Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-966/2024 17.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı (sonuncu məhkəmə iclasına gəlməmişdir) Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-70/2024 nömrəli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında aşağıdakıları müəyyən etdi: İşin halları
1. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 25 aprel 2023-cü il tarixli, 12083/2023 nömrəli “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin surətindən görünür ki, bu müqavilə qaz paylayıcısı ilə istehlakçı İddiaçı arasında sonuncuya aid Siyəzən rayonu, Yenikənd kəndində yerləşən fərdi yaşayış sahəsində təbii qaz təchizatı və onun istismarı ilə əlaqədardır.
2. Cavabdeh istehlakçılara satılan qaza nəzarət şöbəsinin böyük mühəndisləri Vüsal Allahveriyev, Elvin Əliyev, "Azəriqaz" İB Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin nümayəndələri Samir Manafov və Elşən Eyvazov tərəfindən İddiaçı yaşadığı Siyəzən rayonunun Yenikənd kəndindəki fərdi yaşayış evi üzrə keçirilmiş yoxlamadan sonra 14 iyun 2023-cü il tarixdə tərtib edilmiş ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən və məhkəmə iclasında tədqiq edilmiş bir ədəd Kompakt diskin yaddaşına köçürülmüş videogörüntüdən görünür ki, rezin boru vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə edilməsi aşkar edilmişdir.
3. Cavabdeh İB X4 İstismarı İdarəsinin 20 iyun 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin, eləcə də 23 oktyabr 2023-cü il tarixli abonent saldosunun surətlərindən görünür ki, qaz işlədicilərindən sac altının maksimal saatlıq qaz sərfi 2,2 kub.m/saat, qeyri-standart odluğun maksimal saatlıq qaz sərfi 0,6 kub.m/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və itirilmiş qaz sərfi cəmi 12096 hesablanaraq, borc 1451,52 manat müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdehnə qarşı akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh istehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən 14 iyun 2023-cü il tarixdə tərtib edilmiş ******* nömrəli akta əsasən hesablanaraq abunə koduna köçürülmüş 1427,10 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin əməkdaşları tərəfindən ona məxsus Siyəzən rayonu Yenikənd kəndindəki qaz sayğacına keçirilmiş baxış zamanı guya onun rezin boru vasitəsilə təbii qazdan qeyri-qanuni şəkildə istifadə etməsi aşkar edilmiş və 14 iyun 2023-cü il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması barədə sözügedən akt tərtib edilmişdir. Lakin həmin akt onun tərəfindən imzalanmamışdır. Belə ki, Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş bu aktı əsassız hesab edir və bununla razılaşmır. Siyəzən rayonu Yenikənd kəndində həyətdə iki fərdi yaşayış evi olmaqla, bunlardan biri ona, digər ev isə qardaşına məxsusdur. Ona məxsus sayğaca əlavə heç bir xətt qoşulmamış, habelə əlavə xətt, yəni həmin rezin boru qardaşına məxsus sayğaca qoşulmuşdur. Lakin, Cavabdeh İBnin Xaçmaz RQİİ-nin əməkdaşları bu halı ətraflı araşdırmamış, dəymiş ziyanı onun abonent koduna hesablamışlar. Belə olan halda, onun hər hansı təqsirli hərəkəti və ya hərəkətsizliyi nəticəsində cavabdeh İB-yə ziyan vurulmamışdır. Bu səbəbdən də, ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Şahid ifadəsində göstərmişdir ki, İddiaçı onun əmisidir. Əmisi Rahibə və atası Raminə məxsus olan, hazırda yaşadıqları evlər eyni həyətdə yerləşir. Onların evinin qaz təminatı onlara məxsus qaz sayğacından rezin boru vasitəsilə təmin edilir. Bunu 2006-cı ildən şizofreniya xəstəliyindən əziyyət çəkən atası onlardan xəbərsiz, evdə heç kim olmadığı vaxtda etmişdir. Həmin xəttin əmisi İddiaçı heç bir aidiyyəti yoxdur. Bundan başqa, Cavabdeh İB-nın əməkdaşları 14 iyun 2023-cü il tarixdə evə baxış keçirərkən, təkcə, şizofreniya xəstəsi olan nənəsi Leyla Həsənova orada olmuşdur.
7. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-70/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh istehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən 14 iyun 2023-cü il tarixdə tərtib edilmiş ******* nömrəli akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 1427,10 (bir min dörd yüz iyirmi yeddi manat 10 qəpik) manat borcun hesabdan silinməsi qət edilmişdir (hakim Bəylər Ələkbərov).
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 4.1, 5.3-cü maddələri, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2, 20, 21-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydalarının 3.2.1 və 3.2.2-ci yarımbəndlərinə, Bu Qaydaların 25 iyun 2023-cü il tarixədək qüvvədə olan redaksiyasında 6.5-ci bəndinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 14 mart 2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları”na, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 78.1, 88, 107, 119.1, 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh İB apellyasiya şikayəti verib, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024ci il tarixli, 2(059)-70/2024 nömrəli qətnaməsinin iddianın təmin edilməsi hissəsində ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin faktiki halları iddiaçının iddia ərizəsində şərh etdiyi kimi deyildir. Rahib və Ramin qardaşları bir həyəti daş hasarla bölərək hərəsi öz evində yaşayır və təbii qazdan istifadə edirlər. Raminin oğlu Ağalar ikinci Qarabağ müharibəsinin qazisidir, bundan sui-istifadə edərək Ramin öz evində mütəmadi olaraq təbii qazdan sayğacdan kənar xətlə istifadə edir. Buna görə də onun barəsində son bir il ərzində beş dəfə “Təbii qazdan istifadə Qaydaları”nın pozulması haqqında Akt tərtib edilmişdir. Lakin Cavabdeh İB-nin və Xaçmaz RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin işçiləri xx.xx.2023-cü il tarixdə həmin ünvana gələrək abonentin qaz xətlərinə baxış keçirən zaman Raminin öz evinə çəkdiyi sayğacdan kənar xətdən rezin boru ilə daha bir xəttin daş hasarın üstündən qonşusu İddiaçı evinə aparıldığını müəyyən etmişlər. Həmin rezin boru ilə çəkilmiş qazdan Rahibin həyətindəki sacda və qeyri standart odluqda istifadə edildiyini müşahidə edən qaz işçiləri abonentin qanunsuz yolla təbii qazdan istifadə halını video çəkiliş etmiş, abonent İddiaçı barəsində “Təbii qazdan istifadə Qaydaları”nın pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib etmişlər. İddiaçı qardaşı oğlu Ağaları bütün medalları ilə hərbi formada məhkəməyə şahid kimi gətirərək onun arxasında gizlənməklə təbii qazdan qanunsuz istifadə etməsi halını danmışdır. Cavabdeh İB hesab edir ki, məhkəmənin iddia tələbinin təmin edildiyi hissədə gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassız qətnamə qəbul edilmişdir. Buna görə də cavabdeh tərəf kimi Cavabdeh İB apellyasiya şikayəti ilə müraciət edir.
11. Cavabdeh İB-nin və Xaçmaz RQİİ-nin işçiləri abonent İddiaçı sayğacdan kənar xətlə təbii qazdan qanunsuz istifadə halını aşkar etdikdə qanunvericiliyə uyğun hərəkət etmişlər. Bu vaxt qanunsuz təbii qazdan istifadə halı video çəkilişlə müşayiət olunmuşdur. İddia ərizəsində də iddiaçı qanunsuz, sayğacdan kənar xəttin olduğunu etiraf edir lakin həmin xəttin qardaşına məxsus olduğunu, onun həmin xətdən istifadə etmədiyini bildirir. Həqiqətdə isə o qardaşının istifadə etdiyi qanunsuz xətdən hasarın üstü ilə öz evinə rezin boru vasitəsi ilə xətt çəkərək həyətindəki qaz işlədici cihazlarda təbii qazdan qanunsuz istifadə etmişdir. Bunlar video görüntülərdə tam aydın şəkildə əks etdirilmişdir.
12. Qazpaylayıcı şəbəkəyə (qaz xəttinə) qeyri-qanuni qoşulma, qaz sayğacına müdaxilə və ya digər qanunsuz istehlak hallarında paylayıcıya dəyən zərər SOCAR-ın Şurasının xx.xx.2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydalari”na uyğun olaraq hesablanacaqdır. Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Siyəzən XS-nin işçiləri həmin Qaydalara uyğun abonentin qaz işlədici cihazlarında istehlak olunan qazın hesabatına uyğun ziyan hesablamışlar. “Qazdan qanunsuz istifadə halları nəticəsində qazpaylayıcıya dəymiş zərərin hesablanması üzrə Təlimat” 3.6-cı bəndində göstərilir ki, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarında qanunsuz xətt dərhal qazlaylayıcı şəbəkədən ayrılmaqla qazın verilişini dayandırmalı, etibarlılığının və təhlükəsizliyinin müəyyən edilməsi məqsədi ilə qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxiş tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazıən dəyərini qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və qaz sayğacının markası nəzərə alınmaqla məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır.
13. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyn normalarını pozan) əməldir(hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxsmülki-hüquq məsuliyyəti daşıyır. Delikt törətmiş şəxs tərəfindən vurulmuş zərər tam həcmdə zərər vurulan şəxsə ödənilməlidir. İddiaçı delikt törətməsi məhkəməyə təqdim edilmiş sübutlarla, video çəkilişlə tam sübuta yetirilmiş, lakin Siyəzən Rayon məhkəməsi bu fakta heç bir münasibət bildirməmiş, iddiaçının artıq sübut olıunmuş əməlini delikt kimi qiymətləndirməmişdir.
14. Birinci instansiya məhkəməsi prosesdə mütəxəssis kimi dindirilmiş Samir Manafovun söylədiklərini qətnamədə təhrif edilmiş formada qiymətləndirmişdir. Samir Manafov çıxışında Rahibin Raminin qanunsuz xəttindən rezin boru vasitəsi ilə öz həyətinə qaz apararaq həyətindəki qaz işlədici cihazlarda istifadə etdiyini bildirmişdir. Lakin məhkəmə həmin həyətin daş hasarla iki yerə bölunməsi halını nəzərdən qaçırmış, qaz işlədici cihazların yerləşdiyi həyətin Raminə məxsus olmasını qeyd etməklə faktlara yanlış qiymət vermişdir. Nəticədə abonentin qanunsuz qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulması ilə Cavabdeh İB-yə dəymiş ziyanın silinməsi barədə heçbir hüquqi normativ akta əsaslanmayan, öz subyektiv mülahizəsinə uyğun şəkildə qərar çıxarılmışdır.
15. İddiaçının tələbinin əsası kimi istinad etdiyi hal onun sayğacdan kənar xətlə çəkilmiş qazdan özünün deyil, qardaşının evində istifadə edilməsidir. Lakin iddiaçı bu halı sübut etmək üçün heç bir sənəd təqdim etməmişdir. Məhkəmə iddiaçının və məhkəməyə şahid kimi gətirdiyi qardaşı oğlu Ağaların söylədiyi mülahizəyə görə qərar qəbul etmişdir. Halbuki şahid, yəni Ağalar məhkəmədə həmin gün qaz işçiləri gələrkən orada olmadığını açıq şəkildə bildirmişdir.
16. Göründüyü kimi birinci instansiya məhkəməsi iş üzrə mövcud sübutlara, öz təsdiqini tapmış faktlara və reallıqlara yox, iddiaçının şəxsi fikrinə, ehtimallara istinadən verdiyi izahata uyğun qətnamə qəbuletmişdir. Məhkəmənin qərar qəbul edərkən iddiaçının qanunsuz qoşulma ilə qazdan istifadə etməməsi qənaətinə gəlməsi, işin faktiki hallarına qətiyyən uyğun gəlmir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verdi və təmin edilməsini xahiş etdi.
19. İddiaçı iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 21 Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
23. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
Tətbiq edilən hüquq “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu
24. Bənd 8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
25. Bənd 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
26. Bənd 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”
27. Bənd 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
28. Bənd 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
29. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
30. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
31. Bənd 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
32. Bənd 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.
33. Bənd 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
34. Bənd 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
35. Bənd 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
41. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
42. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
44. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
45. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh İB Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-70/2024 nömrəli qətnaməsini tam mübahisələndirmişdir.
46. Məhkəmə kollegiyası Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin məhkəmə iclasında verdiyi izatalarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmalı, iddia qismən təmin olunmalıdır.
48. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı yaşadığı ünvana cavabdeh tərəfin əməkdaşları tərəfindən baxış keçirilmiş və abonent tərəfindən sayğacdan kənar xətt vasitəsi ilə qeyri-qanuni qazdan istifadəsi aşkar olunmuşdur. Birliyinin işçiləri tərəfindən abonentin qanunsuz yolla təbii qazdan istifadə rezin borusunun video çəkiliş edilmiş və İddiaçı barəsində “Təbii qazdan istifadə Qaydaları”nın pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı tarixli akt tərtib olunaraq dəymiş ziyan hesablanmışdır. Həmin akta əsasən qaz sayğacının nominal qaz sərfi 2,2 m3 /saat və 0,6 m3 /saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 1451,52 manat dəymiş zərər hesablanmışdır.
49. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda sadalanan qaydalara uyğun olaraq Cavabdeh İB tərəfindən ilk dəfə kənar xətt aşkar olunduqda onu ləğv etmək vəzifəsi cavabdehin üzərinə düşür.
50. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-2.-ci bəndinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
51. Həmin Qaydalarının 6.5-3-cü bəndinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
52. Yuxarıda qeyd olunan qaydaları nəzərə alaraq, kollegiya 3 ay müddətində 12 saat itirilmiş qazın həcmini orta hesabla istifadə etməsini hesablayaraq, İddiaçı Cavabdehnə 362,88 manat məbləğində ziyan müəyyən etmişdir. Odur ki, iddiaçıya hesablanmış 362,88 manat (1451,52/6/2x3=362,88) məbləğində borcun silinməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia həmin hissədə təmin edilməməlidir.
53. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
54. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz.
55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-70/2024 nömrəli qətnaməsi qismən - 362,88 (üç yüz altmış iki manat səksən səkkiz qəpik) manat məbləğində borcun silinməsi hissəsində ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın, iddia həmin hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.