Məhkəmə qərarları › İş №2(105)-977/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-977/2023

22.06.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-977/2023 22.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X11 və X1 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh1, Cavabdeh1 və üçüncü şəxs X2 nümayəndəsi vəkil X8, iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 2 saylı Notariat Ofisinə qarşı fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2(060)-106/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 25 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Behbudova) iddianın təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər L.M.Məmmədova sədrlik edən, məruzəçi, T.O.Quliyev və G.F.Tağızadə) apellyasiya şikayətinin təmin edilmədən, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 25 fevral 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 31 yanvar 2023-cü il tarixli qərarı ilə İddiaçı kassasiya şikayətinin təmin edilməsi, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 iyul 2022-ci il tarixli, 2(105)-1313/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı fərdi yaşayış evinin alqı-satqısı haqqında ilkin müqavilənin məhkəmə qaydasında etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun sahibliyi və istifadəsində olan ünvan 1 ünvanında yerləşən 175,00 kv.m. torpaq sahəsinin üzərində ümumi sahəsi 107,68 kv.m. olan 1 mərtəbəli fərdi yaşayış evinin alqı-satqısı haqqında cavabdehlər arasında bağlanmış 28 yanvar 2020-ci il tarixli, 3M-19 saylı “İlkin Müqavilə”nin məhkəmə qaydasında etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2005-ci ildə öz vəsaiti hesabına ünvan 2 ünvanda yerləşən 175 kv.metr torpaq sahəsinin üzərində ümumi sahəsi 107,68 kv.metr olan 1 mərtəbəli fərdi yaşayış evini tikdirərək həmin vaxtdan bu günədək həmin ünvanda 16 ildir yaşayır. 2005-ci ilin dekabr ayından etibarən həmin evə onun adına qeydiyyata alınmaqla, elektrik, işıq və qaz sayğacları, 2017-ci ildən isə su sayğacı quraşdırılıb. Həmin sayğaclar quraşdırıldığı dövrdən etibarən mütəmadi olaraq vaxtı-vaxtında tərəfindən elektrik enerjisi, qaz və su pulu ödənilməkdədir və hazırda həmin xidmətlər üzrə heç bir borcu yoxdur. 2021-ci ilin may ayında ona məlum olub ki, cavabdehlər arasında qanunsuz olaraq 16 ildir onun qanuni sahibliyində və istifadəsində olan fərdi yaşayış evinin alqısatqısı haqqında qanunsuz və əsassız “İlkin müqavilə” bağlanıb və həmin müqavilə üzrə özünü həmin daşınmaz əmlakın satıcısı qismində təqdim edən Cavabdeh1 “daşınmaz əmlakı” 24.200 manata Cavabdeh2 satıb. Cavabdeh1 heç bir aidiyyati olmadığı və bir gün də belə yaşamadığı ünvan 2 ünvanda hüquqi baxımdan mövcud olmayan hansısa “daşınmaz əmlakın” sahibi və ya sərəncamçısı kimi göstərilməsi qanunsuz və əsassızdır. Bundan əlavə, həmin müqavilənin 2.1-ci bəndində göstərilmişdir ki, ‘‘Müqavilənin predmeti olan daşınmaz əmlaka sahiblik və istifadə hüququ əsas müqavilənin bağlanacağı tarixdən əmələ gəlir.” Satıcı tərəfindən ona məxsus olan daşınmaz əmlakı özəlləşdirərək daşınmaz əmlakın dövlət reyestrində vahid qeydiyyata alındıqdan sonra 30 il müddətinə başa çatdırmalıdır. Müqavilənin bu bəndindən görünür ki, özünü satıcı qismində təqdim edən Cavabdeh1 Bakı şəhəri, 2 saylı notariat ofisi vasitəsilə həmin müqaviləni faktiki olaraq özü üçün hər hansı hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmasına nail olub. Cavabdeh2 aldadaraq, onun evinin alqı-satqısı haqqında həmin uydurma əqdi bağlamaqdan ötrü əvvəl Cavabdeh1 saxtakarlıq yolu ilə həmin ünvanda hələ onun adına qeydiyyata alınmaqla quraşdırılmış və illərdir ki, onun adına abonent kodu olan elektrik işığı və qaz sayğaclarını, həmçinin, su sayğacını özünün adına keçirib. Beləliklə, artıq 16 ildir ki, onun qanuni sahibliyində, istifadəsində və sərəncamında olan əmlaka münasibətdə tamamilə qanunsuz və əsassız olaraq, həmin əmlaka hər hansı aidiyyəti olmayan cavabdehlər arasında 28 yanvar 2020-ci il tarixli, 3M-19 saylı “İlkin müqavilə”ni bağlamaqla konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqlarını kobud şəkildə pozub. Başqa sözlə, qanunsuz yolla və saxtalaşdırma üsullarından istifadə etməklə işıq, qaz və su sayğaclarının abonent kodlarını öz adına keçirməsi azmış kimi, Cavabdeh1 Cavabdeh2 etibarından sui istifadə edərək onu aldatmış və görünüş üçün uydurma müqavilə bağlamaqla sonuncunun xeyli miqdar sayılan 24.200 manat pul vəsaitini ələ keçirib. Halbuki, ünvan 3 ünvanda yerləşən 175 kv.metr torpaq sahəsinin üzərində inşa edilmiş, ümumi sahəsi 107,68 kv.metr olan 1 mərtəbəli fərdi yaşayış evi ona məxsusdur və həmin evdə son 16 ildir ki, yaşayır. Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, həmin evdə quraşdırılmış işıq, qaz və su sayğaclarının göstəricilərinə uyğun ödənişlərin edilməsi özüözlüyündə evin ona məxsus olduğunu və gələcəkdə həmin evin onun adına daşınmaz əmlakıq dövlət reyestrində qeydiyyata alınacağını təsdiq edir. Həmin ünvanda yerləşən tikililərin materialları isə onun qanuni mülkiyyətində olan əmlaklardır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 25 fevral 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2005-ci ildə özünün halal qazandığı vəsaiti hesabına Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi, ev 19 ünvanında yerləşən 175,00 kv.m. torpaq sahəsinin üzərində ümumi sahəsi 107,68 kv.m. olan 1 mərtəbəli fərdi yaşayış evini tikdirərək həmin vaxtdan bu günədək həmin ünvanda artıq 16 (on altı) ildir yaşayır. 2005- ci ilin dekabr ayından etibarən həmin evin adına qeydiyyata alınmaqla elektrik enerji sayğacı və qaz sayğacları, həmçinin, xx.xx.2016-cı ildən etibarən isə su sayğacı quraşdırılmışdır. Həmin sayğaclar quraşdırıldığı dövrdən bəri mütamadi olaraq və vaxtı-vaxtında tərəfindən elektrik enerjisi, qaz və su pulu ödənilməkdədir və hazıda həmin xidmətlər üzrə hər-hansı borcları yoxdur. Həqiqətən də hazırda Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi, ev 19 ünvanındakı yerləşən 175,00 kv.m. torpaq sahəsinin üzərindəki ümumi sahəsi 107,68 kv.m. olan 1 mərtəbəli fərdi yaşayış evimin yeganə qanuni sahibi və istifadəçisi olduğunu, həmin evdə quraşdırılmış elelktrik enerjisi və qaz sayğaclarının abonent kodlarının son dövr ərzində yenidən onun adına bərpa edilməsini təsdiq edən sənədləri birinci instansiya məhkəməsinə müvafiq vəsatələrinə qoşmaqla təqdim etmişdir Qeyd edir ki, "xxxx" ASC-dəki **********T0019 saylı və “AZƏRİQAZ” İB-dəki **********00026 saylı abonent kodlarını, evinə heç bir aidiyyatı olmayan vətəndaş Cavabdeh1 Firudin qızı vaxtikən, fırıldaqçılıq və qanunsuz yollarla xx.xx.2021-ci il tarixdə əvvəlcə öz adına, daha sonra isə xx.xx.2020-ci il tarixdə yenə də tamamilə kənar bir şəxs olan vətəndaş Cavabdeh2 adına keçirtməyə nail ola bilmişsə də, bu qanun pozuntuları "xxxx" ASC-nin və “AZƏRİQAZ” İB-nin səlahiyyətli əməkdaşları tərəfindən aşkar edilib, araşdırılaraq, aradan qaldırılmış və elektrik enerjisi və qaz sayğaclarının abonent kodlarının qeydiyyatı hazırda yenidən onun adına qanunamüvafiq şəkildə bərpa edilmişlər. İstifadəsində olan su sayğacı ilə bağlı "xxxx" ASC ilə münasibətlərdə vətəndaş Cavabdeh1 Firudin qızı başqa məzmunlu dələduzluq və fırıldaqçılıq əməliyyatına əl atmış və bu barədə 2021-ci ilin may ayında ona məlum olmuşdur ki, onun qanuni sahibliyi və istifadəsində olmaqla artıq 16 (on altı) ildir ki yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi barəsində, həmin evə heç bir aidiyyatları olmayan şəxslər - vətəndaş Cavabdeh1 Firudin qızı ilə vətəndaş Cavabdeh2 “öz aralarında” güya, “Alqı-satqı haqqında” qanunsuz və əsassız hansısa “İLKİN MÜQAVİLƏ” bağlamışlar və həmin müqavilə üzrə özünü qanunsuz, əsassız və yalan olaraq, güya həmin evin satıcısı qismində təqdim edən vətəndaş Cavabdeh1, həmin evin özbaşına tikili olduğu və qanunun tələbinə əsasən daşınmaz əmlak kimi tanınmadığı halda, güya, həmin evini “daşınmaz əmlakkimi 24200 (iyirmi dörd min iki yüz) manata həmin “daşınmaz əmlak”ın “alıcısı” qismində özünün təqdim edən vətəndaş Cavabdeh2 “satmışdır”. Bununla bağlı olaraq qeyd edir ki, hər hansı əşya barədə “İlkin Müqavilənin” bağlanılması həmin əşyaya mülkiyyət hüququnun keçməsinə səbəb və əsas olmur. Həmin mübahisəli müqavilədə gəstərilmiş “daşınmaz əmlak söz birləşməsini mötərzədə ona görə yazır ki, qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyata alınmamış tikintinin və ya torpaq sahəsinin “daşınmaz əmlak” kimi notariat qaydasında bağlanılan müqavilədə ağına-bozuna baxmadan notariat orqanı tərəfindən göstərilməsi özü özlüyündə qanunsuzdur. Bundan əlavə Cavabdeh1, heç bir aidiyyati olmadığı və 1 (bir) qəpik xərc belə çəkmədiyi Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi, ev 19 ünvanında hüquqi baxımdan mövcud olmayan hansısa “daşınmaz əmlakın” sahibi və ya sərəncamçısı kimi göstərilməsi də qanunsuz və əsassızdır. Həmin xx.xx.2020-ci il tarixli, 3M-19 reyestr nömrəli “İlkin Müqavilə”nin 2.1-ci bəndində aşağıdakılar göstərilmişdir: “Müqavilənin predmeti olan daşınmaz əmlaka sahiblik və istifadə hüququ əsas müqavilənin bağlanacağı tarixdən əmələ gəlir. Satıcı tərəfindən ona məsus (?) olan daşınmaz əmlakı özəlləşdirərək daşınmaz əmlakın dövlət reyestrində vahid qeydiyyata alındıqdan sonra 30 il müddətinə başa çatdırılmalıdır. Müqavilənin bu bəndindən görünür ki, özünü daşınmaz əmlakın satıcısı qismində təqdim edən Cavabdeh1 Bakı şəhəri, 2 saylı notariat ofisinin xüsusi notariusu X3 qanunazidd hərəkətlərinin köməyi ilə həmin müqavilənin faktiki olaraq özü üçün hər hansı hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanılmasına nail olmuşdur. Qüvvədə olan qanunvericiliin tələbinə əsasən isə uydurma əqd əhəmiyyətsizdir. Qeyd edir ki, hazırda mübahisələndirilən müqavilə qanunla daşınmaz əmlak hesab edilə bilinməyən özbaşına tikili barədə tərtib edilərək notarius tərəfindən tamamilə qanunsuz və əsassız olaraq təsdiq edildiyi səbəbindən bağlandığı anda etibarsız hesab edilir. Həmçinin, müqavilə adlandırılan həmin fırıldaqçı kağız parçasına əsasən, vətəndaş Cavabdeh2la əsas müqavilənin bağlanılması müddəti də göstərilmədiyi halda, onun artıq 16 ildir ki, tikdirib yaşadığı doğma evindən onun (Cavabdeh2) istifadə etmək və ona sahiblik etmək ehtimalı vətəndaş Cavabdeh1 tərəfindən 30 ildən sonrakı tarix, yəni - xx.xx.2050-ci il üçün vəd edilmişdir. Lakin, "xxxx" ASC-nin Səbail bölməsinin Kəmalə adlı əməkdaşı həmin qanunsuz və əsassız kağız parçasına “tam ciddi” istinad etməklə qanunsuz olaraq abonent kodunun ad dəyişmə əməliyyatını aparmış və bunun nəticəsində xx.xx.2016-cı il tarixdən "xxxx" ASC-nin elektron abonent bazasında onun adına qeydiyyatda olan **********000 saylı abonent kodunu onun xəbəri və hər hansı razılığı olmadan, birbaşa adından ümumiyyətlə tanımadığı hansısa Cavabdeh2 adlı şəxsin adına keçirtmişdir. Belə ki, "xxxx" ASC-dən Lənkəran rayon Vəkil Bürosuna ünvanlandırılmış xx.xx.2021-ci il tarixli, 01/4/01-7/6/10675 saylı məktubda göstərilmişdir ki, Səbail rayonu, G.Əliyev küçəsi, ev 19 ünvanın su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatın aparılması üçün təqdim edilən sənədlərə istinadən xx.xx.2016-cı il tarixində vətəndaş İddiaçı ilə müqavilə bağlanaraq "xxxx" ASC-nin elektron abonent bazasında adına **********000 saylı abonent kodu açılmış, həmin kod istifadəçinin etibarnaməsi əsasında xx.xx.2019-cu il tarixində Pünhan Sadıqovun adına keçirilmişdir. Həmin məktubda xx.xx.2016-cı il tarixindən onunla müqavilə bağlanaraq "xxxx" ASCnin elektron abonent bazasında adına açılmış **********000 saylı abonent kodunun olması faktı göstərilsə də, ardınca qeyd edilmişdir ki, güya, sonradan “istifadəçinin etibarnaməsi” əsasında xx.xx.2019-cu il tarixində Cavabdeh2 adına keçirilmişdir. Halbuki, məktubun qoşmasından da görünür ki, etibarnamə onun tərəfindən yox, evinə heç bir aidiyyatı olmayan vətəndaş Cavabdeh1 Firudin qızı tərəfindən verilib və imzalanıbdır. 16 (on altı) ildir ki, qanuni sahibliyi, istifadəsi və faktiki sərəncamında olan əmlakı - ünvan 1 ünvanında yerləşən 175,00 kv.m. torpaq sahəsinin üzərində ümumi sahəsi 107,68 kv.m. olan 1 mərtəbəli fərdi yaşayış evinə münasibətdə tamamilə qanunsuz və əsassız olaraq həmin əmlaka hər-hansı aidiyyati olmayan cavabdehlər Cavabdeh1 ilə X6 öz aralarında 28 yanvar 2020-ci il tarixli, 3M-19 saylı “İlkin Müqavilə”ni bağlamaqla konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqlarını kobud şəkildə pozmuşlar. Məhkəmənin diqqətinə çatdırır ki, "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 01/4/01- 7/6/10675 saylı məktubundan görünür ki, məhz hazırda mübahisələrdirilən 2 sayli notariat ofisinin notariusu Z.H.Abdullayeva tərəfindən təsdiq edilmiş 28 yanvar 2020-ci il tarixli, 3M19 saylı “İlkin Müqavilə”nin əsasında onun su sayğacının abonent kodu qanunsuz olaraq Cavabdeh2 adına xx.xx.2019-cu il tarixində keçirilmişdir. Həmin mübahisələrdirilən “İlkin Müqavilə”nin əsasında qaz sayğacının abonent kodu qanunsuz olaraq Cavabdeh2 adına keçirilmişdir. Göründüyü kimi, Cavabdeh2 hazırda tərəfindən mübahisələndirilən qanunsuz 28 yanvar 2020-ci il tarixli, 3M-19 saylı “İlkin Müqavilə”nin hesabına onun qanuni mənafelərinə və insan hüquqlarına ən azından 3 (üç) dəfə ağır zərbə və ziyan vurmuş və gələcəkdə də vurmaqda davam etmək niyyətində olduğunu nümayiş etdirir. Məhz bu hal özü özlüyündə 28 yanvar 2020-ci il tarixli, 3M-19 saylı “İlkin Müqavilə”nin etibarlı olduğunu təsdiq edən hakim tərəfindən Cavabdeh2 üçün özünün qanunsuz əməllərini davam etdirmək üçün yol açdığına (şərait yaratdığına) dəlalət edir. Məhkəməyə cavabdehlər tərəfindən təqdim edilmiş və istinad olunan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-1328/2021 nömrəli qətnaməsindən müəyyən edilir ki, məhz hazırda mübahisələrdirilən (yuxarıdakı siyəhının 2-ci yarımbəndində göstərilən) 2 sayli notariat ofisinin notariusu Z.H.Abdullayeva tərəfindən təsdiq edilmiş 28 yanvar 2020-ci il tarixli, 3M- 19 saylı “İlkin Müqavilə”yə istinad etməklə və əsaslanmaqla Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-1328/2021 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh2 ona qarşı iddia tələbi təmin edilmiş və “İddiaçı Cavabdeh2 Bakı şəhəri, Gülbala Əliyev küçəsi 19 saylı evə köçürül”məsi qət edilmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, hazırki işin materiallarında yer almış "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 01/4/01- 7/6/10675 saylı məktubu və həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, vətəndaş “Cavabdeh1 Firudin qızının Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsi, ev ö/t 19 ünvanındakı yerləşən fərdi evinin” “satılması” ilə bağlı onunla vətəndaş Cavabdeh2 arasında “bağlanılmış” “İlkin Müqavilə” tamamilə qanunsuz və özbaşına olaraq Bakı şəhəri, 2 sayli notariat ofisinin notariusu Z.H.Abdullayeva tərəfindən təsdiq edilmişdir. Bu azmış kimi notarius Z.H.Abdullayeva həmin “İlkin Müqa il”dən əlavə, həmçinin, vətəndaş “Cavabdeh1 Firudin qızının Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsi, ev ö/t 19 ünvanındakı yerləşən fərdi evi” ilə bağlı onun adından vətəndaş Cavabdeh2 adına verilmiş Etibarnaməni, daha sonra vətəndaş Cavabdeh1 Firudin qızı tərəfindən “Səlahiyyətli orqanlara” ünvanlandırılmış “Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsi, ev ö/t 19 nömrəli evin **********000 nömrəli kodunun Cavabdeh2 adına keçirilməsinə sərəncam verməyinizi sizdən xahiş edir. Yazılanları öz imzamla təsdiq edirəm” məzmunlu ərizəni (**********329) də qanunsuz olaraq notarial qaydada təsdiq etmişdir. Halbuki, qüvvədə olan və hazırki apellyasiya şikayətində göstərdiyi qanunvericilik normalarına əsasən, Bakı şəhəri, 2 sayli notariat ofisinin notariusu Z.H.Abdullayeva borclu idi ki, ilk növbədə Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsi, ev ö/t 19 nömrəli evlə bağlı olaraq vətəndaş Cavabdeh1 Firudin qızının sərəncam vermək hüququnun olub-olmadığını aydınladırsın və yalnız Mətanət Xəllilovanın həmin özbaşına tikili olan evə dair sərəncam hüququnun mövcud olduğu halda onun həmin evlə bağlı olaraq imzaladığı hər hansı sənədi notarial qaydasında təsdiq edə bilsin. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 və üçüncü şəxs X2 nümayəndəsi vəkil X12 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh Bakı şəhəri 2 saylı Notariat Ofisinə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxsin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini mübahisə edilən “İlkin müqavilənin”nin tərəflərinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 olmaqla mübahisə predmeti barədə iddia irəli sürməklə iddiaçı hansı hüquqlarının pozulmasını, ümumilikdə iddia tələbinin hüquqi əsasının nədən ibarət olmasını, “fərdi yaşayış evinin alqı-satqısı haqqında ilkin müqavilənin məhkəmə qaydasında etibarsız hesab edilməsi” hansı qaydada pozulmuş hüquqlarının bərpa ediləcəyini əsaslandıra bilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlanılması barədə qətnamə qəbul etmişdir. Bu nəticədən narazı qalan iddiaçı qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığını və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verildiyini, eləcə də iddiaçının mübahisəli ev üzərində sahiblik hüququnun olub-olmadığını dəqiqləşdirmədən, onun son 16 il müddət ərzində həmin evdə fasiləsiz və etirazsız olaraq yaşamasını, faktik sahib kimi həmin evə yiyələnməsini, cavabdehlər arasında sözügedən “İlkin müqavilə”nin predmetinin isə bilavasitə həmin evin təşkil etməsini nəzərə almadan, Cavabdeh1 mübahisəli evə hər hansı bağlılığının olub-olmadığını, orada faktiki yaşayıb-yaşamadığını və ümumiyyətlə onun mübahisəli evə dair hər hansı əqd bağlamaq səlahiyyətinə, hüququna malik olubolmadığını və sair araşdırmadan, yalnız cavabdeh tərəfin irəli sürdüyü dəlillərlə kifayətlənərək, “İlkin müqavilə”nin iddiaçının qanunla qorunan hər hansı hüququnu pozmadığı qənaətinə gəlməsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Mübahisə predmeti olan ö/t 19 “A” saylı ev- Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi, 175 kv.metr torpaq sahəsində yerləşir və evin ümumi sahəsi 107,68 kv.metrdir. Həmin ev lazımi icazələr almadan və tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində inşa edilməklə, hüquqi vəziyyətinə görə özbaşına tikili olması işin mübahisəsiz halıdır. İşin digər halı isə ondan ibarətdir ki, Səbail rayonu, G.Əliyev küçəsi, 175 kv.metr torpaq sahəsində yerləşi olan ö/t 19 “A” saylı evə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında notarial qaydada təsdiq edilməklə 28 yanvar 2020-ci il tarixli ilkin müqavilə bağlanmış və həmin müqavilənin şərtlərinə görə Cavabdeh1 öhdəsinə götürmüşdür ki, sözügedən evi bu günə razılaşdıqları məbləğə, yəni 24.200 manata Cavabdeh2 satır, sonuncu isə evin razılaşdırılmış qiyməti olan 24.200 manat pulu notariusun depozit hesabına qoymaqla Cavabdeh1 ödəyir. Müqavilənin predmeti olan evə sahiblik və istifadə hüququ əsas müqavilənin bağlanacağı tarixdən əmələ gəlir. Satıcı Cavabdeh1 ona məxsus olan evi özəlləşdirərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırdıqdan sonra 30 il müddətinə başa çatdırmalıdır. Satıcı Cavabdeh1 evi alıcı Cavabdeh2 bəyənib, qiyməti ilə razılaşdığı vəziyyətdə 28 yanvar 2020-ci il tarixdən alıcı Cavabdeh2 faktiki sahibliyinə verməyi öhdəsinə götürür. İşdən görünür ki, iddiaçı, mübahisəli evi 2005-ci ildə öz vəsaiti hesabına inşa etdiyini, son 16 il müddət ərzində həmin evdə fasiləsiz və etirazsız olaraq yaşadığını, evin faktiki olaraq onun sahibliyində, istifadəsində olduğunu, evdə onun adına işıq, qaz, su sayğaclarının quraşdırıldığını, bu barədə aidiyyəti qurumlarla müvafiq müqavilələr bağladığını, hazırda həmin xidmətlər üzrə heç bir borcunun olmadığını, Cavabdeh1 özünə aid olmayan və bir gün də olsun yaşamadığı sözügedən evə dair digər Cavabdeh2 ilə notarial qaydada təsdiq edilməklə “İlkin müqavilə” bağladığını, həmin müqaviləyə əsasən evi 24.200 manata faktiki olaraq sonuncuya satdığını, Cavabdeh1 “İlkin müqavilə”də özünü hüquqi baxımdan mövcud olmayan hansısa “daşınmaz əmlakın” sahibi və ya sərəncamçısı kimi qeyd etdiyini göstərib, sözügedən “İlkin müqavilə”nin etibarsız saylımasını iddia edir. Cavabdeh1 isə, qardaşı X2 1993-cü ildə İddiaçı ilə ailə qurduğunu, onların birgə nikahından övladlarının olmadığını, 2005-ci ildə qardaşı X2 Rusiya Federasiyasına getdiyini, arvadı İddiaçı adına 6.100 ABŞ dolları pul göndərdiyini, 2006-cı ildə qardaşı X2 Bakı şəhərinə qayıdaraq 4.000 manata torpaq sahəsi aldığını, fərdi yaşayış evinin onun tapşırığı ilə inşa edildiyini, 2010-cu ildə İddiaçı ilə X4 arasında olan nikahın pozulduğunu, İddiaçı fərdi yaşayış evi ona qalacağı halda dəyərini ödəyəcəyini öhdəsinə götürdüyünü, lakin sonuncu pulu ödəmədiyi üçün 2017-ci ildə qardaşı X2 onun adına etibarnamə verdiyini və birgə vəsaitləri hesabına tikilmiş ev üzərində sərəncam verməyi ona həvalə etdiyini, həmin evi notarial qaydada “İlkin müqavilə” bağlamaqla 24.200 manata Cavabdeh2 faktiki satdığını və sair göstərib, iddiaya etiraz edir. Göründüyü kimi, iddiaçının hazırda mübahisələndirdiyi “İlkin müqavilə” sözügedən mübahisəli evə, yəni özbaşına tikliyə dair bağlanmış və iddiaçı, həmin evi öz vəsaiti hesabına inşa etdiyini və son 16 il müddət ərzində həmin evə faktiki sahiblik etməklə orada yaşadığını və sahibə aid bütün hüquq və vəzifələri yerinə yetirdiyini iddia edir. Nəzərə alınmalıdır ki, sahiblik mülki-hüquqi mənada əşyaya faktiki olaraq nail olmaq, yiyələnmək və onu özündə saxlamaq kimi anlaşılır. Sahiblik konkret əmlakın real olaraq konkret şəxsdə olmasını əks etdirən hüquqi kateqoriyadır. Sahiblik mülkiyyət hüququna, istifadə hüququna, idarəetmə hüququna və təsərrüfatçılıq hüququna əsaslana bilər. Başqa sözlə sahiblik əşyanın müəyyən bir şəxsdə olması haqqında gerçəklikdir. Mülahizəyə əsaslanan sahiblik qanuni yolla tanınmasa və mübahisəli əmlak faktiki olaraq şəxsə verilməsə hüquqi əhəmiyyətə malik deyil. Sahiblik hüququ yalnız şəxsin özündə real olaraq mövcud olan əşya üzərində yaranır (Mülki Məcəllənin 159-cu maddəsi). Məlumdur ki, əşyaya sahiblik hüququ əşyanın mülkiyyətçisinə, eləcə də əşyanın mülkiyyətçisi olmayan şəxsə də mənsub ola bilər. Mülkiyyətçinin sahiblik hüququnun müdafiəsi mülkiyyət hüququnun müdafiəsinin tərkib hissəsidir. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları qanunda və müqavilədə nəzərdə tutulduğu əsaslarla mülkiyyətçi olmayan, əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 164-cü maddəsinin mənasına görə, mülkiyyətçinin öz əşyasını özgənin qanunsuz sahibliyindən geri qaytarmağı və öz mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılmış maneələri aradan qaldırmağı tələb etmək hüquqları eynilə sahibə də mənsubdur. Lakin birinci instansiyası məhkəməsi, qeyd olunan maddələrin tələblərini pozaraq, iddiaçının mübahisəli ev üzərində sahiblik hüququnun olub-olmadığını dəqiqləşdərmədən, onun son 16 il müddət ərzində həmin evdə fasiləsiz və etirazsız olaraq yaşamasını, faktik sahib kimi həmin evə yiyələnməsini, cavabdehlər arasında sözügedən “İlkin müqavilə”nin predmetinin isə bilavasitə həmin evin təşkil etməsini nəzərə almadan, Cavabdeh1 mübahisəli evə hər hansı bağlılığının olub-olmadığını, orada faktiki yaşayıb-yaşamadığını və ümumiyyətlə onun mübahisəli evə dair hər hansı əqd bağlamaq səlahiyyətinə, hüququna malik olub-olmadığını və sair araşdırmadan, yalnız cavabdeh tərəfin irəli sürdüyü dəlillərlə kifayətlənərək, “İlkin müqavilə”nin iddiaçının qanunla qorunan hər hansı hüququnu pozmadığı qənaətinə gəlmişdir. Nəzərə alsaq ki, Cavabdeh1 iddiaya etiraz ərizəsi, məhkəmə iclaslarında verdiyi izahatları ilə müəyyən olunur ki, onun qardaşı X4 ilə iddiaçı arasında bağlanmış nikah pozulduqdan sonra mübahisəli ev iddiaçının faktiki sahibliyində qalıb, lakin o, evin dəyərini ödəmədiyi üçün 2017-ci ildə qardaşı X4 onun adına etibarnamə verib və birgə vəsaitləri hesabına tikilmiş ev üzərində sərəncam verməyi ona həvalə edib, o isə həmin evi notarial qaydada “İlkin müqavilə” bağlamaqla 24.200 manata Cavabdeh2 satmışdır. Göründüyü kimi, Cavabdeh1 ümumiyyətlə mübahisəli evdə yaşamayıb və həmin ev heç vaxt onun faktiki sahibliyində olmayıb. Cavabdeh1 qardaşı X2 onun adına 3 il müddətinə verdiyi 29 iyun 2018-ci il tarixli etibarnamə üzrə onu təmsil edib. Mübahisəni həll edən birinci instansiyası məhkəməsi isə bu hala diqqət yetirmədən, mövcud “İlkin müqavilə”nin X4 ilə Cavabdeh2 arasında deyil, sonuncu ilə bilavasitə Cavabdeh1 arasında bağlanmasını, sonuncunun faktiki olaraq özünə aid olmayan əmlaka dair “İlkin müqavilə” bağlamasını nəzərədə almadan, iddianı rədd etməklə əslində Cavabdeh2 gələcəkdə evə yiyələnməsi üçün qanunsuz əsas yaratmışdır. Qeyd olunmalıdır ki, müqavilələr yaratdıqları hüquqi nəticələrə görə əmlak müqavilələri və təşkilati müqavilələr deyə iki qrupa ayrılırlar. Əgər əmlak müqaviləsi əmlak və sair maddi neymətlərin verilməsini nəzərdə tutursa, təşkilati müqavilə belə nemətlərin verilməsi üzrə mülki hüquq münasibətlərinin yaradılmasını təşkil etmək vəzifəsini daşıyır (Mülki Məcəllənin 402.1-402.3-cü maddələri). Həmin maddələrdə nəzərdə tutulmuş ilkin müqavilə təşkilati müqavilədir. Belə ki, ilkin müqaviləyə əsasən əmlakın və ya digər maddi neəmətlərin verilməsi deyil, belə münasibətlərin gələcəkdə yaradılmasının təşkil edilməsi üzrə vəzifələr baş verir. Qanunvericiliyin adı çəkilən maddələrinin mənasına görə, ilkin müqaviləyə əsasən tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə əsas müqavilə bağlamağı öhdələrinə götürürlər. İlkin müqavilədə əsas müqavilənin predmetini və digər mühüm şərtlərini müəyyən etməyə imkan verən şərtlərlə yanaşı, əsas müqaviləni tərəflərin hansı müddətə bağlamağı öhdələrinə götürdükləri də nəzərdə tutulmalıdır. Bu mənada məhkəmə kollegiyası iddiaçının şikayətin dəlilləri ilə razılaşıb hesab edir ki, ilkin müqavilə gələcəkdə bağlanacaq əsas müqavilənin predmetini və digər mühüm şərtlərini müəyyən etməyə imkan vermədiyindən, yəni ilkin müqavilənin predmetini təşkil edən mübahisəli evin iddiaçının faktik sahibliyində olması mülki iş materialları ilə istisna edilmədiyindən, həmin müqavilənin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmamaqla bağlanması nəticəsinə gəlməyə əsas vermir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Həmin Məcəllənin 337.2-ci maddəsində göstərilir ki, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Göründüyü kimi, əqdin etibarlı olması üçün Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmamaqla bağlanması tələb olunur və hazırki halda sözügedən “İlkin müqavilə” qeyd olunan maddələrin tələblərinə cavab vermir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 25 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 25 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən 175,00 kv.m. torpaq sahəsinin üzərində ümumi sahəsi 107,68 kv.m. olan 1 mərtəbəli fərdi yaşayış evinin alqı-satqısı haqqında Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 28 yanvar 2020-ci il tarixli, 3M-19 saylı “ilkin müqavilə” etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar