Məhkəmə qərarları › İş №2(105)-971/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-971/2024

16.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-971/2024 16.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrlik edən və məruzəçi), Əhmədov Elman Məmməd oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Ağayeva Elnarə Nəriman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair” mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2(067)-491/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2(067)-491/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı yaşadığı ünvan 1i ünvanına hesablanmış 1.111,44 manat (bir min yüz on bir manat 44 qəpik) borcun silinməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim Vüsalə Qasımova). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2(067)-491/2024 nömrəli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilib, həmin hissədə iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İB tərəfindən onun ünvan 1ində yerləşən evinə təbii qazın verilməsi ilə əlaqədar üzərinə əsassız olaraq hesablanmış 1309,44 manat borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2021-ci ildə bir müddət Bakı şəhərində qalması və müalicə olunması ilə əlaqədar ünvan 1indəki evində yaşamamış, həmin dövrdə evdə keçmiş həyat yoldaşı X4 tək yaşamışdır. Bakı şəhərindən qayıtdıqdan sonra görmüşdür ki, qaz sayğacı çıxarılaraq aparılıb. Bununla əlaqədar qaz idarəsinə müraciət etmişdir. Ona fotoşəkil göstərərək bildirmişlər ki, təbii qazdan sayğacdan kənar istifadə edildiyinə görə qaz sayğacı çıxarılıb və cərimə hesablanıb. Qarabağ Müharibəsi veteranı olduğuna görə qazsız qalmasın deyə evinə smart tipli qaz sayğacı quraşdırılmışdır. Elə həmin vaxtda qaz idarəsinə bildirmişdir ki, o, bir müddət evdə yaşamamış, qaz xəttinə heç bir müdaxilə etməmişdir, bunu keçmiş həyat yoldaşı X4 etmişdir. Hazırda məlum olub ki, 16 dekabr 2021-ci il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib olunmuşdur. Aktda da göstərilir ki, abonent sayğacsız təbii qazdan qeyriqanuni istifadə edir. Halbuki, o, təbii qazdan sayğacdan kənar istifadə etməyib, qaz idarəsinin əməkdaşları bu halı müəyyən edərkən ümumiyyətlə Xaçmaz rayonunda olmayib və Bakı şəhərində yaşayıb. Sayğac onun adına olduğuna görə dəymiş ziyan onun üzərinə hesablanmışdır. Belə ki, dəymiş ziyanın bərpasına dair 20 dekabr 2021-ci il tarixdə tərtib edilmiş tələbnamədə göstərilir ki, fərdi evdə qazdan istifadə qaydalarının tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir. Evdə istifadə olunan qaz işlədiciləri – qaz piltəsi (mətbəx üçün), iki ədəd dəmir soba (qızdırıcı), 120 litr həcmli su qızdırıcı; həmin qaz işlədicilərinin gündəlik orta qaz sərfi ümumilikdə 5.5 m3, günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesablama aparılmış və qaz sərfi cəmi 11880 m3, dəyəri isə 1309 manat 44 qəpik hesablanmışdır. Bir daha bildirir ki, tərəfindən qaz xəttinə heç bir müdaxilə olunmamış, sayğacdan kənar xətt quraşdırılmamış və sayğacdan kənar qazdan istifadə etməmişdir. Odur ki, onun abonent koduna əsassız olaraq hesablanmış 1309,44 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş edir. İş üzrə yuxarıda qeyd olunan qətnamə qəbul edilmişdir. Həmin qətnamə ilə razılaşmayan Cavabdeh ondan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Cavdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qaz paylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Göründüyü kimi, Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin işçiləri abonent İddiaçı sayğacdan kənar xətlə təbii qazdan qanunsuz istifadə etməsi halını aşkar etdikdə qanunvericiliyə uyğun hərəkət etmişlər. Belə ki, İddiaçı özü də qanunsuz halın aşkar edilməsində iştirak etmişdir. Bu vaxt qanunsuz təbii qazdan istifadə halı videoçəkilişlə müşayət olunmuşdur. İddia ərizəsində də iddiaçı qanunsuz, sayğacdan kənar xəttin olduğunu etiraf edir. Lakin həmin xəttin onun tərəfindən deyil, keçmiş həyat yoldaşı tərəfindən çəkildiyini bildirmişdir. Qaz paylayıcı şəbəkəyə (qaz xəttinə) qeyri-qanuni qoşulma, qaz sayğacına müdaxilə və ya digər qanunsuz istehlak hallarında paylayıcıya dəyən zərər SOCAR-ın Müşahidə Şurasının xx.xx.2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na uyğun olaraq hesablanır. Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin işçiləri həmin Qaydalara uyğun abonentin qaz işlədici cihazlarında istehlak olunan qazın hesabatına uyğun ziyan hesablamışlar. Xaçmaz Rayon Məhkəməsi qətnamə qəbul edərkən iddiaçının sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan qanunsuz istifadə etməsi halını qəbul etsə də, itirilmiş qazın dəyərinin hesablanmasında heç bir normativ-hüquqi akta əsaslanmayan hesablama aparmaqla dəymiş ziyanı cəmi 198 manat məbləğində nəzərə almış və iddianı qalan 1111,44 manat hissədə təmin etmişdir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyn normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki-hüquq məsuliyyəti daşıyır... Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, iddiaçı sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə edərkən evində olan mövcud qazişlədici cihazlardan hansının neçə saat istifadə etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Buna görə də abonentin qanunsuz xətt vasitəsi ilə təbii qazdan istifadə etməsi zamanı dəymiş ziyanın mövcud qazişlədici cihazların maksimal sərfiyyatına uyğun hesablanması məntiqlidir. Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının tələbinin əsası kimi istinad etdiyi hal onun sayğacdan kənar xətlə qazdan keçmiş həyat yoldaşının istifadə etməsi barədə fikridir. Lakin qaz idarəsinin işçiləri sayğacdan kənar xətlə iddiaçının evində təbii qazdan istifadə edildiyini müəyyən etmiş və bu barədə müvafiq akt tərtib etmişlər. İddiaçı iddiasının əsası olan halı sübut etmək üçün heç bir sübut təqdim etməmişdir... Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, 1-ci instansiya məhkəməsi iş üzrə mövcud sübutlara, öz təsdiqini tapmış faktlara və reallıqlara yox, iddiaçının şəxsi fikrinə, ehtimallara və heç bir normativ-hüquqi akta əsaslanmayan hesablamaya uyğun qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək şikayətin dəlilləri mövqeyindən izahat verdi. İzahatında həmçinin qeyd etdi ki, qaz idarəsinin əməkdaşları tərəfindən iddiaçının ünvanına baxış keçirilərkən videoçəkiliş də aparılmış, lakin həmin vaxtdan təxminən 2 il yarım müddət keçdiyindən videoçəkilişi tapıb məhkəməyə təqdim etmək mümkün olmamışdır. Buna baxmayaraq, həmin vaxtdan qalmış bir neçə fotoşəkil təqdim olunmuş və iş materiallarına əlavə edilmişdir. Digər tərəfdən, iddiaçı özü də ünvanında qaz xəttinə sayğacdan kənar qoşulma aşkar olunmasını təsdiq edərək bunu keçmiş həyat yoldaşının etdiyini bildirir. Lakin ünvanın sahibi və abonenti iddiaçı olduğundan həmin ünvanda aşkar edilən pozuntulara görə də məhz o cavabdehlik daşıyır. Qaz istifadəçisi abonent kimi qeydiyyata alındığı zaman onunla “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi” bağlanır ki, həmin müqavilədə ünvandakı qaz işlədicilərinin sayı, növü və hər işlədicinin normativ üzrə 1 saatlıq qaz sərfiyyatı göstərilir. Ziyan hesablanarkən də ünvandakı qaz işlədiciləri barədə müqavilədəki məlumatlar əsas götürülür və azı 3 aylıq müddət üçün normativ sərfiyyata görə hesablama aparılır. Bu baxımdan iddiaçıya mümkün olan qədər güzəşt edilmişdir. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-491/2024 saylı qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilərək, həmin hissədə iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Həmçinin bildirdi ki, xəstədir, maddi vəziyyəti pisdir və tələb olunan pulu ödəməyə imkanı yoxdur, bu məsələdə ona köməklik olunmasını istəyir. Ona görə də cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahat və çıxışlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-491/2024 nömrəli qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. İş materiallarında olan Cavabdeh İB-nin əməkdaşları tərəfindən abonent İddiaçının adına tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 16 dekabr 2021-ci il tarixli ******* saylı aktdan və akta əlavə olunmuş fotoşəkillərdən görünür ki, abonentin təbii qazdan sayğacdan kənar qoşulma yolu ilə qeyri-qanuni istifadə etməsi aşkar olunmuşdur. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair 20 dekabr 2021-ci il tarixli təlabnamənin surətindən görünür ki, Xaşmaz rayonu, Çarxı kəndində yerləşən fərdi evə 16 dekabr 2021-ci il tarixli ******* saylı akt əsasında cəmi 11880 m3 həcmində qaz itkisi hesablanmışdır. İş materiallarında olan **********13990 saylı Abonent saldosundan məlum olur ki, İddiaçı məxsus Xaşmaz rayonu, Çarxı kəndində yerləşən fərdi evə itirilmiş qazın bərpası üçün 1309 (bir min üç yüz doqquz) manat 44 (qırx dörd) qəpik borc hesablanmışdır. Beləliklə, işin müəyyən olunmuş hallarına əsasən, cavabdeh təşkilatın əməkdaşları xx.xx.2021-ci il tarixdə iddiaçının yaşadığı (və təbii qaz abonenti olduğu) ünvana gələrək qaz sayğacına baxış keçirərkən onun (abonentin) təbii qazdan sayğacdankənar istifadə etməsini aşkar etmiş və bu barədə xx.xx.2021-ci il tarixli akt tərtib olunmuş, həmin akt əsasında qanunsuz (uçotsuz) istifadə olunmuş qazın dəyərinin bərpası üçün iddiaçının abonent koduna 1309.44 manat borc (cərimə) hesablanmışdır. İddiaçı ona məxsus ünvanda (evdə) qaz xəttinə sayğacdankənar qoşulmanın aşkar edilməsi faktını etiraf etməklə yanaşı, bunu özünün deyil, keçmiş arvadının etdiyini bildirir. Lakin birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı ona məxsus ünvanda (evdə) aşkar edilmiş qaz xəttinə sayğacdankənar qoşulmaya görə bilavasitə cavabdehlik daşıyır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi” iddiaçı ilə bağlandığından o, müvafiq ünvanda təbii qazdan istifadə qaydalarına əməl olunmasını təmin etməlidir və həmin qaydaların pozulmasına görə məsuliyyət daşıyır. Buna görə də iddiaçının ona məxsus, təbii qaz abonenti olduğu ünvanda (evdə) aşkar olunmuş qaz xəttinə sayğacdankənar qoşulmanın başqası (keçmiş arvadı) tərəfindən edilməsini bildirməsi və hətta, bu məlumatın doğru olması onu həmin pozuntuya görə mülki məsuliyyətdən azad etmir. Bununla yanaşı, birinci instansiya məhkəməsi qanunsuz (sayğacdankənar) istifadə olunmuş qazın dəyərinin bərpası üçün Cavabdeh İB tərəfindən hesablanaraq iddiaçıdan tələb olunmuş (onun abonent koduna işlənilmiş) ziyan məbləği (1309.44 manat) ilə razılaşmamış və özü fərqli qaydada hesablama aparmışdır. Belə ki, birinci instansiya məhkəməsi iddiaçıya məxsus ünvandakı qaz işlədicilərinin iş rejimini gün ərzində 10 saat və qazdan qanunsuz istifadə müddətini 30 gün (1 ay) götürməklə hesablama apararaq iddiaçı tərəfindən qanunsuz (sayğacdankənar) istifadə olunmuş təbii qazın dəyərini, yəni Cavabdeh İB-yə dəymiş ziyanı 198,0 manat məbləğində müəyyən etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, işdə olan “Abonentin saldosu”ndan göründüyü kimi, pozuntu aşkar edilməzdən əvvəlki dövrdə də (azı noyabr və oktyabr aylarında) iddiaçının ünvanındakı sayğacın qaz sərfiyyatına dair göstəricisi “0” (sıfır) olmuş, bu da qazdan sayğacdankənar istifadə edilməsini təsdiqləmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə Cavabdeh razılaşmamaqda haqlıdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərində qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi hesablama apararkən hər hansı normativ sənədə istinad etməmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən "xxxx"nın 6.5-ci bəndinin sözügedən pozuntu aşkar edilən dövrdə qüvvədə olmuş redaksiyasında deyilirdi ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir... Dəymiş zərərin hesablanmasında isə Dövlət Neft Şirkətinin Müşahidə Şurasının xx.xx.2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları” əsas götürülürdü. Hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 fevral 2022-ci il tarixli 64 saylı Qərarı ilə "xxxx"nın 6.5-ci bəndi təkmilləşdirilərək yeni redaksiyada qəbul olumuş və həmin bənddə təbii qazdan istifadə qaydalarının pozulması ilə vurulan zərərin hesablanması üsulları bilavasitə göstərilmişdir. Konkret halda iddiaçı tərəfindən qanunsuz (sayğacdankənar qoşulma yolu ilə) istifadə olunmuş qazın dəyərinin bərpası üçün Cavabdeh İB tərəfindən hesabat Dövlət Neft Şirkətinin Müşahidə Şurasının xx.xx.2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na əsasən aparılmış və iddiaçıdan vurulmuş ziyana görə tələb olunan məbləğ 1309.44 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, istehlakçı tərəfindən qaz xəttinə sayğacdan kənar qoşulma və ya sayğaca müdaxilə hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpası üçün qanunvericiliyə əsasən müəyyən olunmuş hesablama qaydası qazpaylayıcıya dəyən zərərin ödətdirilməsi ilə yanaşı, həm də tənbeh (cərimə) xarakteri daşıyır, yəni istehlakçıları qayda pozuntularından çəkindirən təsir tədbiri kimi çıxış edir. Bu baxımdan qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpası qaydasında hesablanan qaz sərfiyyatının və zərər məbləğinin yüksək olması təbiidir; belə ki, konkret hallardan asılı olaraq qanunsuz istifadə dövrü 3 aydan 1 ilədək müddət, qaz işlədicilərinin iş rejimi isə gün ərzində 12-24 saat götürülməklə normativ hesablama aparılır. Bununla belə, məhkəmə konkret işə baxarkən qazpaylayıcı tərəfindən zərərin hesablanmış məbləği ilə razılaşmaya və həmin məbləği həddindən artıq yüksək, yaxud əsassız olaraq şişirdilmiş kimi qiymətləndirə bilər. Bu zaman məhkəmə zərər məbləğini ağlabatan həddə qədər azaltmağa haqlıdır. Lakin abonentə edilən humanistlik və güzəşt də həddindən artıq, yəni zərərçəkənin mənafeyini pozan dərəcədə olmamalıdır. Əks təqdirdə qəbul edilən məhkəmə qətnaməsi ədalətlilik prinsipini pozmuş olar. Şərh olunanlar baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya məxsus ünvandakı qaz işlədicilərinin iş rejimini gündə 10 saat və qazdan qanunsuz istifadə müddətini 30 gün (1 ay) götürməklə hesablama aparmaqda səhvə yol vermiş, bununla bağlı maddi hüquq normalarını yanlış təfsir və tətbiq etmişdir. Zərərin hesablanması qaydalarını müəyyən edən qanunvericiliyə müvafiq olaraq məişət abonentlərinə münasibətdə qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanarkən qaz işlədicilərinin iş rejimi azı 12 saat, qanunsuz istifadə müddəti isə azı 90 gün (3 ay) götürülməlidir. Belə parametrlər üzrə iddiaçının qanunsuz istifadə etdiyi qazın dəyəri hesablandıqda cavabdehə dəymiş ziyanın məbləği azı 654,72 manat təşkil edir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin müəyyən etdiyi 198,0 manat ziyan məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "xxxx"na və bu Qaydaların icrası ilə bağlı Dövlət Neft Şirkətinin Müşahidə Şurasının xx.xx.2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na uyğun hesablanmamışdır. Məhkəmə kollegiyası istinad edilən Qaydaların tələbləri kontekstində iddiaçı tərəfindən Cavabdeh İB-yə vurulmuş zərərin həcmini 654,72 manat məbləğində qiymətləndirməyi məqsədəuyğun hesab edir. Beləliklə, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi iş üzrə iddianı təmin etdiyi hissədə düzgün nəticəyə gəlməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının (və ya prosessual hüquq normalarının) pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. MPM-in 384.0.2-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qismən, yəni iddianın təmin olunan hissəsində ləğv edilməli və həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməli, Xaşmaz rayonu, Çarxı kəndi ünvanı üzrə İddiaçı adına olan təbii qaz abonenti koduna (**********13990 nömrəli) 16 dekabr 2021-ci il tarixli ******* saylı akt əsasında hesablanmış borc məbləğinin 654,72 manatının silinməsi qət edilməli, iddia qalan hissədə təmin edilməməlidir. MPM-in 402.1-ci maddəsinə müvafiq olaraq mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384,385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2(067)-491/2024 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin olunan hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilsin: Xaşmaz rayonu, Çarxı kəndi ünvanı üzrə İddiaçı adına olan **********13990 nömrəli təbii qaz abonenti koduna Cavabdeh İB-nin Xaçmaz RQİİ tərəfindən 16 dekabr 2021-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 1309,44 manat borc məbləğinin 654,72 manatı (altı yüz əlli dörd manat 72 qəpiyi) silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar