Məhkəmə qərarları › İş №2(106)-1005/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1005/2025

19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1005/2025 19.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərin hər birindən ayrı-ayrılıqda, yəni Cavabdeh1 2700 manat, Cavabdeh2 2900 manat və Cavabdeh3 5300 manat pulun və 123 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(073)-1135/2024 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 10900 manat məbləğində pulun və 123 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlərin hər birindən ayrı-ayrılıqda, yəni Cavabdeh1 2700 manat, Cavabdeh2 2900 manat və Cavabdeh3 5300 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cəlilabad şəhərində ailə üzvləri ilə birliktə yaşayır. Cavabdehləri 3 ildən artıq vaxt olar ki, tanıyır. Cavabdehlərlə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Özü Cəlilabad şəhəri ərazisində xırda buynuzlu heyvanların alqısatqısı ilə məşğul olur. Cavabdehlər 2020-ci ilin yay ayının əvvəllərində ilkin olaraq ondan 28 baş xırda buynuzlu heyvan almışdır. Həmin heyvanların pulu ümumilikdə 6900 manat təşkil etmiş, cavabdehlər həmin puldan ayrıayrı vaxtlarda 4200 manat pulu qaytarmış, lakin yerdə qalan 2700 manatı isə qaytarmamışlar. Əlavə olaraq cavabdehlərdən Cavabdeh1 Niyazla birlidə onun fermasına gələrək, 104 baş xırda buynuzlu heyvan almışdır. Həmin heyvanların pulu 23400 manat təşkil etmiş, həmin puldan 20500 manatını geri qaytarmış, lakin 2900 manat pulu geri ödəməmişlər. Daha sonra Niyaz və Habil Masallı rayon Lürən kənd sakini Cavabdeh3lə onun fermasına gələrək ümumi dəyəri 5800 manat olan 75 baş keçini ondan nisyə olaraq almışlar. Həmin keçilərin dəyəri 5800 manat təşkil etmiş, həmin puldan 500 manat qaytarmış, qalan 5300 manatı isə bu günə kimi geri ödəməmişlər. Cavabdehlərin ümumilikdə ona 10900 manat borcu vardır. O, həmin borc məbləğini dəfələrlə tələb etsə də, cavabdehlər hər dəfə ayrı-ayrı bəhanələr gətirərək, borcu qaytarmaqdan yayınmışlar. Bu barədə Cəlilabad rayon Polis Şöbəsinə müraciət etmiş, Cəlilabad RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılmış və araşdırma zaman cavabdehlərin izahatları alınmışdır. Cavabdehlər izahatlarında 10900 manat pul borclarının olduğunu etiraf etmişlər. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Birinci instansiya məhkəməsində icraat Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-1135/2024 saylı qətnaməsi (hakim E.Əmirəliyev) ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 2700 (iki min yeddi yüz) manat, Cavabdeh2 2900 (iki min doqquz yüz) manat və Cavabdeh3 5300 (beş min üç yüz) manatın və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 123 (bir yüz iyirmi üç) manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada alınıb İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 2020-ci ilin yay aylarında İddiaçı ayrı-ayrı vaxtlarda ümumi dəyəri 36100 manat olan xırda buynuzlu heyvanları nisyə olaraq almışlar, aldığı həmin puldan ayrıayrı vaxtlarda ümumilikdə 25100 manatını ödəsələr də, qalan 10900 manat borcu bu günə qədər qaytarmamışlar. İddiaçı dəfələrlə pulunu istəsə də, cavabdehlər borclarını geri ödəməmişlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə iclasında Cavabdeh1 etirafı ilə İddiaçı cavabdehlərin ayrı-ayrılıqda yəni Cavabdeh2 2900 manat, Cavabdeh3 5300 manat və onun isə 2700 manat borcunun olması təsdiq olunmuşdur. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin edilərək, Cavabdehlər Cavabdeh1 2700 manat, Cavabdeh2 2900 manat və Cavabdeh3 5300 manat alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab etmişdir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 123 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respubliası Mülki Məcəlləsinin 52.2, 567, 568.1, 575.1, 575.2, 600.1, 600.3, 600.4, 385.1, 324.1, 329.2, 390.1, 425.1, 427.3, 442.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 217.4, 191.3, 119.1ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Cavabdeh1 etiraf izahatını əsas götürərək Cavabdeh2 qarşı iddianı da təmin etmişdir. Halbuki, Habilin etiraf izahatının Cavabdeh2 borcunun olmasının təsdiq edilməsi absurd bir əsasdır. Cavabdeh2 işdə adları keçən digər şahidlərlə heç bir əlaqəsi və münasibəti olmamış, hətta onlarla heç bir tanışlıq və ya birgə alveri olmamışdır. Lakin birinci instansiya məhkəməsi işə baxarkən digər cavabdehlərlə birlikdə Cavabdeh2 əlaqəsinin olub-olmaması faktını aydınlaşdırmamışdır. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(073)-1135/2024 saylı qətnaməsinin Cavabdeh2 aid hissədə ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(073)- 1135/2024 saylı qətnaməsinin ona aid hissədə ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdiyini bildirərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini qəbul etmir. İş materiallarında iddianın mötəbərliyini təsdiq edən sübutlar, habelə səs yazıları var. Odur ki, apellyasiya şikayətinin rədd edilməsini və Cəlilabad Rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 2(073)-1135/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər cavabdehlər isə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.4-cü maddəsinə əsəsən apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(073)-1135/2024 saylı qətnaməsinin Cavabdeh2 aid hissədə ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə Ona görə də məhkəmə tərkibi Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-1135/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Ona görə də Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-1135/2024 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı iddia ərizəsiylə məhkəməyə müraciət edərək Cavabdeh2 2900 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iclasında Cavabdeh1 etirafı ilə İddiaçı cavabdehlərin ayrı-ayrılıqda yəni Cavabdeh2 2900 manat, Cavabdeh3 5300 manat və özünün isə 2700 manat borcunun olması təsdiq olunmuşdur. Ona görə də iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə tərkibi aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. İlk növbədə qeyd edilməlidir ki, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-1135/2024 saylı qətnaməsi ilə razılaşmış, apellyasiya şikayəti verməmişdirlər. Ona görə də məhkəmə tərkibi Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-1135/2024 saylı qətnaməsini Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə yoxlayır. Birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşan, apellyasiya şikayətininin dəlilləri ilə razılaşmayan məhkəmə tərkibi qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə tərkibi qeyd edir ki, iddia tələbindən də göründüyü kimi iddiaçı cavabdehlərin hər birindən ayrı-ayrılıqda nisyə alqı-satqı müqaviləsinə əsasən yaranmış borc pulun alınıb ona verilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə İddiaçı iddia ərizəsində Cəlilabad rayon Polis Şöbəsinə müraciət etdiyini, Cəlilabad RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparıldığını zamanı cavabdehlərin izahatlarında 10900 manat pul borclarının olduğunu etiraf etdiklərini qeyd etmişdir. İş materiallarında olan (səhifə 8) cinayət işi başlanmasının rədd edilməsi barədə 08 aprel 2021-ci il tarixli qərardan aydın olur ki, Cavabdeh2 İddiaçı olan bütün borclarını ödədiyini və hal-hazırda ona heç bir borcunun olmadığını bildirmişdir. Bu izahatla iddiaçının Cavabdeh2 qarşı nisyə alqı-satqı müqaviləsinə əsasən yaranmış borc pulun qaytarılması barədə iddia tələbinin əsaslı olduğu sübuta yetirilmişdir. Cavabdeh2 iddiaçıya alqı-satqı müqaviləsinə əsasən müəyyən müddət üçün borclu olduğunu etiraf etmiş, iddiaçıya borclu olduğu pulu qaytardığını qeyd etsə də, buna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Göründüyü kimi İddiaçı nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 ona borclu olmasını sübut edərək, sübutetmə vəzifəsindən azad olmuş, borcun qaytarılmasını sübut etmək vəzifəsi Cavabdeh2 keçmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, sözügedən borc məbləğinin qaytarılmasını sübut etmək sübutetmə vəzifəsinin daşıyıcısı kimi cavabdehin üzərinə düşür. Borcun olması faktı cavabdehin izahatı ilə sübuta yetirilmişdir. Hal-hazırda həmin borcun qaytarılmasını sübut etmək cavabdehin vəzifəsidir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə tərkibi hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Belə ki, Cavabdeh Qədimov X3 Rayon Polis Şöbəsinə verdiyi izahatında da İddiaçı nisyə alqı-satqı müqaviləsinə əsasən borclu olduğunu, lakin sonradan pulu qaytardığını bildirmiş, lakin borc pulu qaytarmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə tərkibi hesab edir ki, cavabdeh Qədimov X3 Rayon Polis Şöbəsində verdiyi izahat yazılı sübut kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Yazılı sübutlar iş üzrə obyektivliyin təmin olunması, iddiaların və ya müdafiələrin əsassız olmamasının yoxlanılması, məqsədəuyğun və qanuni qərarın qəbul edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu sübutlar deyilənlərin söz və iddia səviyyəsində qalmaması, onların hüquqi sənədlərlə təsdiqlənməsi funksiyasını yerinə yetirir. İş üzrə təqdim edilmiş yazılı sübutlar məhkəmənin işin hallarını düzgün müəyyən etməsinə, tərəflərin öhdəlik və hüquqlarını aydınlaşdırmasına əsas vermişdir. Bu sənədlər subyektiv yanaşmaların deyil, obyektiv faktların əsas götürülməsini təmin etmişdir. Cavabdeh2 apellyasiya şikayətində Cavabdeh1 etirafı əsasında ondan borc pul tələb edilməsinin əsassız olduğunu və iddiaçıya borcunun olmadığını qeyd etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, digər cavabdehin etirafı ilə borc sübut oluna bilməz və hüquqi baxımdan əhəmiyyətsizdir. Lakin bu işdə artıq Cavabdeh2 özünün iddiaçıya nisyə alqı-satqı müqaviləsinə əsasən bir müddət üçün borclu olduğu barədə izahatı mövcuddur. Yəni hal-hazırda digər cavabdehin etirafı hüquqi əhəmiyyət daşımır. Əsas sübut Cavabdeh2 öz etirafıdır. Cavabdehin özünün borclu olduğunu etiraf etməsi, borcun mövcudluğunu təsdiqləyir. Digər cavabdehin etirafedici izahatı hüquqi nəticə doğurmur, amma nəticəyə təsir etmir. Çünki borcun qaytarılmasını sübut etmək cavabdehin vəzifəsidir və Cavabdeh2 bu vəzifəni yerinə yetirmədiyi üçün iddianın təmin edilməsi tam əsaslıdır. Daha sonra Cavabdeh2 apellyasiya şikayətində işdə adları keçən digər şahidlərlə heç bir əlaqəsi və münasibətinin olmadığını, lakin birinci instansiya məhkəməsi işə baxarkən digər cavabdehlərlə birlikdə Cavabdeh2 əlaqəsinin olub-olmaması faktını aydınlaşdırmadığını qeyd etmişdir. Apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə tərkibi qeyd edir ki, Cavabdeh2 işdə adı keçən şahidlərlə əlaqəsinin olub-olmaması faktı bu mübahisənin həlli üçün hüquqi əhəmiyyət daşımır. Belə ki, məhkəmə işə obyektiv və hərtərəfli baxmalıdır, lakin yalnız hüquqi nəticə doğuran halları araşdırmalıdır. İşdə adı keçən şahidlərlə əlaqə məsələsi hüquqi nəticəyə təsir etmir. Borcun mövcudluğu cavabdehin öz izahatı ilə təsdiqlənmiş, qaytarıldığını sübut edə bilmədiyi üçün iddia tələbinin təmin edilməsi tamamilə əsaslıdır. Məhkəmə tərkibi yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Ona görə də Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-1135/2024 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-1135/2024 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar