Məhkəmə qərarları › İş №2(105)-986/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-986/2023

07.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-986/2023 07.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə Xaçmaz Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli 2(067)-225/2023 nömrəli qətnaməsindən ərizəçinin vəkili X1 tərəfindən verilən apellyasiya şikayətinin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Ərizəçi Nurəddin oğlunun adına işlənmiş 0,10 ha torpaq sahəsinə dair Xaçmaz rayon Tikanlı-oba bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 06 saylı qərarının, torpaqların alqı-satqısına dair xx.xx.2005-ci il tarixli 2490 qeydiyyat nömrəli aktın, DTXK-nin Xaçmaz rayon şöbəsinin xx.xx.2008-ci il tarixli 3158 nömrəli torpaq sahəsinin planı və ölçüsünün və rəyinin ona-Ərizəçi Nusrəddin oğluna məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli 2(067)-225/2023 nömrəli qətnaməsi ilə Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilməmişdir (hakim Anar Sadıqov). Qətnamədən ərizəçinin vəkili X1 apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edib, apellyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apellyasiya qaydasında baxılması hazırda qeyri-mümkündür. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Xaçmaz Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli 2(067)-225/2023 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin elektron qaydada Ərizəçi vəkili X1 tərəfindən imzalandığı göstərilsə də, imzalayan şəxsin buna səlahiyyətinin olmasını təsdiq edən sənəd (etibarnamə) şikayətə əlavə edilməmişdir. Bununla da prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir (Mülki Prosessual Məcəllənin 74.1., 74.2. maddələri). AR MPM-in 363.1.1-ci maddəsinin tələbinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Göründüyü kimi birinci instansiya məhkəməsi bu məsələyə diqqət yetirməmiş və əhəmiyyət verməmiş, qətnamədən verilmiş apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərmiş, bununla da prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə görə apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlar hazırkı halda apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli 2(067)-225/2023 nömrəli qətnaməsindən ərizəçinin vəkili X1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Buna görə də şikayətə apellyasiya qaydasında baxılması hazırkı halda qeyri-mümkün hesab edilməli, mülki iş prosessual pozuntuların aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 365, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Xaçmaz Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli 2(067)-225/2023 nömrəli qətnaməsindən ərizəçinin vəkili X1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar