Məhkəmə qərarları › İş №2(105)-971/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-971/2023

05.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-971/2023 05.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil1, iddiaçının nümayəndəsi X2 (sonuncu məhkəmə iclasına gəlməmişdir), Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə (sonuncu məhkəmə iclasına gəlməmişdir), İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kompensasiya ödənilməklə yaşayış evindən çıxarılma və s. tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-359/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərə ümumilikdə 1800 manat birdəfəlik kompensasiya verilməklə onun mülkiyyətində olan Xaçmaz rayonu, Qımılqışlaq kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin həmin evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, cavabdehlərdən Mafizə onun arvadı, digər cavabdehlər isə qızlarıdır. Boşandıqdan sonra cavabdehlər onu zorla mülkiyyətində olan Xaçmaz rayonu Qımıl qışlaq kəndində yerləşən fərdi yaşayış evindən çıxarmışlar və onu evinə qoymurlar. Hazırda qoca yaşında öz evi ola ola kirayədə yaşayan bacısı ilə yaşayır. Ona görə də cavabdehlərin kompensasiya müqabilində ona məxsus evdən istifadə hüquqlarına xitam verilməsini istəyir. Qanunvericiliyə və formalaşmış məhkəmə təcrübəsinə uyğun olaraq 3 illik kirayə pulunun birdəfəlik verilməsi müqabilində kompensasiya ödəməklə onların evdən istifadə hüququna xitam verilməsini mümkün və zəruri hesab edir. Ona məxsus Xaçmaz rayonru Qımıl qışlaq kəndində yerləşən 138,9 kv.metr ümumi sahəsi olan evin aylıq kirayə pulu hazırda 50 manat civarındadır. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-359/2022 nömrəli iş üzrə 2022-ci il 25 fevral tarixli qətnaməsi ilə (hakim A.Sadıqov) iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, onun iddia tələbini təmin etməyən məhkəmə MPM-in 218.3-cü maddəsinə istinad etməkdə səhvə yol vermişdir. Bu qayda mübahisələrdə iddia ərizəsində göstərilən kompensasiya məbləğinin artırılıb-azaldılması iddia tələblərinin hədlərindən kənaraçıxma kimi qiymətləndirilmir. Eyni zamanda, cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi onun hüquqlarının pozulmasına da gətirib çıxarmışdır. Cavabdehlər eyni zamanda açıq-aşkar şəkildə onun xüsusi mülkiyyətində olan əmlakından qovmuşlar, onu öz əmlakından qanunsuz məhrum etmişlər. İddiaçı sonradan apellyasiya şikayətinə əlavə verərək göstərmişdir ki, cavabdehlərdən Cavabdeh2 və Cavabdeh3 onun ilə etibarlı ailə əlaqələrinin mövcud olmaması, nikaha daxil olaraq başqa evə köçmələri və daimi orada yaşamaları onun mülkiyyətində olan yaşayış sahəsinə ehtiyacın aradan qalxdığı barədə birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırmamasını nəzərə alıb, həmin cavabdehlərə kompensasiya verilmədən istifadə hüququna xitam verilməsini, digər Cavabdeh1 hazırda 6000 manat verməklə kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1251/22 nömrəli iş üzrə 2022-ci il 18 iyul tarixli qətnaməsi ilə (hakimlər – G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il 2(102)- 39/2023 nömrəli qərarı ilə ilə (hakimlər –Ələsgər Əliyev (sədrlik edən və məruzəçi), Mehparə Əhmədova və Vüqar Həsənov) kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1251/2022 nömrəli 18 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinə əlavə verərək göstərmişdir ki, işin hallarından və işə əlavə olunan mötəbər sübutlardan müəyyən olunur ki, apellyasiya şikayəti ilə istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməsi və evdən çıxarıllmaları tələb olunan cavabdehlər Cavabdeh2 və Cavabdeh3 uzun illərdir ki, mübahisəli evdə yaşamırlar, ailə quraraq köçüb getmişlər, həmin evdə onların heç bir əmlakı, əşyaları yoxdur, evlə faktiki şəkildə heç bir əlaqələri yoxdur, yalnız anaları Cavabdeh1 ilə əlaqədədirlər. Eyni zamanda Xaçmaz rayon İHB-nin Niyazoba kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan, həmçinin Xaçmaz rayon Qeydiyyat şöbəsindən verilmiş Nikah haqqında Çıxarışın əslindən görünür ki, Cavabdeh2 xx.xx.1998-ci il tarixdə X1 ilə nikaha daxil olubdur və ailəsi birgə Xaçmaz rayonu Şıxlar kəndinə köçüb davamlı şəkildə 25 ildir ki, həmin ailədə yaşayır, əri ilə yaşadığı evdə qeydiyyatdadır. Həmçinin Xaçmaz rayon İHB-nin Qımıl-qışlaq kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan və Xaçmaz rayon Qeydiyyat şöbəsindən verilmiş Nikah haqqında Çıxarışın əslindən görünür ki, Cavabdeh3 xx.xx.2005ci il tarixdd X3 ilə nikaha daxil olubdur və ailəsi birgə Xaçmaz rayonu, Niyazoba İƏD üzrə Nümayəndəliyin Ağçay kəndinə köçüb davamlı şəkildə 18 ildir ki, həmin ailədə yaşayır, əri ilə yaşadığı evdə qeydiyyatdadır. Deməli, cavabdehlərdən Cavabdeh2 və Cavabdeh3 uzun illər əvvəl nikaha daxil olaraq ərlərinin evlərinə köçmələri ilə əlaqədar mübahisəli evdə uzun illərdir ki, yaşamırlar, qeydiyyatda deyildirlər, onların həmin yaşayış sahəsinə ehtiyacları yoxdur, İddiaçıla aralarında etibarlı ailə əlaqələri mövcud deyildir, İddiaçı məxsus mübahisəli evə istifadə hüquqlarını itirmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinin cavabdehlər Cavabdeh2 Seyfdddin qızı və Cavabdeh3 istifadə hüquqlarına xitam verilməsi və onların İddiaçı məxsus mübahisəli evdən çıxarılmaları hissəsindən imtina edilir, apellyasiya şikayətində tələb yalnız Cavabdeh1 3000 manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və evdən çıxarılmasıdır. Göstərilənləri nəzərə alaraq İddiaçı apellyasiya şikayətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqlarına xitam verilməsi və onların İddiaçı məxsus mübahisəli evdən çıxarılmaları hissəsindən imtina edərək Xaçmaz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-359/2022 saylı qətnaməsinin qismən ləğv edilməsini, İddiaçı Cavabdeh1 3000 (üç min) manat kompensasiya ödənilməklə onun Xaçmaz rayonu Qımıl-qışlaq kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və həmin evdən çıxarılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, cavabdehlər Cavabdeh2 25 ildir, Cavabdeh3 isə 18 ildir mübahisəli evdə yaşamırlar, qeydiyyatda da deyillər, onların həmin evə istfadə hüquqları yoxdur. Ona görə də həmin cavabdehlərə münasibətdə iddiadan imtina edirlər və həmin hissədə icraata xitam verilməsini xahiş edirlər. Apellyasiya baxışı zamanı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iddiaçının iddianın bir hissəsindən imtinasının qəbul edilməsini və həmin hissədə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə kollegiyası məruzəçi hakimi, işdə iştirak dən şəxslərin izahatlarını dinləyib, verilmiş ərizəni nəzərə alaraq hesab edir ki, İddiaçı iddiadan qismən imtinası qəbul edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-359/2022 nömrəli qətnaməsi həmin hissədə ləğv edilməli, həmin hissədə işin icraatına xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Yenə Mülki Prosessual Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraat xitam verilməlidir. Həmin Məcəllənin 370.1-ci maddəsinə əsasə apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. MPM-in 370.2-ci maddəsinə ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, iddiaçı iddia tələbindən qismən imtina etdiyi üçün və onun iddiadan imtinası qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-359/2022 nömrəli qətnaməsi hissəvi ləğv edilməli, imtina edilən hissədə iddia tələbi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 52, 191, 261- 262, 263-264, 267, 370, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı iddia tələbindən qismən imtinası qəbul edilsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-359/2022 nömrəli qətnaməsi qismən - İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı kompensasiya verilməklə onun mülkiyyətində olan Xaçmaz rayonu, Qımılqışlaq kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin həmin evdən çıxarılmalarına dair iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı kompensasiya verilməklə onun mülkiyyətində olan Xaçmaz rayonu, Qımılqışlaq kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin həmin evdən çıxarılmaları tələbinə dair hissədə mülki işin icraatına xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar