Məhkəmə qərarları › İş №2(105)-973/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-973/2022

26.05.2022 · Müqavilələrin ləğv edilməsi - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-973/2022 26.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Quba rayon İcra və Probasiya Şöbəsi və DƏDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı mülki iş üzrə (Açar sözlər: qiymətləndirmə rəyinin ləğv edilməsi və onun nəticələrinin etibarsız hesab olunması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Quba Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2(027)-1105/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsiə müraciət edib, Quba rayon İcra və probasiya şöbəsinin qiymətləndicinin dəvət edilməsi haqqında 29 avqust 2019-cu il tarixli qərarı ilə Quba rayonu, Susay kəndində yerləşən 3,5 hektar torpaq sahəsinin qiymətləndirilməsinə dair Cavabdeh2 tərəfindən verilmiş 19 sentyabr 2019-cu il tarixli, QR- 2468 saylı qiymətləndirmə rəyinin ləğv edilməsi və ona məxsus Quba rayonu, Susay kəndində yerləşən 3.5 hektar torpaq sahəsinə dair hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 21 dekabr 2012-ci il qeydiyyat tarixli, **********51 reyestr nömrəli, MH ******* seriyalı çıxarışa əsasən Quba rayonu, Susay kəndində 3.5 ha torpaq sahəsi onun adına dövlət qeydiyyatına alınmışdır. Səbail Rayon Məhkəməsinin 14 avqust 2012-ci il tarixli, 2(009)- 1475/12 nömrəli icra vərəqəsi ilə X2 xeyrinə ondan 51.600 manat borc, 20 manat dövlət rüsumu olmaqla, cəmi 51620 manat tutulması qərara alınmışdır. Bundan sonra o, borcundan 5000 manat ödəmişdir. Səbail Rayon Məhkəməsinin 14 avqust 2012- ci il tarixli, 2(009)-1475/12 nömrəli icra vərəqəsi icra olunması üçün Səbail rayon İcra şöbəsinə göndərilmişdir. Səbail rayon İcra şöbəsinin 2612/2012-16-15TH/783/2017 nömrəli qərarı ilə iş üzrə icraata başlanmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 dekabr 2015-ci il tarixli, 8(009)-2621/2015 nömrəli qərardadı ilə Səbail rayon İcra şöbəsinin icra məmuru Tural Aşurovun təqdimatı qismən təmin edilmiş, onun adına olan Quba rayonu, Susay kəndində yerləşən 3.5 ha torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Daha sonra qərarın icrası üçün Quba rayon İcra şöbəsinə göndərilmiş və 08.05.2017-ci il tarixli qərarı ilə iş üzrə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Bundan sonra Quba rayon İcra və probasiya şöbəsinin 29 avqust 2019-cu il tarixli qərarı ilə onun xəbəri olmadan ona məxsus Quba rayonu, Susay kəndində yerləşən 3.5 ha torpaq sahəsinin qiymətləndirilməsi üçün Cavabdeh2-yə göndərilməsi, Quba rayonu Susay kəndində yerləşən ona məxsus olan 3.5 ha torpaq sahəsinin qiymətləndirilməsi üçün "xxxx" MMC-dən qiymətləndirici dəvət edilməsi qərara alınmışdır. Cavabdeh2 19 sentyabr 2019-cu il tarixə onun xəbəri olmadan ona məxsus olan Quba rayonu, Susay kəndində yerləşən 3.5 ha torpaq sahəsinin qiymətləndirilməsini aparmış və bazar dəyəri 24500 manat müəyyən edilmiş və həmin qiymətləndirmə aparılmasından onun xəbəri olmamışdır. Ona məxsus olan torpaq sahəsinin hərraca verilməsi barədə ona heç bir məlumat və bildiriş gəlməmişdir. "Qiymətləndirmə Xidməti Mərkəzi” MMC ona məxsus olan Quba rayonu, Susay kəndində yerləşən 3.5 ha torpaq sahəsinin bazar dəyərini 24.500 manat müəyyən etmişdir. Lakin həmin məbləğ çox aşağıdır. Bu məbləğin necə hesablanması onun üçün qaranlıqdır. Bu məbləğə həmin ərazidə eyni şərtlərlə heç 1 hektar torpaq sahəsi almaq mümkün deyildir. Lakin buna baxmayaraq Cavabdeh2 3,5 hektar torpaq sahəsini 24500 manata qiymətləndirmişdir. Bundan sonra onun xəbəri olmadan Quba rayon İcra və probasiya şöbəsi həmin torpaq sahəsinin hərracda satılması barədə qərar qəbul etmiş və hərracda satılması üçün "X1” MMC-yə göndərmişdir. "X1” onun xəbəri olmadan 19 sentyabr 2020-ci il tarixdə ona məxsus olan Quba rayonu, Susay kəndində yerləşən 3.5 ha torpaq sahəsinin ilkin dəyəri 10 faiz endirimlə 22050 manat, 20 faiz endirimlə 19.600 manat olmaqla, 05 oktyabr 2020-ci il tarixdə saat 11:00-da ünvan 1 ünvanında açıq hərrac keçirilməsi barədə bildiriş vermişdir. O, hərracdan Quba rayon İcra və Probasiya şöbəsində xəbər tutmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* saylı Çıxarışından görünür ki, Quba rayonu, Susay kəndində yerləşən 3.5 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Səbail Rayon Məhkəməsinin 14 avqust 2012-ci il tarixli, 2(009)-1475/2021 nömrəli icra vərəqəsindən görünür ki, İddiaçı X2 xeyrinə 51.600 manat borc tutulmalıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 dekabr 2015-ci il tarixli, 8(009)- 2621/2015 nömrəli qərardadı ilə İddiaçı adına olan Quba rayonu, Susay kəndində yerləşən torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Quba rayon İcra şöbəsinin 08.05.2017-ci il tarixli qərarın surətindən görünür ki, 14.08.2012-ci il tarixli, 2(009)-1475/2012 nömrəli icra sənədi üzrə 08.05.2017-ci il tarixdə icraata başlanmışdır. Quba rayon İcra şöbəsinin 18.05.2017-ci il tarixli qərarından görünür ki, İddiaçı adına olan Quba rayonu, Susay kəndində yerləşən torpaq sahəsinin qiymətləndirilməsi üçün "xxxx" MMC-dən qiymətləndirici dəvət edilməsi qərara alınmışdır. Quba rayon İcra şöbəsinin 29.08.2019-cu il tarixli qərarından görünür ki, İddiaçı adına olan Quba rayonu, Susay kəndində yerləşən 3.5 ha torpaq sahəsinə tutma yönəldilməli, həmin torpaq sahəsi ixtisaslaşdırılmış müəssisə tərəfindən açıq hərracda satılması və açıq hərraca çıxarılaraq qiymətləndirilməsi üçün "xxxx" MMC-dən qiymətləndirici dəvət edilməsi qərara alınmışdır. "xxxx" MMC-nin 19.09.2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı adına olan Quba rayonu, Susay kəndində yerləşən 3.5 ha torpaq sahəsinin 19.09.2019-cu il tarixə bazar dəyəri 24.500 manat təşkil edir. "xxxx" MMC-nin 01/21-418 saylı, 04.08.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı adına olan Quba rayonu, Susay kəndində yerləşən 3.5 ha torpaq sahəsinin bazar dəyəri 980.000 manat müəyyən edilmişdir. Quba Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2(027)-1105/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2, Quba rayon İcra və probasiya şöbəsi və DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “qiymətləndirmə rəyinin ləğv edilməsi və onun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. (hakim Rahim Həsənov) Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən hesab etmişdir ki, Səbail Rayon Məhkəməsinin 14.08.2012-ci il tarixli, 2(009)-1475/2021 nömrəli icra vərəqəsinə əsasən İddiaçı X2 xeyrinə 51.600 manat borcun tutulması qeyd edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30.12.2015-ci il tarixli, 8(009)-2621/2015 nömrəli qərardadından görünür ki, İddiaçı adına olan Quba rayonu, Susay kəndində yerləşən torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Səbail Rayon Məhkəməsinin 14.08.2012-ci il tarixli, 2(009)-1475/2021 nömrəli icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə 29.08.2019-cu il tarixli qərarına əsasən İddiaçı adına olan Quba rayonu, Susay kəndində yerləşən 3.5 ha torpaq sahəsinə tutmanın yönəldilməsi, həmin torpaq sahəsi ixtisaslaşdırılmış müəssisə tərəfindən açıq hərracda satılması və açıq hərraca çıxarılaraq qiymətləndirilməsi üçün "xxxx" MMC-dən qiymətləndirici dəvət edilməsi qərara alınmışdır. "xxxx" MMC-nin 19.09.2019-cu il tarixli rəyinə əsasən İddiaçı adına olan Quba rayonu, Susay kəndində yerləşən 3.5 ha torpaq sahəsinin 19.09.2019-cu il tarixə bazar dəyəri 24.500 manat təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı Quba rayon İcra və Probasiya şöbəsinin qiymətləndicinin dəvət edilməsi haqqında 29 avqust 2019-cu il tarixli qərarı ilə Quba rayonu Susay kəndində yerləşən 3,5 hektar torpaq sahəsinin qiymətləndirilməsinə dair Cavabdeh2- tərəfindən verilmiş 19 sentyabr 2019-cu ilt arixli QR-2468 saylı Qiymətləndirmə rəyinin ləğv edilməsi və ona məxsus Quba rayonu Susay kəndində yerləşən 3.5 hektar torpaq sahəsinə dair hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini tələb etsə də, keçirilmiş qiymətləndirmə rəyindən və hərrac nəticələrindən xəbəri olmadığını qeyd etsə də, bununla bağlı heç bir sübut məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 6, 269.4, 269.5, 337.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi 13 dekabr 2021-ci il tarixli qətnaməni qəbul edərkən «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.9, 51.1-ci maddələrinin, «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanunun 7, 8-ci maddələrinin və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin ediməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Cavabdehlər tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh2, Quba rayon İcra və Probasiya şöbəsi və DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası qeyd olunan cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq «Qiymətləndirmə fəaliyyəti haqqında» Qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə həqiqi sayılır. Həmin Qanunun 7-ci maddəsinin 2-ci hissəsinə əsasən, qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alma bilər. Həmin Qanunun 8-ci maddəsinin 1-ci hissəsinə əsasən, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Həmin Qanunun 8-ci maddəsinin 2-ci hissəsinə əsasən bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin ekspert qiymətləndirilməsini ləyin etmək hüququ vardır. Mülki Məcəllə Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata, (hərracın təşkilatçısına) sifariş verir. Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Maddə 42.3. Hərracın təşkilatçı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2, 217.4. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya şikayətinin dəlillərində göstərilən xüsasatlara birinci instansiya məhkəməsi tərəfindən tam qiymət verilmişdir. Birinci instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bu baxımdan, birinci instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi barədə şikayətin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2(027)-1105/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar