Məhkəmə qərarları › İş №2(106)-1026/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1026/2024

24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1026/2024 24.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Mayılov Samir İlham oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə; Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)-251/2024 saylı, 14 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 24 iyun 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə iddia qaldıraraq xx.xx.2023-cü il tarixli İF/06083 saylı X5 müqaviləsi üzrə Cavabdeh 12.175,95 manat əsas borc və 127,0 manat dövlət rüsumu tutulub cəmiyyətin xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, "xxxx" MMC-ə məxsus olan 18.700,0 manat dəyərində “Chevrolet Cruze” markalı **-AM-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2023-cü il tarixli İF/06083 saylı X5 müqaviləsinə əsasən 4.700,0 manat ilkin ödəniş edildikdən sonra qalan məbləğin 36 ay müddətində hissə-hissə ödənilməsi şərti ilə Cavabdeh verilmişdir. Lakin Cavabdeh müqavilə üzrə öhdəliklərini iyerinə yetirməyərək cəmi 641,0 manat lizinq haqqı ödəmiş və xx.xx.2023-cü il tarixdə avtomobili nasaz vəziyyətdə cəmiyyətə təhvil vermişdir. Ona görə də, Cavabdeh 12.175,95 manat əsas borc və 127,0 manat dövlət rüsumu tutularaq cəmiyyətin xeyrinə ödənilməsi haqqında iddia qaldırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İmişli Rayon Məhkəməsinin 2(036)-251/2024 saylı, 14 mart 2024-cü il tarixli qətnaməsi ilə (Hakim: Ülvi Qənbərov), iddia tələbinin qismən təmin olunması, Cavabdeh ümumi lizinq ödənişi üzrə 3206,25 ( üç min iki yüz altı) manat əsas borc və 53,0 (əlli üç) manat dövlət rüsumunun tutulub iddiaçı Bank Olmayan Kredit Təşkilatı İDK» MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. İF /06083 saylı xx.xx.2023-cü il tarixli X6 müqaviləsinə (müqavilə) əsasən 18700.00 (on səkkiz min yeddi yüz manat) AZN-ə qiymətləndirilmiş avtomobilə üzrə təşkilatımız 1400.00 (on dörd min manat) AZN məbləği satıcı X3 bank hesabına köçürtmüşdür. 4700.00 (dörd min yeddi yüz) AZN isə müqavilənin tələbinə əsasən cavabdeh tərəfindən satıcıya ödənilmişdir. Cavabdeh, müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görüldüyü kimi aylıq 641.25 AZN (altı yüz qırx bir manat 25 qəpik) olmaqla 36 ay cəmi 23.085.11 (iyirmi üç min səksən beş manat 11 qəpik) ödəməli idi. Müəyyən olunmuş ödənişdən cəmi 641.00 A ZN (altı yüz qırx bir manat) ödəniş edilmişdir. Lizinq obyekti tərəfimizdən qəbul edildikdən sonra avtomobilin qalıq hissəsinin qiymətləndirmə aktına əsasən, avtomobilin real dəyəri 10000.00 (on min manat) AZN, ehtiyyat hissələrinin və təmir xərclərinin ümumi məbləği isə 4575.00 (dörd min beş yüz yetmiş beş manat) AZN, qalıq hissəsinin dəyəri isə 5500.00 (beş min beş yüz manat) A ZN müəyyən olunmuşdur. Lizinq obyekti tərəfimizdən qəbul edildikdən sonra cavabdehin əsas borcu 13778.75 A ZN (on üç min yeddi yüz yetmiş səkkiz manat 75 qəpik) mükafat borcu 3776.46 A ZN (üç min yeddi yüz yetmiş altı manat 46 qəpik) cərimə borcu 120.74 A ZN (yüz iyirmimanat 74 qəpik) olmaqla cəmi borc 17675.95 A ZN (on yeddi min altı yüz yetmiş beş manat 95 qəpik) təşkil edir. 1-ci instansiya məhkəməsi qətnamə çıxararkən cavabdehin, nə umumi borcuna nə də, lizinq obyektinin qiymətinə və ona dəymiş zərərə münasibət bildirmədi. Belə ki, müqavilənin 7.2.3-cü bəndinə əsasən lizinq obyektini saz vəziyyətdə saxlamaq lizinq alanın vəzifəsidir. Məhkəmə avtomobil geri alındıqdan sonra həmin tarixə qədər ödənilməyən ümumi məbləği 3206.25 A ZN (641.25x5) təmin etmişdir. Avtomobilin dəyərinə və ona dəymiş zərərə münasibət bildirməməklə işin hallarına obyektiv qiymət verməmişdir. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı "xxxx" MMC İmişli Rayon Məhkəməsinin 2(036)-251/2024 saylı, 14 mart 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya icraatı zamanı verdiyi izahatında apellyasiya şikayətinin təmin edilməsini, İmişli Rayon Məhkəməsinin 2(036)- 251/2024 saylı, 14 mart 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehkeçirilən iclasda iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə kollegiyası iddiaçı "xxxx" MMC-nin apellyasiya şikayətinin dəlilləri həddində İmişli Rayon Məhkəməsinin 2(036)-251/2024 saylı, 14 mart 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747.3-cü maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. Həmin Məcəllənin 748-11.1-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin amartizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faizlər, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri daxildir. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, İmişli Rayon Məhkəməsinin 2(036)-251/2024 saylı, 14 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İşdə olan Nəqliyyat vasitəsinin Qeydiyyat şəhadətnaməsinin surətinə əsasən 2012- ci il buraxılışlı, «Chevrolet Cruze» markalı **-AM-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-nin mülkiyyətindədir. İşdə olan Lizinq verən "xxxx" MMC ilə Lizinq alan Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli İF/06083 saylı X5 müqaviləsinin surətinə əsasən 18.700,0 manat dəyərində «Chevrolet Cruze» markalı **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobil 4.700,0 manat ilkin ödəniş edildikdən sonra qalan məbləğin 36 ay müddətində hissə-hissə ödənilməsindən sonra mülkiyyətə keçməsi şərti ilə lizinqə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən Lizinq verən Lizinq alan tərəfindən seçilmiş və onun ərizəsinə əsasən alınmış əmlakın dəyərini ödəyib öz mükiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi öhdəsinə götürür. Müqavilənin 11.1.4-cü 5.2-ci bəndinə əsasən Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı, müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq birdəfədən artıq ödəmədikdə Lizinq verən lizinq obyektini mübahisəsiz geri ala və Lizinq müqaviləsini vaxtından qabaq ləğv edə bilər. İşdə olan xx.xx.2023-cü il tarixli Təhvil-təslim aktının surətinə əsasən Lizinq alan Cavabdeh Lizinq verən iddiaçı "xxxx" MMC-nin mülkiyyətində olan «Chevrolet Cruze» markalı **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobili X2 təhvil almışdır. İşdə olan xx.xx.2023-cü il tarixli İF/06083 nömrəli Müqaviləyə 5 saylı Əlavəyə (Lizinq ödənişləri cədvəli) əsasən Lizinq alan Cavabdeh xx.xx.2023-cü il tarixdə 4700,0 manat ödədikdən sonra xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2026-cı il tarixədək hər ay 641.25 manat məbləğində lizinq haqqı ödəyərək 36 ay müddətində Lizinq verənə 14.000,0 manat əsas və 9.085,11 manat mükafat, cəmi 23.085,11 ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli X4 surətinə əsasən "xxxx" MMC-nin sifarişi ilə «Chevrolet Cruze» markalı **-AM-*** dövlət nömrə nişanlı avtomobilə müstəqil sığorta eksperti Ə.O.Kərimov tərəfindən baxış keçirilərkən avtomobilin tam sökülüb yığılmasına, təmir və rənglənməsinə sərf olunan vəsaitin cəmi 2145,0 manat təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə kollegiyası qeyd ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanmış lizinq müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747.3-cü maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. Həmin Məcəllənin 748-11.1-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin amartizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faizlər, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri daxildir. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Məhkəmə kollegiya iş materiallarını tədqiq edərək müəyyən etmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli İF/06083 saylı X5 müqaviləsi xx.xx.2023cü il tarixdə birtərəfli qaydada ləğv edilərək lizinq obyekti olan «Chevrolet Cruze» markalı 77- AM-258 dövlət qeydiyyat nişanlı avtomobil geri alındığı üçün həmin vaxtdan tərəflərin müqavilə üzrə öhdəliklərinə xitam verilmişdir. Həmin tarixdə müqavilə üzrə ödənilməyən lizinq ödənişlərinin ümumi məbləği 3206,25( 641,25x5) manat olmuşdur. Ona görə də birinci instansiya məhkəməsi, Cavabdeh ümumi lizinq ödənişi üzrə 3206,25 manat əsas borcun tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir. İddiaçı apelyasiya şikayətinin dəlillərində qeyd edir ki, cavabdeh, müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görüldüyü kimi aylıq 641.25 AZN olmaqla 36 ay cəmi 23.085.11 ödəməli idi. Müəyyən olunmuş ödənişdən cəmi 641.00 A ZN ödəniş edilmişdir. Lizinq obyekti tərəfimizdən qəbul edildikdən sonra avtomobilin qalıq hissəsinin qiymətləndirmə aktına əsasən, avtomobilin real dəyəri 10000 AZN, ehtiyat hissələrinin və təmir xərclərinin ümumi məbləği isə 4575 AZN, qalıq hissəsinin dəyəri isə 5500 AZN müəyyən olunmuşdur. Lizinq obyekti tərəfimizdən qəbul edildikdən sonra cavabdehin əsas borcu 13778.75 AZN mükafat borcu 3776.46 AZN cərimə borcu 120.74 AZN olmaqla cəmi borc 17675.95 AZN təşkil edir. Birinci instansiya məhkəməsi qətnamə çıxararkən cavabdehin, nə ümumi borcuna nə də lizinq obyektinin qiymətinə və ona dəymiş zərərə münasibət bildirmədi. Belə ki, müqavilənin 7.2.3-cü bəndinə əsasən lizinq obyektini saz vəziyyətdə saxlamaq lizinq alanın vəzifəsidir. Məhkəmə avtomobil geri alındıqdan sonra həmin tarixə qədər ödənilməyən ümumi məbləği 3206.25 A ZN (641.25x5) təmin etmişdir. Avtomobilin dəyərinə və ona dəymiş zərərə münasibət bildirməməklə işin hallarına obyektiv qiymət verməmişdir. Kollegiya iddiaçının apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, məhkəmə işlərə işə irəli sürülmüş tələb üzrə baxır, həmin tələblər əsaslı olduqda iddianı təmin edir, tələb əsaslı olmadıqda isə iddianı rədd edir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırkı işdən də görünür ki, iddiaçı iddia tələbində lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə iddia qaldıraraq xx.xx.2023-cü il tarixli İF/06083 saylı X5 müqaviləsi üzrə Cavabdeh 12.175,95 manat əsas borc və 127,0 manat dövlət rüsumu tutulub cəmiyyətin xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsidə tələbin həddində, yəni yaranmış borca münasibətdə müqavilə üzrə ödənilməyən (lizinq obyektinin təhvil verdiyi gün nəzərə alınmış) lizinq ödənişlərinin ümumi məbləğinin 3206,25( 641,25x5) manat olması qənaətinə gələrək həmin hissədə iddianı əsaslı saymışdır. İddiaçı isə apelyasiya şikayətində iddia tələbində göstərilmədiyi halda cavabdehin əsas borcunun 13778.75 AZN, mükafat borcunun 3776.46 AZN, cərimə borcunun 120.74 AZN olmaqla cəmi borcun 17675.95 AZN təşkil etdiyini, həmin məbləğin tutulmasını xahiş etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddia tələbi həcmində işə (Avtomobilin dəyərinə və ona dəymiş zərərə münasibətdə iddia mövcud olmamış) baxmış və haqlı olaraq ödənilməyən lizinq ödənişlərinin ümumi məbləğinin 3206,25( 641,25x5) manat olması qənaətinə gəlməklə iddianı qismən təmin etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış. Gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Apelyasiya şikayətinin təmin edilməsi və İmişli Rayon Məhkəməsinin 2(036)-251/2024 saylı, 14 mart 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 2(036)-251/2024 saylı, 14 mart 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar