Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1043/2025 16.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, X10 oğlunun katibliyi, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın ləğv edilməsi və akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(017)-774/2025 saylı qətnaməsindən İddiaçı və cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın ləğv edilməsi və akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, Ağcabədi rayonunun Şahsevən Təzəkənd kəndində yaşayır. Həmin yaşadığı evin elektrik sayğacı mövcuddur. Sayğacın abunə kodu mərhum anası Mamedova (Məmmədova) Səmərqə Süleyman qızının adına qeydə alınmış, anası xx.xx.2022-ci il tarixdə ölmüşdür. Özü və onun ailəsi elektrik enerjisindən istifadə qaydalarına dəqiqliklə riayət edərək istifadə etmiş, heç bir vaxt qanun pozuntusuna yol verməmiş, sərf etdiyi enerjiyə görə borclarını vaxtlı-vaxtında ödəmişdir. Buna baxmayaraq cavabdeh təşkilatın əməkdaşları heç bir əsas olmadan istehlakçının və ya onun nümayəndəsinin evdə olmadığı vaxtda heç kimə məlumat vermədən Mamedova (Məmmədova) Səmərqə Süleyman qızının barəsində xx.xx.2024-cü il tarixdə 365227 nömrəli akt yazmışdır. Həmin aktın yazılmasında istehlakçının iştirakı təmin olunmamışdır. İstehlakçının barəsində yazılmış aktda göstərilmişdir ki, guya abonent elektrik sayğacının giriş xəttinin şəbəkədən açıq olmasını, mənzili qidalandıran naqillərin şəbəkəyə birbaşa birləşdirməklə elektrik enerjisindən sayğacdan kənar istifadə etmişdir. Aktın tərtib olunmasında cavabdeh təşkilatın əməkdaşlarından başqa heç kim cəlb edilməmiş, tam qanunsuz olaraq akt tərtib olunmuşdur. Ona görə də "xxxx" ASC tərəfindən hazırda yaşadığı fərdi yaşayış evinin sayğacından tərtib olunmuş 365227 nömrəli aktın ləğv edilməsini və həmin akta əsasən hesablanmış 645,33 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X9 məhkəməyə iddiaya qarşı etiraz göndərdiyini bildirərək izahatında göstərmişdir ki, əməkdaşları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"na və "Elektrik qurğularının quraşdırılması Qaydaları"na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə xidməti ərazidə reyd keçirərkən xx.xx.2024-cü il tarixdə iddiaçıya məxsus evin enerji təchizat sxeminə və elektrik sayğacına baxış keçirilmişdir. Baxış zamanı sayğacdan kənar xətt vasitəsilə birbaşa elektrik enerjisindən istifadə etməsi faktı aşkar olunmuşdur. Bu isə “EEİQ”-nın 8.32-ci, həmçinin “EQQQ”-nin İV bəndlərinin istehlakçı tərəfindən pozulması faktıdır. Yenidən hesablaşma keçən yükün ampermaşa adlı cihaz vasitəsi ilə ölçülməsi əsasında aparılmış və nəticədə elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, R365227 nömrəli akt tərtib edilərək 3,5 kvt x 24 saat x 90 gün x 0,7 = 5292 kvts Tarif (600 kvts x 0,08 man = 48 man; Tarif 300 kvts x 0,09 man = 27 man; Tarif 4392 kvts x 0,13 man = 570,96 man; cəmi 645,96 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi itirilmiş elektrik enerjisinin dəyərini bərpa etmişlər. Ona görə də sayğac iddiaçının anası mərhum Mamedova (Məmmədova) Səmərqə Süleyman qızının adına olduğuna görə sonuncunun adına tərtib olunmuş akt mövcud qaydaların tələblərinə uyğun tərtib edilmişdir. İddiaçının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı xx.xx.2024-cü il tarixli, 365227 nömrəli aktın ləğv edilməsinə və borcun silinməsinə dair iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat: Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(017)-774/2025 saylı qətnaməsi ilə (Hakim: Etibar Quliyev) iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən abunə kodu **********00237 olan abunəçiyə (Mamedova (Məmmədova) Səmərqə (Səmərqan) Süleyman qızına) xx.xx.2024-cü il tarixli, 365227 nömrəli akta əsasən hesablanmış 645,96 manat sərfiyyatın 416,64 manat hissəsinin silinməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri: İddiaçı tərəfindən verilmiş apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iddia tələbi tam araşdırılmamış, iddia tələbinin aktın ləğv edilməsi hissəsinə hüquqi qiymət verilməmiş, işıq sayğacında kənar xətt aşkar olunması sübuta yetirilməmiş, ona məxsus yaşayış evinə quraşdırılmış elektrik sayğacının cavabdehin nümayəndəsi tərəfindən müvafiq örtüklə örtülməməsinə diqqət yetirilməmişdir. Mərhum anası Mamedova (Məmmədova) Səmərqə Süleyman qızına məxsus yaşayış evinə quraşdırılmış elektrik sayğacı cavabdehin nümayəndəsi tərəfindən müvafiq örtüklə örtülməmişdir. Eyni zamanda, sayğacdan kənar xəttin mövcud olması yalnız mübahisəli akta əsasən müəyyən edilmiş, kənar xəttin mövcudluğunu sübuta yetirən fotoşəkil və ya videogörüntü akta əlavə edilməmiş, yaxud məhkəmə iclasında sübut kimi araşdırılmamışdır. Faktiki olaraq cərimə əsassız hesablanmışdır. Məhkəmə tərəfindən aktın əsaslı olması müəyyən edilmədən akt ləğv edilməmişdir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(017)-774/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, EEİQ-nın 7.7-ci bəndinə əsasən hesablaşma elektrik sayğaclarının işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. Lakin işə baxan birinci instansiya məhkəməsi hazırkı mübahisəyə aidiyyatı olmayan 8.16-cı bəndini tətbiq etmişdir. Nəzərə alınsa ki, R 365227 saylı akt iddiaçının hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulmasına görə tərtib olunub, onda birinci instansiya məhkəməsi hazırkı mübahisəyə EEİQ-nın 8.17-1 və 8.17-2-ci bəndlərini tətbiq etməli idi. Yuxarıda qeyd olunduğu kimi aşkar olunmuş pozuntu halının video çəkilişi aparılmışdır. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərinin X3 filialının rəisi X4 xx.xx.2025-ci il tarixli, MN ******* №-li qərarı ilə İddiaçı yaşadığı evdə elektrik enerjisindən qanunsuz istifadə etdiyinə görə AR-nın İXM-nin 282.1-ci maddəsinə əsasən inzibati xəta törətdiyinə görə 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Bundan başqa, İddiaçı barəsində elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında hər hansı akt və ya protokol tərtib edilməmişdir. İddia ərizəsindən görünür ki, mübahisələndirilən 31 oktyabr 2024-cü il tarixli, R 365227 saylı akt X2 barəsində tərtib olunmuşdur. İddiaçı iddia ərizəsinə X1 vərəsəsi və ya hüquqi varisi olmasını təsdiq edən sənədləri əlavə etməmişdir. Belə olduğu halda iddiaçı ancaq öz hüquqlarının pozulduğu halda məhkəməyə şikayət edə bilər. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Yəni hazırkı vəziyyətdə hazırkı iddia tələbi üzrə yalnız iddiaçı qismində X2 özü ola bilərdi. Belə olan halda İddiaçı prosessual hüquq varisi qismində hazırkı iş üzrə iddiaçı qismində iştirak etməsi yolverilməzdir. Ona görə də iddia ərizəsi rədd edilməli idi. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(017)-774/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etirazlar daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Quliyev X7 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(017)-774/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının: 72-ci maddəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2.-ci maddələrinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. 8.14-cü bəndinə əsasən istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. 8.15-ci bəndinə əsasən ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerji təchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi 10 (on) gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-nin: 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı və cavabdeh "xxxx" ASCnin apellyasiya şikayətinin dəlilləri həddində, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(017)-774/2025 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası MPM-nin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(017)-774/2025 saylı qətnaməsi iddiaçı və cavabdehin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın ləğv edilməsi və akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırda İddiaçı yaşadığı fərdi yaşayış evinin sayğacından (sonuncunun anası mərhum Mamedova (Məmmədova) Səmərqə (Səmərqan) Süleyman qızının adına) tərtib olunmuş xx.xx.2024cü il tarixli, 365227 nömrəli akt əsasında hesablanmış sərfiyyat bir aydan artıq müddətə hesablanmışdır. Belə ki, həmin sərfiyyat hesablanarkən kənar xətdən istifadə edildiyi müddət 90 gün götürülmüş, halbuki elektrik sərfiyyatına nəzarəti həyata keçirən əməkdaşlar tərəfindən mütəmadi yoxlama keçirildiyi halda həmin nöqsan vaxtında aşkar edilməmiş və yol verilmiş pozuntu vaxtında aşkar olunaraq aradan qaldırılmamışdır. Ona görə də məhkəmə kənar xətdən istifadə edildiyi müddəti 90 gün əvəzinə, mütəmadi yoxlamalarla aşkar edilmədiyi səbəbindən pozuntunun yol verildiyi müddətin 30 gün hesablanmasını qanuni, əsaslı və ədalətli hesab etmişdir. (3,5 x 24 saat x 30 gün x 0,7 = 1764 kvts x 0,13 manat = 229,32 manat). Abunə kodu **********00237 olan abunəçiyə xx.xx.2024-cü il tarixli, 365227 nömrəli akta əsasən 229,32 manat sərfiyyat hesablanmalı olduğu nəzərə alınaraq hesablanmış 645,96 manatın 416,64 manat (645,96 – 229,32 = 416,64) hissəsi silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə tərkibi, ilk növbədə, iddiaçının apellyasiya şikayətinə hüquqi qiymət verərək qeyd edir ki, İddiaçı elektrik enerjisindən qanunsuz olaraq istifadə etmədiyini göstərsə də, Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərinin X3 filialının rəisi X4 xx.xx.2025-ci il tarixli, MN ******* №-li qərarı ilə İddiaçı yaşadığı evdə elektrik enerjisindən qanunsuz istifadə etdiyinə görə barəsində AR-nın İXM-nin 282.1-ci maddəsinə əsasən inzibati xəta törətdiyinə görə 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərar iddiaçının elektrik enerjisindən qanunsuz istifadə etdiyini təsdiq edən mötəbər sübut kimi qəbul edilməlidir. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə tərkibi daha sonra cavabdehin apellyasiya şikayətinə hüquqi qiymət verərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, elektrik enerjisindən istifadə qaydalarına əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə xidməti ərazidə reyd keçirərkən xx.xx.2024-cü il tarixdə iddiaçıya məxsus evin enerji təchizat sxeminə və elektrik sayğacına baxış keçirilmişdir. Baxış zamanı sayğacdan kənar xətt vasitəsilə birbaşa elektrik enerjisindən istifadə etməsi faktı aşkar olunmuşdur. Bu isə “EEİQ”-nın 8.32-ci, həmçinin “EQQQ”-nin İV bəndlərinin istehlakçı tərəfindən pozulması faktıdır. Yenidən hesablaşma keçən yükün ampermaşa adlı cihaz vasitəsi ilə ölçülməsi əsasında aparılmış və nəticədə elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, R365227 nömrəli akt tərtib edilərək 3,5 kvt x 24 saat x 90 gün x 0,7 = 5292 kvts Tarif (600 kvts x 0,08 man = 48 man; Tarif 300 kvts x 0,09 man = 27 man; Tarif 4392 kvts x 0,13 man = 570,96 man; cəmi 645,96 manat məbləğində əlavə ödəniş heablanmışdır. Cavabdehin apellyasiya şikayətinin birinci dəlili ondan ibarətdir ki, iddiaçının elektrik enerjisindən qanunsuz istifadə etməsi təsdiq olunduğu halda birinci instansiya məhkəməsi iddianı rədd etmək əvəzinə qismən təmin etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibət bildirərək qeyd edir ki, iddiaçının yaşadığı evdə elektrik enerjisindən qanunsuz istifadə etdiyinə görə Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərinin X3 filialının rəisi X4 xx.xx.2025-ci il tarixli, MN ******* №-li qərarı ilə barəsində AR-nın İXM-nin 282.1-ci maddəsinə əsasən 100 (bir yüz) manat məbləğində cərimə tətbiq edilməsi elektrik enerjisinin qanunsuz istifadə faktını təsdiq edən sübutdur. Lakin həmin qərar iddiaçının məhz aktda göstərilən həcmdə elektrik enerjisindən qanunsuz istifadə etməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Odur ki, birinci instansiya məhkəməsi kənar xətdən istifadə edildiyi müddəti 30 gün hesablamaqda haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, İddiaçı iddia ərizəsinə X1 vərəsəsi və ya hüquqi varisi olmasını təsdiq edən sənədləri əlavə etməmişdir. Bu vəziyyətdə iddiaçı ancaq öz hüquqlarının pozulduğu halda məhkəməyə şikayət edə bilər. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Yəni hazırkı vəziyyətdə hazırkı iddia tələbi üzrə yalnız iddiaçı qismində X2 özü ola bilərdi. Belə olan halda İddiaçı prosessual hüquq varisi qismində hazırkı iş üzrə iddiaçı qismində iştirak etməsi yolverilməzdir. Ona görə də iddia ərizəsi rədd edilməli idi. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibət bildirərərək qeyd edir ki, işdə olan Ağcabədi RİH başçısının Şahsevən Təzəkənd İƏD üzrə nümayəndəsinin 13 dekabr 2024-cü il tarixli, 209 saylı arayışından görünür ki, X5 İddiaçı anasıdır və xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İddiaçı da hazırda həmin evdə yaşamaqla elektrik enerjisindən istifadə edir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilini də əsassız sayır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı və cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(017)-774/2025 saylı qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası MPM-nə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: İddiaçı və cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(017)-774/2025 saylı qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1043/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1043/2025
16.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver