Məhkəmə qərarları › İş №2(106)-1004/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1004/2023

05.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1004/2023 05.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-780/2023 saylı, 28 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 30 yanvar 2023-cü il tarixli, ******* saylı aktın (iddia ərizəsində texniki səhv olaraq ******* saylı akt kimi qeyd edilib) etibarsız hesab edilməsi, həmin akt əsasında hesablanmış ziyan kimi 1440 kub metr qaz sərfiyyatının və ona hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının vəkili Vəkil apellyasiya məhkəməsinin iclasında ərizə təqdim edərək bildirmişdir ki, iddia tələbində mübahisəli aktın nömrəsi texniki səhv olaraq ******* kimi qeyd edilmişdir. Halbuki, mübahisəli xx.xx.2023-cü il tarixli aktın nömrəsi ******* göstərilmişdir. Odur ki, qeyd olunan xüsusatın nəzərə alınaraq, apellyasiya şikayətinin təmin edilərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilib xx.xx.2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilərək, həmin akt əsasında hesablanmış 1440 kub metr qaz sərfiyyatına görə borcun silinməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Masallı rayonunun Gəyəçöl kəndində yaşayır. Yaşadığı ev təbii qazdan istifadə qaydalarına uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuş, iddiaçı da tarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri etmişdir. O, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. Cavabdeh İBnin X2 İstismarı İdarəsinin əməkdaşları xx.xx.2022-ci il tarixində yaşadığı evi təbii qazla təchiz edən qaz xəttinə və sayğaca baxış keçirmiş, sayğacı növbəti dövlət yoxlaması adı ilə çıxarıb yenisi ilə əvəz etmişlər. xx.xx.2023-cü il tarixdə ******* saylı aktda qaz sayğacının hesablama mexanizminin keçən qazın həcmini qeyd etməyi yazılmışdır. Halbuki, həmin akt sonradan iddiaçının iştirakı olmadan qanunsuz olaraq tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli qərarla isə dəymiş ziyan olaraq itirilmiş qazın bərpası kimi 1440 kub metr qaz sərfiyyatının dəyərinin ödənilməsi tələb olunmuşdur. Hazırda hesab edir ki, həmin akt qeydi etibarsız hesab olunmalı və 1440 kub metr qaz sərfiyyatı silinməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli aktda qeyd olunan qaz sayğacının hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi iddiaçının günahı ucbatından baş verməmiş, nə də ki, sayğaca cavabdehlik edən şəxs o deyil. Həmçinin, iddiaçı qaz sayğacına hər hansı müdaxilə etməmişdir. Qaz sayğacının hesablama mexanizmi keçən qazın həcmini qeyd etmirsə, hər ay 15 gündən bir iddiaçıya bildiriş verən qaz idarəsinin işçisi (sahə nəzarətçisi) bunu dərhal məlumat verməli idi, çünki bu sahə nəzarətçilərinin birbaşa vəzifəsidir. Sonradan qaz idarəsinin əməkdaşları qaz sayğacını növbəti dövlət yoxlaması adı ilə çıxararaq özləri akt tərtib etmişlər ki, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Qaz sayğacları bütün rayon ərazisində, eləcə də, kəndlərdə küçələrdə quraşdırılmışdır və üzərinə qoruyucu qutu və ya hər hansı başqa bir qoruyucu vasitə qoyulmamışdır. Qaz sayğacı da həyətdə deyil, evdən aralıda küçədə olması səbəbindən və üzərində qoruyucu qutu və ya hər hansı başqa bir qoruyucu vasitə ilə qorunmadığından qaz sayğacına ediləcək müdaxiləyə görə vətəndaş məsuliyyət daşımamalıdır. Qaz idarəsi guya sayğaca müdaxilə zamanı artıq qaz sərfiyyatından istifadə edildiyini qeyd edir (90 gün). Halbuki, qaz idarəsinin işçiləri (sahə nəzarətçisi) hər ayda iki dəfə qaz sayğacına baxaraq işlətdiyi qazın bildirişini verir, bildiriş əsasında da iddiaçı qazın pulunu ödəyir. Əgər qaz sayğacına müdaxilə olmuşdursa, sahə nəzarətçisi bunların dərhal aradan qaldırılması üçün tədbirlər görməli idi. Göründüyü kimi, əslində heç bir müdaxilə olmadığından iddiaçıdan artıq məbləğdə, işlətmədiyi qazın dəyərini almaq niyyətilə haqsız yerə akt tərtib edilmiş, iddiaçının iştirakı olmadan sayğaca baxış keçirilmişdir. Qaz istismar idarəsinin əməkdaşları heç bir çəkiliş aparmadan, şahidlər dəvət etmədən sadəcə fərziyə ilə belə bir nəticəyə gələrək qanunsuz əsaslarla uydurma akt tərtib edərək cərimə hesablamışlar. Masallı Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(050)-780/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Zeynal Zeynalov) iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Masallı Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(050)-780/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri və onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi sayğacın həyətdə qurulmasına, sayğaca iddiaçının və ya ailə üzvlərinin müdaxilə etmədiyini təsdiq edən sübut təqdim etmədiyinə istinad etmiş, lakin qaz nəzarətçisinin hər ay sayğaca baxıb sərfiyyatı (sərfiyyatın olmamasını) qeyd etməsini, həmin baxışlar zamanı hər hansı qüsur aşkar etməməsini, sayğac açılıb aparılarkən onda heç bir nasazlıq olmamasını, bunun aktda da əks olunmasını nəzərə almayaraq iddianı təmin etməməklə bir sıra maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına səbəb olan düzgün olmayan qətnamə qəbul etmişdir. Qanunvericiliyin tələbinə əsasən iddiaçı yalnız müqavilədə göstərilmiş vəzifələrini yerinə yetirmədiyi və ya təqsirli hərəkəti nəticəsində cavabdehə vurulmuş ziyanı ödəməlidir. Lakin cavabdeh iddiaçının hansı vəzifəsini yerinə yetirmədiyini və ya ona zərər vurulmasına səbəb olan təqsirli hərəkətinin olmasını qeyd etməmiş, məhkəmə də buna istinad etməmişdir. Bu isə cavabdehin ondan ziyan tələb etməsinin qeyd olunan müqavilənin tələblərinə zidd olmasını göstərir. Birinci instansiya məhkəməsi cavabdehin mübahisəli aktına istinad edərək sayğacın həqiqətən də sərfiyyatı qeyd etməməsi qənaətinə gəlmişdir. Halbuki, iş materiallarında olan saldodan görünür ki, ötən ilin oktyabr ayında açılıb aparılanadək sayğac sərfiyyatı əks etdirmişdir. Əgər doğrudan da, sayğac keçən qazı qeyd etmirdisə, onda saldoda olan rəqəmlər hardandır? Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının dəlilləri və sübutları araşdırılmadan qəbul edilməməklə, iddiaçının xeyrinə olan xüsusatlara əhəmiyyət verilməməklə, tam, hərtərəfli və obyektiv araşdırma aparılmamaqla işin ədalətli araşdırılması hüququ pozulmuşdur. Apellyasiya məhkəməsinin iclasında iddiaçının vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdiyini bildirdi və qeyd etdi ki, mübahisələndirilən akt əsasında iddiaçının abonent hesabına 172,80 manat məbləğində borc hesablanmışdır. O, ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini, xx.xx.2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akt əsasında hesablanmış 1440 kub metr qaz sərfiyyatına görə borcun silinməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Odur ki, məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası iddiaçının vəkilini dinləyib, onun ərizəsini, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İşdəki Cavabdeh İB-nin Lənkəran RQİİ-nin Masallı Xidmət sahəsinin nümayəndələri tərəfindən tərtib edilmiş ******* nömrəli, 30 yanvar 2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, həmin tarixdə istehlakçı İddiaçı evində quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi müəyyən edilmişdir. Akt istehlakçı tərəfindən imzalanmamışdır. İşdəki Cavabdeh İB X2 İstismar İdarəsinin rəisi Namiq Məmmədov tərəfindən 31 yanvar 2023-cü il tarixində təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, ARDNŞ Cavabdeh X1 Departamenti Sayğacların müayinəsi laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli 14-2-2/3-5- 810-1 nömrəli aktına əsasən G-4 markalı ******* nömrəli sayğaca ümumi baxış keçirilmişdir. Qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Xətalar təyin edilə bilməmişdir. Hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Kamera vasitəsilə sayğacın daxilinə baxış keçirilmiş, kənar təsir izləri aşkar edilməmişdir. Sayğac istismara yararsızdır. İstehlakçının evində istifadə edilən itirilmiş qazın bərpası üçün aparılmış hesabata əsasən itirilmiş qazın həcmi 1440 kub metr müəyyən edilmiş və hesablanmış məbləğin ödənilməsinin təmin edilməli olduğu göstərilmişdir. Qərarın verilməsinə əsas kimi 30 yanvar 2023-cü il tarixli, ******* nömrəli akt qeyd edilmişdir. İddiaçı ərizəsində cavabdeh tərəfindən onun barəsində tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın etibarsız sayılmasını və həmin akta əsasən hesablanmış borcun silinməsini tələb etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə kollegiyası bildirir ki, sayğaca baxış keçirilən zaman və akt tərtib edilib imzalanarkən cavabdehin nümayəndələri tərəfindən qanun pozuntusuna yol verilmişdir və həmin pozuntular aktın etibarsız hesab edilməsi üçün əsasdır. Belə ki, iş materiallarına əlavə edilmiş və iddiaçı tərəfindən mübahisələndirilən ******* nömrəli aktda 30 yanvar 2023-cü il tarixdə abonentin, yəni hazırkı iş üzrə iddiaçının iştirakı ilə onun evində quraşdırılmış qaz sayğacına baxış keçirildiyi, baxış nəticəsində sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsinin müəyyən edildiyi göstərilir. Lakin akt iddiaçı tərəfindən imzalanmamaqla yanaşı, iddiaçının bundan imtina edib-etməməsinə dair də hər hansı qeyd aparılmamış, sayğaca baxışın xx.xx.2023-cü il tarixində hansı saatda həyata keçirildiyi göstərilməmişdir. Bundan əlavə, 31 yanvar 2023-cü il tarixində təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən də göründüyü kimi, kamera vasitəsilə sayğacın daxilinə baxış keçirilmiş, kənar təsir izləri aşkar edilməmişdir. Göründüyü kimi, sayğaca hər hansı kənar təsir olmadan onun hesablama mexanizmində problem yaranmışdır. Bu da onu göstərir ki, sayğacın yararsız hala düşməsində abonent İddiaçı heç bir təqsiri olmamışdır. Həmçinin, hazırkı iş üzrə iddiaçının istifadəsində olan qaz sayğacının hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsinə görə onun barəsində akt tərtib edilmişdir. Lakin “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə uyğun olaraq, hazırkı iş üzrə istehlakçı fiziki şəxs olduğundan qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi o deyil, qaz paylayıcısı daşıyır. Göründüyü kimi, mövcud qanunvericilik, fiziki şəxs olan istehlakçıya münasibətdə bütün hallarda, o cümlədən qaz sayğacının cavabdehliyini birmənalı şəkildə qaz paylayıcısının üzərinə qoymuşdur. Məhkəmə kollegiyası hesab edir ki, abonent tərəfindən sayğaca müdaxilə edilməsi sübuta yetirilmədiyindən “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən istehlakçı məsuliyyət daşımamalıdır. Cavabdeh İB X2 İstismar İdarəsinin rəisi Namiq Məmmədov tərəfindən 31 yanvar 2023-cü il tarixində təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən də göründüyü kimi, iddiaçının evində istifadə edilən itirilmiş qazın bərpası üçün aparılmış hesabata əsasən itirilmiş qazın həcmi 1440 kub metr müəyyən edilmiş və iddiaçının abonent hesabına hesablanmışdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda aktın qanuniliyini sübuta yetirmək vəzifəsi cavabdehin üzərindədir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya xx.xx.2023-cü il tarixli, ******* saylı aktın etibarlılığı məsələsinə hüquqi qiymət verərkən yanlış nəticəyə gəlmişdir. İddiaçının tələbi əsaslıdır. Cavabdeh tərəf isə öz etirazını əsaslandıra bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iş materialları ilə iddiaçının barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın etibarsızlığı və hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsində iddiaçının təqsirinin olmaması təsdiq olunduğundan, hesablanmasına əsas olmuş akt etibarsız hesab edildiyindən, həmin akt əsasında 1440 kub metr qaz sərfiyyatına görə hesablanmış borc məbləği də silinməli olduğundan, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti isə 172,80 manat təşkil edir. Odur ki, qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Masallı Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(050)-780/2023 saylı qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən İddiaçı barəsində tərtib edilmiş ******* saylı, 30 yanvar 2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt etibarsız hesab edilsin və həmin akt əsasında hesablanmış 1440 kub metr qaz sərfiyyatına görə hesablanmış borc silinsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar