Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-962/2024 12.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq və vəzifələrinə toxunulan şəxs qismində cəlb edilmə, qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulan prosessual müddətin bərpası) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rüstəmli Aytən Kamil qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2(060)-4956/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilən şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci ildə vəfat etmiş Əliyev Həsənbala Ağa oğlundan qalmış miras əmlakın qəbul etmə müddətinin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(060)-4956/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2011-ci il tarixdə ölmüş mərhum Əliyev Həsənbala Ağa oğlundan miras qalmış əmlakın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi üzrlü hesab edilərək müddətin uzadılmasının bərpa edilməsi, iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
3. Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(060)-4956/2023 saylı qətnaməsinin maraqlarına toxunduğu üçün qətnamənin surətinin ona təqdim olunmasını xahiş etmişdir.
4. Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(060)-4956/2023 saylı qətnaməsi İddiaçı tərəfindən 25 yanvar 2024-cü il tarixdə şəxsən qəbul edilmişdir və həmin qətnamədən 19 mart 2024-cü il tarixdə onun tərəfindən apellyasiya şikayəti verilmiş, şikayətə ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə əlavə edilmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qətnaməni xx.xx.2024-cü il tarixdə əldə etmişdir. Qətnamədən apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verməyini, sistemdə yaranmış nasazlığı nəzərə alıb, qətnamədən şikayət vermə müddətinin ötürülməsini üzürlü hesab edərək ötürülmüş müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir.
6. Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2(060)-4956/2023 nömrəli qərardadı ilə Maraqlı şəxs iş üzrə maraqlarına toxunan şəxs kimi tanınması və tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli 2(060)-4956/2023 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpası barədə ərizə təmin edilərək, apellyasiya şikayətinin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
7. İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2(060)-4956/2023 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi, əks təqdirdə şikayətin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir
8. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
9. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1, 133.1, 357.1, 360, 364.2-ci maddələrinə və K.N.Qəribovanın şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına istinad edərək göstərmişdir ki, İddiaçı tərəfindən apellyasiya şikayəti vermə müddəti üzürlü səbəbdən ötürülmüşdür.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Şikayətin dəlilləri
10. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisələndirilən qətnamənin qəbul edilməsindən sonra cavabdeh Maraqlı şəxs qarşı AR ƏN 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2V-239 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsinin və xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Maraqlı şəxs xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2/060/-4956/2023 saylı qətnaməsinin onun maraqlarına toxunduğunu və qətnamənin surətinin ona verilməsini xahiş etmişdir. Maraqlı şəxs xx.xx.2024-cü il tarixdə şəxsən qətnamənin surətini almış, xx.xx.2024-cü il tarixdə, yəni 1 ay 22 gün sonra apellyasiya şikayəti və ötürülmüş prosessual müddətin bərpa edilməsi ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsində apellyasiya şikayətini vaxtında verməməsini sistemdə yaranmış nasazlıqla əlaqələndirmiş, lakin məhkəməyə bu barədə heç bir sübut təqdim etməmişdir. 1 ay 22 gün elektron sistemdə nasazlığın olması absurddur. İşə baxan məhkəmə bu halları nəzərə almamış, müddətin ötürülməsinin hansı səbəbdən üzürlü sayılmasını əsaslandırmamışdır. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.
b) Şikayəti qarşı etirazın dəlilləri
11. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin: 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 15.4-cü maddəsinə əsasən məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir
128.1. Prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. 130.1 Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 135.1. Həmin Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 357.1-ci maddəsinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. 363.1.3 Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, qaytarılır. 364.1.Apellyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. 402.2 Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
14. “K.Maraevin şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli Qərarı
Qərarda göstərilmişdir ki, şəxsi işdə iştirak etməyə cəlb etmədən onun hüquqlarının pozulması ilə nəticələnmiş qərarın qəbul edilməsi ədalət mühakiməsinin mahiyyətinə və əsas prinsiplərinə xələl gətirir. Bu baxımdan, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Belə halda, işdə iştirak etməyə cəlb olunmamış və barəsində hüquq və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs, hər bir halda pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin olunmalıdır. İşdə iştirak etməyə cəlb olunmamış və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətləri aşağıdakılardır: onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi; iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması; öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması.
Apellyasiya baxışının hədləri
15. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2(060)-4956/2023 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.
16. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir.
18. Belə ki, işin yuxarıda sadalanan ardıcıllığından görünür ki, hazırda mübahisə, daha dəqiq formada ifadə edilərsə, şikayətçinin şikayətinin əsas dəlili onun xeyinə qəbul edilmiş məhkəmə qətnaməsindən qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulan müddətin bərpa edilməsindən ibarətdir. Belə ki, şikayətçi qeyd edir ki, hazırkı halda müddətin bərpa edilməsi üçün heç bir əsas mövcud olmadığı halda məhkəmə vəsatəti təmin etmişdir.
19. Araşdırılan işin faktiki hallarından müəyyən edilir ki, mübahisələndirilən qətnamənin aid olduğu məhkəmə işi üzrə Maraqlı şəxs məhkəmə proseslərinə cəlb edilməmiş, o həmin qətnamənin mövcudluğundan məlumatlı olduqdan sonra xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(060)-4956/2023 saylı qətnaməsinin onun maraqlarına toxunduğunu göstərmiş və qətnamənin surətinin ona rəsmən təqdim edilməsini xahiş etmişdir. Yalnız bundan sonra xx.xx.2024-cü il tarixdə mübahisələndirilən qətnaməni sonuncu şəxsən qəbzə imza etməklə rəsmi qaydada əldə etmişdir.
20. Yenə işin araşdırılan hallarından görünür ki, Maraqlı şəxs tərəfindən mübahisələndirilən qətnamədən elektron qaydada apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərilmiş, şikayətə həmçinin apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə vəsatət əlavə etmişdir.
21. Hazırkı halda iddiaçının şikayətini əsassız hesab edən kollegiya onu da nəzərə alır ki, iş üzrə daha öncə Sumqayıt Apellyasiya Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(105)- 962/2024 nömrəli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-962/2024 nömrəli (mümkünlük barədə qərardadı) qərardadının ləğv edilməsi, mülki işin apellyasiya baxışından çıxarılmaqla, Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2(060)-4956/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə birinci instansiyası məhkəməsinə qaytarılması qərara alındıqdan sonrakı proseslərdə də müvafiq ardıcıllıqla hazırkı apellyator Maraqlı şəxs hər dəfə məhkəmə aktlarından prosessual şikayət hüququndan aşkar və qanuni formada istifadə etmiş və dolayısıyla hazırkı iş üzrə məhkəmə qətnaməsindən narazılığını qəti şəkildə bəyan etmişdir.
22. İşi araşdıran kollegiya qeyd edir ki, şəxsin məhkəməyə şikayət etmək hüququ müstəsna hallarda məhdudlaşdırıla bilər və bunlardan biri də şəxsin şikayət hüququndan vaxtında istifadə etməməsi və ya sui-istifadə etməsidir. Şikayət hüququndan sui-istifadə edilən hallar müxtəlif ola bilər, o cümlədən, ciddi hüquqi əsası olmayan şikayətlər, əsasən qarşı tərəfi narahat etmək və ya təzyiq etmək məqsədi ilə və ya bir işin həllini və ya məhkəmə qərarının icrasını lüzumsuz dərəcədə gecikdirmək məqsədilə edilən, açıq-aydın əsaslandırılmamış və s.
23. Hazırki işdə isə Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətində və bununla bağlı ona əlavə olunmuş vəsatətdə qeyd olunan hallar müəyyən edilmir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, vəsatətdə də qeyd olunan dəlillər işin halları ilə uzlaşmaqla, prosessual müddətin üzürlü səbəbdən ötürülməsinə dalələt edir.
24. Kollegiya həm də Konstitusiya Məhkəməsinin formalaşdırdığı vahid mövqeydən çıxış edərək qeyd edir ki, Mülki Prosessual Məcəllənin mülki məhkəmə icraatının vəzifələrini təsbit edən 2-ci maddəsinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ-hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Məcəllənin 4.1-ci maddəsinə əsasən isə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
25. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ-hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Həmçinin ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər.
26. Bu səbəbdən, kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi prosessual müddətin üzürlü səbəbdən ötürülmüş hesab edilməsi barədə vəsatəti təmin etməklə haqlı nəticəyə gəlmişdir.
27. Kollegiya sonda qeyd edir ki, apellyasiya şikayəti prosesual tələblər baxımından digər hissələrdə qanunvericiliyin tələblərinə riayət etməklə verildiyindən, əlavə vaxt itkisinin qarşısının alınması və prosessual qənaət prinsipinə uyğun olaraq şikayətin uyğunluğunun müəyyən edilməsi məqsədilə yenidən birinci instansiya məhkəməsinə qaytarılmasına ehtiyac yoxdur.
28. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2(060)-4956/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayəti mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:
İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2(060)-4956/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Mülki iş icraata verilməsi və mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına təhvil verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.