil.

33. İş materiallarından iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunmasına, habelə iddiaçının qaz sayğacına hər hansı bir formada müdaxilə etməsinə dair hallar müəyyən edilməmişdir.

34. Belə olan halda cavabdeh tərəfindən iddiaçının **********02490 saylı abonent koduna Cavabdeh tərəfindən “Təbii X3nın pozulması haqqında” ******* saylı, 17 fevral 2022-ci il tarixli akta əsasən qaz sərfiyyatına görə əsassız hesablanmış 518.40 manat borcun silinməsi barədə məhkəmənin mövqeyi əsaslı hesab edilməlidir.

35. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz.

36. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(060)-454/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

37. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz.

38. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 393, 402, 404 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(060)-454/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar