Məhkəmə qərarları › İş №2(105)-97/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-97/2023

10.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-97/2023 10.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Qusar Rayon Notariat Ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik müəyyən olunmaqla miras payın ayrılması tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(029)-96/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Qusar Rayon Məhkəməsinin (hakim A.Vəliyev) 17 fevral 2021-ci il tarixli, 2(029)- 96/2021 nömrəli qətnaməsi ilə iddia və ona əlavənin təmin edilməsi, Qusar rayon Notariat Kontoru tərəfindən Cavabdeh adına verilmiş 25 mart 2004-cü il tarixli, 2V-1-46 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən həmin şəxsin adına verilmiş Seriya RX ******* saylı, xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi, ünvan 1 ünvanda yerləşən 0.04 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin mərhum X4 məxsus ½ (50 faiz) hissəsinin miras əmlak kimi iddiaçılar tərəfindən qəbul edilməsi müddəti, ötürülmənin səbəbləri üzrlü sayılaraq uzadılaraq vərəsəlik hüquqları tanınması və ½ (50 faiz) hissədən ibarət həmin mirasın ¼ hissəsi İddiaçı2, ¼ hissəsinin iddiaçı Şixəliyeva (Kiçibəyova) Könül Nəsrəddin qızının, ¼ hissəsinin İddiaçı1, ¼ hissəsinin isə Cavabdeh mülkiyyətinə verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2021-ci il tarixli, 2(105)-1713/21 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, Qusar Rayon Məhkəməsinin bu iş üzrə 17 fevral 2021-ci il tarixli, 2(029)-96/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik müəyyən olunmaqla miras payın ayrılması tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıların özünə aid edilməsi qət edilmişdir. İddiaçı1 bu qətnamədən kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2021-ci il tarixli, 2(105)-1713/21 nömrəli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-124/2022 nömrəli iş üzrə 26 yanvar 2022-ci il tarixli qərarı ilə İddiaçı1 kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1713/2021 nömrəli iş üzrə 05 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Qusar Rayon Məhkəməsinin 2(029)-96/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qusar Rayon Məhkəməsinin iş üzrə 17 fevral 2021-ci il tarixli, 2(029)-96/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmış, qərardaddan verilmiş şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1986/2022 nömrəli, 13.09. 2022-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. İŞİNHALLARİ İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı, üçüncü şəxslər Qusar rayon Notariat Ofisinə və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi olmaqla iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət edərək, Qusar rayon Notariat Kontoru tərəfindən Cavabdeh adına verilmiş 25 mart 2004cü il tarixli, 2V-1-46 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən həmin şəxsin adına verilmiş Seriya RX ******* saylı, xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi, ünvan 1 ünvanda 0.04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin mərhum atalarına məxsus hissəsinin onların tərəfindən qəbul edilməsi müddətinin uzadılması və miras paylarının ayrılıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1, İddiaçı2 və Şixəliyeva (Kiçibəyova) Könül Nəsrəddin qızı məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək Qusar rayon Notariat Kontoru tərəfindən Cavabdeh adına verilmiş 25 mart 2004-cü il tarixli, 2V1-46 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən həmin şəxsin adına verilmiş Seriya RX ******* saylı, xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi; ünvan 2 ünvanda yerləşən 0.04 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin mərhum ataları X4 məxsus ½ (50 faiz) hissəsinin miras əmlak kimi onların tərəfindən qəbul edilməsi müddətinin uzadılaraq vərəsəlik hüquqlarının tanınması və ½ (50 faiz) hissədən ibarət həmin mirasın ¼ hissəsinin İddiaçı2, ¼ hissəsinin iddiaçı X5, ¼ hissəssinin İddiaçı1, ¼ hissəsinin isə Cavabdeh mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda 0.04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə iddiaçıların ataları X4 məxsus olmuşdur. O, 18 oktyabr 1981-ci ildə vəfat etmişdir. Həmin vaxt İddiaçı2 19, iddiaçı X5 13, İddiaçı1 isə 5 yaşı olmuşdur. İddiaçılar həmin evdə doğulmuşlar, orada böyümüşlər. Mərhum ataları vəfat etsə də, uzun müddət həmin ev atalarının adında olmuşdur. Bu yaxınlaradək onlar həmin evin yenə də, atalarının adında olduğunu zənn etmişlər və həmin evə dair vərəsəliyin müəyyən olunmasını, mirasın vərəslər arasında bölüşdürülməsini gözləmişlər. Bu müddət ərzində onlar Rusiyada yaşasalar da, mütəmadi olaraq həmin evə gəlib-getmişlər, hətta evi öz vəsaitləri ilə yenidən bərpa etmişlər və əsaslı şəkildə təmir etdirmişlər. Həmin evdə anaları Cavabdeh və qardaşları X10 yaşamışlar, lakin hər yay onlar da həmin evə gəlib xeyli müddət orada yaşamışlar. Həmin vaxtlar anaları Cavabdeh evə dair vərəsəlik müəyyən olunarkən atalarının evindən bütün vərəsələrə pay veriləcəyini, həmin evin gələcəkdə həm də onlara məxsus olacağını bildirmişdir. 2019-cu ilin oktyabr ayının ortalarında isə onlara məlum olmuşdur ki, artıq həmin evə dair vərəsəlik müəyyən olunmuş və ev bütövlükdə anaları Cavabdeh adına rəsmiləşdirilmişdir. Həmin faktın dəqiqliyini yoxlamaq üçün Qusar şəhərində fərdi vəkil kimi fəaliyyət göstərən X20 vasitəsilə aidiyyəti qurumlara sorğular göndərmişlər və nəticədə məlum olmuşdur ki, həqiqətən də, 18 oktyabr 1981-ci il tarixdə vəfat etmiş ataları Nəsrəddin Kiçibəyovun mirasına dair vərəsəlik müəyyən olunmuş, Qusar rayon Notariat Kontoru tərəfindən anaları Cavabdeh adına həm “ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında” 25 mart 2004-cü il tarixli, 2V-1-45 reyestr nömrəli Şəhadətnamə, həm də, eyni tarixli 2V-1-46 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. Yəni, həmin evin ½ hissəsinə mülkiyyət hüququ tanınmaqla müvafiq şəhadətnamə, həm də digər ½ hissəyə dair mərhum atalarının vərəsəsi kimi tanınmaqla müvafiq Şəhadətnamə verilmişdir. Həmin ev həqiqətən də mərhum ataları ilə analarının birgə nikahları dövründə əldə edilmiş və onların birgə mülkiyyətlərində olmuşdur. Buna heç bir etirazları yoxdur. Lakin evin mərhum atalarına məxsus ½ hissəsinə dair onların xəbəri olmadan vərəsəlik müəyyən olunmuşdur. Vərəsəliklə bağlı notariat işindən görünür ki, guya mərhum atalarının cəmi iki vərəsəsi, yəni anaları Cavabdeh və qardaşları Nicat Kiçibəyov olmuşdur. Halbuki, mərhum atalarının 5 qanun üzrə vərəsəsi olmuşdur. Bununla da, mərhum atalarının mirasına dair vərəsəlik müəyyən olunmaqla onlar, yəni Samir, Könül və Elnarə Kiçibəyov(a)lar gizlədilməklə onların vərəsəlik hüquqları pozulmuşdur. Mirasın onların tərəfindən vaxtında qəbul edilməməsinin səbəbi də, onların uzun müddət anaları tərəfindən aldadılmaları, bu yaxınlaradək evin atalarının adında olmasını onlara bildirməsi olmuşdur. Onlar həmin evdən miras payı alacaqlarını düşündüklərinə görə evin əsaslı təmirinə pul xərcləmişlər. Hətta, anaları evin hansı hissəsini, hansı vərəsəyə düşməsini də bildirmiş, öz aralarında faktiki olaraq evi bölüşdürmüşlər. Hər dəfə gələndə də, hər kəs evin özünə düşən hissəsində yaşamışdır. Hazırda isə onlara məlum olmuşdur ki, anaları həmin evi satmaq istəyir. Qanunun mənasına görə miras altı ay ərzində qəbul edilməmişdirsə, onun qəbuluna yol verilmir. Bu halda mirasın qəbulu müddəti məhkəmə tərəfindən uzadılmalıdır. Lakin, mərhum atalarının mirası anaları tərəfindən müddət uzadılmadan 23 il keçdikdən sonra qəbul edilmişdir. Bundan başqa, onlar həmin vaxt Qusar şəhərində olmamışlar və Rusiya Federasiyasında olmuşlar və bu səbəbdən də vərəsəlik müəyyən olunarkən Notariat Kontoru onları da axtarıb tapıb mirasa dair fikirlərini almalı idi. Lakin Notariat Kontoru həmin hərəkətləri etməmiş və onların vərəsəlik hüquqlarını pozmuşdur. Bu səbəbdən də, hesab edirlər ki, mərhum atalarının ünvan 1 ünvanda olan 0.04 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ½ hissəsindən ibarət mirasa dair anaları Cavabdeh adına verilmiş 25 mart 2004-cü il tarixli, 2V-1-46 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə qanunsuz və əsassız verildiyindən, bu isə onların vərəsəlik hüquqlarını pozduğundan həmin şəhadətnamə etibarsız hesab edilməlidir. Bundan başqa, həmin evə dair anaları Cavabdeh adına verilmiş Seriya RX ******* saylı, xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış da qanunsuz və əsassızdır, bu səbəbdən də çıxarış etibarsız hesab olunmalıdır. Çıxarış həm də ona görə qanunsuzdur ki, evin yerləşdiyi 400 kv.metr torpaq sahəsi də, anaları Cavabdeh adına qeydiyyata alınmışdır. Halbuki, analarının adına verilmiş vərəsəlik hüququ haqqında Şəhadətnamədə miras əmlak kimi yalnız fərdi yaşayış evinin ½ hissəsi göstərilmişdir. Yəni, torpaq sahəsi miras kütləsinə daxil olmamışdır. Bu səbəbdən də həmin torpaq sahəsinin mülkiyyət hüququ üzrə analarının adına qeydiyyata alınmasının hüquqi əsası olmamışdır. Ona görə də, həmin çıxarış da qanunsuz və əsassızdır, onların mərhum atalarının mirasına dair vərəsəlik hüquqlarını pozmuşdur və bu səbəbdən də etibarsız hesab edilməlidir. Bundan başqa iddiaçılar tərəfindən də, miras faktiki olaraq qəbul edilmiş və miras əmlakın yenidən qurulmasına, əsaslı təmir olunmasına vəsait xərcləmişlər. Hətta, evdə hamıya düşən pay faktiki ayrılaraq ayrıca istifadəyə verilmişdir. Ona görə də, hesab edirlər ki, onların tərəfindən mirasın qəbul edilməsi müddəti uzadılmalı və miras əmlakdan payları ayrılıb onlara verilməlidir. Beləliklə, Cavabdeh ilə birlikdə mərhum atalarının cəmi 6 qanun üzrə vərəsələri olmuşdur. Onlardan biri, yəni onların qardaşı X8 xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. Həmin şəxsin Elvira adlı bir övladı qalmışdır. Elvira adlı şəxs hazırda anasının ikinci həyat yoldaşı tərəfindən övladlığa götürülmüşdür. Ona görə də, mərhum atalarının mirasından həmin şəxsə pay verilə bilməz. Mərhum atalarının qanun üzrə vərəsələrindən olan Nicat Kiçibəyov isə miras payını qəbul etməməsi barədə rəsmi qaydada ərizə vermişdir. Ona görə də, Nicata da miras payı verilməməlidir. Beləliklə, mərhum ataları Nəsrəddin Kiçibəyovun mirasında pay almaq hüququ olan 4 vərəsəsi vardır. Həmin şəxslər aşağıdakılardır: anaları Cavabdeh, İddiaçı2, iddiaçı X9 və İddiaçı1. Bu səbəbdən də, hesab edirlər ki, ünvan 3 ünvanda yerləşən 0.04 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin mərhum ataları Nəsrəddin Kiçibəyova məxsus ½ (50 faiz) hissəsi 4 bərabər hissəyə bölünməli və onların 1/4 hissədə miras payları ayrılıb onların mülkiyyətinə verilməlidir. Bundan başqa, yuxarıda göstərilən fərdi yaşayış evinin ümumi sahəsi əvvəllər 40.20 kv.metr olmuş və həmin ev sonradan onların da vəsaiti hesabına genişləndirilərək 182.8 kv.metr olmuşdur. Ona görə də, həmin hal nəzərə alınmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuzdur. İddiaçılar onun övladlarıdır. ünvan 1 ünvanda yerləşən ev onun özünə məxsus olmuşdur. İddiaçıların atalarının əmlakı olmayıb. O, iddiaçıların ataları N.Kiçibəyovla 1957-ci ildə ailə həyatı qurmuş, birgə nikahda olduqları zaman birlikdə ev tikdirmişlər. Əri Nəsrəddin 1981-ci ildə vəfat etmişdir. Həmin vaxt iddiaçı Elnarənin 5 yaşı olmuşdur. Nicatın 6 yaşı olmuşdur. O, təkbaşına 5 övlad böyütmüş, onları, o cümlədən Elnarəni öz zəhməti ilə oxutdurmuşdur. Əvvəllər ev 1 otaqdan və bir mətbəxdən ibarət olub. Ev qəzalı vəziyyətdə olduğundan evi yenidən qurmuşlar. 2000-ci ildən başlayaraq evi əsaslı təmir etməyə, böyütməyə başlamışlar. İddiaçı 2003-cü ildən Rusiyaya getmişdir. Digər iddiaçılar da, Rusiyada olmuşlar. Onun yanında yalnız Nicat qalmışdır. O, həmin evi Nicatla birlikdə yenidən tikmişlər. Özünün vəsaiti ilə tikmiş, ona yalnız Nicat kömək etmişdir. O, müəllim işləmiş, əlavə uşaqlar hazırlamış və müqabilində pul qazanmışdır. Qazandığı pullarla da evi yenidən tikmişdir. 2004-cü ildə o, əri Nəsrəddinin adından öz adına vərəsəlik şəhadətnaməsi almışdır. Həmin vaxt vərəsələr barəsində arayış istəmişlər və o, həmin arayışı alıb notariusa vermişdir. Həmin arayışda iddiaçıların adlarının niyə göstərilməməsini bilmir. Həmin vaxt onun yanında yalnız Nicat olmuş, digər övladları Rusiyada olmuşlar. Ola bilər ki, buna görə arayışda ondan əlavə vərəsə kimi yalnız Nicatın adı göstərilmişdir. Elnarə uzun müddət Rusiyada olmuş, orada borcları olduğuna görə Azərbaycana gələ bilməmiş, 2019-cu ildə gəlmişdir. İddiaçılar heç vaxt onun qayğısına qalmamışlar, ona görə də, onlara miras payının verilməsini istəmir. Birinci instansiya məhkəməsi heç bir əsas olmadan iddiaçılar tərəfindən ötürülmüş müddəti faktiki olaraq bərpa etməklə Azərbaycan Respublikası MPM-nin 133-cü, Mülki Məcəllənin 1237.1-ci maddələrinin tələblərini pozmuşdur. Göstərilən dəlillər əsasında apellyasiya şikayəti təmin edilməli, Qusar Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilməklə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya baxışı zamanı iş üzrə cavabdeh Aida Kiçibəyova əvvəlki məhkəmə iclasına teleqram vuraraq, məhkəmə iclasının təxirə salınmasını xahiş etsə, də növbəti məhkəmə iclaslarına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Qusar Rayon Notaria Ofisi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında təmsil oluna bilməyəcəklərini bildirmiş və işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada və vaxtında məlumatlandırılmalarına baxmayaraq iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan Qusar Rayon ZDS İK-nin 06 fevral 1959-cu il tarixli qərarından görünür ki, Qusar şəhər sakini N.Ş.Kiçibəyovin yaşayış evi olmadığını nəzərə alaraq ona Qusar şəhərində ev tikmək üçün 4 (dörd) sot torpaq sahəsi verilmişdir. Yenə işdə olan xx.xx.2004-cü il tarixli, 988 saylı qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə N.Ş.Kiçibəyovin adına qeydiyyata alınmışdır. İşə əlavə edilmiş İ-İE 116159 saylı evlənmək haqqında şəhadətnamədən görünür ki, N.Ş.Kiçibəyov ilə A.A.Abdullayeva 24 avqust 1957-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, Aidə Abdullayeva “Kiçibəyova” soyadını qəbul etmişdir. Yenə işə əlavə edilmiş AZ 146055 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, N.Ş.Kiçibəyov 18 oktyabr 1981-ci il tarixdə ölmüşdür. Mülki işin materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər İƏN tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 2029 saylı ayarışdan görünür ki, N.Ş.Kiçibəyovin iki vərəsələrinin- Cavabdeh və X6 qaldığı göstərilmişdir. Mülki işə əlavə edilmiş N.N.Kiçibəyovun Qusar rayon dövlət notariusuna ünvanladığı xx.xx.2004-cü il tarixli ərizəsindən görünür ki, o, mərhum atası N.Ş.Kiçibəyovdən miras qalmış ünvan 2 ünvanda yerləşən evdən ona düşən miras əmlak payından imtina edir. İmtina barədə qanunla müəyyən edilmiş altı ay müddətindən xəbərdardır və gələcəkdə miras əmlak payına görə məhkəmə qarşısında iddia qaldırmayacaqdır. İşə əlavə olan Qusar rayon Notariat Kontoru tərəfindən verilmiş 25 mart 2004-cü il tarixli, 2V-1-45 saylı “ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında” şəhadətnamədən görünür ki, 18 oktyabr 1981-ci ildə vəfat etmiş X1 qalmış arvadı, ünvan 2 ünvanda yerləşən evdə yaşayan Cavabdeh onların birgə nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. Şəhadətnamə verilən ümumi birgə əmlak ünvan 2 ünvanda yerləşən 400.0 kv.metr torpaq sahəsində yerləşən divarları çiy kərpicli örtüyü şiferli bir mərtəbəli iki otaqdan ibarət olan evdən ibarətdir. Yenə işə əlavə edilmiş Qusar rayon Notariat Kontoru tərəfindən verilmiş 25 mart 2004-cü il tarixli, 2V-1-46 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 18 oktyabr 1981-ci ildə vəfat etmiş X3 ünvan 2 ünvanda yerləşən 400.0 kv.metr torpaq sahəsində yerləşən divarları çiy kərpicli örtüyü şiferli bir mərtəbəli iki otaqdan ibarət olan evin ½ hissəsindən ibarət mirası onun vərəsəsi olan Cavabdeh verilmişdir. Yenə də işə əlavə edilən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********64 saylı məktubu ilə təqdim edilmiş Seriya RX ******* saylı, xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. İşdə olan İ-İE 660313, İV-JQ 429155, AZ ******* saylı doğum haqqında şəhadətnamələrdən və Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli doğum haqqında arayışlardan görünür ki, X7 ilə Cavabdeh birgə nikahlarından xx.xx.1958-ci il ildə X8, xx.xx.1962-ci ildə İddiaçı2, xx.xx.1967-ci ildə X9, xx.xx.1975-ci ildə X10 və xx.xx.1976-cı ildə İddiaçı1 doğulmuşlar. İşə əlavə edilən İ-DV 320901 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 10 mart 1990-cı il tarixdə vəfat etmişdir. Yenə işə əlavə edilmiş Vİİ-JQ 304860 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X17 ilə X9 23 sentyabr 1997-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və Könül Kiçibəyova “Şixəliyeva” soyadını qəbul etmişdir. İşdə olan İ-DV 500862 saylı övladlığa götürmə haqqında şəhadətnamədən görünür ki. X2 Vyaçeslav Viktoroviç tərəfindən övladlığa götürülmüş, bu barədə 20 avqust 2003-cü il tarixdə vətəndaşlıq vəziyyəti aktlarında qeydiyyat aparılmışdır. İşin materiallarında olan Qusar rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli, 149- 3244-1221 saylı məktubundan görünür ki, xx.xx.1976-cı ildə Qusar rayonunda anadan olmuş İddiaçı1 Quba şəhəri C.Cabbarlı küçəsi ev 106 ünvanda daimi qeydiyyatdadır. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Daha öncə qeyd olunduğu kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-124/2022 nömrəli, 26 yanvar 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 1713/2021 nömrəli, 05 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir. AR MPM-in 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyərək, iş üzrə Ali Məhkəmənin qəbul etdiyi qərarındakı göstərişləri, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(029)-96/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ünvan 1 ünvanda 0.04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə iddiaçıların ataları X4 məxsus olmuşdur. O, 18 oktyabr 1981-ci ildə vəfat etmişdir. Həmin vaxt İddiaçı2 19, iddiaçı X5 13, İddiaçı1 isə 5 yaşı olmuşdur. Başqa sözlə, iddiaçılar ataları vəfat edərkən həmin evdə yaşamaqla mirası qəbul etmişlər. Bu fakt cavabdehin özünün izahatı ilə də təsdiqini tapır. Belə ki, o, birinci instansiya məhkəməsində verdiyi izahatında təkbaşına 5 övlad böyütdüyünü, onları, o cümlədən Elnarəni öz zəhməti ilə oxutduğunu bildirmişdir. İddiaçıların iddiasına görə 2019-cu ilin oktyabr ayının ortalarında onlara məlum olmuşdur ki, artıq həmin evə dair vərəsəlik müəyyən olunmuş və ev bütövlükdə anaları Cavabdeh adına rəsmiləşdirilmişdir. Bundan sonra onlar hazırki iddia ilə məhkəməyə müraciət etmiş və mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıdakı qaydada həll edilmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən əvvəl, məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmə maddi və prosessual normaların tətbiqində səhvə yol vermişdir. Belə ki, hazırki mübahisə ilə bağlı hüquq münasibətləri miras qoyan Nəsrəddin Kiçibəyovun xx.xx.1981-ci ildə ölümü ilə yaranmışdır. Başqa sözlə, mübahisəyə xx.xx.2000-ci ilədək qüvvədə olan Mülki Məcəllənin normaları tətiq edilməlidir. Lakin işdən göründüyü kimi işə baxan məhkəmə mübahisəyə qiymət verərkən xx.xx.2000-ci ildən qüvvədə olan Mülki Məcəllənin normalarına istinad etmişdir. xx.xx.2000-ci ilədək qüvvədə olan Mülki Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş e`lan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş e`lan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Yenə həmin Məcələnin 552-ci maddəsinin tələblərinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında qeyd olunur ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Daha öncə qeyd olunduğu kimi mirasqoyan X7 18 oktyabr 1981-ci ildə vəfat etmişdir. Həmin vaxt İddiaçı2 19, iddiaçı X5 13, İddiaçı1 isə 5 yaşı olmuşdur. Başqa sözlə, iddiaçılar ataları vəfat edərkən həmin evdə yaşamaqla mirası qəbul etmişlər. Bu fakt cavabdehin özünün izahatı ilə də təsdiqini tapır. Belə ki, o, birinci instansiya məhkəməsində verdiyi izahatında təkbaşına 5 övlad böyütdüyünü, onları, o cümlədən Elnarəni öz zəhməti ilə oxutduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində tərəflərin izahatlarından məlum olur ki, Elnarə Kiçikbəyova 2003-cü ilədək mübahisəli evdə yaşamış, həmin il Rusiya Federasiyasına getmişdir. Beləliklə, istinad olunan maddi hüquq normasına əsasən miras əmlak 18 oktyabr 1981-ci ildən onu qəbul edən şəxslərə, yəni iddiaçılara və cavabdehə məxsus hesab olunur. İşdən göründüyü kimi Cavabdeh notariusa mirasın qəbulu ilə bağlı ərizə verərkən özündən və oğlu Nicat Kiçibəyovdan başqa vərəsələrin olmadığını bildirmiş, digər vərəsələr barədə notariusa məlumat verməmişdir. Halbuki, vərəsəlik işi açılarkən qüvvədə olan Mülki Məcəllənin 1300-cü maddəsinin tələblərinə görə o, digər vərəsələrin oduğu yerin müəyyənləşdirilməsi üçün tədbirlər görməli idi. Belə ki, həmin maddənin tələblərinə görə əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağalabatan tədbirlər görməyə borcludurlar İşin tədqiq olunan faktiki hallarından görünür ki, notarius da mübahisəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni verərkən üzərinə düşən vəzifələri tam yerinə yetirməmiş, Cavabdeh ondan və oğlu Nicatdan başqa vərəsələrin olmaması barədə ərizəsinə inanaraq, digər vərəsələrin mövcudluğu ilə bağlı tədbir görməmişdir, halbuki bu, onun vəzifə borcu olmuşdur. Belə ki, Mülki Məcəllənin 1318-ci maddəsinin tələblərinə görə notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. “Notariat haqqında” AR Qanununun 55-ci maddəsinin tələblərinə görə açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius, həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Yenə həmin Qanunun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qeyd olunanlardan göründüyü kimi yol verilmiş qanun pozuntuları səbəbindən iddiaçıların vərəsəlik hüquqları pozulmuş, dolayısı ilə onlara çatmalı olan miras paydan mərhum olmuşlar. AR Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda miras qoyma hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Qusar rayon Notariat Kontoru tərəfindən Cavabdeh adına verilmiş 25 mart 2004-cü il tarixli, 2V-1-46 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan səbəbdən də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən həmin şəxsin adına verilmiş Seriya RX ******* saylı, xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış da etibarsız hesab edilməlidir. Mülki Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Qeyd edildiyi kimi iddiaçılar əsas tələb kimi ünvan 1 ünvanda yerləşən 0.04 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin mərhum ataları X4 məxsus ½ (50 faiz) hissəsinin miras əmlak kimi onların tərəfindən qəbul edilməsi müddətinin uzadılaraq vərəsəlik hüquqlarının tanınması və ½ (50 faiz) hissədən ibarət həmin mirasın ¼ hissəsinin İddiaçı2, ¼ hissəsinin iddiaçı X5, ¼ hissəssinin İddiaçı1, ¼ hissəsinin isə Cavabdeh mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Hər şeydən əvvəl, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar tərəfindən miras əmlakın qəbul edilməsi müddətinin uzadılaraq vərəsəlik hüquqlarının tanınması üçün əlavə qərar qəbul etməyə zərurət yoxdur. İşin daha öncə sadalanan hallarından göründüyü kimi iddiaçılar miras əmlakı vaxtında faktiki olaraq qəbul etmişlər və qəbul edildiyi vaxtdan miras əmlak onlara məxsusdur. İşdən göründüyü kimi mərhum Nəsrəddin Kiçbəyovun ölümündən sonra 6 vərəsəsi qalmışdır: arvadı Cavabdeh, oğlu Nicat Kiçibəyov, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2. Digər vərəsə X8 xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. Həmin şəxsin Elvira adlı bir övladı qalmışdır. Elvira adlı şəxs hazırda anasının ikinci həyat yoldaşı tərəfindən övladlığa götürülmüşdür. Yenə işdən məlum olur ki, vərəsələrdən N.N.Kiçibəyov Qusar rayon dövlət notariusuna xx.xx.2004-cü il tarixli ərizə ilə müraciət edərək mərhum atası N.Ş.Kiçibəyovdən miras qalmış ünvan 1 ünvanda yerləşən evdən ona düşən miras əmlak payından imtina etmişdir. xx.xx.2000-ci ilədək qüvvədə olan Mülki Məcəllənin 557-ci maddəsinə əsasən vərəsə mirasdan imtina etdiyi halda və vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə onun payına düşən miras hissəsi qanun üzrə vərəsəliyə çağırılan vərəsələrin sərəncamına keçir və onların arasında bərabər payda bölünür. Hazırda qüvvədə olan Mülki Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına mütənasib surətdə bölüşdürülür. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ünvan 1 ünvanda yerləşən 0.04 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin mərhum X4 məxsus ½ (50 faiz) hissədən ibarət həmin mirasın ¼ hissəsinə İddiaçı2, ¼ hissəsinə iddiaçı Şixəliyeva (Kiçibəyova) Könül Nəsrəddin qızının, ¼ hissəsinə İddiaçı1, ¼ hissəsinə isə Cavabdeh payları müəyyən edilməklə mülkiyyətlərinə verilməlidir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda iddiaçı tərəf öz iddia tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən yuxarıda sadalanan normaların tələblərinə tam əməl etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iddia ərizəsi və kassasiya şikayətinin verilməsi üçün iddiaçıların ödədiyi cəmi 16,40 manat dövlət rüsumu cavabdehdən alınaraq onlara qaytarılmalı, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(029)-96/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Qusar rayon Notariat Kontoru tərəfindən Cavabdeh adına verilmiş 25 mart 2004cü il tarixli, 2V-1-46 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən onun adına verilmiş Seriya RX ******* saylı, xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış etibarsız hesab edilsin. ünvan 1 ünvanda yerləşən 0.04 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin mərhum X4 məxsus ½ (50 faiz) hissədən ibarət həmin mirasda ¼ hissədə İddiaçı2, ¼ hissədə iddiaçı Şixəliyeva (Kiçibəyova) Könül Nəsrəddin qızının, ¼ hissədə İddiaçı1, ¼ hissədə isə Cavabdeh payları müəyyən edilməklə miras əmlak onların mülkiyyətinə verilsin. İddia ərizəsi və kassasiya şikayətinin verilməsi üçün iddiaçıların ödədiyi cəmi 16,40 manat dövlət rüsumu Cavabdeh alınaraq onlara qaytarılsın, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar