Məhkəmə qərarları › İş №2(106)-1046/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1046/2024

03.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1046/2024 03.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı əsas borcun və 30 manat dövlət rüsumunun ödənilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 2(073)-708/2024 saylı, 05 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı MMC-nin Cavabdeh qarşı 526 manat əsas borcun, 200 manat faiz borcu olmaqla, cəmi 726 manat borcun və 30 manat dövlət rüsumunun onun (iddiaçının) xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı MMC ilə Cavabdehu arasında 16 noyabr 2019-cu il tarixdə CLK530608 saylı və 15 yanvar 2021-ci il tarixdə CLK574339 saylı müqavilələr imzalanmışdır. İddiaçı 16 noyabr 2019-cu il tarixdə CLK530608 saylı müqaviləyə uyğun olaraq cavabdehə ilkin ödəniş 1 (bir) manat ödəmək şərti ilə, 15 ay müddətinə, hər ay 48 manat ödəməklə ümumi qiyməti 721 manat dəyərində və 15 yanvar 2021-ci il tarixdə CLK574339 saylı müqaviləyə uyğun olaraq cavabdehə ilkin ödəniş 20 (iyirmi) manat ödəmək şərti ilə, 12 ay müddətinə, hər ay 33 manat ödəməklə ümumi qiyməti 416 manat dəyərində olan məişət avadanlığı satmışdır. Lakin, cavabdehə hər iki müqavilə üzrə 611 manat ödəniş etmiş, 526 manat borcunu ödəməkdən yayınmışdır. Ona görə də cavabdehdən həmən məbləğin, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun alınıb ona (iddiaçıya) verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-708/2024 saylı, 05 mart 2024-cü il tarixli qətnaməsi (Hakim: Elxan Əmirəliyev) ilə, iddianın təmin edilməsi, Cavabdeh 16 noyabr 2019-cu il tarixdə CLK530608 saylı müqavilə üzrə 130 (bir yüz otuz) manat əsas borcun, 100 (bir yüz) manat faiz borcun və 15 yanvar 2021-ci il tarixdə CLK57433930 müqavilə üzrə 396 (üç yüz doxsan altı) manat əsas borcun, 100 (bir yüz) manat faiz borcun, ümumilikdə cəmi 526 (beş yüz iyirmi altı) manat əsas borcun, 200 (iki yüz) manat faiz borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC–yə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh Məmmədov X1 Rayon Məhkəməsinin 2(073)-708/2024 saylı, 05 mart 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın 16 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borc hissəsində azaldılmasını, faiz borc hissəsində isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 394-1.1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir. 394-1.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər. 394-1.3-3cü maddəsinə əsasən apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, kollegiya Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində Cəlilabad Rayon Məhkəməsinin 2(073)-708/2024 saylı, 05 mart 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-708/2024 saylı, 05 mart 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, işdə olan İddiaçı MMC ilə Cavabdeh arasında 16 noyabr 2019-cu il tarixdə CLK530608 saylı müqavilədən görünür ki, iddiaçı həmin müqaviləyə uyğun olaraq 15 ay müddətinə, qiyməti 721 manat dəyərində olan məişət avadanlığı cavabdehə satmışdır. Cavabdeh həmən müqaviləyə əsasən hər ay 33 manat ödəməklə, cəmi 721 manat pulu iddiaçıya ödəmək üçün öz üzərinə məsuliyyət götürmüşdür. İşdə olan İddiaçı MMC ilə Cavabdeh arasında 15 yanvar 2021-ci il tarixdə CLK574339 saylı müqavilədən görünür ki, iddiaçı həmin müqaviləyə uyğun olaraq 12 ay müddətinə, qiyməti 416 manat dəyərində olan məişət avadanlığı cavabdehə satmışdır. Cavabdeh həmən müqaviləyə əsasən hər ay 63 manat ödəməklə, cəmi 416 manat pulu iddiaçıya ödəmək üçün öz üzərinə məsuliyyət götürmüşdür. İşdə olan İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş maliyə arayışından görünür ki, Cavabdehnın müqavilə üzrə ümumilikdə ödənilməmiş 526 manat borcu qalmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki məhkəmə, Cavabdeh 16 noyabr 2019-cu il tarixdə CLK530608 saylı müqavilə üzrə 130 (bir yüz otuz) manat əsas borcun, 100 (bir yüz) manat faiz borcun və 15 yanvar 2021-ci il tarixdə CLK57433930 müqavilə üzrə 396 (üç yüz doxsan altı) manat əsas borcun, 100 (bir yüz) manat faiz borcun, ümumilikdə cəmi 526 (beş yüz iyirmi altı) manat əsas borcun, 200 (iki yüz) manat faiz borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC–yə ödənilməsi qənaətinə gəlmişdir. Cavabdeh isə qətnaməni yalnız 16 noyabr 2019-cu il tarixdə CLK530608 saylı kredit müqaviləsi üzrə olan hissədə mübahisələndirərərk, həmin müqavilənin əsas borc hissəsində azaldılmasını, faiz borc hissəsində isə rədd edilməsini xahiş etmişdir. Odur ki, kollegiya cavabdehin apelyasiya şikayətinin dəlilləri həddində qətnamənin yoxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən edir ki, İddiaçı MMC ilə Cavabdehu arasında 16 noyabr 2019-cu il tarixdə CLK530608 saylı və 15 yanvar 2021-ci il tarixdə CLK574339 saylı müqavilələr imzalanmışdır. İddiaçı 16 noyabr 2019-cu il tarixdə CLK530608 saylı müqaviləyə uyğun olaraq cavabdehə ilkin ödəniş 1 (bir) manat ödəmək şərti ilə, 15 ay müddətinə, hər ay 48 manat ödəməklə ümumi qiyməti 721 manat dəyərində və 15 yanvar 2021-ci il tarixdə CLK574339 saylı müqaviləyə uyğun olaraq cavabdehə ilkin ödəniş 20 (iyirmi) manat ödəmək şərti ilə, 12 ay müddətinə, hər ay 33 manat ödəməklə ümumi qiyməti 416 manat dəyərində olan məişət avadanlığı satmışdır. Lakin, cavabdehə hər iki müqavilə üzrə 611 manat ödəniş etmiş, 526 manat borcunu ödəməkdən yayınmışdır. Kollegiya qeyd edir ki, sadalanan qanunvericilik aktı normalarına əsasən cavabdehin müqavilə əsasında əşyanı almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında əşyanın qiymətini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşyaları almasına dair hüququndan istifadə etmiş, əşyanın qeyd olunan şərtlərlə qiymətinin qaytarmalı olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Əksinə apellyasiya şikayətinin dəlillərində 16 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun şişirdildiyini qeyd etmiş, lakin bu halı təsdiq edən mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Bu da onu deməyə əsas verir ki, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillər isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizələrdən ibarətdir. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Apelyasiya şikayətinin təmin edilməsi, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-708/2024 saylı, 05 mart 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-708/2024 saylı, 05 mart 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar