Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-991/2023 13.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac idarəsinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X5 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh qarşı X6 Kəməri Sahəsinin istismarında olan 159 mm diametrli “Qobustan QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında yerləşən cavabdehə məxsus fərdi yaşayış evinin sökülməsi, mühafizə zonasının boşaldılması tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(026)-12/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Qobustan bələdiyyəsinin 20 iyun 2006-cı il tarixli, 06 nömrəli qərarı ilə Qobustan bələdiyyəsinin alqı-satqı predmeti olan 0,06 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə Cavabdeh satılması qərara alınmışdır.
2. X6 Kəməri Sahəsinin texniki istehsalat şöbəsinin rəisi E. Mirzəcanzadə, ƏM və TT üzrə böyük mühəndis S. Hüseynov, Qobustan XİX-nin rəisi T. Mikayılov və texniki istehsalat şöbəsinin müdiri S. Vəliyev tərəfindən 20 iyun 2022-ci il tarixdə tərtib edilmiş və X6 Kəməri Sahəsinin rəisi tərəfindən təsdiq edilmiş akta əsasən müəyyən edilir ki, Qobustan şəhər sakini Cavabdeh tərəfindən 159 mm diametrli “Qobustan QPS qolu” yüksək təzyiqli (1,2- 2,5 atm) yeraltı magistral qaz kəmərinin mühafizə zonasında kəmərdən 29 metr məsafədə fərdi yaşayış evi inşa edilmişdir.
3. “Qaz İxrac” idarəsinin X6 Kəməri Sahəsi Cavabdeh 15 mart 2013-cü il tarixli bildiriş ünvanlanaraq, onun yaşadığı ərazidən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin struktur vahidi kimi fəaliyyət göstərən “Qaz İxrac” İdarəsinin tabeçiliyindəki Siyəzən Magistral X4 balansında və istismarında olan yüksək təzyiqli və 159 mm diametrli Qobustan APS qol magistral qaz kəməri keçdiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qaz təchizatında mühafizə zonaları və tənlükəsizlik tədbirlərinə dair qərarına, eləcə də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normalarına (“Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.1999-cü il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın 2.7-ci bəndi və xx.xx.2009-cu il tarixli, 17 saylı əmri ilə təsdiq edilmiş “2.9-2 Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları”nın 5.12-ci bənd, 4 №-li cədvəl) əsasən tikililər ilə 159 (yüz əlli doqquz) mm diametrli qaz kəməri arasındakı məsafə 50 (əlli) metr müəyyən edilməli olduğu halda onun inşa etdiyi fərdi yaşayış evi yuxarıda göstərilən qaz kəməri arasındakı məsafənin 29 metr təşkil etdiyi, bununla da qeyd edilən qayda və normalarının müddəalarının pozulması, nəticədə yuxarıda göstərilən magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin kəmərlərin istismarında çətinliklər törədəcəyi, eləcə də potensial təhlükə mənbəyinə çevriləcəyi, gələcəkdə kəmərin zədələnməsi və qaz sızmasının baş verməsi nəticəsində partlayışa, yanğına və digər bədbəxt hadisələrə səbəb ola biləcəyi bildirilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Dövlət Neft Şirkətinin “Qaz İxrac” idarəsi X6 Kəməri Sahəsinin istismarında olan 159 mm diametrli “Qobustan QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında Qobustan şəhəri, X7 ərazisində Cavabdeh məxsus fərdi yaşayış evinin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı Dövlət Neft Şirkətinin “Qaz İxrac” idarəsinin nümayəndəsi Nümayəndə1 iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq “Qaz İxrac” İdarəsi Siyəzən Magistral X4 balans və istismarında olan 159 mm diametrli “Qobustan QPS qolu” yüksək təzyiqli (12- 25 atm) yeraltı magistral qaz kəmərinin mühafizə zonasında, Qobustan şəhəri, X7 ərazisində kəmərdən 29 metr məsafədə fərdi yaşayış evi inşa etmişdir. Magistral qaz kəmərlərinin mühafizə zonalarında inşa edilmiş tikililərlə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məlumat verilmiş və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən magistral qaz kəmərinin orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası təyin edilmişdir. Həmin qaydalara əsasən mühafizə zonasında kəməri istismar edən hüquqi və fiziki şəxslər tərəfindən Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı bir tikinti-quraşdırma işlərinin aparılması qəti qadağandır. Qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Bundan əlavə “Qaydalar”ın 2.23-cü bəndinin tələblərinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qazkəmərini istismar edən orqanla razılaşdırılmalıdır. Belə bir razılaşma isə mövcud deyildir. Həmçinin Qaydaların 2.7-ci bəndinə əsasən, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilmişdir və həmin qaydaların 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işləri aparılması qadağandır. Tikinti aparmaq üçün lazımi icazələr (yəni “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı...) alınmadan və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla inşa edilmişdir. Cavabdehə məxsus, buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa olunan tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. “Qaz İxrac” İdarəsi, Siyəzən Magistral X4 istismarında olan 159 mm diametrli “Qobustan QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında, Qobustan şəhəri, X7 ərazisində Cavabdeh məxsus fərdi yaşayış evinin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(026)-12/2023 nömrəli qətnaməsi ilə (hakim Mirələm Quliyev) iddia təmin edilməmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh Tofiq oğluna Mərəzə bələdiyyəsinin 20 iyun 2006-cı il tarixli 06 saylı qərarı ilə 0,06 ha ölçüdə torpaq sahəsi verilmiş, Cavabdeh Tofiq oğlu ayrılmış 0,06 ha torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Fərdi yaşayış evi inşa etdiyi torpaq sahəsi onun qanuni istifadəsindədir və həmin torpaq sahəsi ona bələdiyyənin qərarına əsasən satılıb və bu gün qərar qüvvədədir. Qobustan bələdiyyəsinin 20 iyun 2006-cı il tarixli qərarı qüvvədə olduğundan və iddianın predmeti həmin sənədin mübahisələndirilməsi olmadığından iddiaçının Cavabdeh Tofiq oğluna məxsus fərdi yaşayış evinin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılmasına dair tələbi əsassızdır. Göstərilən dövlət orqanı tərəfindən verilmiş aktlar mübahisələndirildikdən sonra nəticələndirilə bilər.
8. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 149.2, 1096.1, 152.1, 240.1, 240.2, 240.3, Torpaq Məcəlləsinin 49.1, 49.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 214.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
9. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilmişdir. Tikili qaz kəmərinin mühafizə zonasının daxilindədir. Qobustan şəhəri, X7 ərazisində cavabdeh tərəfindən, “Qaz İxrac” İdarəsinin Siyəzən Magistral X4 istismarında olan 159 mm diametri “Qobustan QPS qolu” yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasından 29 metr məsafədə tikili inşa edilmişdir. Həmin tikili magistral qaz kəməri üçün, həmçinin ətrafdakılar üçün, eləcə də həmin tikilidən istifadə edən insanların öz həyatı üçün ciddi təhlükə yaradır. İşə baxan məhkəmə isə qətnamə çıxararkən qeyd edilən bu halların heç birini nəzərə almamışdır. Mühafizə zonası daxilində tikinti işlərinin aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Mübahisəli ərazi insan həyatı üçün təhlükəlidir və digər hüquqi əsaslarla yanaşı, bu səbəbdən də, həmin ərazidə tikinti işlərinin aparılması yolverilməzdir. Sökülməsi tələb edilən tikili cavabdeh tərəfindən lazımi icazələr almadan (Azərbaycan Respublikası Mülki Məcəlləsinin180.1-ci maddəsi tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti vəonun yerli orqanlarının yazılı razılığı olmadan...) tikinti işləri aparmış və həmin tikinti saxlanılmaqla “Qaz İxrac”İdarəsinin hüquqlarını və qanunla nəzərdə tutulan mənafelərini pozmuş və fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradmışdır. Tikinti işlərinə başlanan zaman cavabdehə yazılı xəbərdarlıq edilmişdir. Həmçinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.4-cü bəndinə əsasən, elektrik, rabitə, neft-qaz və nəqliyyat xəttləri və sənaye müəssisələrinin sanitariya mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli, çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün (tikinti) xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. Qətnamədə qeyd edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 21 iyul 2016-cı il tarixdə verdiyi İN/L-1663/2016 saylı lisenziyadan görünür ki, Qobustan şəhərində Cavabdeh Tofiq oğluna məxsus 1 mərtəbəli fərdi yaşayış evinin tikilməsinə icazə verilmişdir. Bununla bağlı qeyd edirlər ki, evin tikilməsi üçün icazə yerli icra hakimiyyətinin sərəncamına və ya məlumatlandırma icraatı qaydasında həyata keçirilir. Lakin cavabdehə tikinti üçün heç bir icazə sənədi verilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 və Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmiş, izahatında həmçinin bildirmişdir ki, torpaq sahəsi ona bələdiyyə tərəfindən ayrılmış və orada ev tikmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
15. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
16. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 19. Mühafizə zonası və tədbirləri
1. Sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər.
2. Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri sənaye qaz qurğusunun istismarına icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir.
3. Bu maddənin 1-ci hissəsi tətbiq edilənə qədər mühafizə zonası və tədbirləri ilə bağlı qüvvədə olan norma və qaydalar tətbiq edilir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirini Qaydaları”
1.1. Bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa, digər qanunvericilik aktlarına, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanına uyğun olaraq, qaz təchizatı sahəsində magistral və xarici qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insan həyatı və ya sağlamlığını, ətraf mühiti və dövlətin əmlak maraqlarını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarını müəyyən edir. 2.7. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün ayrılmış torpaq sahələrindən keçən çoxsaylı qarışıq boru kəmərləri xətti boyunca, onun kənar kəmərinin orta oxundan hər tərəfə, şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; boru kəmərlərinin sualtı keçidləri xətti boyunca su səthindən onun dibinə qədər olan məkanda, paralel müstəvilər arasında, kənar xəttin orta oxundan hər tərəfə 100 m mühafizə zonası ayrılır; kondensatın saxlanması, qazdan ayrılması üçün tutumların, neft və neft məhsullarının, kondensatlarının, sıxılmış qarışıqların qəza vəziyyətində axıdılması üçün torpaq anbarlarının əhatəsində göstərilən obyektlərin ərazisinin sərhədlərindən hər tərəfə 50 m olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır; baş və aralıq sorulub vurulma və doldurma nasos stansiyalarının, çən parklarının, kompressor və qazpaylayıcı stansiyaların, qaz məsrəflərinin ölçüldüyü qovşaqların, doldurma və qəbuletmə körpülərinin, yeraltı qazsaxlama stansiyalarının neft və neft məhsullarının qızdırılması məntəqələrinin əhatəsində göstərilən obyektlərin sərhədlərindən hər tərəfə 100 m olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (...)
Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər (...) 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)
Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 aprel 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməlidir.
21. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərək qeyd etmişdir ki, Cavabdeh Tofiq oğluna Mərəzə bələdiyyəsinin 20 iyun 2006-cı il tarixli 06 saylı qərarı ilə 0,06 ha ölçüdə torpaq sahəsi verilmiş, Cavabdeh Tofiq oğlu ayrılmış 0,06 ha torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Fərdi yaşayış evi inşa etdiyi torpaq sahəsi onun qanuni istifadəsindədir və həmin torpaq sahəsi ona bələdiyyənin qərarına əsasən satılıb və bu gün qərar qüvvədədir. Qobustan bələdiyyəsinin 20 iyun 2006-cı il tarixli qərarı qüvvədə olduğundan və iddianın predmeti həmin sənədin mübahisələndirilməsi olmadığından iddia tələbi əsassızdır.
22. Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər (Qaz təhcizatı haqqında Qanunun 19-cu maddəsinin 1-ci bəndi).
23. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədiqaqatının nəticəsinə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 yanvar 2023-cü il tarixli 10/6035 saylı ekspert rəyində göstərilmişdir ki, Qobustan şəhəri, X7 ərazisində yerləşən X1 məxsus tikilinin “Qaz İxrac” idarəsi X6 Kəməri Sahəsinin istismarında olan “Qobustan QPS qolu” yüksək təzyiqli (12-15 atm) magistral qaz kəmərinin mühafizə zonasında inşa edildiyi müəyyən edilmişdir.
24. Ekspert rəyindən həmçinin görünür ki, baxış zamanı tikilinin yerləşdiyi ərazidən 159 mm-lik yüksək təzyiqli yeraltı qaz kəmərinin çəkildiyi və həmin qaz kəmərindən mübahisəli tikilinin divarına qədər olan məsafə 29,0 metr təşkil etdiyi müəyyən olunmuşdur.
25. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən magistral qaz kəmərlərinin orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr keçən torpaq sahəsi mühafizə zonası təyin edilir.
26. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.13. bəndinə əsasən, boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kərriərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh məxsus mübahisəli tikili (yarımtikili) Dövlət Neft Şirkətinin “Qaz İxrac” idarəsi X6 Kəməri Sahəsinin istismarında olan 159 mm diametrli “Qobustan QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında yerləşir və həmin tikili tikinti norma və qaydalarına uyğun olaraq inşa edilməmişdir.
28. Birinci instansiya məhkəməsi torpaq sahəsinin Qobustan bələdiyyəsinin 20 iyun 2006-cı il tarixli qərarı ilə iddiaçıya ayrıldığına, həmin qərarın qüvvədə olduğuna və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən idiaçıya məxsus fərdi yaşayış evinin tikilməsinə icazə verilməsinə istinad etmişdir.
29. Tikintiyə icazənin verilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, fərdi yaşayış evinin tikintisinə icazə ilə bağlı məsələlər Aərbaycan Respublikasının Şəhərsalnma və Tikinti Məcəlləsinin 14-cü fəslində müəyyən eidlmiş qaydada həll edilir. Göstərilən məhdud məsuliyyətli cəmiyyətin tikintiyə icazə verilməsi ilə bağlı səlahiyyəti yoxdur. Hazırkı işdən şəhərsalma və tikinti qaydalarına uyğun tikintinin aparılması müəyyən olunmur.
30. Mübahisəli tikilinin lazımi icazə alınmadan və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş layihə olmadan tikilməsi, həmin tikilinin yuxarıda qeyd edilən “Qaydalar”ın tələbləri pozulmaqla magistral qaz kəmərinin mühafizə zonasında inşa edilməsi, bunun ilk növbədə gələcəkdə cavabdehin həyatı üçün yüksək təhlükə mənbəyi olacağı, sözügedən qaz kəməri ilə yüksək təzyiqli qaz nəql olunduğu üçün onun gələcəkdə zədələnməsi və ya qaz sızması baş verməsi halında bunun qarşısı alınmaz xoşagəlməz nəticələr doğuracağı məhkəmə tərəfindən nəzərə alınmamışdır.
31. Qobustan bələdiyyəsinin 20 iyun 2006-cı il tarixli qərarının qüvvədə olması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin qərarla cavabdehə torpaq sahəsi ayrılmışdır. İddia tələbi əsasında həmin torpaq sahəsi üzərində inşa edilmiş tikilinin sökülməsi mübahisələndirilir. Qobustan bələdiyyəsinin 20 iyun 2006-cı il tarixli qərarı ilə cavabdehə torpaq sahəsinin ayrılması, onun üzərində lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarına və qaydalarına riayət edilmədən hər hansı tikili inşa etməyə hüquq vermir. Hazırki halda tikili qaz boru kəmərinin təhlükəsizlik və mühafizə zonasında yerləşdiyindən, tikintinin aparılmasına əsas ola biləcək zəruri razılıqlar alınmadığından yuxarıda qeyd olunan normativ hüquqi aktlara əsasən özbaşına tikili hesab olunmalı və Mülki Məcəllənin 180-ci maddəsinin tələbləri tətbiq olunmalıdır.
32. “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə Avropa Məhkəməsi 18 iyun 2002-ci il tarixli Qərarında göstərmişdir ki, Konvensiyanın 2-ci maddəsinin 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həm də ümumi anlayışlarla yaşamaq hüququnu təmin edir və bəzi dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə öz yurisdiksiyası daxilində olan insanların həyatının qorunması üzrə müvafiq tədbirlər görmək öhdəliyini qoyur. ... Həyata qarşı ehtimal olunan hər bir təhlükə dövlət orqanlarının üzərinə həmin riskin qarşısını almaq üçün konkret tədbirlər görmək öhdəliyini qoymasa da, məsələn, əgər müəyyən edilsə ki, dövlət orqanları insanın və ya insanların həyatına qarşı real və birbaşa riskin mövcud olduğu vaxtda həmin riskdən xəbərdar idilər və ya xəbərdar olmağa borclu idilər və səlahiyyətləri çərçivəsində həmin riskin qarşısını ala biləcək tədbirləri görməyiblər, o halda vəziyyət fərqlidir.
33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, müvafiq olaraq tikintinin müvafiq şəhərsalma və tikinti qaydalarına uyğun tikilməsi müəyyən olunmadığından, tikilinin müvafiq qaz kəmərinin mühafizə zonasında yerləşməsi ekspertiza rəyi ilə müəyyən olunduğundan, insanların, o cümlədən cavabdehin həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilməsi əsaslı hesab edilməlidir.
34. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı).
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəmə işin bütün faktiki hallarını araşdırmayaraq iddianın təmin edilməməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir.
36. Azərbaycan Respublikası MPM-in 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
37. Məhkəmə kollegiyası MPM-in yuxarıda qeyd olunan 119.1-ci maddəsinə əsasən həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (yüz) manat isə cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməlidir.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(026)-12/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən “Qaz İxrac” İdarəsi X6 Kəməri Sahəsinin istismarında olan 159 mm diametrli “Qobustan QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş Qobustan şəhəri, X7 ərazisində yerləşən tikili cavabdehin öz vəsaiti hesabına sökülsün və mühafizə zonası boşaldılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin hesabına ödənilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.