Məhkəmə qərarları › İş №2(105)-996/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-996/2025

06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-996/2025 06.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: subroqasiya qaydasında pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X4 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi,iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, Zəngilan Rayon Məhkəməsinin 2(034)-4/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 14.319,68 manat məbləğində vəsaitin, 132,96 manat dövlət rüsumunun, 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən idarə olunan **-DX-*** dövlət qeydiyyat nişanlı «Chrysler» markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış **-PH-*** dövlət qeydiyyat nişanlı «Mercedes Benz GLE450» markalı avtonəqliyyat vasitəsinə xx.xx.2022-ci il tarixində yol nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh təqsirli bilinmişdir. Sığortalı ** PH *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz GLE450» markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. ** PH *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz GLE450» markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 19319,68 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli “Sığorta aktı”na əsasən azadolma çıxılmaqla 19219,68 manat məbləğində sığorta ödənişi nəqliyyat vasitəsinintəmiri ilə bağlı təmir mərkəzinin hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 4900,00 manat məbləğində vəsait ödənilmişdir. xx.xx.2022-ci il tarixində sığorta ödənişi və azadolma çıxılmaqla qalıq məbləğ olan 14319,68 manat subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdeh(lərə) məktub göndərilmiş, lakin cavabdeh(lər) həmin məbləği ödəməmişdir. Buna görə də iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur.

3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

4. Zəngilan Rayon Məhkəməsinin 2(034)-4/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Gülsarə İmanova) iddia qismən təmin edilmiş, Cavabdeh 11024 manat məbləğində pul vəsaiti, 132,96 manat məbləğində dövlət rüsumu və 0,40 qəpik məbəlğində bank xidmət haqqının tutularaq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iş üzrə ekspertiza xərci olan 100 manat iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh idarə etdiyi ** DX *** dövlət qeydiyyat nişanlı «Chrysler» markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** PH *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz GLE450» markalı avtonəqliyyat vasitəsinə xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh təqsirli bilinmişdir. Sığortalı ** PH *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz GLE450» markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. ** PH *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz GLE450» markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 19319,68 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli “Sığorta aktı”na əsasən azadolma çıxılmaqla 19.219,68 manat məbləğində sığorta ödənişi nəqliyyat vasitəsinin təmiri ilə bağlı təmir mərkəzinin hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 4900,00 manat məbləğində vəsait ödənilmişdir. xx.xx.2022-ci il tarixində sığorta ödənişi və azadolma çıxılmaqla qalıq məbləğ olan 14319,68 manat subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. Mülki iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/1046 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Autostar Kaukasus” tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Mercedes Benz GLE450” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 16.530,00 manat müəyyən edilir. O cümlədən-dəyişilməli hissələrin qiyməti - 15130,00 manat; təmir- bərpa işlərinin qiyməti 1400,00 manat. Avtoehtiyat hissələrinə bir il köhnəlmə faizi tətbiq edilməklə təxminən 15924,00 manat müəyyən edilir. O cümlədən, dəyişilməli hissələrin qiyməti – 14524,00 manat; təmir-bərpa işlərinin qiyməti -1400,00 manat. Dəymiş ziyan (ehtiyat hissələrinin qiymətinə və təmirbərpa xərclərinə) ƏDV nəzərə alınmaqla hesablanmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, “Mercedes Benz GLE450” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanla bağlı 4900 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1097.1, 1108.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək Zəngilan Rayon Məhkəməsinin 2(034)- 4/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizanın təyin edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edərək, vəsatətdə qeyd etmişdir ki, iddiaçının iddia tələbi ilə razı deyil və iddia tələbi əsassızdır. Belə ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı "xxxx" ASC sığortalanmış ** PH *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz GLE450» markalı avtomaşına iddiaçının iddia etdiyi 14.319,68 manat məbləğdə ziyan dəyməmişdir. İddiaçı həmin məbləği şişirdilmiş formada yazmışdır. Dəymiş ziyan artıqlaması ilə ödəmişdir. Avtomobilə dəymiş ziyan o qiymətə gəlib çıxa bilməz. Məhkəmə tərəfindən vəsatət təmin edilmiş və üzrə ekspertiza təyin edilmişdir. xx.xx.2023-cü il tarixli ekspert rəyində nəzəri hesablama yolu ilə iş materiallarında olan «Autostar Caucasus» tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2019-cu il buraxılışlı «Mercedes Benz GLE450» markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 14.787,00 manat müəyyən edilmişdir. Daha sonra məhkəmə tərəfindən ziyanın düzgün hesablanması üçün təkrar ekspertizalar təyin edilmişdir. Belə ki, 9/8408 nömrəli, xx.xx.2023cü il tarixli ekspert rəyində nəzəri hesablama yolu ilə iş materiallarında olan «Autostar Caucasus» tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2019-cu il buraxılışlı «Mercedes Benz GLE450» markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 14.787,00 manat müəyyən edilmiş, 9/1046 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyində nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Autostar Kaukasus” tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Mercedes Benz GLE450” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 16.530,00 manat müəyyən edilir. O cümlədən-dəyişilməli hissələrin qiyməti - 15130,00 manat; təmirbərpa işlərinin qiyməti - 1400,00 manat. Avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 15924,00 manat müəyyən edilir. O cümlədən, dəyişilməli hissələrin qiyməti - 14524,00 manat; təmir-bərpa işlərinin qiyməti - 1400,00 manat müəyyən edilmişdir. Göründüyü kimi ekspertiza rəyləri nəzəri hesablamalarla vermişdir. Məhkəmənin gəldiyi nətəcənin əsassız hesab edir, çünki borc onun tərəfdən tam şəkildə ödənildiyi halda, məhkəmə bununla bağlı heç bir araşdırma aparmadan yenidən ondan iddiaçının 11.024 manat pulun tutulmasını qət etmişdir. Onun iddiaçıya hazırda heç bir borcu yoxdur.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. İddiaçı təşkilat apellyasiya şikayətinə etiraz verilməmişdir.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, avtoqəza 2020-ci ilin yanvar ayında baş verib, icbari sığorta qarşı tərəfə 5000 manat zərər məbləğini ödəyib. Hesab edir ki, zərərçəkmiş avtonəqliyyat vasitəsinə dəymiş zərər məbləği 5000 manatdan artıq ola bilməz. İddiaçı baş vermiş hadisədən 2 il 9 ay keçdikdən sonra onu məhkəməyə verib. Zərər görən avtonəqliyyat vasitəsi 2019-cu il istehsalı olub, hadisə isə 2020-ci ildə baş verib, maşın yeni detallarla təmir olunub, bununla belə zərər məbləği 20000 manat ola bilməz. Faranın qiyməti zərər aktında 4000 manat qeyd olunub, halbuki ən son çıxan Mercedesin fənərinin orijinalını maksimum 1000 manata ala bilər. Tələb olunan məbləğ böyük bir məbləğdir, ödəməyə maddi imkan yoxdur. Eyni zamanda avtoservisdə avtomobilə dəymiş zərər hesablanarkən o, çağırılmamış və fikri öyrənilməmişdir. Özü də Almaniyadan avtomobillər gətirir, bu işin içindədir. Zərərgörmüş nəqliyyat vasitəsi ona təqdim olunsa idi, daha uyğun qiymətə onu əvvəlki halına qaytara bilərdi. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

11. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, yol nəqliyyat hadisəsinin baş verməsi və cavabdehin təqsirli olması işin mübahisəsiz halıdır. İş materiallarından da göründüyü kimi cavabdeh yalnız zərər məbləğini mübahisələndirir. Zərərçəkmiş şəxslə aralarında könüllü sığorta müqaviləsi bağlanılmış, qəza baş vermiş, nəticədə sığortalı onlara müraciət etmiş və onu servisə yönləndirmişlər. Sığortalıya pul formasında sığorta ödənişi verilməyib, servisə təqdim olunan avtomobil hadisədən dərhal əvvəlki vəziyyətinə qaytarılıb. Bundan sonra servisə faktiki çəkilmiş xərcə uyğun ödənişi həyata keçirilmişdir. Cavabdeh özü də avtonəqliyyat vasitəsinin yeni olduğunu etiraf edir. Avtomobil 2019-cu ilin istehsalıdır, hadisə 2020-ci ildə baş verib. İş materiallarından da görünür ki, avtomobilin qiyməti həmin dövrdə təxminən 150000 manat olub, bu da o deməkdir ki, onun kiçik bir detalının dəyəri baha ola bilər. Zərərvuranın zərərin qiymətləndirilməsi zamanı dəvət olunmasına dair qanunvericilikdə konkret norma yoxdur, buna baxmayaraq könüllü şəkildə cavabdeh rəsmi bildiriş göndərmişlər. Birinci instansiya məhkəməsində üç dəfə ekspertiza keçirilib, məbləğ kifayət qədər aşağı salınıb, bu onların tələb etdikləri məbləğdən aşağı olsa da, şikayət verməmişlər. Odur ki, apellyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edir.

İşdə olan sübutlar

12. İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.

13. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** DX *** dövlət qeydiyyat nişanlı «Chrysler» markalı avtonəqliyyat vasitəsinin sahibi X2r.

14. Autostar Kaukasus GMBH Aəzrbaycan MMC tərəfindən verilmiş 23 aprel 2020-ci il tarixli elektron qaimədən görünür ki, «Mercedes Benz GLE450» markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri ilə çəkilmiş 19.319,68 manat xərcin ödənilməsi üçün qaimə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təqdim edilmişdir.

15. Autostar Kaukasus GMBH Aəzrbaycan MMC-nin İcra edilmiş xidmətlərə dair 22 aprel 2024-cü il tarixli aktından görünür ki, 90 PH-978 dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün çəkilmiş xərc və göstərilmiş xidmətlərin dəyəri ƏDV ilə birlikdə 19.319,70 manat təşkil etmişdir.

16. Avtonəqliyyat vasitəsinin tam sığortası şəhadətnaməsindən aydın olur ki, «Mercedes Benz GLE450» markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Açıq Səhmdar Cəmiyyətində sığorta olunmuşdur.

17. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli təhviltəslim aktından görünür ki, ** PH *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz GLE450» markalı nəqliyyat vasitəsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 19.319,68 manat zərər müqabilində təmir olunaraq səlahiyyətli şəxsə təhvil verilmiş və əvəzində həmin şəxs öz növbəsində onu heç bir qüsur və çatışmamazlıqlar müəyyən olunmadan saz vəziyyətdə təhvil almışdır.

18. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli sığorta aktından ayın olur ki, dəymiş maddi zərər və sığorta ödənişi 19.319,68 manat məbləğində müəyyən edilmişdir.

19. Paşa Bank tərəfindən verilmiş ödəniş qəbzindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən «Autostar Caucasus GMBH AZ LLC» hesabına 19.319,68 manat ödəniş edilmişdir.

20. Paşa Sığorta tərəfindən “Standard İnsurance» Sığorta şirkətinə ünvanlanmış 2148/1 nömrəli, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixində Bakı şəhəri, Nəsimi rayonu, Ə. Qasımzadə küçəsi ilə Azadlıq prospektinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində şirkətləri tərəfindən «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış ** DX *** dövlət qeydiyyat nişanlı Chrysler markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin sığortası” növü üzrə sığortalanmış ** PH *** dövlət qeydiyyat nişanlı Mercedes Benz GLE 450 markalı təqliyyat vasitəsinə zərər vurulmuş, baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən 19.219.68 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Göstərilənləri nəzərə alaraq yaranan subroqasiya tələbi hüququna əsasən 5000 (beş min) manat məbləğində vəsaitin «Paşa Sığorta” ASC-nin bank hesabına köçürülməsinə göstəriş verməsi xahiş olunmuşdur.

21. Paşa Sığorta tərəfindən Cavabdeh ünvanlanmış 3011/L nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ** DX *** dövlət qeydiyyat nişanlı Chrysler markalı avtonəqliyyat vasitəsi ilə 'PAŞA Sığorta” ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** PH *** dövlət qeydiyyat nişanlı Mercedes Benz GLE 450 markalı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuş, baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən 19.219,68 (on doqquz min iki yüz on doqquz manat altmış səkkiz qəpik) manat məbləğində sığorta ödənişi keçirilmişdir. Mülki Məcəllənin 936-cı maddəsinə uyğun olaraq sığorta şirkəti dəymiş zərər üzrə ödənişi həyata həmin məbləği zərər vurmuş üçüncü tərəfdən subroqasiya hüququ əsasında tələb edə bilər. Mülkiyyətlərində «Standart İnsurance” ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. Ödənilmiş məbləğdən 4 900,00 manat məbləğin sığortaçıları tərəfindən ödənildiyini əsas tutaraq 14 319.68 manat məbləğində vəsaitin 15 (on beş) təqvim günü ərzində "xxxx" ASC-nin hesabına ödənilməsi xahiş edilmişdir.

22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/3997 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan «Autostar Caucasus» tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2019-cu il buraxılışlı «Mercedes Benz GLE450» markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 14.787,00 manat müəyyən edilmişdir.

23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/8408 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan «Autostar Caucasus» tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2019-cu il buraxılışlı «Mercedes Benz GLE450» markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 14.787,00 manat müəyyən edilmişdir. Cədvəldə qeyd edilən avtohissələrin qiyməti orta bazar qiymətlərinə uyğun oluğundan həmin qiymətlərin üzərinə ƏDV əlavə olunmur.

24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/1046 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Autostar Kaukasus” tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətəi nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Mercedes Benz GLE450” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 16.530,00 manat müəyyən edilir. O cümlədən-dəyişilməli hissələrin qiyməti - 15130,00 manat; təmirbərpa işlərinin qiyməti - 1400,00 manat. Avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 15924,00 manat müəyyən edilir. O cümlədən, dəyişilməli hissələrin qiyməti - 14524,00 manat; təmir-bərpa işlərinin qiyməti - 1400,00 manat. Dəymiş ziyan (ehtiyat hissələrinin qiymətinə və təmir-bərpa xərclərinə) ƏDV nəzərə alınmaqla hesablanmışdır.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

26. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1 məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

27. Məhkəmə kollegiyası tərəfindən Zəngilan Rayon Məhkəməsinin 2(034)-4/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası iş üzrə tərəflər dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

29. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh yol hərəkəti qaydasını pozması nəticəsində idarə etdiyi **-DX-*** dövlət qeydiyyat nişanlı «Chrysler» markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** PH *** dövlət qeydiyyat nişanlı, 2019-cu il buraxılışlı «Mercedes Benz GLE450» markalı avtonəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə «Mercedes Benz GLE450» markalı avtonəqliyyat vasitəsinə zərər dəymişdir. 11 yanvar 2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh yol nəqliyyat hadisəsnin baş verməsində təqsirli bilinmiş və İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Zədələnmiş avtomobil “Autostar Kaukasus GMBH Aəzrbaycan” MMC tərəfindən təmir edilmiş və icra edilmiş xidmətlərə dair 22 aprel 2024-cü il tarixli akta əsasən avtomobilin təmiri üçün çəkilmiş xərc və göstərilmiş xidmətlərin dəyəri 19.319,70 manat təşkil etmiş və "xxxx" ASC-tərəfindən həmin hüquqi şəxsə ödənilmişdir. İcbari sığorta növü üzrə "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 4900 manat məbləğində vəsait ödənilmişdir ki, bununla da iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır.

30. Dəymiş zərərin məbləği cavabdeh tərəfindən mübahisələndirilmiş, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən ekspertizalar təyin edilmiş və ekspert rəyinə əssən vurulmuş zərərin məbləği 15924 manat müəyyən edilmişdir. Avtomobilə dəymiş ziyanla bağlı iddiaçıya icbari sığorta növü üzrə 4900 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir ki, belə olduğu halda birinci instansiya məhkəməsi haqlı olaraq iddianı qismən, yəni 11024 manat həddində təmin etmişdir.

31. Cavabdeh vurulmuş zərər məbləğinin az olmasını iddia etsə də buna dair məhkəməyə hər hansı bir mötəbər sübutları təqdim etməmişdir. Bununla yanaşı iş materiallarında olan təmir xərclərinə dair rəsmi sənədlərlə və ekspert rəyi ilə avtomobilə vurulmuş zərərin 15924 manat məbləğində olması sübut olunmuşdur.

32. Cavabdeh apellyasiya icraatı zamanı məhkəməyə zədələnmiş avtomobilin bir neçə hissəsinin qiymətinə dair internet satış elanlar təqdim etsə də həmin elanlar mötəbər sübut olmamaqla yanaşı, ümumiyyətlə Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinin tələbinə müvafiq olaraq qəbul edilməz olmuşdur.

33. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmaqla, qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlilləri isə yuxarıda qeyd olunanlara görə əsassız hesab olunur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Zəngilan Rayon Məhkəməsinin 2(034)-4/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏTETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin 2(034)-4/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar