Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-978/2024 27.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-nin Abşeron Sukanal İdarəsinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Abşeron Sukanal İdarəsinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-368/2024 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyət hüququ əsasında **********7 qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 476 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan xx.xx.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllədə yerləşən 661 saylı evin su təchizatı və tullantı sularının axıdılması xidmətləri ilə bağlı İddiaçı və Cavabdeh ASC arasında müqavilə bağlanmışdır.
3. **********000 saylı abonent İddiaçı abonent kartından görünür ki, onun xx.xx.2023cü il tarixinə 293,73 manat borcu olmuş, bundan 70 manat ödəniş edilmiş və cəmi 223,73 manat borcu qalmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin Abşeron rayon Sukanal İdarəsi tərəfindən Abşeron rayonu, Saray qəsəbəsinin Üzümlük massivində yerləşən 661 saylı evə aid hesab fakturalarında hesablanmış 167,73 manat borcun silinməsi, şəxsi əmlakına vurduqları ziyana, hesab fakturalarında saxtakarlığa görə cinayət işinin açılmasına və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2018-ci ildə Abşeron rayonunun Saray qəsəbəsinin Üzümlük massivində 2 sot torpaq sahəsi almışdır. Bunun 1 sotunda ev, 80 m2 hissədə beton və çınqıl daş yerləşir, yerdə qalan 20 m2 torpaq sahəsi isə boşdur. Həmin ev 2014-cü ildə inşa edilib və həyətdə çirkab suların axıdılması üçün şambo tikilib. Bu şambodan hal-hazıki vaxta kimi istifadə olunur. 2014-cü ildən 2022-ci ilin yanvar ayına kimi Cavabdeh ASC Abşeron rayon Sukanal İdarəsi ondan kanalizasiya pulu hesablamamışdır, çünki o, həyətindəki şambodan istifadə edir. Lakin xx.xx.2022-ci ildən Cavabdeh ASC Abşeron Sukanal İdarəsi hesab fakturalarında çirkab suların axıdılması üçün ondan hazırkı vaxta kimi kanalizasiya pulu hesablayır, halbuki onun evində kanalizasiya xətti yoxdur. Evin su kodu 2014-cü ildə qeydiyyata alınmışdır. 2019-cu ilin yanvar ayında su kodunu öz adına keçirmişdir. xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilə qədər Cavabdeh ASC Abşeron rayon Sukanal İdarəsi Azərbaycan Respublikasının qiymət komitəsi tərəfindən təsdiq olunmuş qiymətlər əsasında hesab fakturalarında hesabat aparırdılar. O, isə vaxtında borcunu ödəmişdir. xx.xx.2019-cu ildən xx.xx.2019-cu il tarixinədək Cavabdeh ASC Abşeron Sukanal İdarəsi ona əlavə 86 m3 su hesablamışdır. Bu məsələnin araşdırılması üçün dəfələrlə idarəyə müraciət etmişdir. Oradan hər dəfə nümayəndələrini göndərib həyətə baxış keçirmişlər və söz vermişlər ki, artıq hesablanmış borcu siləcəklər, amma hazırkı vaxta kimi heç bir pul silinməmişdir. xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixinə kimi ona əlavə 76 m3 su borcu hesablanmışdır. xx.xx.2023-cü il tarixində ünvana su ölçən cihaz-sayğac quraşdırılmışdır. xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi sayğac göstəricisi 11 m3 olduğu halda, nəzarətçi Samir Fərzəliyev xx.xx.2023-cü il tarixində hesab fakturasında sayğac göstəricisini 45 m3 və əlavə 8 m3 su hesablanmışdır. 2 aya ona 53 m3 suya 51,80 manat borc hesablanmışdır. Qanuni 7,70 manat sərfiyyat əvəzinə ona 43,30 manat artıq borc hesablanmışdır. Onun hesablamalarına görə, 2019-cu ildən 2023-cü ilədək o, ümumilikdə 126 manatlıq su istifadə etmiş, bundan 70 manat ödəniş etmiş, hazırda isə 56 manat borcu qalmışdır. İdarə isə ona 293,73 manat su hesablamışlar və hazırda 223,73 manat borcu qaldığını bildirmişlər. xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 6 m3 su hesablandığı halda, yenidən xx.xx.2023-cü il tarixində 1 m3 suyu hesab fakturasına daxil etmişlər. Fakturada 1 m3 suyun dəyəri 2,4 manat hesablanır. Nəzarətçidən bunun izahını tələb etdikdə, cavab vermir, ona görə də məhkəməyə müraciət etməli olmuşdur.
6. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə1 iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı əhali kateoriyasına aid istehlakçı olaraq ünvan 1 ünvanında, ona məxsus evdə Cavabdeh ASC-nin Abşeron Sukanal İdarəsi tərəfindən göstərilən içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edir. Su təchizatı və kanalizasiya müəssisəsi ilə istehlakçı arasında qarşılıqlı münasibətləri və bununla əlaqədar yaranan digər məsələləri Azərbaycan Respublikasının “Su təchizatı və tullantı suları haqqında” Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi “Sudan istifadə Qaydaları” haqqında qərarı ilə tənzimlənir. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30-cu maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Həmin Qanunun 59-cu maddəsinin 3-cü bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. İddiaçının mənzilinə su təchizatı paylayıcı şəbəkəyə qoşulma d=20 mm olan boru (birləşmə) vasitəsi ilə həyata keçirilir. Abonentin istifadə etdiyi suyun ödəniş həcmi mənzilində quraşdırılmış mexaniki su ölçən cihazı ilə müəyyən olunur. Belə ki, “Sudan istifadə Qaydaları”na edilmiş 4 №-li əlavəyə əsasən-su təchizatı və kanalizasiya xidmətlərində sayğac olmadıqda, düzgün işləmədikdə, istifadəyə yararsız müəyyən olunarsa və ya istifadənin həcmini müəyyən etmək mümkün deyilsə mövcud cədvələ əsasən hesablanır. İddiaçı su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsi məqsədilə onunla Cavabdeh ASC-nin Abşeron Sukanal İdarəsi arasında xx.xx.2019-cu il tarixdə 40777034 nömrəli müqavilə bağlanmış, **********000 saylı abonent kodu açılmış və su sərfiyyatı normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. Cavabdeh ASC tərəfindən iddiaçıya işlətdiyi su sərfiyyatı və çirkab suların axıdılması xidmətlərinə görə borcun ödənilməsi tələbi ilə onun ünvanına hər ay bildiriş göndərilmiş, lakin borcun ödənilməsi təmin edilməmişdir. İddiaçının ailəsi ilə birlikdə yaşadığı ünvana xx.xx.2023-cü il tarixdə su sərfiyyatının ölçülməsi məqsədilə su ölçən cihazı-sayğac quraşdırılmışdır. Abonent-istehlakçı tərəfindən ailəsi ilə birıikdə yaşadığı ünvan 1 ünvanında, ona məxsus evdə Cavabdeh ASC-nin Abşeron Sukanal İdarəsi tərəfindən göstərilən içməli su təchizatı və kanalizasiya xidmətlərinə görə 2021-ci ilin aprel ayın akimi ümumiyyətlə ödənişlər etməmişdir. 2023-cü ilin 26 iyul tarixinə kimi İddiaçı su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsinə görə hesablanmış 223,73 manat pul məbləğindən Cavabdeh ASC tərəfindən xx.xx.2022-xx.xx.2023-cü il tarixi aralığındakı müddət üçün 164,60 manat pul məbləği silinmiş, 81,90 manat faktura borcu qalmışdır. İddiaçının xx.xx.2023-cü il tarixinə Cavabdeh ASC-yə 117,13 manat məbləğində ödənilməmiş əsaslı debitor borcu yığılıb qalmışdır. Abonentə onunla bağlanmış müqavilənin 2-ci bəndinə və “Sudan istifadə Qaydaları”nın 7.5-ci bəndinə əsasən ona məxsus sözügedən ünvanda həyətyanı 0,4 sot torpaq sahəsinə nəzərdə tutulmuş normativ qaydada hesabat-sərfiyyat verilməmişdir. Çirkab suların axıdılması xidmətinə görə aylıq hesabat verilməmişdir. Abonentin ailəsi ilə birlikdə yaşadığı evə dəfələrlə su təchizatı sistemindən suyun buraxılması və çirkab suların axıdılması məqsədilə əməkdaşlar tərəfindən nəzarət-baxışı keçirmişlər. İddiaçı məxsus ünvan 2 ünvanında, ona məxsus evdə baxış aktı tərtib olunmuş, foto və video çəkilmişdir. Sübut olunmuşdur ki, istehlakçı kimi sudan daima istifadə olunur. Əksər hallarda sayğacdan kənar rezin boru vasitəsilə, qeyri-qanuni həyətyanı sahədə və ətraf ərazidə içməli su səchizatından yaşıllıqların suvarılmasında istifadə olunur. Kanalizasiya sistemi mövcuddur, lakin xidmət sahəsinə daxil edilməyib, buna görə hesabat verilmir. Göründüyü kimi, iddiaçını su istehlakına görə qeydə alınmış borcu debitor borcudur, əsaslıdır, ona görə də iddia təmin edilməməlidir.
7. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-368/2024 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Abşeron Sukanal İdarəsinə qarşı iddiası təmin edilməmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən silinməsi tələb edilən borc debitor borc olduğundan, bununla da ona hər hansı maddi və ya mənəvi zərərin vurulmadığı müəyyən edilir. İddiaçı həmin borcun əsassız hesablandığını bildirilsə də, iddiaçı tələbinin əsası kimi istinad etdiyi həmin halı sübuta yetirə bilməmiş, bu barədə mötəbər, təkzibolunmaz sübut məhkəməyə təqdim etməmişdir.
9. Məhkəmə həmçinin, qeyd etmişdir ki, iddiaçı cavabdeh qismində Cavabdeh ASC Abşeron Sukanal İdarəsini qoymuş, bununla bağlı məhkəmə iddiaçıya, Cavabdeh ASC Abşeron Sukanal İdarəsinin əsl Cavabdeh ASC ilə əvəz olunması təklifini irəli sürmüş, lakin sözügedən ərizə məhkəməyə təqdim olunmadığından məhkəmə iddia tələbinə irəli sürülmüş sübutlar əsasında mahiyyəti üzrə işə baxmışdır. Ona görə də, iddiaçı tərəfindən cavabdeh qismində qoyulmuş Cavabdeh ASC Abşeron Sukanal İdarəsi iddia tələbinə cavab verməli şəxs olmadığından, iddia tələbi təmin edilməməlidir.
10. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 76.1, 76.2 və 88-ci maddəsinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlili iddia ərizəsi ilə eyni məzmun daşımışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı cavabdeh tərəf yazılı etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edib, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
15. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Maddə 54. İdarə 54.1. Hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. 54.2. İdarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. 54.3. İdarə ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. 54.4. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. 54.5. Dövlət idarələrinin və digər idarələrin ayrı-ayrı növlərinin hüquqi vəziyyətinin xüsusiyyətləri qanunvericiliklə müəyyənləşdirilir.
“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunu:
17. Maddə 5. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi prinsipləri
1. Su təchizatı və kanalizasiya müəssisələri öz vəzifələrini həyata keçirərkən aşağıdakı prinsiplərə əsaslanırlar: a) su təchizatı, tullantı sularının axıdılması və tullantıların atılması xidmətlərinin göstərilməsində öz xərcinin çıxarılması; b) istehlakçıların müvafiq keyfiyyətli və lazımi miqdarda su ilə, ilk növbədə içməli su ilə təmin olunması; c) su ehtiyatlarından səmərəli istifadə olunması; ç) tullantı suları və tullantıların təmizlənməsi və atılmasının etibarlı sisteminin yaradılması.
2. Su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər.
3. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
18. Maddə 59. Su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrlə bağlı hüquqları
1. Müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş şərtlərlə və qaydada su təchizatı və kanalizasiya müəssisələri aşağıdakı hüquqlara malikdir: a) bu Qanuna müvafiq olaraq onların fəaliyyəti prosesində bağlanılan müqavilədə göstərdikləri hər hansı xidmət növü üçün ödəmələrin və əvvəlcədən ödəmənin (avans) miqdarının müəyyənləşdirilməsinə dair təkliflər vermək; b) su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hər hansı istehlakçıdan bu Qanuna müvafiq olaraq müəyyənləşdirilmiş ödəmələri götürmək və onların ödənilməsini tələb etmək; c) qeyd olunan ödənişlərin müəyyənləşdirilmiş müddətlərdə verilməməsinə, həmçinin vəzifələrin hər hansı formada yerinə yetirilməməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada əlavə yığımlar və ya gecikdirilmiş borclar üzrə faizlər şəklində cərimə məbləğləri almaq; ç) su təchizatı və tullantı sularının axıdılması obyektlərinin ilkin və ya təkrar qoşulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada ödəməni müəyyənləşdirmək, tələb etmək və almaq.
2. Kanalizasiya müəssisələri göstərdiyi xidmətlərin müvafiq qaydada ödənilməsi şərti ilə leysan axarları vasitəsi ilə suların axıdılması üçün yol xidməti (müəssisələri) ilə müqavilə bağlaya bilərlər.
3. Su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği aşağıdakılara əsasən hesablanır: a) suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna; b) müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”
19. 4.1. İstehlakçıların vəzifələri aşağıdakılardır: (...) 4.1.3. bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək;
20. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 31 yanvar 2011-ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,3 manat müəyyən edilməklə, miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manat, Tarif (Qiymət) Şurasının xx.xx.2016-cı il tarixli qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,15 manat müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
22. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
23. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
26. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
27. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. **********000 saylı abonent İddiaçı abonent kartından görünür ki, onun xx.xx.2023-cü il tarixinə 293,73 manat borcu olmuş, bundan 70 manat ödəniş edilmiş və cəmi 223,73 manat borcu qalmışdır. İddiaçı həmin borcun 167,73 manat hissəsinin silinməsini xahiş edir.
30. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. (...)
31. Həmin Qanunun 61-ci maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. (...)
32. Həmin Qanunun 62-ci maddəsinə əsasən, qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.
33. İddiaçı artıq hesablanmış borcun silinmədiyini, xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixinə kimi ona əlavə 76 m3 su borcu hesablandığını göstərsə də, işdə olan Cavabdeh ASC-nin açıqlama-arayışından görünür ki, iddiaçı ailəsi ilə birıikdə yaşadığı ünvan 1 ünvanında ona məxsus evdə Cavabdeh ASC-nin Abşeron Sukanal İdarəsi tərəfindən göstərilən içməli su təchizatı və kanalizasiya xidmətlərinə görə 2021-ci ilin aprel ayına kimi ümumiyyətlə ödənişlər etməmişdir. 2023-cü ilin 26 iyul tarixinə kimi İddiaçı su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsinə görə hesablanmış 223,73 manat pul məbləğindən Cavabdeh ASC tərəfindən xx.xx.2022-xx.xx.2023-cü il tarixi aralığındakı müddət üçün 164,60 manat pul məbləği silinmiş, 81,90 manat faktura borcu qalmışdır. İddiaçı onunla bağlanmış müqavilənin 2-ci bəndinə və “Sudan istifadə Qaydaları”nın 7.5-ci bəndinə əsasən ona məxsus sözügedən ünvanda həyətyanı 0,4 ha torpaq sahəsinə nəzərdə tutulmuş normativ qaydada hesabat-sərfiyyat verilməmişdir. Çirkab suların axıdılması xidmətinə görə aylıq hesabat verilməmişdir.
34. Məhkəmə iclasında tədqiq olunmuş sənədlərdən həmçinin aydın olmuşdur ki, iddiaçı ilə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilə xx.xx.2019-cu il tarixdə bağlanmış, iddiaçının xx.xx.2022-ci il tarixədək olan borcu 62,10 manat (2019-2020) təşkil etmiş, suölçən sayğac xx.xx.2023-cü il tarixdə quraşdırılmış, xx.xx.2022-xx.xx.2023-cü il tarixi aralığındakı müddət üçün borcun silinməsindən sonra 2023-cü ilin avqust ayına olan cəmi borc 90,3 manat, hazırda borcunun məbləği isə ümumilikdə 122 manat təşkil edir.
35. İşdəki abonent kartından görünür ki, göstərilmiş xidmətdən istifadəyə görə iddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək 70 manat ödəniş etmişdir.
36. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).
37. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
38. Bundan başqa, iddiaçı cavabdehin ona maddi və mənəvi zərər vurmasına dair tələbinin əsası kimi istinad etdiyi hallar barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
40. İşdən həmçinin görünür ki, iddiaçı mövcud iddiaya cavab verməli şəxs kimi Cavabdeh ASC-nin Abşeron Sukanal İdarəsini cavabdeh qismində qoymuşdur. Abşeron Sukanal İdarəsi isə hüquqi şəxs Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxs olmayan təşkilatdır.
41. Cavabdeh idarənin əsas funksiyası su və kanalizasiya şəbəkələrinin qəza-bərpa, cari və əsaslı təmirinin aparılması, alınan suyun su anbarlarına qəbul olunması, su kəmərləri və qurğuları vasitəsi ilə müəyyən olunmuş məntəqələrə qədər nəql edilməsi və istehlakçılara bölüşdürülməsi, fəaliyyət göstərdiyi inzibati ərazi vahidlərindəki abonentlərə kanalizasiya xidmətinin yüksək səviyyədə təqdim edilməsi, tullantı sularının kanalizasiya şəbəkələrinə qəbulu, nəqli və ekoloji normalara uyğun təmizlənməsi, istehlakçılardan istifadə olunan suyun və göstərilən kanalizasiya xidmətlərinin dəyərinin yığılması, eləcə də su sayğaclarının müvafiq qaydada istismar edilməsi təşkil edir.
42. MPM-nin 50.1 və 50.3-cü maddələrinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
43. MPM-in tələblərindən göründüyü kimi, iş üzrə tərəflər yalnız iddiaçı və cavabdehdir. Tələb etmək hüququ olan şəxs iddiaçı, iddiaya cavab vermək vəzifəsi olan şəxs isə cavabdehdir.
44. İdarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. İdarə ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. (Mülki Məcəllənin 54.2, 54.3 və 54.4-cü maddələri)
45. Göstərilənlərə əsasən məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin mövcud iddia tələbinin ona cavab verməli olmayan şəxsə qarşı yönəlməsi barədə gəldiyi nəticəni əsaslı hesab edir.
46. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-368/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-368/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.