Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-966/2022 17.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cəlal oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 07.12.2021-ci il tarixli, 2(060)-4404/2021 nömrəli qətnaməsindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 07.12.2021-ci il tarixli, 2(060)-4404/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı məxsus ünvan 1-a dair "xxxx" ASC tərəfindən 17.02.2021-ci il tarixdə tərtib olunmuş NDM № 021510 saylı akta əsasən əsassız olaraq hesablanmış 816 (səkkiz yüz on altı) manat 74 (yetmiş dörd) qəpik məbləğində borcun silinməsi və Ekspertiza tədqiqatının dəyəri 102 (bir yüz iki) manat cavabdeh "xxxx" ASC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməsi qət edilmişdir. (hakim R.Qoşqarlı) Qətnamədən cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 07.12.2021-ci il tarixli, 2(060)-4404/2021 nömrəli qətnaməsinin, iddianın təmin olunan hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən tərtib olunmuş 17.02.2021-ci il tarixli, 021510 nömrəli aktın əsassız olduğu üçün etibarsız hesab edilməsi və həmin aka əsasən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanına dair əsassız olaraq hesablanmış 820,95 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçı həmin mənzildə qeydiyyatdadır və həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. 17.02.2021-ci il tarixdə Cavabdeh ASC-nin əməkdaşları tərəfindən xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan mənzilin elektrik sayğacına baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, guya sayğaca müdaxilə olunub. Ona görə də 17.02.2021-ci il tarixli, 021510 saylı akt tərtib olunmuşdur. Həmin aktın əsasında iddiaçıya 820,95 manat məbləğində cərimə hesablanmışdır. Hazırda həmin aktı əsassız hesab edir. Belə ki, iddiaçı tərəfindən sayğaca heç bir müdaxilə olunmayıb. Cavabdeh ASC-nin gəldiyin nəticə tamamilə qanunsuz və əsassızdır. Bu istehlakçı olaraq iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Borcun silinməsi üçün dəfələrlə Cavabdeh ASC-yə müraciət etmişdir, lakin iddiaçıya bildirilir ki, məhkəməyə müraciət etsin. Hesab edir ki, həmin akt əsassız olduğu üçün etibarsız hesab edilməli və əsassız olaraq hesablanmış 820,95 manat məbləğində borc silinməlidir. Həmçinin qeyd edir ki, akt tərtib olunarkən iddiaçının iştirakı təmin olunmayıb. Bu da qanunvercıliyin tələbinə ziddir. İddiaçı aktın tərtib olunmasından xəbərsiz olmuşdur. Hesab edir ki, akt tərtib olunarkən iddiaçının iştirakı təmin olunmalı idi. Lakin Cavabdeh ASC-nin əməkdaşları iddiaçının iştirakını təmin etməmişdir. Göründüyü kimi Cavabdeh ASC”-nin əməkdaşları tərəfindən iddiaçının iştirakını təmin etmədən, heç bir hal şahidlərinin iştirakı olmaya-olmaya özlərinin əməkdaşlarının iştirakı ilə birtərəfli qaydada akt tərtib edilmişdir ki, bu da qanunvericiliyin tələblərinə ziddir. «Elektrik eneıjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Qərarın 7.11-ci maddəsinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. İddiaçının sayğacı da mənzildən kənarda yerləşdiyindən həmin qaydaların tələbinə görə iddiaçı elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşımır. Göstərilən hallar əsasında iddia tələbi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ Nİ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş EEİQ-nın 7.11-ci bəndinə əsaslanmışdır ki, bununla da yanlışlığa yol vermişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçıya qarşı tərtib olunmuş akt EEİQ-8.32-ci bəndinə əsasən mənzildə elektrik hesabat sayğacına müdaxilə edilərək elektrik enerjisindən istifadə olunması halı aşkar olunduğundan tərtib edilmişdir. Təqdim edilmiş sübutlardan da göründüyü kimi aktda sayğacın və ya üzərindəki plombların bütövlüyündən söz getmir. Göründüyü kimi məhkəmə yalnış hüquq normalarına istinad edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qət etmişdir ki, bu haldada enerji haqqlarının yığımının 100 %-ə çatdırılması barədə "xxxx" ASC qarşısında qoyulmuş tapşırıqlarının icrasına maneə yaratmışdır. Qeyd olunanlardan əlavə məhkəmə ekspertiza rəyinə əsaslanaraq qeyd olunan ünvanda quraşdırılmış elektrik hesabat sayğacında gözlə görünən müdaxilənin və müdaxilə izlərinin olmamasını qeyd etmişdir. Lakin mənzilə çəkilmiş kənar xətt 17.02.2021 ci il tarixdə aşkar edilmişdir. Bundan sonra aktda tələb qoyulmuşdur ki, kənar xətt ləğv olunsun və sxem bərpa olunsun. Təbii haldır ki, bundan sonra orada gözlə görünən hər hansı müdaxilə izinə rast gəlmək mümkün deyildir. Bundan başqa ekspertiza elektrik hesabat sayğacında hər hansı gözlə görünən müdaxilənin olmadığını qeyd etmişdir. Lakin aktdan müəyyən edilir ki, sayğaca və onun möhürlərinə hər hansı müdaxilə olunmamışdır. Mənzilə sayğac sxemindən kənar xətt çəkilərək elektrik enerjisindən istifadə edilməsi halı müəyyən edilmişdir ki, həmin qanunsuzluq 17.02.2021-ci il tarixdə aradan qaldırılaraq sxem bərpa olunmuşdur. Göründüyü kimi məhkəmə iddia tələbinə dair cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd olunan hallara və etiraza əlavə edilmiş sübutlara düzgün qiymət verməmiş, "xxxx" ASC tərəfindən haqlı olaraq hesablanmış borcun silinməsi barədə əsassız qətnamə çıxarmışdır. Məhkəmə qətnamə çıxararkən qeyd olunanları nəzərə almamışdır. Sayğaca müdaxilə edərək elektrik enerjisindən qanunsuz istifadə etməsi, bundan sonra iddiaçının məhkəməyə müraciət etməsi, akt üzrə aşkar olunmuş halın əvvəldən planlaşdırıldığını, hansısa mütəxəssis tərəfindən mənzildə istifadə olunan enerji sərfiyyatının azaldılması məqsədi ilə həyata keçirildiyini sübut edir. Beləliklə, qeyd olunan halar nəzərə alınmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İş üzrə İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətin rədd edilərək, birinci instaniya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** saylı, 13.09.2019-cu il tarixində qeydiyyata alınmışdır. Yenə iş materiallarında olan "xxxx" ASC-nin əməkdaşları R.Osmanov və V.Abdullayev tərəfindən tərtib edilmiş 17 fevral 2021-ci il tarixli, NDM seriyalı 021510 №li aktdan görünür ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 2-ci mkr, ev 0100, mənzil 2504-ə məxsus elektrik hesabat sayğacına baxış zamanı məlum oldu ki, mənzilə sayğac sxemindən kənar xətt daxil olur. Kənar xətt sayğacları qidalandıran xətdən mənzilin qarşısındakı divardan PQ-dən çəkilmişdir. Yenə də iş materiallarında olan 16.04.2021-ci il tarixli abunə haqqında saldodan görünür ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 0100, M: 1686- ya borc əsasında 820,95 manat məbləğində borc hesablanmışdır. İşə əlavə edilmiş 30.06.2021-ci il tarixli Abunə haqqında saldodan görünür ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 0100, M: 1686- ya 811,74 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan "xxxx" ASC “Şimal” X2 və Satışı İdarəsinin 24.06.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən evi **********02504 saylı kodla 27.10.2007-ci il tarixindən abonent qeydiyyatındadır. 12.05.2012-ci il tarixində abonentin mənzilinə elektrik hesabat sayğacı quraşdırılaraq istismara verilib. Enerjitəchizatı təşkilatının əməkdaşları tərəfindən mənzilin sayğacına baxış keçirərkən elektrik enerjisinin uçotu və “EEİQ”-na riayət olunması halının pozulması faktı aşkar edilmişdir. Bu fakt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydaları”na uyğun olaraq 17.02.2021-ci il tarixində NDM 021510 saylı aktla rəsmiləşdirilmişdir. İtirilmiş enerjinin bərpası məqəsədilə akta görə 79831 KVT/s (842,13 manat) sərfıyyat abonentlə qarşılıqlı hesablaşmaya daxil edilmişdir. Mənzilin 11.06.2021-ci il tarixinə enerjitəchizatçı təşkilata yuxarda qeyd olunmuş səbəbdən 816,74 manat borcu vardır. Yenə iş materiallarında olan Azərbaycan Respublikasını Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17.11.2021-ci il tarixli, 10/4203 saylı ekspert rəyindən görünür ki, 19 oktyabr 2021-ci il tarixdə tədqiqat obyektinin yerləşdiyi Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 28 ünvanında 29 saylı mənzilin elektrik sayğacına baxış zamanı həmin sayğacda gözlə görünən müdaxilə halları aşkar edilmədi və sayğac işlək vəziyyətdədir. Baxış zamanı həmin ünvanda sayğacdan kənar qoşularaq elektrik enerjisindən istifadə halı aşkar edilmədi. Əvvəllər həmin ünvanda elektrik sayğacından kənar qoşularaq istifadənin olubolmaması məhkəmə tərəfindən araşdırmalarla müəyyən edilə bilər. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbinin təmin edilməmiş hissəsindən şikayət verilmədiyindən məhkəmə kollegiyası, AR MPM-in 372.6-cı maddəsinə əsasən həmin hissədə araşdırma aparmır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 07.12.2021-ci il tarixli, 2(060)-4404/2021 nömrəli dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilmiş, mənzilə sayğac sxemindən kənar xətt daxil olması, kənar xəttin sayğacları qidalandıran xətdən mənzilin qarşısındakı divardakı PQ-dən çəkilməsi barədə akt tərtib edilmişdir. Həmin akta uyğun olaraq iddiaçıya borc hesablanmış, borcla razılaşmayan iddiaçı, borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Yaranmış mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»na (bundan sonra - Qaydalar) əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsi ilə istifadə edən hüquqi və ya fiziki şəxsdir (1.1). Məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir (7.9.). İstismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır (7.10.). Yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır (7.11.). “Elektrik enerjisindən istifadə Qaydaları”nın 5.3-cü bəndinə görə yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerjitəchizatı müəssisəsinin üzərinə düşür. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İş materiallarına əlavə edilmiş 17.02.2021-ci il tarixli, NDM №021510 saylı aktın surətindən görünür ki, sözügedən akt "xxxx" ASC-nin əməkdaşlarının iştirakı ilə tərtib edilmişdir. Lakin aktın tərtib edilməsində məişət abonentinin, iki nəfər hal şahidinin iştirakı təmin edilməmişdir. Bu barədə cavabdeh məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, bu akt tərtib edilərkən abonentin və hal şahidlərinin iştirakı təmin edilmədiyindən öz mötəbərliyini itirir, başqa sözlə, iş materialları ilə abonentin elektrik enerjisindən qanunsuz əsaslarla istifadə etməsi görünmür. Belə olan halda, həmin akta əsasən hesablaşma aparılaraq abonentdən borc tələb edilməsi əsassızdır və bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayəti ilə bağlı qeyd edir ki, cavabdeh şikayətində öz dəlillərini təsdiq edəcək hallara dair məhkəməyə hər hansı mötəbər, əsaslı şübhələrdən kənar sübut təqdim etməmişdir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər əsasən formal mülahizələrdir və apellyasiya şikayətinin tələb edilən formada təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. AR MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 07.12.2021-ci il tarixli, 2(060)- 4404/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-966/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-966/2022
17.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver