Məhkəmə qərarları › İş №2(106)-1002/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1002/2024

20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1002/2024 20.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X5 qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 15 mart 2024cü il tarixli e-2(064)-549/2024 saylı qətnaməsindən (hakim E.İsmayılov) iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh X5 qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbi ilə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X2 900 manat vurulmuş zərərin və 30 manat dövlət rüsumunun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı tələbini dəqiqləşdirərək Cavabdeh 2077.90 manat vurulmuş zərərin və 40.78 manat ödənilmiş dövlət rüsumunun tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, "Xalq Sığorta” ASC tərəfindən PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında X3 adına sığortalanmış “HOWO” markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 20 mart 2023-cü il tarixində Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X3 əmlakına zərər vurulmuşdur. Yuxarıda göstərilən hadisə ilə əlaqədar zərərçəkənə dəymiş zərər üzrə “VOLKSWAGEN POLO” markalı **-JO- *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olan "xxxx" MMC "xxxx" ASC-də sığortalandığından, "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə 1527.9 manat məbləği "xxxx" ASC-yə və 500 manat məbləği "xxxx" MMC-yə ödənilmişdir. İş materiallarından (əlavə olunur) aydın olur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə və ya digər qaydada istismar etməyə hüququ olmamışdır. Belə ki, sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Nərimanov DYPŞ-nin TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məlum olur ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh tərəfindən “HOWO” markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi etibarnamə olmadan istismar edilmişdir. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlak onu istifadə etməyə, idarə etməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilərkən sığorta hadisəsi baş verdikdə, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı subroqasiya hüququ yaranır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Füzuli Rayon Məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 284-5.1 və 284-5.2-ci maddələrinə müvafiq olaraq iddia ərizəsinin surəti 22 fevral 2024-cü il tarixli bildirişlə cavabehə göndərilmişdir. Füzuli Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli e-2(064)-549/2024 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçının nümayəndəsi Nümayəndə apellyasya şikayəti verərək ləğv olunması, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia əzirəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırımşdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Şikayətin dəlilləri nəzərə alınaraq Mülki Prosessual Məcəllənin 394-1.3-cü maddəsinə müvafiq olaraq 17 may 2024-cü il tarixli qərardadla işə məhkəmənin öz təşəbbüsü ilə məhkəmə iclasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh məhkəmədə iştirak etməmişdir, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçının nümayəndəsi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materialları ilə müəyyən olunur ki, "xxxx" ASC tərəfindən icbari qaydada sığortalanmış “HOWO” markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 20 mart 2023-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X3 əmlakına zərər vurulmuşdur. Həmin hadisə ilə əlaqədar "VOLKSWAGEN POLO” markalı **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olan "xxxx" MMC "xxxx" ASC-də sığortalandığından "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə 1527.9 manat məbləği "xxxx" ASC-yə və 500 manat məbləği "xxxx" MMC-yə ödənilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Nərimanov DYPŞ-nin TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Cavabdeh tərəfindən “HOWO” markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi etibarnamə olmadan idarə edildiyindən inzibati məsuliyyətə alınmışdır. İddiaçı hesab etmişdir ki, belə olan halda onun cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi : Maddə 1096.1 - Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1097.1 - Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; Maddə 1097.3 - Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; Maddə 1108.1 - Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və.i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və.s) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; Maddə 883.1 - Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; Maddə 926.3 - Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbarı sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edılır. İşin müəyyən olunan hallarına əsasən yol nəqliyyat hadisəsi zamanı cavabdehin idarə etdiyi yük avtomobili nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə iddiaçı təşkilat qarşısında sığortalı olmuşdur. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununu: Maddə 3.1.2 - sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortanın əsas prinsiplərindən biridir; Maddə 6.1 - icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrınə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqorıyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir; Maddə 6.2 - mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərılmış əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinın sığortalı özü həmin əmlakı ıstismar etdiyi anda, sığorta olunan hesab edilir; Maddə 6.4 - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir; Maddə 13.1 - icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır; Maddə 15.1 - icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir; Maddə 15.2 - zərər dəymiş əmlakın təmiri və ya bərpası texniki və digər səbəblərdən mümkün olmadıqda, yaxud səmərəsiz olduqda, o, məhv olmuş hesab edilir; Maddə 15.3.1 - əmlaka dəyən zərərin məbləği, zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəriindən ibarətdir; Maddə 20.3 - əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir; Maddə 56.1.2 - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri 5000 manat müəyyən edilir; Maddə 25.1.3 - icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsindəki şərtləri Mülki Məcəllənin 1108.2-ci maddəsinin şərtləri ilə eyni kontekstdə qiymətləndirdikdə belə nəticə hasil olur ki, subroqasiya tələbinin təmin olunması üçün şəxsin əşyaya sahibliyi və istifadəsi qanunsuz (hüquqa zidd) olmalı, habelə əşyanın sığortalının və ya sığorta olunanın sahibliyindən hüquqa zidd götürülməsində onların təqsiri olmalıdır. Avtomobilin icbari sığortası ilə bağlı mübahisələr üzrə şəxsin əşyaya sahiblik və istifadəsinin qanuniliyi qiymətləndirilərkən maşını sürmək üçün notarial etibarnamənin olmaması meyar kimi qəbul edilə bilməz. Çünki, belə sənədin yoxluğu, mövcud qanunvericiliyə görə inzibati xəta münasibətlərində məsuliyyətə səbəb olsa da, sığorta münasibətləri baxımından bu hal şəxsin avtomobili istifadə etmək hüququ olmayan sayılmasına əsas vermir. Ona görə ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsi yazılı etibarnamənin deyil, əşyadan istifadə hüququnun olmamasını nəzərdə tutur. Şəxsin əşyaya sahiblik və istifadə hüququnun olubolmaması mülki hüquq normaları ilə müəyyən olunur. Mülki qanunvericilikdə isə əşyaya sahiblik və ya istifadənin qanunsuz sayılması üçün onun mülkiyyətçinin və ya digər sahibin əlindən iradəsi xaricində (iradəsinə zidd şəkildə) çıxması lazımdır. Başqa sözlə, əgər şəxs əşyanı iradəsinə uyğun digərinin sahibliyinə və ya istifadəsinə (əşya üzərindəki faktiki hakimiyyəti təmin edən əməli idarəçiliyinə) verirsə, sahiblik qanuni şəkildə verilmiş sayılır, istifadə hüququ da əmələ gəlir. Bu kimi hüquqi əməliyyatların etibarlı şəkildə baş tutması üçün yazılı (notarial) etibarnamə qanunda məcburi şərt kimi nəzərdə tutulmamışdır. Belə ki, Mülki Məcəllənin 163.1-ci maddəsinə görə, sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Eyni qayda avtomobildən əvəzsiz istifadə edən şəxslər arasındakı münasibətlərdə də keçərlidir. Mülki Məcəllənin 732-ci maddəsinə görə, əşyanı kirayəyə verənin onu kirayəçinin istifadəsinə verməsi üçün yazılı bir etibarnamə tərtiblənməsi tələb olunmur. Beləliklə əşya (o cümlədən avtomobil) sahibinin iradəsinə zidd şəkildə götürülmədikdə, belə sahiblik və istifadə mülki hüquqi baxımdan qanunsuz sayılmır, həmin şəxs əşyadan istifadə etmək hüququ olmayan hesab edilmir. Başqa hüquq münasibətlərinə aid olan tələblər (məsələn, yol hərəkəti qaydalarını tənzimləyən normalara görə tələb edilən etibarnamə) mülki hüquq münasibətləri çərçivəsində şəxsin əşyaya sahibliyinin və ya ondan istifadəsinin qanuniliyinin müəyyənləşdirilməsi üçün meyar ola bilməz. Çünki, həmin qaydanın tənzimləmə məqsədi mülki hüquq münasibətlərinə aid olmayan (məsələn, yol hərəkəti iştirakçısı olan sürücü ilə yol polisi arasındakı) münasibətləri nizama salmaqdır. Odur ki, başqa sahələrə aid tələblərin məqsədi xaricində, özü də mülki hüquq normalarının mahiyyətinə və funksiyasına uyğun gəlməyən şəkildə mülki hüquq münasibətlərinə tətbiqi yolverilməzdir. Əks yanaşma Mülki Məcəllənin mülki dövriyyənin azadlığını təmin etmək məqsədini nəzərdə tutan 1-ci maddəsinə, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı, habelə mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması prinsiplərini təsbit edən 6-cı maddəsinə zidd olardı. Göstərilənləri nəzərə alaraq kollegiya belə yekun nəticəyə gəlir ki, mübahisənin düzgün həlli üçün işin faktiki halları araşdırılmaqla “HOWO” markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı idarə etmiş Cavabdeh əşyaya sahiblik və ondan istifadəsinin hüquqa zidd olubolmamsı müəyyənləşdirilməli, təqsirinin olub-olmamasını yoxlanılmalı və nəticəsindən asılı olaraq iddia tələblərinə yekun hüquqi qiymət verməlidir. İşin hallarına əsasən cavabdehin “HOWO” markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində sahiblik və istifadəsi mülkiyyətçinin və ya digər sahibin əlindən iradəsi xaricində (iradəsinə zidd şəkildə) çıxması nəticəsində yaranmamışdır. Odur ki, iddiaçının “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə müvafiq olaraq subroqasiya hüququ yaranmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırki iddia tələbi üzrə iddianın qiyməti 5000 manatdan aşağı olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli e-2(064)-549/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Samir Həsənov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar