Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1041/2023 06.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və X1 ibarət tərkibdə, katib X2, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Masallı Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh “Azəriqaz” İB tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə (“Azəriqaz” İB-yə) qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair mülki işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 yanvar 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, akt əsasında hesablanmış 8640 m3 qaz sərfiyyatının və ona hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Azəriqaz” İB X5 İstismarı İdarəsinin əməkdaşları xx.xx.2022-ci il tarixdə yaşadığı evi təbii qazla təchiz edən qaz xəttinə, sayağaca baxış keçirmiş və sayğacı növbəti Dövlət yoxlaması üçün çıxarmışlar. Qaz İdarəsi sayğacı apardıqdan sonra onun iştirakı olmadan 31 yanvar 2023-cü il tarixli, ******* saylı akt tərtib edilmiş, aktda sayğacda olan qüsur kimi “sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmir, gövdədən tamamilə aralanıb.” göstərilmişdir. Dəymiş ziyan olaraq itirilmiş qazın bərpası kimi 8640 m3 qaz sərfiyyatının dəyərinin ödənilməsi tələb olunmuşdur. Qaz sayğacına hər hansı bir müdaxilə etməmişdir. Sayğac açılıb aparılarkən plombu üstündə olub, sayğaca nəzarəti cavabdeh etməlidir. Birinci instansiya məhkəməsində cavabdeh “Azəriqaz” İstehsalat Birliyininin nümayəndəsi iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Masallı Rayon Məhkəməsinin (hakim C.Quliyev) 30 mart 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, 31 yanvar 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, akt əsasında hesablanmış 8640 m3 qaz sərfiyyatının və həmin sərfiyyata görə borcun silinməsi qət edilmişdir. Qətnamədən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti vermişdir. Masallı Məhkəmə Kompleksində keçirilən apellyasiya baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətlərinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası məruzəni, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, iddiaçının yaşadığı evə gedən təbii qaz borusu üzərində quraşdırılmış qaz sayğacı “Azəriqaz” İB-nin nümayəndələri tərəfindən 05 oktyabr 2022-ci il tarixli aktla çıxarılmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 yanvar 2023-cü il tarixli akt tərtib edilmişdir. Həmin akta görə, sayğac, hesablama mexanizmindən keçən qazın həcmini qeyd etmir. Hesablama mexanizmi gövdədən tamamilə aralanıb. İtirilmiş təbii qazın dəyəri hesablansın və ödənilsin. Akt üzrə 31 yanvar 2023-cü il tarixli qərarla 90 gün müddət üzrə dəymiş ziyana görə İddiaçı 8640 m3 sərfiyyat hesablanmışdır. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, cavabdeh Şirkətə ziyanın vurulmasını, vurulmuş ziyanın miqdarını, ziyanın abonent (iddiaçı) tərəfindən vurulduğunu, onun qanunazidd hərəkətlərinin olmasını və bu hərəkətlərlə ziyan arasında səbəbli əlaqənin olmasını sübuta yetirmək cavabdeh şirkətin üzərindədir. «Qaz təchizatı» haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, sayğacın yararsız olmasında iddiaçının təqsiri sübuta yetirilmir. 31 yanvar 2023-cü il tarixli hesabatda da göstərilir ki, kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirildi, kənar təsir izləri aşkar edilmədi. Həmçinin, nəzərə alınmalıdır ki, sayğac həyətdən kənarda mühafizə olunmayan sahədə yerləşir. Kollegiya qeyd edir ki, təqdim edilmiş sübutlar, sayğacın abonentin iştirakı və məlumatı olmadan ekspertizaya göndərildiyini və aktın onun iştirakı və məlumatı olmadan tərtib olunduğunu təsdiq edir. Kollegiya hesab edir ki, abonent tərəfindən sayğaca müdaxilə edilməsi sübuta yetirilmədiyindən istehlakçı məsuliyyət daşımamalıdır. Bundan başqa, müəyyən edilir ki, 90 günlük müddət üzrə borc hesablanmışdır. Bu hissədə də hesablanmış borc qanuni hesab edilə bilməz. Belə ki, “Qazdan istifadə Qaydaları”nın 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Qaydalarda başqa hesablama üsulu yoxdur. Hazırkı halda sayğacın nasazlığı barədə aktın və borcun hesablanması üzrə qərarın qanuniliyini sübuta yetirmək cavabdehin üzərindədir. Cavabdeh bu halları sübuta yetirə bilməmişdir. Kollegiya hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Cavabdeh tərəf öz etirazını əsaslandıra bilməmişdir. Kollegiya iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iddianı təmin edərkən doğru qənaətə gəlmişdir. Beləliklə, Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissədə iddianın qiyməti (azaldılması tələb edilən məbləğ) Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(050)-838/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-1041/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1041/2023
06.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver