Məhkəmə qərarları › İş №2(105)-97/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-97/2025

07.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-97/2025 07.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 (Cavabdeh2 ASC-yə) qarşı borcun silinməsi tələbinə dair dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, cavabdeh “Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 nümayəndəsi Nümayəndə iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3473/2024 nömrəli qətnaməsindən cavabdeh “Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Abonent kartından görünür ki, sayğac göstərciləri əks olunana yəni, 2024-cü ilədək 1299,99 manat borc hesablanmışdır.

2. Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi şəxs Sumqayıt Sukanal İdarəsinə göndərilmiş soruğa verilən cavabdan görünür ki, İddiaçı “Sudan İstifadə qayda”larının 3.11, 7.4 və “Sudan İstifadə qayda”larının 4 nömrəli əlavəsinə uyğun olaraq Sumqayıt Sukanal idarəsinin abonent bazasında qeydiyyata alınması göstərilmişdir. Sorğu ilə tərəflər arasında müqavilənin olubolmamasın cavab verilməsi istənilsə də, bu barədə dəqiq cavab verilməmişdir.

3. "xxxx" ASC-nin Abunə haqqında aktından görünür ki, 2017-2018-ci illər aralığındakı dövrdə elektrik enerjisi sərfiyyatı olmamışdır.

4. Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanlanmış arayışda qeyd edilmişdir ki, ünvan 2: **********000) xx.xx.2013-cü il tarixdə abonent İddiaçı adna kod açılaraq 4 nəfər ailə tərkibinə uyğun olaraq normativ qaydada hesabat aparılmışdır. Qeyd olunan ünvanda xx.xx.2024-cü il tarixdə sayğac quraşdırılmışdır. Abonentin illər üzrə hesab və ödənişi 2016-cı il üzrə - sərfiyyat 219 m3, dəyəri 406.55 manat, borc 406.55 manat, 2017-ci il üzrə - sərfiyyat 62 m3, dəyəri 31 azn, borc 31 manat, 2018-2023-cü illər üzrə 0, 2024-cü il üzrə sərfiyyat 889.74 m3, dəyəri 889.74 manat, ödəniş 25 manat, borc 864.74 manat göstərilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh2 ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək abunə kodu **********000 olan Sumqayıt şəhəri, Asfalt zavod, ev 341 ünvanına dair hesablanmış 1299 manat 99 qəpik məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 1982-ci il tarixdə anadan olmuşdur. Hal-hazırda da faktiki olaraq Sumqayıt şəhəri, Asfalt zavod, ev 341 ünvanında yaşayır. Hazırki iddia ərizəsi ilə müraciətinin səbəbi cavabdeh tərəfindən həmin mənzilə dair 1299 manat 99 qəpik məbləğində borcun hesablanması ilə bağlıdır. Bildirmək istəyir ki, yuxarıda qeyd olunan həmin borc evdə yaşayış olmadığı təqdirdə yazılmışdır. Sözügedən evdə yaşayış olmamışdır. Belə ki, cavabdehə bir neçə dəfə həmin borcun silinməsi ilə bağlı müraciət etmiş və silmələrini tələb etsə də bu günə kimi həmin borc silinməmişdir. Bu isə iddiaçının mənzil ilə bağlı bir sıra hüquqlarını həyata keçirməyə mane olur. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Hesab edir ki, məhkəmə araşdırması ilə 1299 manat 99 qəpik məbləğində borc silinməlidir.

7. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3473/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, “Azərsu" ASC tərəfindən Sumqayıt şəhəri, Saray bağlar massivi, 3067 ünvanında yerləşən, fərdi evə abunə kodu **********000 su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə hesablanmış 1299,99 manat borcun silinməsi, iddianın verilməsinə görə 32,99 manat dövlət rüsumunun Cavabdeh2 ASC-dən tutularaq Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Elmir Hüseynov).

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 448.2-ci maddələri, “Su təchizatı və tullantı suları haqqında” xx.xx.1999-cu il tarixli Azərbaycan Respublikası Qanunun 5.2, 5.3, 62.1-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “X3”nın 4.1.3-cü bəndi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 119.2 və 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh2 ASC apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3473/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini ləğv edib, iddia tələbinin rədd edilməsi və ödənilmiş 16.50 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi İddiaçı məxsus ünvan 4 ünvanda yaşayış olmadığı təqdirdə hesablandığından borcun silinməsini məqbul hesab etmişdir. Məhkəmə iş üzrə düzgün qətnamə qəbul etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

11. Belə ki, “X3”nın 7.4-cü bəndinə uyğun olaraq, əhali qrupuna aid olan istehlakçılara suölçən olaraq, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır.

12. İş materialarından göründüyü kimi ünvanda xx.xx.2013-cü il tarixdən İddiaçı adına bağlanmış müqaviləilə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə olunmuşdur. Ünvanda kod açılan tarixdən 4 nəfər ailə tərkibinə uyğun olaraq normativ qaydada hesabataparılmış və xx.xx.2024-cü il tarixdə su sayğacı quraşdırılmışdır. Məhkəmə iddiaçı tərəfindən illər üzrə ünvanda yaşayış olmaması barədə arayışın cavabdehə təqdim olunmamasını nəzərə almayaraq hesablanmış borcu əsassız hesab etmiş və iddianı təmin etmişdir.

13. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbindən göründüyü kimi, iddiaçı tərəf öz tələblərini əsaslandırdığı halları sübut etməli olduğu halda, bununla bağlı məhkəməyə sübut qismində heç bir sənəd təqdim etməmişdir. Buna baxmayaraq işə baxan məhkəmə bu fakta düzgün qiymət verməmişdir. Maddənin tələbinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, yaranmış borcun hesablanması qaydası haqqında məlumatı özündə əks etdirən abonent məlumat vərəqələri, sübut qismində məhkəməyə təqdim edilmişdir. Tərəflərindən məhkəməyə təqdim edilən sübutlar düzgün qiymətləndirilməmiş və nəticədə prosessual hüquq normalarının pozulmasına səbəb olmuşdur.

14. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə yaranmış borcun 4 nəfər ailə tərkibinə uyğun olaraq aparılmasını iddiaçı tərəfindən illər üzrə ünvanda yaşayış olmaması barədə arayışın təqdim olunmadığından xidmətlərdən istifadə nəticəsində yaranmış olduğunu araşdırmalı idi.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu

18. Maddə 61 (bənd 1). Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı “X3” haqqında Qərarının

19. Maddə 1.6. Su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir.

20. Maddə 2.1.4. İstehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq su təchizatı və kanalizasiya müəssisəsinin vəzifələrindən biridir.

21. Maddə 5.1.5. Verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarıdır.

22. Maddə 7.4. Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

27. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

28. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

32. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.birinci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

35. Apellyasiya şikayətindən görünür ki, cavabdeh “Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3473/2024 nömrəli qətnaməsini tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Belə ki, Sumqayıt şəhəri, Asfalt zavod, ev 341 ünvanında abunə kodu **********000 olan mənzilə “su təchizatı və kanalizasiya xidmətləri”nə görə 1299,99 manat borcun olması bildirilmişdir. Lakin iddiaçı həmin borcun evdə yaşayış olmadığı təqdirdə yazıldığını qeyd edir.

38. Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə araşdırma nəticəsində cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış arayışa qiymət verərək, hesab edir ki, arayışda qeyd olunan 2016-2024-cü illər üzrə borcun hansı qaydada hesablanması ətraflı təsvir olunmamış, iddiaçının məcburi köçkün statusuna malik olmasına baxmayaraq, həmin kateqoriyaya aid olan şəxslərə güzəştin tətbiq edilib-edilməməsi öz əksini tapmamışdır. Həmçinin, ünvan 2: **********000) xx.xx.2013-cü il tarixdə abonent İddiaçı adına xx.xx.2024-cü il tarixdə sayğacın quraşdırılmasına baxmayaraq, sayğacın quraşdırılmasına qədər su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən 2016-2023-cü illər üzrə hesablanmış borcun tələb edilməməsinə, arayışa əsasən 2018-2023-cü illər ərzində borcun 0 olmasına cavabdeh tərəfindən aydınlıq gətirilməmişdir. Kollegiya həmçinin sayğac quraşdırıldıqdan sonra abonent kartına əsasən 2024-cü ildə 19,60 manat məbləğində səfiyyatı və iddiaçı tərəfindən ödənilmiş 25 manat pul vəsaitini nəzərə alır. Belə olan halda kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşaraq, hesab edir ki, apellyasiya şikayətin dəlilləri əsassızdır.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”

41. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.

42. Qeyd edilməlidir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

43. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, apellyant öz dəlillərini sübut edə bilmədiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini tam təmin etməklə, əsassız hesablanmış borcu silmişdir.

44. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3473/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar