Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1011/2024 30.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, Kərimov Tale Suliddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət məhkəmə tərkibində, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2(049)-1733/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı nisyə alğı-satqı müqaviləsi üzrə pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata qaydasında iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2(049)-1733/2024 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 149.2, 149 və 152.1-ci maddələrinə istinadən göstərilmişdir ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı ilə ərizəyə əlavə edilən sənədlərin siyahısı fərqli anlayışlar olmaqla, onların hər birinin iddia ərizəsində ayrıayrılıqda göstərilməsi ərizənin icraata qəbul edilməsi üçün vacib və zəruru şərtlərdəndir. İddiaçının istinad etdiyi sübutların siyahısı ərizənin məzmununda göstərilmədiyi təqdirdə, iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısının ərizənin sonunda, yəni qoşma şəklində göstərilməsi həmin ərizənin icraata qəbul edilməsi üçün yetərli deyildir. İddiaçı QSC Lənkəran Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2(049)- 1733/2024 saylı qərardadından şikayət verərək, onun ləğvini və işin icraata qəbul edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, iddia ərizəsində Cavabdeh tələb etdikləri pul məbləğinin əsası kimi fiziki şəxs X3 ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində bağlanmış AKN001502 saylı nisyə alğı-satqı müqaviləsini, İddiaçı QSC ilə fiziki şəxs X3 arasında bağlanmış Faktorinq müqaviləsini, həmin faktorinq müqaviləsinə əlavə olunan sazişi, eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsini göstərən bildirişi göstərmişlər. Həmçinin iddia ərizəsində mövcud borc barədə maliyyə arayışının, nisyə alğı-satqı müqaviləsi və təhvil-təslim aktının, müqavilə üzrə əməliyyatları əks etdirən hesabdan çıxarışın, nisyə alğı-satqı müqaviləsinə Əlavə 1 (ödəniş cədvəlinin) siyahısını qeyd etmiş və mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatları daxil etmişlər. Həmçinin iddia ərizəsində qeyd etdikləri sənədləri qoşma formasında iddia ərizəsinin sonuna əlavə etmişlər. MPM-in 150.1.1-ci maddəsində göstərilən sənədlərin hər biri elektron qaydada “Elektron Məhkəmə” informasiya sistemində yerləşdirilmiş və qoşma qismində iddia ərizəsinə əlavə edilmişdir. Lənkəran Rayon Məhkəməsinin iş üzrə xx.xx.2024-cü il tarixli e-2(049)-1733/2024 saylı qərardadına əsasən şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası ilkin olaraq bildirir ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələrinin qanunvericiliyin tələblərinə uyğun olub-olmamasının yoxlanılması yalnız MPM-in 149-150-ci maddələri ilə yox, həm də Məcəllənin 284-3-cü (MPM-in 284-3.5-ci maddəsində göstərilən hallar istisna olmaqla) maddəsinə uyğun olaraq yoxlanılır. Belə ki, MPM-in 284-3.2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizədə ərizənin verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddiaçının tələbi və onun əsaslandığı hallar, tələbin əsaslığını təsdiq edən sənədlər, əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar, əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. MPM-in 284-3.5-ci maddəsinə görə ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına MPM-in yuxarıda qeyd olunan normalarının imperativ tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iddia ərizəsinin geri qaytarılması barədə formal əsaslara istinad etməklə yanlış qənaətə gəlmişdir. Belə ki, iddiaçının tələbi və onun əsaslandığı hallar ərizədə kifayət qədər ətraflı şəkildə göstərilməklə öz əksini tapmış, iddiaçının istinad etdiyi faktları - tələbin əsaslığını təsdiq edən bütün sübutlar iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir. Beləcə, iddiaçı ərizəsini ona əlavə etdiyi sübutları ərizənin məzmununda göstərək tərtib etmişdir. Bununla yanaşı, iş materiallarından aşkar görünür ki, hazırkı işin mahiyyəti üzrə həll edilməsi baxımından qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən iş üzrə zəruri sübutlar belə təqdim edilmişdir. Kollegiya qeyd edir ki, MPM-in 151.1-ci maddəsinin tələbinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə kollegiyası qeyd edilənlərlə yanaşı diqqətə çatdırır ki, hər kəsin qanunla qorunan öz hüquq və azadlıqlarını qorumaq və təmin etmək məqsədilə məhkəmə müdafiəsindən istifadə etmək hüququna hörmət baxımından mübahisələndirilən qərardadla əldə edilən qənaət mülki məhkəmə icraatının vəzifələrinin göstərişlərinə uyğun deyildir və mülki prosessual qanunvericiliyin tələblərinə ziddir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Kostitusiyasının 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Bu hüquq əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bununla bərabər, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Habelə MPM-in 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “L.İ.Binnətovanın şikayəti üzrə” 08 may 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Bununla yanaşı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (“X1rşı” iş üzrə 28 may 1985-ci il tarixli, “Bellet Fransaya qarşı” iş üzrə 04 dekabr 1995-ci il tarixli qərarlar). Kollegiya diqqətə çatdırır ki, MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və işin müəyyən edilmiş hallarına prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verərək belə yekun nəticəyə gəlir ki, Lənkəran Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2(049)-1733/2024 saylı qərardadından İddiaçı QSC tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2(049)-1733/2024 saylı qərardadı ləğv edilməli, iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxılması üçün mülki iş materialları Lənkəran Rayon Məhkəməsinə qaytarılmalıdır. MPM-in 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. MPM-in 284-5.1-ci maddəsinə görə ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh olunanlara əsasən və MPM-in 263, 264, 397.2, 398, 400 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı QSC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2(049)-1733/2024 saylı qərardadı ləğv edilsin və iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə yenidən baxılması üçün mülki iş materialları Lənkəran Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1011/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1011/2024
30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver