Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1022/2025 08.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət məhkəmə tərkibində, Rüstəmov Cavid Emin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 24 aprel 2025-ci il tarixli e-2(055)-288/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏNETDİ: Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(055)-288/2025 saylı qətnaməsi ilə (hakim Vüqar Qasımov) iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 772,02 manat əsas borc, 77 manat cərimə, cəmi 849,02 manat borc və ödənilmiş 30,28 manat dövlət rüsumu, ümumilikdə 879,3 (səkkiz yüz yetmiş doqquz manat otuz qəpik) manatın alınaraq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İŞİNHALLARİ: "xxxx" MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli müqavilə üzrə 772,02 manat əsas borc, 231.61 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat pul, cəmi 1027,73 manat pul və 30,28 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir. Cavabdeh etiraz ərizə ilə məhkəməyə müraciət edərək işə iddia icraatında baxılması haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə onun arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********09267 X3 12 markalı telefon, vinil mat, vinil şəffaf almış və nəticədə 1027.23 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 772.02 manat (yəni 18 ay x 42.89 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********09267 X3 12 markalı telefon, vinil mat, vinil şəffaf üçün ümumilikdə, 1027.23 manat olmaqla ondan 772.02 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, müştəriyə güzəşt olunaraq 231.61 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış ilə xx.xx.2023-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. İşdə olan: xx.xx.2023-cü il tarixli müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 42,89 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 772,02 manat olan, bir ədəd “X3 12” markalı markalı telefonun alınması ilə əlaqədar iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmışdır. 15 yanvar 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 772,02 manat əsas borc, 231.61 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat, ümumilikdə ödənilməmiş 1027,23 manat borcu qalmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, telefonu aldıqdan bir həftə sonra Bakı şəhərindən yaşadığı Saatlı rayonuna gəlmişdir. Həmin vaxta kimi telefondan istifadə etməmişdir. Ona görə ki, telefonu özünə deyil, bacısına hədiyyə almışdır. Telefona bacısının nömrəsini daxil edib danışmaq istədikdə danışıqlar əks-səda verdiyi üçün danışığı davam etdirmək mümkün olmamışdır. Növbəti günlər şənbə-bazara düşdüyündən həftənin bazar ertəsi Bakıya qayıdaraq mağazaya yaxınlaşıb telefonun qüsurlu olduğunu bildirmişdir. Mağazada telefonu ondan qəbul edərək servisə göndərəcəklərini bildirmişlər. Bundan bir ay sonra ona bildirmişlər ki, telefonda qüsur aşkarlanmadığından telefonu geri götürə bilər. O, telefonu geri götürmüş və yaşadığı kəndə qayıtmışdır. Nömrəni telefona qoyub işlətmək istədikdə həmin hal yenidən təkrarlanıb. Növbəti həftə Bakıya qayıtdıqda telefonu yenidən mağazaya qaytarıb nöqsanın təkrarlanmasını bildirmişdir. Mağazanın işçisi telefonda nöqsan olmadığını bildirdikdə, atası ilə əlaqə saxlamış bu barədə məlumat vermişdir. Həmin vaxt atası ona demişdir ki, telefona nömrə qoy və onu həmin işçi ilə danışdır ki, telefonda olan nöqsanı ona sübut etsin. Atası mağazanın işçisi ilə danışdıqdan sonra telefonda qüsur olduğunu mağazanın işçisi təsdiq edib bildirdi ki, telefon yenidən servisə göndərilməlidir. Bundan təxminən 2 ay sonra ona zəng edib bildirdilər ki, telefonun platası xarab olduğundan dəyişdirilmişdir. Üç ay gözlədikdən sonra telefonu geri götürə bilərsiniz. O da demişdir ki, yeni telefonun pulunu ondan tələb etmələrinə baxmayaraq, ona işlənmiş telefon təqdim etmişlər. Bundan sonra iddiaçının hüquqşünası ona zəng edib bildirmişdir ki, ödəniş etmədiyinizə görə məhkəməyə veriləcəksiniz. O da qeyd edilənləri hüquqşünasa bildirmişdir. Bundan təxminən iki ilə yaxın müddətdən sonra ona məhkəmədən bildiriş gəlmişdir. Həmin vaxtdan hal-hazıra kimi olan müddətdə telefon iddiaçıda qalmasına baxmayaraq, ondan telefona görə pul tələb edirlər. Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə tərkibi tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia təmin edilməməlidir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 567.-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 581.1.-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 587.2.-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 588.1.-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə təqdim edilmiş sübutları və birinci instansiya məhkəməsinin əsaslandırmasını təhlil edərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mübahisəyə düzgün hüquqi qiymət verməmiş və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən alınmış mobil telefonda istifadə zamanı texniki nasazlıq müşahidə edilmiş, bu qüsur dəfələrlə təkrarlandığı üçün telefon bir neçə dəfə servis mərkəzinə təqdim olunmuşdur. İlk təqdimatda cihazda qüsur müəyyən edilməmiş, lakin sonrakı təqdimatda texniki nasazlıq – platanın sıradan çıxması aşkarlanmış və bu səbəbdən cihazın ehtiyat hissəsi dəyişdirilmişdir. Bu hal özü məhsulun ilkin mərhələdən etibarən müqaviləyə uyğun keyfiyyətdə olmadığını sübut edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya müqaviləyə uyğun keyfiyyətdə əşya verməyə borcludur. Həmin Məcəllənin 587.2-ci maddəsinə əsasən isə əşyanın keyfiyyətinə dair tələblər əhəmiyyətli dərəcədə pozulduqda (məsələn, aradan qaldırıla bilməyən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan qüsurlar olduqda), alıcının öz seçimi ilə müqavilənin icrasından imtina etmək və ödənilmiş məbləğin qaytarılmasını tələb etmək hüququ vardır. Hazırkı işdə cavabdeh həmin alternativ hüquq müdafiə vasitəsindən istifadə etmiş, yəni müqavilə üzrə öhdəliklərin satıcı tərəfindən lazımi qaydada icra olunmaması səbəbilə alqı-satqı müqaviləsinin icrasından imtina etmiş və bununla bağlı iddiaçıya müraciət etmişdir. Apellyasiya baxışında cavabdehin nümayəndəsinin izahatından aydın olduğu kimi, cavabdeh mobil telefondan heç bir real istifadə etməmiş, telefon dəfələrlə nasazlıq verdiyi üçün funksional istifadəsi mümkün olmamışdır. Bu isə onun müqavilə münasibətlərindən gözlənilən faydanı əldə etmədiyini və bu səbəbdən də müqavilədən imtinanın obyektiv əsaslara söykəndiyini göstərir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi cavabdehin texniki nasazlığa dair sübut təqdim etmədiyini əsas götürərək iddianı qismən təmin etmiş, cavabdehin öhdəliyini təsdiq etmiş və onun üzərinə borc məbləğini, cəriməni və dövlət rüsumunu ödəmək öhdəliyi qoymuşdur. Bu yanaşma qanunvericiliyin tələblərinə və mülki hüququn fundamental prinsiplərinə ziddir. Məhkəmə tərkibi işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdeh tərəfin apellyasiya şikayəti təmin edilməli, qətnamə tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Hüquq və vəzifələr hüquq münasibətlərində iştirak edən subyektləri qarşılıqlı surətdə bir-biri ilə bağlayır və əlaqələndirir. Hüquq elmi onları subyektiv hüquq və subyektiv vəzifə adlandırır. Bu hüquq və vəzifələrin vasitəsi ilə hüquq münasibəti iştirakçıları arasında həmişə ikitərəfli əlaqə yaranır. Bu əlaqənin özü elə hüquq münasibəti deməkdir. Elə bir münasibət ki, bu münasibətdə iştirak edən tərəflərdən birinin malik olduğu hüquq digər tərəfin daşıdığı vəzifəyə uyğun gəlir və ya əksinə, əgər tərəflərdən biri hər hansı müəyyən hüquqa malik olarsa, onda hökmən və mütləq digər tərəfin üzərinə bu hüquqa uyğun gələn vəzifə həvalə edilir və qoyulur. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, dövlət rüsumu əvəzi olan 30,28 manat pul iddiaçıya aid edilməlidir. Habelə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 (on beş) manat məbləğində pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən Cavabdeh xeyrinə tutulmalıdır. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və MPM-nin 382, 384.0.2, və 392-ci maddələrini rəhbər tutaraq qətetdi: Apellyasiya şikayəti təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 24 aprel 2025-ci il tarixli 2(055)-288/2025 saylı qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 (on beş) manat məbləğində pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən Cavabdeh xeyrinə tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1022/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1022/2025
08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver