Məhkəmə qərarları › İş №2(105)-966/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-966/2023

20.06.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-966/2023 20.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X28 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-4034/2022 nömrəli qətnaməsindən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. X1 Ruslan Aslan oğluna və X24 bütün əmlakın harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onu idarə etməyi və onun üzərində sərəncam verməyi və digər hərəkətləri yerinə yetirməyi etibar etmişdir.

2. X16 ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X3 rayonu, Masazır kəndi ünvanında yerləşən ümumi sahəsi 0.0918 ha olan torpaq sahəsini İddiaçı mülkiyyətinə vermişdir.

3. Abşeron rayon, Masazır kəndində yerləşən 0,0824 ha olan torpaq sahəsi İddiaçı adına xx.xx.2021-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

4. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən X9 ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, onun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* saylı çıxarışı ilə Masazır kəndi ərazisində mülkiyyətində olan 0,10 ha torpaq sahəsində inşası nəzərdə tutulmuş üçmərtəbəli, mansardlı fərdi yaşayış evinin (845 m2) tikinti layihəsinin memarlıq planlaşdırma bölməsi və ərazinin baş plan bölməsi tərəflərindən məktubda qeyd olunan şərtlər daxilində razılaşdırılır. Qeyd edilən şərtlər vətəndaş tərəfindən pozularsa, mövcud məlumatlandırma icraatı öz qüvvəsini itirmiş hesab olunsun.

5. X17 (etibarnaməyə əsasən X29) ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, _04.2021 nömrəli müqaviləyə əsasən, birinci tərəf ikinci tərəfə 58.7 m2, bir otaqlı, hazır mənzildən, hər bir kvadrat metrinin 650 manata 3500 ton “çınqıl” tikinti materialı ilə əvəzləşdirərək verir. İkinci tərəf Hüseynov X4 Yaşar Mənaf oğluna iki ay müddətinə 3500 ton çınqılı X6 borclu olduğu X5 çınqılla ödəyəcək. Müqavilə pozulduğu halda, verilən çınqılın miqdarı az olduğu halda müqavilə qüvvədən düşmüş sayılır. Tərtib edilən müqavilə əsasında 58.7 m2 , 1 otaqlı mənzili Cavabdeh1 ərizə və xahişi əsasında X7 adına sənədləşdiriləcək. Müqavilə Rəcəbov A.T. tərəfindən imzalanmış, möhürlənmişdir.

6. X15n rəhbəri X29 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 0128 nömrəli mənzil tikintisi haqqında müqavilədən görünür ki, ünvan 1ində yerləşən 8 mərtəbəli yaşayış binasının 1 blok, 2-ci mərtəbə, 08 №-li mənzil, izolə olunmuş 1 otaqdan ibarət bir pay kimi verməyi öz öhdəsinə götürür. Mənzilin ümumi sahəsi 58.7 kv.m-dir. Mənzilin 1 kv.m-nin qiyməti 650 AZN-dən ibarətdir. Mənzilin ümumi dəyəri 38155 AZN-dir. Müqavilə A.Nümayəndə tərəfindən imzalanmış, möhürlənmişdir.

7. xx.xx.2021-ci il tarixli arayışa əsasən ünvan 1ində yerləşən çoxmərtəbəli yaşayış binası X24 məxsusdur. Bu binanın 1 giriş 2-ci mərtəbəsində, ümumi sahəsi 58.7 m2 olan, 1 otaqlı, 08 saylı mənzilin pay dəyərindən 38155 (otuz səkkiz min bir yüz əlli beş) AZN payçı, Cavabdeh1 tərəfindən ödənilmişdir. Bu günə qalıq borcu: 0.00 (sıfır) AZN-dir. Xüsusi qeyd: “Payçı” ilkin olaraq 38155 (otuz səkkiz min bir yüz əlli beş) AZN məbləğində pulu 04.2021 №-li, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən hər bir tonu 8.50 AZN olmaqla 3500 ton “çınqıl” tikinti materialı ilə əvəzləşdirərək iki ay müddətində ödəyir. Arayış fiziki şəxs Rəcəbov A.T. tərəfindən imzalanmış, möhürlənmişdir.

8. Cavabdeh1 X15n rəhbərinə ərizə ünvanlayaraq, xx.xx.2021-ci il tarixli 0128 nömrəli müqaviləyə əsasən aldığı 58.7 kv.m-lik 08 nömrəli 1 otaqlı mənzili Cavabdeh2 adına tam olaraq keçirilməsi, yenidən müqavilə bağlanmasını xahiş etmişdir.

9. Masazır Residents Kompleksinin rəhbəri X29 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 0129 nömrəli mənzil tikintisi haqqında müqaviləyə əsasən ünvan 1ində yerləşən 8 mərtəbəli yaşayış binasının 1 blok, 2-ci mərtəbə, 08 №-li mənzil, izolə olunmuş 1 otaqdan ibarət bir pay kimi verməyi öz götürür. Mənzilin ümumi sahəsi 58.7 kv.m-dir. Mənzilin 1 kv.m-nin qiyməti 650 AZN-dən ibarətdir. Mənzilin ümumi dəyəri 38155 AZN-dir.

10. xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, ünvan 1ində yerləşən çoxmərtəbəli yaşayış binası X24 məxsusdur. Bu binanın 1 giriş 2-ci mərtəbəsində, ümumi sahəsi 58.7 m2 olan, 1 otaqlı, 08 saylı mənzilin pay dəyərindən 38155 (otuz səkkiz min bir yüz əlli beş) AZN payçı, Cavabdeh2 tərəfindən ödənilmişdir. Qalıq borcu 00.

11. Masazır Rezidensin rəhbəri A.Nümayəndə xx.xx.2021-ci il tarixdə Cavabdeh2 bildiriş ünvanlayaraq bildirmişdir ki, onun 04.2021 №-li müqavilə əsasında Cavabdeh1 ilə Abşeron rayon Masazır Rezidenslə bağladığı müqavilə və öhdəliklərə görə ona verilən ev öhdəlikləri yerinə yetirilmədiyi üçün həmin müqavilə Cavabdeh1 ərizəsi əsasında ləğv edilmişdir. Odur ki, ona Masazır Rezidens tərəfindən verilən mənzillər qısa zamanda satışa çıxarılacaqdır. Əgər qısa zamanda həmin mənzili əldə etmək istəyirsə pulunu ödəyib geri ala bilər. Həmin mənzilə görə bir manat olsun pul ödənilməmişdir.

12. İddiaçı tərəfindən Cavabdeh2, X18, Cavabdeh1 ünvanlanmış pretenziyadan görünür ki, “Cavabdeh1 xx.xx.2021-ci il tarixdə müraciət edərək tərəfimizdən ünvan 1ində inşa edilən X14ndən 1 otaqlı, sahəsi 58,7 kv.metr, dəyəri 38155,0 manat olan mənzili müxtəlif tikinti materialları verəcəyi müqabilində ona verilməsini xahiş etmişdir. Bununla bağlı Cavabdeh1la mənzilə dair müqavilə bağlanmış, Cavabdeh1 mənzilə dair müqavilənin Ramiz Yariyevin adına keçirilməsini və mənzilin dəyərinin yuxarıdakı şərtlər daxilində özü tərəfindən ödəniləcəyini bildirmişdir. Cavabdeh1 müraciətinə uyğun olaraq mənzilin R.Yariyevin adına keçirilməsi ilə bağlı müqavilə bağlanmışdır. Ötən müddət ərzində nə Cavabdeh1, nə də E.Məmmədov tərəfindən mənzilin dəyəri ödənilməmiş, məlum olmuşdur ki, cavabdehlər müqaviləni formal bağlamışlar. Buna baxmayaraq Cavabdeh1 bizi inandırmasına əsasən tərəfimizdən arayış verilmişdir ki, guya mənzil üzrə borc ödənilib, halbuki ödəniş aparılmamış və ödəniş qəbzi verilməmişdir. Eyni zamanda Cavabdeh1 xx.xx.2021-ci il tarixdə müraciət edərək tərəfimizdən ünvan 1ində inşa edilən X14ndən 1 otaqlı, sahəsi 52,71 kv.metr, dəyəri 50000 manat olan mənzili müxtəlif tikinti materialları verəcəyi müqabilində ona verilməsini xahiş etmişdir. Bununla bağlı Cavabdeh1la mənzilə dair müqavilə bağlanmış, Cavabdeh1 mənzilə dair müqavilənin Elnur Məmmədovun adına keçirilməsini və mənzilin dəyərinin yuxarıdakı şərtlər daxilində özü tərəfindən ödəniləcəyini bildirmişdir. Cavabdeh1 müraciətinə uyğun olaraq mənzilin Elnur Məmmədovun adına keçirilməsi ilə bağlı müqavilə bağlanmışdır. Ötən müddət ərzində nə Cavabdeh1, nə də E.Məmmədov tərəfindən mənzilin dəyəri ödənilməmiş, məlum olmuşdur ki, cavabdehlər müqaviləni formal bağlamışlar. Buna baxmayaraq Cavabdeh1 bizi inandırmasına əsasən tərəfimizdən arayış verilmişdir ki, guya mənzil üzrə borc ödənilib, halbuki ödəniş aparılmamış və ödəniş qəbzi verilməmişdir. Ona görə də sizinlə bağlanmış müqavilələr və arayışlar etibarsızdır.”

Birinci instansiya məhkəməsindəki icraat

13. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh1la bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin və onun əsasında ünvan 1ində inşa edilən X14ndəki 1 otaqlı, sahəsi 58,7 kv.metr mənzilə dair cavabdehlər Cavabdeh1 və Ramiz Yariyevlə bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin və mənzil üzrə borcun olmaması barədə eyni tarixli 617 saylı arayışların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, onun adından etibarnamə üzrə nümayəndəsi Akim Rəcəbov tərəfindən Cavabdeh1la bağlanmış malmaterialların mənzillə əvəzləşdirilməsi barədə xx.xx.2021-ci il tarixli, _04.2021 saylı müqavilənin və həmin müqavilə əsasında ünvan 1ində inşa edilən (şərti adı – X14) 1 otaqlı, sahəsi 58,7 kv.metr mənzilə dair onun adından etibarnamə üzrə nümayəndəsi Akim Rəcəbov tərəfindən cavabdehlər Cavabdeh1 və Ramiz Yariyevlə bağlanmış xx.xx.2021-ci il tarixli, 0128 və 0129 saylı müqavilələrin və mənzil üzrə borcun olmaması barədə eyni tarixli 617 saylı arayışların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə müraciət edərək ünvan 1ində inşa edilən X14ndən 1 otaqlı, sahəsi 58,7 kv.metr, dəyəri 38155,0 manat olan mənzili müxtəlif tikinti materialları verəcəyi müqabilində ona verilməsini xahiş etmişdir. Bununla bağlı Cavabdeh1la mənzilə dair müqavilə bağlanmış, Cavabdeh1 mənzilə dair müqavilənin Ramiz Yariyevin adına keçirilməsini və mənzilin dəyərinin yuxarıdakı şərtlər daxilində özü tərəfindən ödəniləcəyini bildirmişdir. Cavabdeh1 müraciətinə uyğun olaraq mənzilin R.Yariyevin adına keçirilməsi ilə bağlı müqavilə bağlanmışdır. Ötən müddət ərzində mənzilin dəyəri ödənilməmiş, məlum olmuşdur ki, cavabdehlər müqaviləni formal bağlamışlar. Buna baxmayaraq Cavabdeh1 onları inandırmasına əsasən tərəflərindən arayış verilmişdir ki, guya mənzil üzrə borc ödənilib, halbuki ödəniş aparılmamış və ödəniş qəbzi verilməmişdir.

16. Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 iddia tələbinə verilən etirazı müdafiə edərək bildirmişdir ki, İddiaçı hazırki iddia ərizəsi ilə bağlı məhkəməyə iddia qaldırmağa dair subyektiv hüququ yoxdur. Çünki, iddiaçı müqavilə üzrə tərəf deyildir. Onun belə bir iddia qaldırmaq hüququ mövcud deyildir. Belə ki Cavabdeh2 xx.xx.2021-ci il tarixdə X14n rəhbəri X29 ilə müqavilə bağlayaraq Abşeron rayonu Masazır kəndində inşa edilən 1 otaqlı sahəsi 58.7 kv.m olan mənzili pul verib almışdır. Həmin mənzilin qanuni sahibidir. O, mənzili pul verib aldıqdan sonra X14nin rəhbəri X12 mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışı almışdır. İddia ərizəsində göstərilir ki, guya ki, cavabdeh mənzilin dəyərini ödəməmişdir. Cavabdeh bununla razı deyildir. Əgər mənzilin dəyərini ödəməmişdirsə onda ona nəyə görə mənzilin tam dəyərinin ödənilməsinə dair maliyyə arayışı verilmişdir. Həmin arayış sübut edir ki, iddiaçının iddia ərizəsində yazdıqları tam yalandır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmədən İddiaçı Cavabdeh2 və qeyrilərinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbini verməkdə subyektiv hüququnun olmadığı və iddianın əsassız olduğu üçün rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir.

17. Məhkəmə iclasında digər Cavabdeh1 iddianı qəbul etdiyini bildirmiş və qeyd etmişdir ki, onun Akim Rəcəbovla iş münasibətləri olmuşdur. Akimə bina tikmək üçün beton lazım olmuş, ona müraciət edərək beton verilməsi əvəzində binada ev veriləcəyini demişdir. O da Aydına müraciət etmişdir. Aydın təklif etmişdir ki, onun adına ev yazılsın əvəzində Yaşara çınqıl verib beton alaraq onlara verəcəkdir. Sonra Aydın demişdir ki, bu proseslər uzun müddət apardığından Ramizdə hazır beton var, evi Ramizin adına yazdırsın, betonu götürsünlər. O da Akimə demişdir, razı olmuşdur. Ramiz ilə görüşmüş, Ramiz Aydını tanıdığından betonu Aydına verəcəyini bildirmişdir. Bundan sonra, Aydından çınqıl istəmişdir. Aydın Akimin tikintisi üçün 8 maşın çınqıl gətirmişdir. Yenidən beton lazım olduğundan Ramizə müraciət etmiş, Ramiz onu tanımadığından beton verə bilməyəcəyini demişdir. O da Aydına zəng etmiş, Aydın beton verəcəyini vəd etsə də 3 ay ərzində heç nə verməmişdir. Sonra o, şirkətə ərizə ilə müraciət edərək aldadıldığını, etibarından suiistifadə edildiyini bildirmişdir. Çınqılın pulunu şirkətdən alıb Aydına qaytarmışdır.

18. Məhkəmə iclasında şahid qismində dindirilmiş X29 ifadəsində bildirmişdir ki, İddiaçı onun anasıdır. Masazır Residence Kompleksinin rəhbəri mərhum nənəsi olmuşdur. Onun adından etibarnamə əsasında müəyyən hərəkətləri etmiş, müqavilələr bağlamışdır. Cavabdeh1 ilə iş birlikləri olmuşdur. Cavabdeh2 də Nurəlinin vasitəsi ilə tanımışdır. Cavabdeh1la razılaşmışlar ki, Nurəli tikinti üçün material gətirəcək, bunun əvəzində ona mənzil veriləcəkdir. Onunla müqavilə bağlamışlar. Sonradan, Nurəli Ramizi gətirmişdir ki, onunla həmin mənzil barəsində müqavilə bağlansın, Ramiz də tikinti materialları ilə kömək etməli idi. Lakin onlar tərəfindən öhdəliklər yerinə yetirilməmişdir.

19. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-4034/2022 nömrəli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia rədd edilmişdir.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müqavilə üzrə öhdəliklərin icra edilməməsi müqabilənin etibarsızlığı üçün yox, müqavilənin ləğvi üçün əsasdır. Müqavilənin etibarsızlığının əsasları məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçı tərəf Cavabdeh2 mübahisəli mənzilə dair bağlanan müqavilənin Cavabdeh1la bağlanan digər iki müqavilələr üzrə hər hansı bağlılığının olması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Ramiz Yariyevlə bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin və mənzil üzrə borcun olmaması barədə eyni tarixli 617 saylı arayışların etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir.

21. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 324, 339, 340, 359.1, 359.3, 362.1, 337.1-ci maddəsinin, Mülki Prosessual Məcəllənin 14.2, 77, 217-ci maddəsinin tələbləri ilə əsaslandırmışdır.

22. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 müraciət edərək müxtəlif tikinti materialları verəcəyi müqabilində ünvan 1ində inşa edilən X14ndən 1 otaqlı, sahəsi 58,7 kv.m, dəyəri 38155,0 manat olan mənzili özünün, daha sonra Cavabdeh2 adına sənədləşdirilməsini təklif etmişdir. Bununla bağlı Cavabdeh1la malların verilməsi və mənzilə dair xx.xx.2021-ci il tarixli müqavilə bağlanmış, Cavabdeh1 mənzilə dair müqavilənin Ramiz Yariyevin adına keçirilməsini və mənzilin dəyərinin yuxarıdakı şərtlər daxilində özü tərəfindən ödəniləcəyini bildirmişdir. Cavabdeh1 müraciətinə uyğun olaraq mənzilin Cavabdeh2 adına keçirilməsi ilə bağlı müqavilə bağlanmışdır. Cavabdeh1 və Cavabdeh2 adına maliyyə arayışları verilmişdir. Ötən müddət ərzində nə Cavabdeh1, nə də E.Məmmədov tərəfindən mənzilin dəyəri kimi mal-materiallar verilməmiş, məlum olmuşdur ki, cavabdehlər müqaviləni formal bağlamışlar. Buna baxmayaraq, Cavabdeh1 onları inandırmasına əsasən tərəflərindən arayış verilmişdir ki, guya mənzil üzrə borc ödənilib, halbuki, ödəniş aparılmamış və ödəniş qəbzi verilməmişdir. Məhkəmə iclasında müqavilənin əslində etibarsız olduğu, cavabdehlərin niyyətlərinin onu aldatmaq olduğu çılpaqlığı ilə müəyyən edilsə də, məhkəmə buna əhəmiyyət vermədən qərəzli qətnamə çıxarmışdır. Belə ki, məhkəmədə Cavabdeh1 bildirmişdir ki, əslində niyyəti aldatmaq olmayıb, sadəcə Zaqatala rayonunda qeydiyyatda olan Aydın adlı şəxsə inandığı üçün hazırkı müqavilələri bağlamışdır. X39 Yarıyevdən beton götürəcəkdi və Aydınla onun bu əməliyyatdan xeyri olacaqdı. Aydının Ramizə başqa borcu olduğu üçün Ramiz bu tikili üçün ona mal verməmiş, beləcə qarışıqlıq yaranmışdır. Cavabdeh2 məhkəmədə bildirmişdir ki, həqiqətən beton satışı ilə məşğul olur. Aydınla münasibəti yoxdur. Mənzili guya küçədə elan görüb gəlib almışdır. Bu izahat onun danışdıqlarının nə dərəcədə həqiqəti əks etdirmədiyini sübut edir. Cavabdeh2 həmçinin bildirmişdir ki, mənzili almağa Nurəli ilə gəlmişdir. Cavabdeh2 bildirsə də, şirkətə pul verib, pulun kimə verilməsini izah edə bilməmişdir. Bütün bunlar Cavabdeh2 sadəcə yaranmış vəziyyətdən yararlanmaq, irəli düşmək niyyətində olduğunu göstərir. Qərarda göstərilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Məhkəmə maliyyə arayışını olmayan, lakin, işdəki digər zəruri sübutlarla əlaqəli şəkildə yoxlamalı idi. Çünki zəruri sənəd ödəniş qəbzidir, hansı ki, cavabdehlərdə yoxdur. Yalnız ödəniş qəbzinə əsasən demək olardı ki, Cavabdeh2 və ya Cavabdeh1 ödənişi həyata keçirmişdir. Bununla yanaşı artıq Ali Məhkəmə tərəfində formalaşmış təcrübə, qərarlar var ki, ödəniş qəbzi olmadan maliyyə arayışı özlüyündə ödənişin həqiqətən də həyata keçirilməsini təsdiq etmir. İş üzrə məhkəmə iclasında Cavabdeh1 özü məhkəmənin sualına cavab olaraq etiraf etmişdir ki, heç bir ödəniş aparılmayıb, müqavilə və maliyyə arayışı onun sözləri əsasında Ramizin adına yazılıb. Məhkəmə iclasında tədqiq edilmiş və iş üçün mühum əhəmiyyət kəsb edən bu məqama məhkəmə əhəmiyyət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahatlar verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin və iddia tələbinin təmin edilməsini xahiş etdi.

28. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs X19 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

Maddə 359. Əqdlərdə təmsilçilik anlayışı 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. (...)

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

31. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Belə ki, iş materiallarından müəyyən olunur ki, X16 ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqavilələrinə əsasən X2 rayonu, Masazır kəndi ünvanında yerləşən ümumi sahəsi 0.0918 ha və 0.0824 ha olan torpaq sahələrini İddiaçı mülkiyyətinə vermişdir. Həmin torpaq sahələri İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən X9 ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubundan müəyyən olunur ki, onun Masazır kəndi ərazisində xüsusi mülkiyyətində olan 0,10 ha torpaq sahəsində inşası nəzərdə tutulmuş üçmərtəbəli, mansardlı fərdi yaşayış evinin (845 m2) tikinti layihəsinin memarlıq planlaşdırma bölməsi və ərazinin baş plan bölməsi tərəflərindən məktubda qeyd olunan şərtlər daxilində razılaşdırılır.

34. AZ-İİ seriyalı 239800 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2021-ci ildə vəfat etmişdir.

35. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən “X14”ndəki mənzilə dair bağlanmış müqavilələrin etibarlılığı mübahisələndirilir.

36. İş materialları ilə iddiaçının “X14”nə hər hansı hüququnun mövcudluğunu təsdiq edən sənəd müəyyən edilmir. Əksinə, yuxarıda qeyd olunan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçının yalnız torpaq sahəsinə mülkiyyət hüququ var və həmin torpaq sahəsinin üzərində çoxmərtəbli yaşayış binasının deyil, üçmərtəbəli fərdi yaşayış evinin tikilməsi razılaşdırılmışdır. Səkkiz mərtəbəli yaşayış binasının tikintisinə icazənin verilməsi iş materialları ilə müəyyən olunmur. Bu barədə iddiaçı tərəfə müvafiq sənədlərin təqdim edilməsi təklif edilsə də, bu cür sənədlərin olmadığı bildirilmişdir. Bundan başqa, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəfə məxsus “X14” adlı yaşayış binası mövcud deyil və həmin ad şərti olaraq verilmişdir.

37. İş materiallarında olan (səh.9) fiziki şəxs X29 tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 1ində yerləşən çoxmərtəbəli yaşayış binası ona məxsusdur.

38. Digər tərəfdən, iş materialları ilə müəyyən edilir ki, iddiaçının mübahisələndirdiyi _04.2021 nömrəli, xx.xx.2021-ci il tarixli müqavilə Cavabdeh1 ilə X8 etibarnamə əsasında nümayəndəsi X29 arasında bağlanmışdır. xx.xx.2021-ci il tarixli 0128 nömrəli müqavilə isə “X15”nin rəhbəri qismində X29 ilə Cavabdeh1 arasında, xx.xx.2021-ci il tarixli 0129 nömrəli müqavilə isə “X15”nin rəhbəri qismində X29 ilə Cavabdeh2 arasında bağlanmışdır. Hər üç müqavilə fiziki şəxs X20 möhürü ilə təsdiq edilmişdir.

39. Məhkəmə kollegiyasının iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh2 “X14”nə və X19 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ində 8 mərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində 1 otaqlı, ümumi sahəsi 58,7 kv.m ibarət olan 08 saylı mənzilinə dair “X23” ilə cavabdeh X27 arasında bağlanmış xx.xx.2021ci il tarixli mənzil tikintisi haqqında 0143 saylı müqavilənin etibarsız hesab edilməsi, cavabdeh X13 həmin mənzildən çıxarılması, onun həmin mənzilə köçürülməsi, mənzilin tam boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

40. Digər tərəfdən, birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X29 ifadəsində bildirmişdir ki, X15nin rəhbəri mərhum nənəsi olmuşdur. Onun adından etibarnamə əsasında müəyyən hərəkətləri etmiş, müqavilələr bağlamışdır.

41. Göründüyü kimi mübahisələndirilən müqavilələr üzrə iddiaçı müqavilə tərəfi deyil və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə onun mənzilin yerləşdiyi yaşayış binasına hər hansı hüququnun olması təsdiq edilmir. X29 0128 və 0129 nömrəli müqavilələri “X14”nin rəhbəri kimi öz adından bağlamışdır.

42. Məhkəmə kollegiyası qeyd edir ki, əqdin etibarsız hesab edilməsi üçün Mülki Məcəllənin 337-ci maddəsində göstərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

43. İddiaçı tərəf mübahisələndirilən müqavilələri X8 etibarnamə əsasında nümayəndəsi X20 bağladığını və müqavilə bağlanan zaman onun səlahiyyətli olduğunu təsdiq etmişdir.

44. Belə aydın olur ki, mübahisə predmeti olan müqavilələr bağlanarkən müqavilə tərəfləri səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuşdur. Buna görə də, qeyd edilən müqavilələr etibarsız hesab edilə bilməz, bağlanan zaman iddiaçı müqavilə tərəfi olmadığından, o cümlədən 8 mərtəbəli yaşayış binasına dair hər hansı hüququ müəyyən edilmədiyindən, öhdəliyin icra edilməməsini əsas gətirərərək həmin müqavilələrin etibarsızlığını mübahisələndirmək hüququ yoxdur.

45. Belə ki, yaşayış binasına dair hüququn iddiaçıya keçməsi əsasını iddiaçı tərəf torpaq sahəsinin X8 vəfat etməmişdən qabaq iddiaçıya bağışlaması ilə izah etmişdir.

46. Digər tərəfdən iş materiallarında olan maliyyə arayışlarının surətindən görünür ki, Cavabdeh1 adına tərtib edilmiş arayışda 3500 ton çınqıl tikinti materialı verilməsi barədə öhdəlik xüsusi olaraq göstərilsə də, Cavabdeh2 verilmiş arayışda bu barədə qeyd göstərilməmişdir.

47. Mal-materialın verilməsi ilə bağlı müqavilə tərəfləri arasındakı mübahisə ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, müqavilə tərəfləri həmin məsələni məhkəmə qaydasında ayrıca mübahisələndirə bilərlər. Müqavilə tərəfinin öhdəliklərini yerinə yetirməməsi müqavilənin etibarsızlığı üçün əsas deyildır.

48. Məhkəmə kollegiyası Cavabdeh1 iddianı etiraf etməsi ilə bağlı qeyd edir ki, onunla bağlanmış müqavilə öz ərizəsi əsasında artıq ləğv edilmişdir. Belə ki, Cavabdeh2 ilə bağlanmış müqavilə məhz onun həmin ərizəsindən sonra bağlanmışdır. Müqavilə tərəflərinin qarşılıqlı razılığı əsasında ləğv etdiyi müqavilənin yenidən məhkəmə qaydasında etibarsızlığının tələb edilməsi barədə iddia tələbini və cavabdehin bu barədə etirafını məhkəmə kollegiyası əsassız hesab edir və qəbul etmir.

49. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.

50. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, mövcud iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(012)-4034/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-4034/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar