Məhkəmə qərarları › İş №2(106)-1013/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1013/2023

05.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1013/2023 05.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, Ərizəçi “hüquqmüəyyənedici faktın müəyyən edilməsi barədə” ərizəsi ilə bağlı mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 2(048)-208/2023 saylı, 06 mart 2023-cü il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqmüəyyənedici faktın müəyyən edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Lerik rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli, 45 saylı qərarı ilə ailə üzvlərinə verilmiş JN-0056, KOD 80313038 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpaq payçılarından 9-cu sırada olan X3 adı, soyadı və ata adının səhv yazılması faktının müəyyən edilməsi və həmin şəhadətnamədə torpaq payçılarından 9-cu sırada olan X3 X1 oxunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, 1945-ci ildə Lerik rayonu, Gürdəsər kəndində doğulmuşdur və indiyə kimi həmin kənddə yaşayır. Onun nikahından 7 uşağı doğulmuşdur. Lerik rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli, 45 saylı qərarı ilə ailə üzvlərinə 2,47 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün pay torpaq sahəsi verilmişdir. Sözügedən torpaq sahəsi uzun illərdir ki, onların istifadəsindədir və onlar həmin torpaq sahəsini əkib-becərirlər. Buna baxmayaraq, savadsızlıq səbəbindən həmin akta baxmamışlar. Həmin torpaq aktında torpaq payçılarından oğlu Əkrəm Xosrofovun adı, soyadı və ata adı qeyd olunmamış, əvəzində səhvən qonşu X3 adı yazılmaqla Əkrəm Xosrofovun adı digər torpaq aktında, yəni Yavər Ağarza qızının ailə üzvlərinə verilmiş JN-0055, KOD 80313038 saylı aktında qeyd olunmuşdur. Adı göstərilən Yavər isə hazırda vəfat etmişdir. Hazırda sözügedən torpaq sahəsinə çıxarış almaq istəsələr də, torpaq aktında ailə üzvlərinin adı səhv göstərildiyindən bunu etmək mümkün deyil. Lerik rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli, 45 saylı qərarı ilə ailə üzvlərinə verilmiş JN-0056, KOD 80313038 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə X4 əvəzinə X3 adı, soyadı və ata adı qeyd olunduğundan həmin aktla hər hansı iş görə bilmirlər. Həmin şəhadətnaməni digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Ərazi İdarəsinə təqdim etmiş, lakin ərizəçiyə akta düzəliş edilmək üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Hazırda həmin sənəddə payçıların ad, soyad və ata adları səhv yazıldığından, həmin sənədlərlə hər hansı iş görə bilmirlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lerik Rayon Məhkəməsinin 2(048)-208/2023 saylı, 06 mart 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Atabəy Kiçibəyov) ərizə təmin edilmiş, Lerik rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli, 45 saylı qərarı ilə ərizəçiyə və ailə üzvlərinə verilmiş JN-0056, KOD 80313038 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpaq payçılarından 9-cu sırada olan X3 ad soyad və ata adının səhvən yazılması faktının müəyyən edilməsi və həmin şəhadətnamədə torpaq payçılarından 9-cu sırada olan X3 X1 oxunması qət edilmişdir. Qətnamədən narazı qalan maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Lerik Rayon Məhkəməsinin 2(048)-208/2023 saylı, 06 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmadığından həmin qətnamə ləğv olunmalıdır. Belə ki, ilk növbədə ərizəçi tərəfindən qaldırılan tələbin əsaslılığına və qanuniliyinə inzibati icraat qaydasında araşdırmanın predmeti kimi baxılmalıdır. Ərizəçinin JN-0056 KOD 80313038 nömrəli Dövlət Aktına düzəliş edilməsi, həmin hüquqmüəyyənedici sənəddən sayca 9-ci şəxsin (X13) adının mülkiyyətçilər sırasından bütövlükdə çıxarılması, habelə həmin Dövlət Aktının verilməsinə əsas olmuş Lerik rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli, 45 saylı qərarının ləğv edilməsi proseduruna qanunvericiliyin tələbinə əsasən Lerik Rayon Məhkəməsində baxılmalı deyil. Belə ki, ərizəçi tərəfindən həmin tələb ilə onun və ailə üzvlərinin hüquqlarını pozan hal kimi (ərizəçinin ailə üzvü sayılmayan X3 adının bütövlükdə JN-0056 nömrəli hüquqmüəyyənedici sənəddən çıxarılmasına münasibətdə) inzibati məhkəməyə müraciət edilməli və iddianın yolverilməzliyinə dair Lerik Rayon Məhkəməsinin, yaxud inzibati orqanın imtinasından şikayət verilməli idi. Lakin qeyd olunan hissələrdə aidiyyəti araşdırmalar aparılmadan Lerik Rayon Məhkəməsi tərəfindən ərizənin təmin olunması barədə qətnamə qəbul olunmuşdur. Hazırkı iş üzrə ərizəçinin və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 2,47 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənəd olaraq JN-0056 saylı Dövlət Aktı barədə Ərazi İdarəsində mövcud olan DBF (siyahı) və DWG (xəritə) elektron baza məlumatlarında aidiyyəti qeydlər aparılmışdır. Həmçinin, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə kitabında da həmin Dövlət Aktı üzrə hazırkı iş üzrə ərizəçinin və onun ailə üzvlərinin, habelə ərizəçinin ailə üzvü sayılmadığı ehtimal edilən X13 barəsində də mülkiyyətçi olaraq aidiyyəti qeydlər aparılmışdır. Lerik Rayon Məhkəməsi tərəfindən sözügedən JN-0056 nömrəli Dövlət Aktına düzəliş edilməsi, habelə sayca 9-cu mülkiyyətçinin adının (X13) ümumilikdə həmin hüquqmüəyyənedici sənəddən çıxarılması qət edilsə belə, Lerik rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli, 45 saylı qərarına münasibət bildirilmədiyindən, həmin qərar aid olan hissədə qüvvədə qalmışdır. Qətnamə Ərazi İdarəsinə daxil olduqdan sonra sözügedən əmlaka dair arxiv və baza məlumatları aidiyyəti hissədə araşdırılmış və məlum olmuşdur ki, hazırkı qətnamə üzrə adı bütövlükdə mülkiyyətçilər sırasından çıxarılan sayca 9-cu şəxsin, habelə ərizəçinin və onun ailə üzvlərinin barəsində tərtib olunmuş həmin JN-0056 nömrəli Dövlət Aktının arxiv nüsxəsi də mövcuddur. Aparılan araşdırmalar nəticəsində o da məlum olmuşdur ki, məhkəmə qətnaməsi ilə adı, soyadı və ata adı bütövlükdə JN-0056 nömrəli Dövlət Aktına əlavə edilən şəxs kimi X4 mülkiyyətçi kimi barəsində digər hüquqmüəyyənedici sənəd olaraq JN-55 nömrəli Dövlət Aktında 8-ci qrafada xüsusi qeyd aparılmış, həmin hüquqmüəyyənedici sənədin arxiv nüsxəsi mövcuddur, siyahı xəritə məlumatlarında əks olunmuşdur. Lakin məhkəmə həmin hüquqi əhəmiyyətli nüanslara diqqət yetirmədən vətəndaşın adının bir hüquqmüəyyənedici sənəddən, yəni JN-0055 nömrəli Dövlət Aktında barəsində qeyd olunan şəxsin bütövlükdə adının digər JN-0056 nömrəli Akta əlavə edilməsi və bunun da texniki qüsur kimi olması ilə əlaqələndirilərək, çıxarılması paralel olaraq onun adının digər sayca ikinci Dövlət Aktına əlavə edilməsi hissəsini təmin etmişdir. Lerik Rayon Məhkəməsinin hazırkı qətnaməsi ilə X4 faktiki olaraq JN-0055 nömrəli Dövlət Aktındakı ümumi birgə mülkiyyət hüquqlarına, habelə aqrar islahatın müvafiq qərarına isə həmin şəxsə aid olan hissədə heç bir münasibət bildirilməmişdir. Həmçinin, iş üzrə maraqlı şəxs olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatında nəzərdə tutulmuş inzibati orqandır. Bundan əlavə, X8 qərarları ilə bağlı mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Odur ki, qətnamə ləğv edilməli, mülki işin icraatına xitam verilməli və iddiaçıya müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə tərəfindən qəbul edilmiş qətnamənin icrası Ərazi İdarəsinin imkanları xaricindədir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, ərizəçi və maraqlı şəxslər məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Ərizəçi teleqramla məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə ərizəçinin və maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi apellyasiya şikayətinin “apellyasiya şikayəti verən şəxsin tələbi” hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, apellyasiya şikayətinin mahiyyətindən və məzmunundan görünür ki, o, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb və sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Lerik Rayon Məhkəməsinin 2(048)-208/2023 saylı, 06 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. İşin aşağıdakı faktiki halları müəyyən edilmişdir: İş materiallarında olan JN-0056 saylı, KOD 80313038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Lerik rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli, 45 nömrəli qərarı ilə Lerik rayonunun Kürdəsər kəndində yerləşən 2,47 hektar torpaq sahəsi Ərizəçi Sultan oğlunun və onun ailə üzvləri X17, X2, X5, X9, X6, X10, X7 və X3 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” 19 may 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, daşınmaz əmlakın alqı-satqısı və dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. Qeyd edildiyi kimi, bu məsələlərlə bağlı məhkəmə aidiyyəti həll edilərkən, ilk növbədə, iddiaçı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülməlidir. İddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilməlidir. Hazırkı iş üzrə ərizəçinin tələbinin hüquqi təbiətini müəyyən etmək üçün onun hüquqi marağının nədən ibarət olması aydınlaşdırılmalıdır. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilir ki, ərizəçinin tələbində ifadə olunmuş hüquqi marağı Lerik rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli, 45 saylı qərarı ilə ailə üzvlərinə verilmiş JN-0056, KOD 80313038 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpaq payçılarından 9-cu sırada olan şəxsin adının, ata adının və soyadının səhv yazılmasının müəyyən edilməsində və faktiki olaraq həmin sırada olan payçının adının, soyadının və ata adının başqa cür oxunaraq ona düzəliş edilməsində ifadə edilir. Məhkəmə kollegiyası ilk öncə onu bildirir ki, ərizəçi JN-0056, KOD 80313038 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş nöqsandan bəhs etsə də, iş materiallarından görünür ki, ərizəçi əslində JN-0056 saylı, KOD 80313038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə əlaqədar tələb irəli sürmüşdür. Burada əsas məsələ, mübahisənin inzibati hüquq xarakterli və ümumi (publik) hüquq sahəsinə aid olmasıdır. Qeyd olunmalıdır ki, publik hüquqi münasibətlər bir tərəfin digər tərəfin hakimiyyəti tabeliyində olmasına əsaslanır. Bu münasibətlər ümumi maraqlar naminə və dövlətin adından fəaliyyət göstərən bir tərəfin – publik orqanın hakimiyyət səlahiyyətlərinə malik olmasına, digər tərəfin – fərdin (fiziki və hüquqi şəxslərin) isə tabeçiliyinə əsaslanmaqla tərəflərin subordinasiyasını nəzərdə tutur. Xüsusilə qeyd olunmalıdır ki, publik orqanın tələbləri və şəxslərin vəzifələri müqavilədən deyil, qanundan irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 12 yanvar tarixli Qərarı). JN-0056 saylı, KOD 80313038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından göründüyü kimi, o, Lerik rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli, 45 saylı qərarı əsasında tərtib olunmuşdur. Yəni, sözügedən Dövlət Aktı inzibati orqan tərəfindən konkret hüquqmüəyyənedici sənədə istinadla verilmişdir. Belə olan halda isə ərizəçinin hüquqi marağı onu tələb edir ki, Lerik rayon Aqrar İslahat Komissiyasının sözügedən qərarı inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilsin. Çünki yuxarıda da qeyd edildiyi kimi, JN-0056 saylı, KOD 80313038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı məhz həmin qərar əsasında tərtib edilmişdir. Digər tərəfdən ərizəçinin tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi ilə faktiki olaraq hazırkı iş üzrə maraqlı şəxs olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulur. Maraqlı şəxs kimi hazırkı iş üzrə inzibati orqan çıxış etdiyindən ərizəçinin tələbi mahiyyət etibarilə inzibati orqanın üzərinə müəyyən öhdəliyin qoyulması tələbi kimi çıxış edir. Birinci instansiya məhkəməsi də 06 mart 2023-cü il tarixli qətnaməsinin nəticə hissəsində həmin qətnamənin müvafiq icra hakimiyyəti orqanı tərəfindən Dövlət Aktında düzəliş edilməsi üçün əsas olduğunu göstərməklə inzibati orqanın üzərinə öhdəlik qoymuşdur. JN-0056 saylı, KOD 80313038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından göründüyü kimi, həmin akt Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsi tərəfindən tərtib edilmişdir. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2001-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Torpaq Komitəsi və Azərbaycan Respublikasının Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsi ləğv edilmiş və onların bazasında Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi yaradılmışdır. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 saylı Qərarının xx.xx.2015-ci il tarixinə qüvvədə olmuş redaksiyasının 27.1-ci bəndində Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və şəhər şöbələri inzibati orqan olaraq nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş və həmin Fərmanın 2.1-ci bəndinə əsasən, ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsinin 2.0.1-ci bəndinə əsasən, DƏDKR-nin fəaliyyət istiqamətlərindən biri də dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirməkdir. Həmin Nizamnamənin 3.1.12-ci bəndinə əsasən, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri qanunla müəyyən edilmiş qaydada aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək DƏDKR-nin vəzifələrindən biridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, ərizəçi tərəfindən faktiki olaraq düzəlişin edilməsi tələb edilən JN- 0056 saylı, KOD 80313038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı inzibati orqanın faktiki xarakterli hərəkətləri nəticəsində tərtib edilmiş hüquqmüəyyənedici sənəddir. Həmçinin, hazırkı işin inzibati hüquq xarakterli və ümumi (publik) hüquq sahəsinə aid olması onunla bağlıdır ki, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri qanunla müəyyən edilmiş qaydada aradan qaldırmaq DƏDKR-nin vəzifələrindən biridir. Bu baxımdan ümumi hüquq normaları cəmiyyət və dövlət mənafeyi ilə bağlı münasibətləri nizama saldığından onlar ayrı-ayrı fiziki və hüquqi şəxslər arasında yaranan münasibətləri tənzimləyən və fərdlərin maraqlarına xidmət edən xüsusi hüquq normalarından fərqli olaraq dispozitiv deyil, imperativ xarakter daşıyır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının 5.1-ci bəndinə əsasən, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bildirir ki, ərizəçinin tələbi faktiki olaraq inzibati orqanın qəbul etdiyi aktda düzəlişin edilməsi ilə bağlı olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır və birinci instansiya məhkəməsi hazırkı halda ərizəni icraata qəbul edərkən məhkəmə aidiyyəti məsələsini düzgün müəyyən etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Məhkəmə kollegiyası ərizəçinin hüquqi marağını təhlil edərək belə qənaətə gəlir ki, tərəflərin iştirakçısı olduğu münasibət üzrə hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqan yalnız ona xas olan fəaliyyəti həyata keçirir. Lakin birinci instansiya məhkəməsi hazırkı iş üzrə ərizəyə məhkəmə aidiyyəti qaydaları ilə bağlı prosessual qanunvericilik baxımından düzgün qiymət verməmiş, həmin ərizəni səhvən mülki ərizə kimi icraata götürmüşdür. Halbuki sözügedən ərizə inzibati mübahisə ilə əlaqədar olduğundan onun mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. MPM-in 387.2.9-cu maddəsinə görə, işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi hazırkı ərizəyə baxarkən prosessual hüquq normalarını pozmuşdur. Ona görə də apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. MPM-in 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. MPM-in 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Şərh olunanlara əsasən və MPM-in 261, 382, 384.0.5, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Lerik Rayon Məhkəməsinin 2(048)-208/2023 saylı, 06 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar