Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1001/2023 31.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, İddiaçı QSC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair İmişli Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 2(036)-1315/2023 saylı qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh iddiaçının xeyrinə 40010412 nömrəli xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 479,49 manat əsas borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul vəsaitinin və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 2(036)-1315/2023 saylı qətnaməsi (hakim Nümayəndə) ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı QSC apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd edir; İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayəti nəzərdən keçirilərkən məlum oldu ki, apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası gəlinəcək nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. İş materiallarından müəyyən olunur ki, İmişli Rayon Məhkəməsi MPM-nin tələblərinə əsasən apellyasiya şikayətini yoxlamadan və qərardad qəbul etmədən şikayəti Apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. İmişli Rayon Məhkəməsi İddiaçı QSC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə baxmış və nəticəsi barədə xx.xx.2023-cü il tarixli qətnamə məzmunlu qərardad qəbul etmişdir. İddiaçı QSC İmişli Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 2(036)-1315/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən giriş hissəsində qəbul etdiyi aktı qərardad kimi göstərmişdir. Lakin qəbul olunmuş aktdan görünür ki, iş mahiyyəti üzrə həll edilmiş və qəbul olunan akt əslində qətnamə olmuşdur. Çünki qərardad yalnız iş mahiyyəti üzrə həll edilmədiyi halda çıxarıla bilər. İddiaçı QSC birinci instansiya məhkəməsinin 17 aprel 2023-cü il tarixli qərardadından verdiyi apellyasiya şikayətini 17 aprel 2023-cü qətnamədən verilən apellyasiya şikayəti kimi qeyd etmişdir və birinci instansiya məhkəməsi özünün qəbul etdiyi məhkəmə aktının adının qərardad olmasına baxmayaraq qətnamədən verilən apellyasiya şikayətini iş materiallarına əlavə edərək, X1 apellyasiya şikayətini qərardaddan verilən şikayət kimi apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Belə olan halda kollegiya qeyd edir ki, apellyasiya şikayətinə baxılması halında belə X1 yekun nəticə qətnamədən verilən apellyasiya şikayəti kimi deyil, qərardaddan verilən şikayət kimi yerləşdiriləcək. Bu isə MPM-in tələblərinin pozulmasına gətirib çıxaracaq. Odur ki, kollegiya hesab edir ki, apellyasiya şikayəti qeyrimümkün hesab edilərək birinci instansiya məhkəməsinə qaytarılmalı, məhkəmə qeyd olunan prosessual pozuntuları aradan qaldırmalı əgər iş üzrə yekun gəldiyi nəticə qətnamədirsə onda məhkəmə öz səlahiyyətindən istifadə edərək qəbul etdiyi aktın giriş hissəsində yanlış olaraq yazılmış “Qərardad”-ı düzəldilməli daha sonra isə qəbul etdiyi qətnamədən verilmiş apellyasiya şikayətini MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayaraq bunun nəticəsinə dair qərardad qəbul etməli bundan sonra apellyasiya şikayətini mülki işlə birlikdə apellyasıya qaydasında baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərməlidir. Bu isə ona dəlalət edir ki, işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsaslar olmamışdır. MPM-in 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. MPM-in 366.4-cü maddəsinə əsasən Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda qeyd olunanları əsas götürərək kollegiyası hesab edir ki, İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400 və 402.2- 402.3-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İmişli Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 2(036)-1315/2023 saylı qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardadın təsviri hissəsində göstərilən prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş İmişli Rayon Məhkəməsinə qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə ondan Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kasasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1001/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1001/2023
31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver