Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-98/2023 30.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı mülki iş üzrə (Açar söz: magistral qaz kəmərinin mühafizə zonasında olan fərdi yaşayış evinin sökülməsi, mühafizə zonasının boşaldılması ) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X3 Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə iddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi X6 iştirakı ilə Qobustan Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2(026)-20/2022 nömrəli qətnaməsindən iddiaçı Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat İddiaçı Dövlət Neft Şirkətinin “Qaz İxrac” idarəsi X16 Kəməri Sahəsinin istismarında olan 159 mm diametrli “Qobustan QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında Qobustan şəhəri, X17 ərazisində Cavabdeh məxsus fərdi yaşayış evinin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları” nın və Azərbaycan Respublikası DTN 2.9-2 X9 Lahiyələndirmə Normalarının tələbləri pozularaq “Qaz İxrac” İdarəsi Siyəzən Magistral X12 balans və istismarında olan 159 mm diametrli «Qobustan QPS qolu» yüksək təzyiqli (12-25 atm) yeraltı magistral qaz kəmərinin mühafizə zonasında, Qobustan şəhəri, X17 ərazisində kəmərdən 42 metr məsafədə Cavabdeh məxsus fərdi yaşayış evi inşa olunmuşdur. Magistral qaz kəmərlərinin mühafizə zonalarında inşa edilmiş tikililərlə əlaqədar Qobustan rayon İcra Hakimiyyətinə, Qobustan rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinə məlumat verilmiş və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən magistral qaz kəmərinin orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası təyin edilmişdir. Həmin qaydalara əsasən mühafizə zonasında kəməri istismar edən hüquqi və fiziki şəxslərin Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı bir tikinti-qurasdırma islərinin aparılması qəti qadağandır. Qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Bundan əlavə, “Qaydalar”ın 2.23-cü bəndinin tələblərinə əsasən X9nin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərini istismar edən orqanla razılaşdırılmalıdır. Belə bir razılaşma isə mövcud deyildir. Həmçinin Qaydaların 2.7-ci bəndinə əsasən, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilmişdir və həmin qaydaların 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər tərəfindən Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işləri aparılması qadağandır. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Qobustan Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2(026)-20/2022 nömrəli qətnaməsi ilə (hakim M.Q.Quliyev) iddiaçı “Qaz İxrac” İdarəsinin Siyəzən Magistral X12 istismarında olan 159 mm diametrli «Qobustan QPS qolu» yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin və “Qobustan” QPS-nin mühafizə zonasında, Qobustan şəhəri, X17 ərazisində Cavabdeh məxsus fərdi yaşayış evinin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya qaytarılması tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi və mütəxəssis rəyinin verilməsi üçün çəkilən 100 manat ekspertiza xərcinin Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsindən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməyərkən mövqeyini bu cür əsaslandırmışdır ki, Cavabdeh həmin ərazidən Mərəzə bələdiyyəsinin 20 iyul 2006-cı il tarixli, 334 saylı qərarı ilə 0,06 ha ölçüdə torpaq sahəsi verilmiş və Qobustan rayon icra hakimiyyəti başçısının 28 dekabr 2006-cı il tarixli, 388 saylı sərəncamı ilə Cavabdeh ayrılmış 0,06 ha torpaq sahəsində fərdi yaşayış evinin tikilməsinə icazə verilmişdir. Cavabdehin fərdi yaşayış evi inşa etdiyi torpaq sahəsi onun qanuni istifadəsindədir və həmin torpaq sahəsi ona bələdiyyənin qərarına əsasən satılıb və bu gün qərar qüvvədədir. Qobustan bələdiyyəsinin 20 iyul 2006-cı il tarixli qərarı və Qobustan rayon icra hakimiyyəti başçısının 28 dekabr 2006-cı il tarixli 388 saylı sərəncamı qüvvədə olduğundan və iddianın predmeti həmin sənədin mübahisələndirilməsi olmadığından iddiaçının Cavabdeh məxsus fərdi yaşayış evinin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılmasına dair tələbi əsassızdır. Göstərilən dövlət orqanı tərəfindən verilmiş aktlar mübahisələndirildikdən sonra nəticələndirilə bilər. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2, 152.1, 157.8, 240, 1096.1, Torpaq Məcəlləsinin 49-cu maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verərək Qobustan Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2(026)-20/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən inşa edilən fərdi yaşayış evi dövlətin müstəsna səlahiyyətində olan iddiaçıya məxsus qaz kəmərlərinin mühafizə zonasında yerləşən torpaq sahəsində, yəni, Qobustan şəhəri, X17 ərazisində cavabdeh – Cavabdeh tərəfindən, “Qaz İxrac” İdarəsinin Siyəzən Magistral X12 istismarında olan 159 mm diametri “Qobustan QPS qolu” yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasından 42 metr məsafədə inşa edilmişdir. Qobustan şəhəri, X17 ərazisində yerləşən cavabdeh tərəfindən inşa olunmuş tikili qanunla müəyyən olunmuş qaydada lazımi icazə olmadan (yəni qaz kəmərini istismar edən təşkilatdan yazılı razılıq), şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla, özbaşına aparıldığından, bu tikili yeraltı magistral qaz kəmərinin mühafizə zonasında inşa edildiyindən, kəmərin texniki istismarına və istifadəsinə maneələr törətdiyindən, ətrafdakı insanlar üçün ciddi təhlükə yaratdığından, həmin tikililər özbaşına tikili hesab edilməli, tikililər cavabdehin hesabına sökülməlidir. İşin mübahisəsiz halı bundan ibarətdir ki, həmin tikili qaz kəmərinin mühafizə zonasının daxilindədir. Belə ki, Qobustan şəhəri, X17 ərazisində cavabdehə – Cavabdeh tərəfindən, “Qaz İxrac” İdarəsinin Siyəzən Magistral X12 istismarında olan 159 mm diametri “Qobustan QPS qolu” yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasından 42 metr məsafədə tikili inşa edilmişdir. Həmin tikili magistral qaz kəmərinin “Qəbələ qolu” üçün, həmçinin ətrafdakılar üçün, eləcə də həmin tikilidən istifadə edən insanların öz həyatı üçün ciddi təhlükə yaradır. İşə baxan apellyasiya instansiyası məhkəməsi isə qətnamə çıxararkən qeyd edilən bu halların heç birini nəzərə almamışdır. Mühafizə zonası daxilində tikinti işlərinin aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Qeyd edilən qanunlara əsasən, mübahisəli ərazi insan həyatı üçün təhlükəlidir və digər hüquqi əsaslarla yanaşı, bu səbəbdən də, həmin ərazidə tikinti işlərinin aparılması yolverilməzdir. Neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Mübahisəli ərazi insan həyatı üçün təhlükəlidir və digər hüquqi əsaslarla yanaşı, bu səbəbdən də həmin ərazidə tikinti işlərinin aparılması yolverilməzdir. Belə ki, qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Cavabdeh tərəfindən buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilmiş qanunsuz tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də tikili sökülməlidir. Məhkəmə iş üzrə obyektiv araşdırma apararaq insanların həyatına qarşı real və birbaşa riskin mövcud olduğu vaxtda həmin riskdən xəbərdar olmaq və ya xəbərdar olmağa borclu olmaq və səlahiyyətləri çərçivəsində həmin riskin qarşısını ala biləcək tədbirləri görmək kontekstində işə yanaşmalı idilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilmişdir. Sözü gedən tikilinin magistral qaz kəməri üçün təyin olunmuş mühafizə zonasında inşa edildiyi faktı məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Qobustan Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2(026)-20/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada iş üzrə Cavabdeh və maraqlı şəxs Qobustan Bələdiyyəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə cavabdeh və maraqlı şəxsin nümayəndəsi iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. 46-cı və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddələrinə əsasən dövlət mülkiyyətində olan torpaqlara daxildir: dövlət obyektlərinin-dağ mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, maqistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm zolaqlarının, mühüm meliorasiya və su təsərüffatı obyektlərinin yerləşdiyi torpaqları və sair. 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. AR Sənayəevə Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən, “Neft Kəmərləri” İdarəsinin rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında hər hansı tikinti və quraşdırma işləri; bütün növ kol və ağacların basdırılması, yəni məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması və torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması qadağandır. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən əhali və ətraf mühit üçün təhlükə yaradan partlayış-yanğın, radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir. Həmin Qanunun əlavəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli, 94 saylı qərarına əsasən neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Qobustan Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2(026)-20/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş X16 Kəməri Sahəsinin texniki istehsalat şöbəsinin rəisi E. Mirzəcanzadə, ƏM və TT üzrə mühəndis R. Ağayev, texniki istehsalat şöbəsinin mühəndisi S. Vəliyev, Qobustan XİX-nin rəisi T. Mikayılov və xətt baxıcısı İ. Zamanov tərəfindən 16 iyun 2021-ci il tarixdə tərtib edilmiş və X16 Kəməri Sahəsinin rəisi tərəfindən təsdiq edilmiş aktdan görünür ki, Qobustan şəhər sakini Cavabdeh tərəfindən 159 mm diametrli «Qobustan QPS qolu» yüksək təzyiqli (1,2-2,5 atm) yeraltı magistral qaz kəmərinin mühafizə zonasında kəmərdən 42 metr məsafədə yaşayış evi inşa etmişdir. “Qaz İxrac” idarəsinin X16 Kəməri Sahəsinin 15 mart 2013-cü il tarixli Qİİ/F-062 saylı bildirişindən görünür ki, Qobustan şəhər sakini Cavabdeh yaşadığı ərazidən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin struktur vahidi kimi fəaliyyət göstərən "Qaz İxrac" İdarəsinin tabeçiliyindəki Siyəzən Magistral X12 balansında və istismarında olan yüksək təzyiqli və 159 mm diametrli Qobustan APS qol magistral qaz kəməri keçdiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qaz təchizatında mühafizə zonaları və tənlükəsizlik tədbirlərinə dair qərarına, eləcə də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normalarına ("Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında" xx.xx.1999-cü il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları"nın 2.7-ci bəndi və xx.xx.2009-cu il tarixli, 17 saylı əmri ilə təsdiq edilmiş “2.9-2 Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları "nın 5.12-ci bənd, 4 №-li cədvəl) əsasən tikililər ilə 159 (yüz əlli doqquz) mm diametrli qaz kəməri arasındakı məsafə 50 (əlli) metr müəyyən edilməli olduğu halda onun inşa etdiyi yaşayış evi yuxarıda göstərilən qaz kəməri arasındakı məsafənin 42 metr təşkil etdiyi, bununla da qeyd edilən qayda və normalarının müddəalarının pozulması, nəticədə yuxarıda göstərilən magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin kəmərlərin istismarında çətinliklər törədəcəyi, eləcədə potensial təhlükə mənbəyinə çevriləcəyi, gələcəkdə kəmərin zədələnməsi və qaz sızmasının baş verməsi nəticəsində partlayışa, yanğına və digər bədbəxt hadisələrə səbəb ola biləcəyi bildirilmişdir. “Qaz İxrac” idarəsinin X16 X8 rayon İcra Hakimiyyətinə ünvanlandığı 10 iyun 2021-ci il tarixli məktubda göstərilir ki, Qobustan rayonunu təbii qazla təmin edən “Qobustan QPA qolu magistral qaz kəmərinin, həmçinin qazpaylayıcı stansiya (QPS) 1987-ci ildə inşa edilib istismara verilmşdir. 2015-ci ildə mühafizə zonasının pozulması ilə əlaqədar MQK üçün yeni trassa seçilmiş və Qobustan rayonu icra hakimiyyəti ilə razılaşdırılmışdır. Aidiyyəti üzrə layihə-smeta sənədləri hazırlanmış, həmin sənədlər əsasında MQK-nın köçürülməsi üçün tikinti işlərinin başlanılmasına qərar verilmişdir. Lakin əməkdaşları tərəfindən yerində baxış keçirilərkən MQK və QPS-in mühafizə zonasında fərdi evlərin tikintisinin davam etdirilməsi və bunun nəticəsində MQK və QPS-in təhlükəsiz istismarına əlavə problemlər yaranması müəyyən edilmişdir. Yaranmış vəziyyətin həlli üçün MQK ilə birlikdə QPŞ də köçürülməlidir, lakin QPS-in köçürülməsi üçün idarənin maliyyə vəsaiti yoxdur və gələcəkdə planlaşdırılmır. QPS-in mühafizə zonasındakı evlər sökülməlidir. Bu halda idarənin vəsaiti hesabına MQK-nı köçürməklə problemi həll etmək olar. Qobustan rayon icra hakimiyyəti tərəfindən evlərin tikintisinə torpaq sahələri ayrılarkən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxşlərlə)razılaşdırılmalar aparılmamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli,103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.23-cü bəndinin tələbləri pozulmuşdür. Belə razılaşmalar olmadığından təbii fəlakət, kənar müdaxilələr və s. nəticəsində MQK və QPS-də qəza nalları baş verərsə, insanların sağlamlığına və onların əmlakına dəyə biləcək ziyana görə məsuliyyət Qobustan İcra Hakimiyyətinin üzərinə düşür. Yaranmış problemin həlli üçün QPS-in mühafizə zonasındakı evlərin sökülməsi ilə əlaqədar tədbirlər görülməsi xahiş edilmişdir. “Qaz İxrac” idarəsi X16 Kəməri Sahəsi “Qobustan QPS-nın” Qol qaz kəmərinin 2020ci il tarixli texniki pasportunda göstərilir ki, həmin sahə 96 km məsafədə texniki xidmət göstərməklə qaz kəmərinin çəkildiyi borunun xarici diametti 159 mm, daxili diametri isə 149 dm, təyin edilmiş yol verilən işçi təzyiqi 3,5 MPa-dır. İş materiallarına əlavə edilmiş Mərəzə bələdiyyəsinin 20 iyul 2006-cı il tarixli 334 nömrəli qərarından görünür ki, Qobustan rayonunun Mərəzə qəsəbəsinin baş planında “Yeni Massiv” ərazisində nəzərdə tutulmuş torpaq sahəsindən 0,06 ha ölçüdə torpaq sahəsini Qobustan rayon İHB-nin baş memarının rəyini və çəkdiyi cizgini nəzərə alaraq Qobustan rayonunun Mərəzə qəsəbə sakini X1 daimi mülkiyyətinə verilmişdir. Qobustan rayon icra hakimiyyəti başçısının Mərəzə qəsəbə sakini X2 fərdi yaşayış evinin tikintisinə icazə verilməsi haqqında 28 dekabr 2006-cı il tarixli 388 saylı sərəncamından çıxarışın surətindən görünür ki, Mərəzə bələdiyyəsinin 20 iyul 2006-cı il tarixli 334 nömrəli qərarı ilə Mərəzə qəsəbəsinin X17ndən X2 ayrılmış 0,06 ha torpaq sahəsində Rayon İcra Hakimiyyətinin Başçısı Aparatının memarlıq və tikinti bölməsinin təsdiq etdiyi layihə əsasında fərdi yaşayış evi tikilməsinə icazə verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 noyabr 2021-ci il tarixli, 10/4763 saylı ekspert rəyində göstərilir ki, “Qaz İxrac” idarəsi X16 Kəməri Sahəsinin istismarında olan 159 mm diametrli “Qobustan QPS qolu” yüksək təzyiqli (12-15 atm magistral qaz kəmərindən Qobustan şəhəri, X17 ərazisində Cavabdeh tərəfindən inşa edilmiş yaşayış evinə qədər olan məsafə 42,0 metr təşkil etdiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh həmin ərazidən Mərəzə bələdiyyəsinin 20 iyul 2006-cı il tarixli, 334 saylı qərarı ilə 0,06 ha ölçüdə torpaq sahəsi verilmiş və Qobustan rayon icra hakimiyyəti başçısının 28 dekabr 2006-cı il tarixli, 388 saylı sərəncamı ilə Cavabdeh ayrılmış 0,06 ha torpaq sahəsində fərdi yaşayış evinin tikilməsinə icazə verilmişdir. Cavabdehin fərdi yaşayış evi inşa etdiyi torpaq sahəsi onun qanuni istifadəsindədir və həmin torpaq sahəsi ona bələdiyyənin qərarına əsasən satılıb və bu gün qərar qüvvədədir. Qobustan bələdiyyəsinin 20 iyul 2006-cı il tarixli qərarı və Qobustan rayon icra hakimiyyəti başçısının 28 dekabr 2006-cı il tarixli, 388 saylı sərəncamı qüvvədə olduğundan və iddianın predmeti həmin sənədin mübahisələndirilməsi olmadığından iddiaçının Cavabdeh məxsus fərdi yaşayış evinin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılmasına dair tələbi əsassızdır. Göstərilən dövlət orqanı tərəfindən verilmiş aktlar mübahisələndirildikdən sonra nəticələndirilə bilər. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşmaq olmaz. Belə ki,birinci instansiya məhkəməsi ilk olaraq iddianın təmin edilməməsinə dair gəldiyi nəticəni Qobustan Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx.xx.2006-ci il tarixli 388 nömrəli sərəncamın qüvvədə olması ilə əsaslandırmışdır. İddiaçı “Qaz İxrac” idarəsi qeyd edilən sərəncamın ləğv edilməsi ilə əlaqədar Sumqayıt İnzibati Məhkəməsinə müraicət etmiş, Sumqayıt İnzibati Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2-1(118)-176/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Qobustan Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx.xx.2006-ci il tarixli 388 nömrəli sərəncamı ləğv edilmişdir. Qeyd edilən qərar qanuni qüvvəsini almışdır. Bununla da müəyyən edilir ki, hazırki iddianın təmin edilməməsinə əsas kimi göstərilmiş Qobustan Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx.xx.2006-ci il tarixli, 388 nömrəli sərəncamı qanuni qüvvəsini almış məhkəmə qərarı ilə ləğv edilmişdir. Məhkəmə kollegiyası iddia tələbinə qiymət verərək qeyd edir ki, iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 10 noyabr 2021-ci il tarixli 10/4763 saylı ekspert rəyindən görünür ki, “Qaz İxrac” idarəsi X16 Kəməri Sahəsinin istismarında olan 159 mm diametrli “Qobustan QPS qolu” yüksək təzyiqli (12-15 atm magistral qaz kəmərindən Qobustan şəhəri, X17 ərazisində Cavabdeh tərəfindən inşa edilmiş yaşayış evinə qədər olan məsafə 42,0 metr təşkil etdiyi müəyyən edilmişdir. "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında" xx.xx.1999-cü il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları"nın 2.7-ci bəndi əsasən magistral qaz kəmərinin orta oxundan hər tərəfə şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası təyin edilir. Qaydaların 2.23-cü bəndinə əsasən X9nin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. 2.7. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir. 2.11. Boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır: Həmin qaydalara əsasən mühafizə zonasında kəməri istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı bir tikinti-quraşdırma işlərinin aparılması qəti qadağandır. Qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Hazırki işdən də görünür ki, cavabdehə məxsus fərdi yaşayış evi ilə qaz kəməri arasındakı məsafə 42 metr təşkil edir, həmin tikilinin tikilməsi ilə bağlı hər hansı razılıq alınmamışdır. Bununla da müəyyən edilir ki, cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi iddiaçı təşkilata məxsus neft kəmərinin mühafizə zonasına düşür və fərdi yaşayı evi müvafiq razılıqlar alınmadan inşa edilmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, cavabdehə məxsus fərdi yaşayış evi qaz kəmərinin mühafizə zonasında müvafiq razılaşmalar alınmadan tikildiyindən sökülməlidir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, mühafizə zolağında tikilmiş fərdi yaşayış evi cavabdehin hesabına sökülməli, mühafizə zonası boşaldılmalıdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki. iddia tələbi təmin edildiyindən ödənilmiş 10 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, hazırki iddianın təmin edilməməsinə əsas olan hallar aradan qalxdığından, iddia tələbi və apellyasiya şikayəti əsaslı olduğu üçün təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Qobustan Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2(026)-20/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli,X16 Kəməri Sahəsinin istismarında olan 159 mm diametrli “Qobustan QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında Qobustan şəhəri, X17 ərazisində Cavabdeh məxsus fərdi yaşayış evi öz vəsaiti hesabına sökülməli, mühafizə zonası boşaldılmalı, ödənilmiş 10 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.2, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin apellyasiya şikayəti təmin edilsin. Qobustan Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2(026)-20/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. X16 Kəməri Sahəsinin istismarında olan 159 mm diametrli “Qobustan QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında Qobustan şəhəri, X17 ərazisində Cavabdeh məxsus fərdi yaşayış evi öz vəsaiti hesabına sökülsün və mühafizə zonası boşaldılsın. Ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin SAP (XİİS) hesabı-X4, kod-210005; VÖEN- **********; müxbir hesab AZ41NABZ********************; SWİFT BİK- CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; hesab- AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.